Məhkəmə qərarları › İş №2(009)-1394/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1394/2021

06.07.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1394/2021 06.07.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyev İlkin Mehman oğlunun katibliyi, İddiaçı, Cavabdeh Bakı şəhəri Mədəniyyət Baş İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Mədəniyyət Baş İdarəsinə qarşı “əmək haqqının, məzuniyyət haqqının və son haqq hesabın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Mədəniyyət Baş İdarəsinə qarşı Bakı şəhəri Mədəniyyət Baş İdarəsininin 7 nömrəli Uşaq Musiqi Məktəbinin nəzəriyyə şöbəsi üzrə müəllimə vəzifəsində işlədiyi dövr üzrə əmək haqqı, məzuniyyət haqqı və son haqq hesabın ödənilməsi vəzifəsinin Bakı şəhəri Mədəniyyət Baş İdarəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, H.Sarabski adına 7 nömrəli Uşaq Məktəbində nəzəriyyə şöbəsi üzrə müəllimə işləmişdir. Onu işdən azad etmələrinə baxmayaraq, işlədiyi dövr üzrə əmək haqqı, məzuniyyət haqqı və son haqq hesab ona ödənilməmişdir. Buna görə də 12.02.2021-ci il tarixdə yazılı xəbərdarlıqla Bakı şəhəri Mədəniyyət Baş İdarəsinə müraciət etmiş və 03.03.2021-ci il tarixli 15/129 nömrəli məktubla, işə gəlmədiyindən və heç bir tələbi olmadığından onunla bağlanan əmək müqaviləsinə xitam verilmiş və hər hansı bir ödənişin olunmayacağı bildirilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 izahat verərək bildirmişdir ki, Mehriban xanımın işdən uzaqlaşdırılması barədə may ayında əmr qəbul edilmişdir. Korrupsiyaya qarşı mübarizə idarəsində iş getdiyinə görə 35 müəllimin əmək haqqı kartı Mehriban xanımın seyfində tapılmışdı. Həmçinin də Yaqut xanımın. Yaqut xanımın səhhəti ilə bağlı olan problemdən məlumatı yoxdur. Lakin o problemdən sonra da işə çıxmamışdır. Onlara çoxlu şikayətlər daxil olduğundan onlar bütün maaşları dayandırmışlar. Hər il cədvəl qurulur, müəllimlərə saat verilir və həmin cədvələ uyğun da müəllimlərə maaş verilir. Onlar tələbələrə zəng vuraraq aydınlaşdırmışlar ki, bəzi tələbələrin məktəblə əlaqəsi belə yoxdur. Daha sonra yenidən cədvəl hazırlanmış və saatlara uyğun müəllimlərə maaş verilməyə başlanılmışdır. Məhkəmə proses iştirakçılarının izahatlarını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan 01.09.2004-cü il tarixli ərizədən görünür ki, İddiaçı H.Sarabski adına 7 nömrəli Uşaq Məktəbinin direktorundan onu ixtisası ilə bağlı işlə təmin etməsini xahiş etmişdir. İş materiallarında olan fərdi əmək müqaviləsindən görünür ki, İddiaçı 15 sentyabr 2004-cü il tarixdə H.Sarabski adına 7 nömrəli Uşaq Məktəbində nəzəriyyə şöbəsi üzrə müəllimə vəzifəsinə düzəlmişdir. İş materiallarında olan 07.01.2013-cü il gtarixli ərizədən görünür ki, İddiaçı sağlamlığında yaranan problemlər nəzərə alınaraq 7 yanvar 2013-cü il tarixdən 31 yanvar 2013-cü il tarixə qədər ona növbəti məzuniyyətin verilməsi ilə bağlı göstəriş verməsini H.Sarabski adına 7 nömrəli Uşaq Məktəbinin direktorundan xahiş etmişdir. İş materiallarında olan “ Məzuniyyət verilməsi haqqında” 6 iyul 2017-ci il tarixli, 27 nömrəli əmrdən görünür ki, 2016/2017-ci il tədris ilinin sona çatması ilə əlaqədar H.Sarabski adına 7 nömrəli Uşaq Məktəbinin müəllimlərinə, eləcə də İddiaçı 7 iyul 2017ci il tarixdən 31 avqustadək olan dövr üçün (56 təqvim günü) müddətində əmək məzuniyyəti verilmişdir. İş materiallarında olan “ Məzuniyyət verilməsi haqqında” 04 iyul 2018-ci il tarixli, 30 nömrəli əmrdən görünür ki, 2017/2018-ci il tədris ilinin sona çatması ilə əlaqədar H.Sarabski adına 7 nömrəli Uşaq Məktəbinin müəllimlərinə, eləcə də İddiaçı 5 iyul 2018-ci il tarixdən 29 avqust tarixinədək ( 56 təqvim günü + 2 bayram günü) əmək məzuniyyəti verilmişdir. İş materiallarında olan “ Məzuniyyət verilməsi haqqında” 4 iyul 2019-cu il tarixli, 26 nömrəli əmrdən görünür ki, 2018/2019-cu tədris ilinin sona çatması ilə əlaqədar H.Sarabski adına 7 nömrəli Uşaq Məktəbinin müəllimlərinə, eləcə də İddiaçı 5 iyul 2019-cu il tarixdən 29 avqust tarixinədək ( 56 təqvim günü + 2 bayram günü) əmək məzuniyyəti verilmişdir. İş materiallarında olan ərizədn görünür ki, İddiaçı ailə vəziyyəti ilə əlaqədar son haqq hesab və məzuniyyət ödənişlərinin təmin edilərək onun 01.12.2020-ci il tarixdən işdən azad edilməsini H.Sarabski adına 7 nömrəli Uşaq Məktəbinin direktorundan xahiş etmişdir. İş materiallarında olan 08 dekabr 2020-ci il tarixli, 139 №-li əmrdən görünür ki, İddiaçı H. Sarabski adına 7 nömrəli Uşaq Məktəbinin müəlliməsi vəzifəsindən 08 dekabr 2020-ci il tarixdən azad edilmişdir. İş materiallarında olan AZE******** nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1968-ci il tarixdə Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikasında anadan olmuşdur və qeydiyyatda olduğu ünvan ünvan 2erilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı 15 sentyabr 2004-cü il tarixdən 08 dekabr 2020-ci il tarixədək H.Sarabski adına 7 nömrəli Uşaq Məktəbində nəzəriyyə şöbəsi üzrə müəllimə vəzifəsində işləmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, ididaçı ilə bağlanmış əmək müqaviləsinə 08.12.2020-ci ildən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin «a» bəndinə əsasən xitam verilmiş və bunula bağlı cavabdeh tərəfindən əmr qəbul edilmişdir. Lakin həmin əmrdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi göstərilsə də, son haqq-hesabın aparılması göstərilməmişdir. Məhkəmə cavabdeh tərəfin iddiaçı ilə əmək münasibətlərində olduqları müddət ərzində etdikləri ödənişləri təsdiq edən müvafiq sübutları məhkəməyə təqdim etmişdir. Cədvəllərdən görünür ki, iddiaçının əmək haqqısı hər ay kartına köçürülmüşdür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 83-cü maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələbləri baxımından qeyd edir ki, işçi işdən çıxdıqdan sonra ona son haqq-hesab ödənilməlidir. Son haqq-hesab dedikdə isə göründüyü kimi qanunda istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr nəzərdə tutulur. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən ona son haqq-hesabın verilməsi təmin edilməmiş və bununla da iddiaçının əmək hüquqları qismən pozulmuşdur. Cavabdehin nümayəndəsi işçiyə həmin vəsaitin ödənilməməsini iddiaçının adının işçi kimi formal olaraq rəsmiləşdirildiyini, əmək haqqı kartının direktorda olduğunu və heç bir tələbəsinin olmaması ilə əlaqələndirmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş iddia tələbi istifadə edilməmiş əmək məzuniyyətinə görə pul tutulması hissəsində tam əsaslıdır və təmin edilməlidir. Yəni İddiaçı xeyrinə istifadə olunmamış məzuniyyətə görə pul tutulmalıdır. İddia tələbinin, əmək haqqı tələbi ilə bağlı məhkəmə qeyd edir ki, İddiaçı əmək haqqı tam olaraq hesablanıb ödənildiyindən təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, əmək haqqı hesablanaraq ödənilmiş, lakin əmək haqqı kartı direktorda olduğundan istifadə edə bilməmişdir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar