Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1333/2025 21.06.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin dəyişdirilərək sabit pul şəklində tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin dəyişdirilərək sabit pul şəklində tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, Cavabdeh ilə ailə həyatı qurmuşdur. Nikahları rəsmi qaydada Bakı şəhəri Sabunçu rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2010-cu il tarixdə qeydə alınmışdır. Cavabdehlə birgə nikahdan xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X4 anadan olmuşdur. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-2087/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən cavabdehlə aralarında olan nikah pozulmuş, birgə nikahdan anadan olan xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X4 onun himayəsində saxlanılmış, azyaşlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən onun xeyrinə hər ay uşağa qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi və hər uşağa görə hər ay 26 manat sabit pul məbləğində alimentin tutulub ona ödənilməsi qət edilmişdir. Ona məlum olmuşdur ki, cavabdeh 2025-ci ilin aprel ayından işdən azad olunmuşdur. Məhkəməyə indi müraciət etməkdə məqsədi ondan ibarətdir ki, alimentin tutulması qaydası dəyişdirilməli, yəni əmək haqqının hissəsindən deyil, sabit pul məbləğində müəyyən edilməlidir. Qanunvericiliyin normalarına əsasən cavabdehdən hər uşağa görə tutulan alimentin miqdarı sabit pul məbləğində 246 manat məbləğində müəyyən edilməlidir. Qeyd olunmuş alimentin məbləği uşaqların tələbatının ödənilməsinə yetmir. Uşaqlar orta məktəbdə təhsil alır, əlavə olaraq ödənişli hazırlıqlara gedirlər və ona görə də məsrəfləri yetərincə artmışdır. Bundaş başqa, ölkədə yetkinlik yaşına çatmayanlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2025-ci il üzrə hər uşaq üçün 246 manat müəyyən edilmişdir. Uşaqların bütün qayğılarını, ehtiyaclarını tamamilə o, çəkir. Böyüdükcə uşaqlarda atalarına ehtiyac və tələbat artsa da, cavabdeh onlara qarşı heç bir diqqət və qayğı göstərmir. Uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənləri nəzərə alaraq iddiaçı Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-2087/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün onun xeyrinə Cavabdeh hər ay hər uşağa qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi alimentin tutulması qaydasının dəyişdirilməsi, yəni alimenti əmək haqqının hissəsindən deyil, hər ay hər uşağa görə 246 manat, cəmi 492 manat sabit pul məbləğində müəyyən edilməsinə və Bakı 9 saylı Mediasiya Təşkilatına ödədiyi 50 manat pulun cavabdehdən onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, aprel ayında cavabdehin işlədiyi təşkilata alimentin nəyə görə keçməməsi ilə bağlı müraciət edərkən bildirmişlər ki, Cavabdeh işdən çıxmışdır. Ona görə də hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh faktiki yaşayış yeri məlum olmadığından onu məhkəməyə dəvət etmək mümkün olmamışdır. Bu barədə onun qeydiyyat ünvanı üzrə göndərilmiş məhkəmə bildirişləri müvafiq qeydlərlə (“köçüb”) məhkəməyə geri qaytarıldıqdan sonra, məhkəmə AR MPM-nin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə təqdim edilmiş sübutları məcmu halında tam, hərtərəfli, obyektiv araşdıraraq və hüquqi qiymət verib hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə doğum haqqında şəhadətnamələrinin surətlərindən görünür ki, tərəflərin birgə nikahdan xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X4 adlı uşaqları var. İş üzrə Səbail rayon Məhkəməsinin 2(009)-2087/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2010-cu il tarixdə Sabunçu rayon qeydiyyat şöbəsində bağlanaraq 407 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X2 anaları İddiaçı yanında saxlanılması, Cavabdeh xx.xx.2018-ci il tarixdən başlayaraq, uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay Cavabdeh qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi və hər uşağa görə hər ay 26 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı qızına verilməsi qət edilmişdir. İş üzrə Bakı 9 saylı mediasiya təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli, MŞB/9/2025-00160 nömrəli arayışından görünür ki, İddiaçı aliment məbləğinin sabit pul məbləği ilə əvəzləşdirilməsi, ödənilməmiş aliment tələbinə dair mübahisəsi üzrə xx.xx.2025-ci il tarixdə, saat 12.00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2010cu ildə nikah bağlanılmış və onların birgə nikahdan xx.xx.2011-ci il təvəllüdlü Elmira və xx.xx.2015-ci il təvəllüdlü Nərgiz adlı uşaqları anadan olmuşdur. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Səbail rayon Məhkəməsinin 2(009)-2087/2018 saylı qətnaməsi ilə tərəflər arasında olan nikah ləğv edilmiş, birgə nikahdan olan uşaqların ananın yanında saxlanılmış, Cavabdeh uşaqların saxlanılması üçün hər ay aylıq qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında və hər uşağa görə hər ay 26 manat sabit pul məbləğində aliment tutulmuşdur. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, ona məlum olmuşdur ki, cavabdeh 2025-ci ilin aprel ayından işdən azad olunmuşdur. Məhkəmə qətnaməsi ilə uşaqlar üçün müəyyən olunan aliment miqdarı uşaqların saxlanılması və maddi tələbatlarının ödənilməsi üçün yetərli deyil, uşaqların ehtiyaclarını qarşılamır və bu səbəbdən iddiaçı Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-2087/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün onun xeyrinə Cavabdeh hər ay hər uşağa qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi alimentin tutulması qaydasının dəyişdirilməsi, yəni alimenti əmək haqqının hissəsindən deyil, hər ay hər uşağa görə 246 manat, cəmi 492 manat sabit pul məbləğində müəyyən edilməsinə və Bakı 9 saylı Mediasiya Təşkilatına ödədiyi 50 manat pulun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı mübahisənin məhkəmədənkənar qaydada mediator vasitəsi ilə həll edilməsini istəsə də, cavabdeh mediasiya sessiyasına gəlmədiyindən, iddiaçı mübahisənin həll edilməsi ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlıdır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələb aşağıdakı əsaslara görə əsaslı hesab təmin edilməlidir. «Uşaq Hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə adambaşına uşaqlar üçün 246 manat məbləğində təsdiq edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Göstərilən Məcəllənin 76.1.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən iki uşağa görə aylıq qazancının (başqa gəlirlərin) 1/3 hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76 maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Göstərilən Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2016-cı il tarixli qərarına əsasən:
1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.
2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli Qərarının 8.13-cü bəndinə əsasən alimentin miqdarının dəyişdirilməsi barədə qətnamə qəbul edilərkən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydaya əməl edilməli olduğu nəzərə alınmalıdır. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Qanunvericiliyin tələblərindən göründüyü kimi uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Bakı şəhər Səbail Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, məhkəmə tərəfindən yetkinlik yaşına çatmayan uşaqlara görə müəyyən edilmiş alimentin məbləği cavabdehin aylıq qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi və 26 manat sabit pul məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-1.-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Məhkəmə iclasında iddiaçı cavabdehin işdən çıxmasını bildirsə də, iş üzrə “Elektron məhkəmə” informasiya sistemində olan məlumata əsasən Cavabdeh "xxxx" MMC-də “sürücü” vəzifəsində işləməsi, onun aylıq əmək haqqı 1112,61 manat təşkil etməsi müəyyən edilmişdir. Məhkəmə qanunvericiliyin tələblərinə əsasən müntəzəm qazanca malik olan valideyndən alimentin tutulmasını əmək haqqının faiz nisbətində müəyyən edilməsini nəzərdə tutsa da, 2 uşağa görə əmək haqqının 1/3 hissəsi həddində alimentin məbləğinin (1112,61x1/3):2=185 manat) yaşayış minimumu üçün 1 uşağa görə müəyyən edilmiş alimentin miqdarından (246 manat) kifayət qədər az olmasını nəzərə alaraq hesab edir ki, alimentin sabit pul məbləği şəkildə müəyyən edilməsi ilə bağlı tələb əsaslı hesab edilməlidir. Məhkəmə, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin miqdarını, həmçinin Azərbaycan Respublikasında 2025-ci il üçün uşaqlar üçün yaşayış minimumunun 246 manat məbləğində müəyyən edilməsini və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, uşaqların saxlanılması üçün aliment məbləğinin dəyişdirilməsi barədə iddia təmin edilməli, məhkəmə qətnaməsi ilə müəyyən edilən aliment dəyişdirilməli və cavabdehdən tutulacaq aliment ölkə üzrə müəyyən edilən yaşayış minimumu həddində sabit pul məbləği şəklində 246 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə alimentin 246 manat həddində müəyyən edilməsi qənaətinə gəlinməsini, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən Qərarında göstərilənləri və 2025-ci il üçün minimum əmək haqqının 400 manat müəyyən edilməsini nəzərə alaraq hesab edir ki, Cavabdeh İddiaçı xeyrinə yetkinlik yaşına çatmamış uşaqların saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində (246:400=0,615) sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, alimentin dəyişdirilməsi ilə bağlı cavabdehdən tutulmalı olan aliment onun məhkəməyə müraciət etdiyi vaxtdan deyil, hazırki məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən sonra başlamalı və həmin vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8-2/2016 saylı qərarının 8.11-1-ci bəndinə əsasən alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir. Məhkəmə qeyd edir ki, AR MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələrin dərhal icra olunması nəzərdə tutulsa da, hazırki tələb alimentin dəyişdirilməsi ilə bağlıdır. Bu səbəbdən göstərilən qanunun tələbləri alimentin dəyişdirilməsi ilə bağlı tələbə aid edilə bilməz. AR MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. “Dövlət rüsumu haqqında” AR Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Məhkəmə qeyd edir ki, iddia təmin edildiyindən, iddiaçı qaldırılan tələblə bağlı mübahisəni məhkəməyədək həlli qaydasını nəzərdə tutan mediasiya prosesində iştirakı ilə bağlı mediatora müraciət etdiyindən və mediasiya xərcləri kimi 50 manat ödədiyindən, həmin pul məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumundan azad edildiyindən, cavabdehdən bir il ərzində tutulacaq alimentin ümumi məcmusu – 5904 manat nəzərə alınaraq, dövlət rüsumunun əvəzi kimi 79,04 manat məbləğində dövlət nəfinə pul tutulmalıdır. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ:
İddia təmin edilsin. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-2087/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə tutulması müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin (artırılsın). Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin dəyişdirilməsi ilə bağlı Cavabdeh tutulmalı olan aliment məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən tutulmağa başlanılsın və tutma həmin vaxtdan hesablansın. Cavabdeh dövlət nəfinə dövlət rüsmunun əvəzi kimi 79,04 (yetmiş doqquz manat, dörd qəpik) manat məbləğində pul tutulsun. Cavabdeh İddiaçı xeyrinə mediasiya xərcləri kimi ödənilən 50 (əlli) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır.
Hakim: Şahin Abdullayev