Məhkəmə qərarları › İş №2(009)-1319/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1319/2024

18.07.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1319/2024 18.07.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Seyidli İlkin Ramin oğlunun katibliyi, İddiaçı, cavabdeh "xxxx" QSC-nin nümayəndəsi Nümayəndə Məmməd oğlunun iştirakı ilə İddiaçı cavabdehlər “Əmlak X1” MMC, “Aqrarkredit QSC Bank Olmayan Kredit Təşkilatı və Cavabdeh1nə qarşı “qiymətləndirmə komissiyasının və hərracın nəticələrinin ləğv edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər “Əmlak X1” MMC, "xxxx" ASC və Bakı şəhər Nizami rayon İcra şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında ipotekaya qoyulmuş mənzilin satışı üzrə qiymətləndirmə komissiyasının və hərracın nəticələrinin “Daşınmaz Əmlak üzrə X1” MMC-nin 23 yanvar 2015-ci il tarixli Y-48 saylı protokolu və bununla bağlı 23 yanvar 2015-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, ünvan 2 ünvanda o, 6 nəfərlik ailə ilə mərhum atası Ramazanov Ramazan Qafur oğlunun şəxsi mülkiyyətində olan mənzildə yaşayır və qeydiyyatdadır. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsinə əsasən iddaçı "xxxx" Açıq Səhimdar Cəmiyyətinin ona və ailə üzvlərinə qarşı “ipoteka predmetinin hərracdan satılması nəticəsində əldə olunmuş pul vəsaitinin kredit borcunun ödənilməsinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi təmin edilmiş və xüsusi mülkiyyətdə olan Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, ev 84B, 21 saylı mənzilə ailə üzvlərinin yaşayış və istifadə hüququnun itirilmiş hesab olunması, pasport qeydiyyatından çıxarılması, mənzilin boşaldılması, açıq hərrac vasitəsi ilə satılması və 37240 manat məbləğində kredit borcunun ödənilməsinə yönəldilməsi qərara alınmışdır. Bundan əvvəl, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2-1786/2007 saylı qərarı ilə "xxxx" ASC-nin atası Ramazanov Ramazan Qafur oğluna və onun ailə üzvlərinə qarşı “ipoteka predmetinin hərracdan satılması nəticəsində əldə olunmuş pul vəsaitinin kredit borcunun ödənilməsinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi təmin edilmiş və xüsusi mülkiyyətdə olan Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, ev 84B, 21 saylı mənzilə ailə üzvlərinin yaşayış və istifadə hüququnun itirilmiş hesab olunması, pasport qeydiyyatından çıxarılması, mənzilin boşaldılması, açıq hərrac vasitəsi ilə satılması və 37240 manat məbləğində kredit borcunun ödənilməsinə yönəldilməsi qərara alınmışdır. Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(007)-948 saylı icra vərəqəsinə əsasən, borcİu Ramazanov Ramazan Qafur oğlundan 19661,43 manat məbləğində borc, habelə 30 manat məbləğində dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Hazırda ona məlum olub ki, “Daşınmaz Əmlak üzrə X1” MMC-nin 23 yanvar 2015-ci il tarixli, Y-48 saylı protokoluna və bununla bağlı 23 yanvar 2015-ci il tarixli alqısatqı müqaviləsinə əsasən, mübahisəli 4 otaqlı mənzil Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2(007)-1786/2007 saylı icra vərəqəsinə əsasən, hərracın təşkilatçısı tərəfindən təşkil edilmiş açıq hərracda satılmışdır. Mübahisəli mənzilin açıq hərracda satışının nəticələrini açıq-aşkar ədalətsiz və buna görə də qanunsuz hesab edir. Mənzil bazar dəyərinə uyğun deyil, açıq-aşkar endirimli qiymətə satıldığı üçün. Əvvəl elan olunmuş 105 000 manata mənzil 66 938 manata satılıb və əgər onlar açıq hərraca cəlb edilmiş olsaydılar, göstərilən mənzilə daha ədalətli qiymətə alıcı tapardılar. Lakin sözügedən hərracın yeri və vaxtı ilə bağlı onlara düzgün məlumat verilməyib. Hazırda onlar hərracın nəticələrinin və bununla bağlı "xxxx" MMC-nin xx.xx.2015-ci il tarixli, Y-48 saylı protokolunun və xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi üçün məhkəməyə müraciət etmək niyyətindədirlər. Atasının ölümündən sonra qanunla atasının varislərindən biridir və buna görə də, o, prosessual varisdir. ünvan 1 ünvanında ipotekaya qoyulmuş mənzilin satışı üzrə qiymətləndirmə komissiyasının və hərracın nəticələrini “Daşınmaz Əmlak üzrə X1” MMC-nin xx.xx.2015-ci il tarixli, Y-48 saylı protokolu və bununla bağlı xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iddiaçıının razılığı ilə cavabdeh "xxxx" ASC əsl cavabdeh "xxxx" QSC ilə əvəz olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələblərini müdafiə edərək, təmin olunmasını xahiş etmiş və bildirmişdir ki, ünvan 1 ünvanda yerləşən mənzil onun atası mərhum atası Ramazanov Ramazan Qafur oğlunun xüsusi mülkiyyətində olmuş və o və digər ailə üzvləri həmin mənzildə qeydiyyatda olmuşlar. Atası digər qızının ərinin xahişi ilə həmin evi ipotekaya qoyub, bankdan kredit götürüb həmin şəxsə vermiş və yenə atasının təkidi ilə həmin mənzilin ipotekaya qoyulmasına bütün ailə üzvləri, o cümlədən həmin evdə qeydiyyatda olduğu üçün o da razılıq vermişdir. Bununla yanaşı, bacısının əri həmin krediti ödəməmiş və nəticədə borc yaranmışdır. Atası çox inadkar adam olduğundan, onların da krediti ödəməsinə razı olmamışdır. Sonra borc yarandığından bank onlara qarşı iddia qaldırmış və bütün məhkəmə çəkişmələrində atası iştirak etmiş, atası onların bu işlərə qarışmasını istəməmiş, ona görə də, onun məhkəmənin gedişatından xəbəri olmamışdır. Hərracın keçirilməsindən və mənzilin ucuz qiymətə banka satılmasından onun iki il bundan əvvəl evə icraçılar gələndə məlumatı olmuşdur. Onun atası 2018-ci ildə rəhmətə getmişdir. Onun iki qardaşı əlil olduğundan (əlil qardaşlarından biri artıq rəhmətə getmişdir) və onların başqa yaşayış yerləri olmadığından hal-hazıradək onların mənzildən çıxarılması hissəsində məhkəmə qərarı icra olunmamışdır. Onun hal-hazırda məhkəmədən xahişi odur ki, ona şərait yaradılsın ki, o, mənzili satıb banka olan borcu ödəsin. Məhkəmə iclasında cavabdeh "xxxx" QSC-nin nümayəndəsi Nümayəndə Ramazan oğlu iddia tələbini qəbul etməyərək onun təmin edilmədən saxlanılmasını xahiş etmiş və bildirmişdir ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2- 1786/2007 nömrəli, xx.xx.2007-ci il tarixli qətnaməsinə əsasən hazırda "xxxx" QSC-nin mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən yaşayış sahəsi aşıq hərraca çıxarılmış, lakin satılmadığına görə “Azərbaycan Beynəlxalq Bankı" ASC tərəfindən hazırkı məhkəmə mübahisəsi predmeti olan Y-48 nömrəli, 23 yanvar 2015-ci il tarixli hərracın nəticələri haqqında yekun protokolu və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə əsasında əldə edilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli, 570 №-li Fərmanının və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101s saylı Sərəncamının icrası ilə əlaqədar olaraq "xxxx" ASC-nin problemli aktivləri (borcları) üzrə tələb hüquqları, o cümlədən Ramazanov Ramazan Qafur oğlunun kredit borcunun təminatı olan əvvəllər ona məxsus olmuş və borc əvəzinə "xxxx" ASC tərəfindən əldə edilmiş yuxarıda qeyd olunan mənzil S-ƏML-87 nömrəli, 06 dekabr 2017-ci il tarixli aktla "xxxx" QSC-yə ötürülmüşdür. 01 dekabr 2023-cü il tarixdə "xxxx" QSC Nizami rayon icra şöbəsinə müraciət edərək, Nizami Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2-1786/2007 nömrəli qətnaməsinin borcluların evdən çıxarılması hissəsində icra olunmadığını bildirmiş, buna görə də, həmin mənzilin evdən çıxarılması hissəsində də icra olunmasını xahiş etmişdir. Bundan sonra hazırki iş üzrə İddiaçı Səbail rayon Məhkəməsinə Y-48 nömrəli, 23 yanvar 2015-ci il tarixli hərracın nəticələri haqqında yekun protokolunun və hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə müqavilənin ləğv edilməsi haqqında iddia ərizəsi ilə müraciət etmişdir. Hesab edir ki, iddia ərizəsi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçı öz ərizəsində istinad etdiyi hallara aid olan heç bir sübutu məhkəməyə təqdim etməmişdir. AR MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla bərabər, iddia tələbinin rədd edilməsi üçün ayrıca əsas iddia müddətinin ötürülməsidir. AR Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasıqa təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Belə ki, iddiaçı öz ifadələrində göstərmişdir ki, icra məmuru evdən çıxarılması ilə bağlı 2022-ci ildə ünvan 3 ünvanına gəlmişdir. Bundan əlavə özünü atasının varisi adlandıran iddiaçı atasının vəfatından sonra vərəsəliklə bağlı notariusa müraciət etməli idi, bununla da mənzilin hərrac vasitəsi ilə özgəninkiləşdirildiyi barədə Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulan “bilməli olduğu gün” həmin vaxt sayılır. Bundan əlavə məhkəməyə təqdim olunan hərrac təşkilatının bildiriş məktublarından da göründüyü kimi, həmin bildirişlər iddiaçının atasına (evin əvvəlki mülkiyyətçisinə) göndərilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq iddia ərizəsinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh "xxxx" MMC-nin və Cavabdeh1 nümayəndələri məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən digər cavbadehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə baxıb, tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara görə iddia təmin edilməməlidir. İş materiallarında olan “Əmlak X1”nin hərracın nəticələri haqqında Y-48 nömrəli, xx.xx.2015-ci il tarixli yekun protokolundan görünür ki, Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, ev 84B, mənzil 21 ipoteka saxlayan "xxxx" ASC tərəindən 66938 manata alınmışdır. İş materiallarında olan “Əmlak X1” hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilədən görünür ki, 23 yanvar 2015-ci il tarixdə hərrac keçirilmiş, Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, ev 84B, 21 saylı mənzilin ilkin satış qiyməti 105000 manat, son qiyməti isə 66938 manat müəyyən edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2-1786//2007 saylı, 29 noyabr 2007-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Ramazanov Ramazan Qafur oğlu və qeyrilərinə qarşı “ipoteka predmetinin hərracdan satılması nəticəsində əldə olunmuş pul vəsaitinin kredit borcunun ödənilməsinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi təmin edilmiş, Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, 84B saylı evin, 21saylı mənzilinə Ramazanov Ramazan Qafur oğlunun, X2, X3, İddiaçı və X4 yaşayış və istifadə hüququnun itirilmiş hesab olunması, pasport qeydiyyatından çıxarılmaları, həmin mənzilin boşaldılsın, açıq hərrac vasitəsilə satılması və 37240 manat məbləğində kredit borcunun ödənilməsinə yönəldilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-931/08 nömrəli, 08 aprel 2008-ci il tarixli qətnaməsindən görünür ki, Ramazanov Ramazan Qafur oğlunun apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami rayon məhkəməsinin 29 noyabr 2007-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 2(102)-2508/08 nömrəli, 02 oktyabr 2008-ci il tarixli qətnaməsi ilə cavabdeh Ramazanov Ramazan Qafur oğlunun və onun vəkili Nağdəliyev Vəli Əliyar oğlunun kassasiya şikayəti təmin edilməmiş, Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin MİÜMK-nın 2(103)-931 saylı, 08 aprel 2008-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2017-ci il tarixli, ********** saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi, 84b saylı evin 21 saylı mənzili xüsusi mülkiyyət hüququ ilə "xxxx" QSC BOKT adına qeydiyyata alınmışdır. İş materiallarında olan «Əmlak X1» MMC tərəfindən borclu Ramazanov Ramazan Qafur oğluna, X5, X6, İddiaçı, X7 ünvanlanmış xx.xx.2014-cü il tarixli, 2239 saylı bildirişdən görünür ki, Nizami rayon İcra şöbəsinin 17/71-6İ-53 saylı, xx.xx.2014-cü il tarixli sifariş məktubuna əsasən ilkin satış qiyməti 105000 manat olan Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küç., ev 84 B, mənzil 21 ilkin satış qiyməti 105000 manat olmaqla satılmaq üçün xx.xx.2014-cü il tarixdə saat 11:00-da açıq hərraca çıxarılmışdır. İş materiallarında olan «Əmlak X1» MMC tərəfindən borclu Ramazanov Ramazan Qafur oğluna, X5, X6, İddiaçı, X7 ünvanlanmış xx.xx.2014-cü il tarixli, 2532 saylı bildirişdən görünür ki, Nizami rayon İcra şöbəsinin 17/71-6İ-53 saylı, xx.xx.2014-cü il tarixli sifariş məktubuna əsasən ilkin satış qiyməti 89250 manat olan Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küç., ev 84 B, mənzil 21 əmlakı satılmaq üçün xx.xx.2014-cü il tarixdə saat 11:00-da açıq hərraca çıxarılmışdır. İş materiallarında olan "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatının Bakışəhəri Nizami rayon İcra şöbəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli, 137/2-3-11/3355/2023 nömrəli məktubdan görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 nömrəli Fərmanının və Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli 101s saylı Sərəncamının icrası ilə əlaqədar olaraq, "xxxx" ASC-nin mülkiyyətində olmuş ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 83,35 kv.m olan mənzil "xxxx" QSC Bank olmayan Kredit Təşkilatına təhvil verilmiş və həmin əmlak üzərində "xxxx" QSC-nin mülkiyyət hüquqlarının qeydiyyatı aparılaraq buna dair RX seriyalı ******* nömrəli (qeydiyyat tarixi - xx.xx.2017-ci il, qeydiyyat nömrəsi **********) daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Təhvil verilmiş sənədlər araşdırılarkən məlum olmuşdur ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2-1786/2007 saylı, 29 noyabr 2007-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin cavabdehlər Ramazanov Ramazan Qafur oğlu və qeyrilərinə qarşı iddiası təmin edilərək, Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi, 84B nömrəli evin 21 nömrəli mənzilinə Ramazanov Ramazan Qafur oğlunun, X2, X3, İddiaçı və X4 yaşayış və istifadə hüququnun itirilmiş hesab olunmaları, pasport qeydiyatından çıxarılmaları, həmin mənzilin boşaldılıb açıq hərracda satılaraq əldə edilən vəsaitin 37240 manat kredit borcunun ödənilməsinə yönəldilməsi qət edilmişdir. Qətnamə qismən icra edilərək, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 83,35 kv.m olan mənzil qiymətləndirilərək açıq hərraca çıxarılmış, hərracda satılmadığından "xxxx" ASC-yə təklif edilmiş və mövcud Fərmanın və Sərəncamın icrası ilə bağlı "xxxx" QSC-nin mülkiyyətinə verilmişdir. Lakin qətnamə həmin mənzilin boşaldılması hissəsində icra edilməmişdir. Bununla bağlı dəfələrlə Nizami rayon İcra şöbəsinə "xxxx" QSC tərəfindən müraciət edilsə də, icra sənədi həmin hissədə bugünədək icrasız qalmaqdadır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2-1786/2007 saylı, 29 noyabr 2007-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədinin icrasını tam təmin etmək məqsədilə Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi, ev 84B ünvanında yerləşən 21 saylı mənzilin boşaldılmasının təmin edilməsini və bununla bağlı "xxxx" QSC-yə rəsmi məlumat verilməsi xahiş olunmuşdur. Təqdim olunmuş Nizami rayon İcra şöbəsinin Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2-1786//2007 saylı, xx.xx.2007-ci il tarixli icra sənədi üzrə icra işinin materiallarında olan İddiaçı Nizami rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, o, 6 nəfər ailə tərkibi ilə mərhum atası Ramazanov Ramazan Qafur oğluna xüsusi mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi, ev 84B ünvanında yerləşən 21 saylı mənzildə qeydiyyatda olmaqla yaşayır. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2-1786//2007 saylı, xx.xx.2007-ci il tarixli qətnaməsinə əsasən "xxxx" ASC-nin onun atası Ramazanov Ramazan Qafur oğluna və onun ailə üzvlərinə qarşı 37240 manat məbləğində kredit borcunun ödənilməsi üçün mənzilin açıq hərracdan satılması, onun atası və ailə üzvlərinin mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi, onların həmin mənzildən qeydiyyatdan şıxarılmaları və mənzildən çıxarılmaları barədə iddia tələbləri təmin edilmişdir. Nizami rayon Məhkəməsinin 2(007)-948 saylı, xx.xx.2013-cü il tarixli icra vərəqəsinə əsasən borclu Ramazanov Ramazan Qafur oğlundan 19661,43 manat borc məbləği və eləcə də 30 manat məbləğində dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən yuxarıda göstərilən məhkəmə qətnaməsinin icrasının hansı mərhələdə olduğu, hərrac keçirilibkeçirilmədiyi barədə məlumat verilməsi, hərrac keçirildiyi təqdirdə hərracın keçirilməsi ilə bağlı sənədlərin surətlərinin təqdim olunması xahiş olunmuşdur. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununda ipoteka predmetinə tutmanın yönəldilməsinin həm məhkəmədən kənar, həm də məhkəmə qaydası nəzərdə tutulmuşdur (Qanunun 36-39-cu mad.). Qanunun 39.3.3-cü maddəsində tutmanın məhkəmə qaydasında yönəldildiyi təqdirdə ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə qərarında göstərilməsi də nəzərdə tutulmuşdur. Qanunda məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi prosedurunun icra məmuru tərəfindən həyata keçirilərək ipoteka predmetinin hərracda satılması, icra məmurunun hərracın keçirilməsini əmtəə birjasının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata sifariş verməsi, sifarişin “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunmaqla və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirməsi, hərracın isə açıq auksion formasında keçirilməsi öz əksini tapmışdır (Qanunun 41.2-ci, 41.3-cü və 41.5-ci mad.). Qeyd olunan Qanunun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində təşkilatçının hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirməsi, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərməsi qeyd olunmaqla, elanların verilməsi müddətlərinə və s. dair müddəalar əks etdirilmiş, 43-cü və 44-cü maddələrində isə müvafiq olaraq hərracın baş tutmamış hesab edilməsinin və onun etibarsız sayılmasının nəticələri göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsində isə göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.2-ci maddəsinə əsasən ipoteka ilə təmin edilən tələb icra edilmədikdə, ipoteka saxlayan və borclu ipoteka tələbi təmin edilən anda satışın açıq hərracdan fərqli olan başqa formaları barədə razılığa gələ bilərlər. “İpoteka haqqında” Qanunun 41.4-cü maddəsinə görə də, tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs tərəflərin razılığı ilə müəyyən olunur. Razılığa əsasən ipoteka predmeti hərracda satıldıqda ipoteka saxlayan və ya ipoteka qoyan hərracın təşkilatçısına sifarişi verə bilərlər. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçı və "xxxx" ASC arasında yaranmış öhdəlik münasibətləri ilə bağlı tərəflərin arasında mübahisənin məhkəmədənkənar həlli barəsində razılaşma olmamış və əmlaka tutma yönəldilməsi haqqında məhkəmə qətnaməsi qəbul edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə, iddiaçının mənzilə dair hərrac təşkilatının hərracın nəticələri haqqında yekun protokolun ləğv edilməsi tələbini əsaslı hesab etmir. İddiaçının hərracın nəticələri haqqında xx.xx.2015-ci il tarixli Y-48 saylı hərracın ləğv edilməsi tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. İş materiallarında olan bildirişlərdən görünür ki, birinci hərracın keçirilməsi 24 noyabr 2014-cü il tarixə, ikinci hərracın keçirilməsi xx.xx.2014-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasında verilən izahatlardan və iş materiallarından aydın olur ki, mübahisəsi gedən daşınmaz əmlakla bağlı ilkin hərrac baş tutmadığından mənzilin ilkin satış qiymətindən 15% aşağı, yəni müvafiq olaraq 66938 manatdan ikinci dəfə hərraca çıxarılması və hərracın xx.xx.2014-cü il tarixdə keçiriləcəyi ilə bağlı müvafiq bildiriş tərtib edilərək, bildiriş borcluya və tələbkara göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.5-ci maddəsinə əsasən əgər birinci hərracın keçirilməsi zamanı əşyanın ilkin satış qiymətinin yetmiş faizinə çatan təklif olmazsa, hərrac yenidən keçirilməlidir. Təkrar hərrac, təkrarən keçirilməsinə istinad edilərək, birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərrac zamanı ipoteka predmetinin ən aşağı satış qiyməti heç olmasa hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olmalıdır. Bu baş verməzsə, hərrac keçirilmir. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur. Məhkəmə iclasında müəyyən olundu ki, təkrar hərracın yeri, vaxtı və əmlakın satış qiyməti barədə məlumatlandırılmasına baxmayaraq, iddiaçı hərracın keçirilməsinə etiraz etməyərək hərracda iştirak etməmiş, “hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqavilə imzalanaraq hərracın nəticələri ilə əlaqədar xx.xx.2015-ci il tarixli Y-48 saylı protokol tərtib edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mübahisəsi gedən daşınmaz əmlakların hərracda satılması ilə bağlı keçirilmiş hərracın vaxtı, yeri, forması, keçirilmə qaydası, əmlakın satış qiyməti barədə Ramazanov Ramazan Qafur oğluna, X5, X6, İddiaçı, X7 xəbərdar edilməməsi, mənzil endirimlə qiymətə satıldığını, hərracın yeri və vaxtı ilə bağlı onlara düzgün məlumat verilməməsi barədə iddiaçının arqumentləri öz təsdiqini tapmamışdır. Nəzərə alınmalıdır ki, bildirişlərdə hərracın forması, vaxtı, yeri, predmeti və başlanğıc qiyməti, hərracın keçirilmə qaydası, iştirakın rəsmiləşdirilməsi, onu udan şəxsin müəyyənləşdirilməsi, behə dair məlumatlar öz əksini tapmışdır. Bu qənaətə gələrkən məhkəmə, “F. Cavadov və V. Aslanovun şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyi də nəzərə alaraq qeyd edir ki, həmin qərarında Konstitusiya Məhkəməsi MM-in 415.2-ci maddəsində nəzərdə tutulmuş bildirişin ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edildiyini və bu maddənin hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoymadığını, yalnız “İpoteka haqqında” Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışlarının fərqləndirildiyini, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsinin nəzərdə tutulduğunu vurğulamışdır. Məhkəmə belə qənaətə gəlir ki, mübahisəli əmlakın açıq hərracdan satılması ilə bağlı qanunvericilik müddəalarının kobud pozuntusu müəyyən edilmədiyindən iddia tələblərinin əsaslı hesab edilməsi üçün hüquqi əsaslar mövcud deyildir və bu səbəblə də iddia təmin edilməməlidir. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından ədalətli və qanunidir. Məhkəmə yuxarıda şərh olunan halları müzakirə edərək və onlara müvafiq qiymət verərək, hesab edir ki, iddiaçının tələbi əsassızdır və qanuni əsaslar olmadan mübahisəli əmlakın onun mülkiyyətçisindən geri almaq niyyətini təsdiq edir, halbuki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır (AR Mülki Məcəllənin 560.2-ci mad.). AR Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Qanunun qeyd olunan normasının tələbinə əsasən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Həmin müddət kəsici müddətdir və bu müddətin keçməsi əqdin mübahisələndirilməsi hüququnun xitamına səbəb olur. Təqdim edilən icra işinin materiallarından, eləcə də iddiaçının məhkəmə iclasındakı izahatından məlum olur ki, iddiaçı hərracın keçirilməsi ilə bağlı məlumatlı olmuş, lakin hərracın nəticələrinə dair protokolun (müqavilənin) ləğvi ilə bağlı məhkəməyə bir il ərzində deyil, xx.xx.2024-cü il tarixində müraciət etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı cavabdehlər “Əmlak X1” MMC, “Aqrarkredit QSC Bank Olmayan Kredit Təşkilatı və Cavabdeh1nə qarşı “qiymətləndirmə komissiyasının və hərracın nəticələrinin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar