Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1327/2023 07.07.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X6 Rüstəmlinin sədrliyi, Mərdanov Məhəmməd Ələkbər oğlunun katibliyi, İddiaçı nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı - Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər uşaq üçün 500 manat alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdehlə 12 oktyabr 2012-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur və onların xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X3 adlı uşaqları olmuşdur. Məhkəmə qətnaməsi ilə tərəflərin arasında olan nikah pozulmuşdur. Cavabdeh uşağın saxlanması üçün ona köməklik göstərmir. Cavabdeh Moskva şəhərində uroloq-cərrah işləyir, aylıq gəliri 1500-2000 ABŞ dolları civarındadır. Cavabdeh tələb olunan məbləği asanlıqla ödəyə bilər. Qeyd olunanlara əsasən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verib, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin o məhkəmə iclasına gəlməmiş, bunun üzlrü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş İX-MİO № 620871 və XMЮ № 557895 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X3 anadan olmuşdur. V-MЮ № 735935 nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasında olan nikah 27 fevral 2022-ci il tarixdə pozulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğində alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə uyğun olaraq alimentin tutulmasının əvvəli iddiaçı məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» xx.xx.2022ci il tarixli Qanuna əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Alimentin miqdarını müəyyən edərkən məhkəmə uşağın mənafeyini, onun əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını, respublikada 2023-cü il üçün uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu məbləğini, eyni zamanda tərəflərin maddi və sosial vəziyyətini nəzərə alaraq hesab edir ki, tərəflərin azyaşlı uşaqları xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən hər ay hər uşaq üçün 220 manat sabit pul məbləğində alimentin tutulması uşağın mənafeyi baxımından məqsədəuyğundur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. (119.2.) Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə iddianın qismən təmin olunduğunu, iddiaçının qanunla müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edildiyini nəzərə alaraq və sadalanmış normaları hazırki iş üzrə tətbiq edərək belə qənaətə gəlir ki, iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən 40 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 220 manat məbləğində aliment xx.xx.2023-cü il tarixdən başlayaraq Cavabdeh tutulub (alınıb) İddiaçı ödənilsin (verilsin). Cavabdeh 40 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №2(009)-1327/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1327/2023
07.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver