Məhkəmə qərarları › İş №2(009)-1396/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1396/2024

02.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1396/2024 02.07.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlu sədrliyi Ağayeva Narqələm Bayram qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə bankdan götürülən kreditin ümumi borc hesab edilərək bərabər paylarla bölünməsi, birgə nikah dövründə ödənilmiş 102138,25 manat pulun ½ hissəsini təşkil edən 51069,125 manat pulun cavabdehdən tutulması tələblərinə dair mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq … MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə bankdan götürülən kreditin ümumi borc hesab edilərək bərabər paylarla bölünməsi, birgə nikah dövründə ödənilmiş 102138,25 manat pulun ½ hissəsini təşkil edən 51069,125 manat pulun cavabdehdən tutulması tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhər Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(009)-1396/2024 saylı qərardadı ilə həmin iddia ərizəsi məhkəmə icraatına qəbul edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil vəsatətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, hazırki mülki iş üzrə cavabdeh qismində keçən Cavabdeh İddiaçı qarşı Nəsimi rayon Məhkəməsinə müraciət edərək (birgə nikah dövründə əldə edilmiş cavabdehin istifadəsində qalan ümumi dəyəri 113000 manat olan vəsaitin 50 faizini təşkil edən 56500 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi və birgə nikah dövründə əldə olunmuş daşınmaz əmlak üzərində iddiaçının ½ payda mülkiyyət hüquqlarının tanınması, həmin əmlakın satılması və satışdan əldə olunan pul vəsaitinin tərəflər arasında bərabər paylarla bölünməsini xahiş etmişdir. Mülki iş icraata qəbul edilərək Ceyhun Tağıyevin icraatındadır. Hesab edir ki, hər iki iş bir-biri ilə əlaqədar olduğundan bir icraatda birləşdirilməli və ilkin iddia ərizəsini icraata qəbul edən Nəsimi rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə vəsatəti və iş materiallarını araşdıraraq hesab edir ki, vəsatət təmin edilməli, hazırki mülki iş Nəsimi rayon Məhkəməsinin icraatında olan 2(006)-1722/2024 saylı mülki işlə birlikdə bir icraatda birləşdirilərək baxılmalıdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh İddiaçı qarşı Nəsimi rayon Məhkəməsinə müraciət edərək birgə nikah dövründə əldə edilmiş cavabdehin istifadəsində qalan ümumi dəyəri 113000 manat olan vəsaitin 50 faizini təşkil edən 56500 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi və birgə nikah dövründə əldə olunmuş daşınmaz əmlak üzərində iddiaçının ½ payda mülkiyyət hüquqlarının tanınması, həmin əmlakın satılması və satışdan əldə olunan pul vəsaitinin tərəflər arasında bərabər paylarla bölünməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə müraciət etmiş və Nəsimi rayon Məhkəməsinin hakimi Ceyhun Tağıyevin xx.xx.2024-cü il tarixli 2(006)-1722/2024 saylı qərardadı ilə həmin iddia ərizəsi icraata qəbul edilmiş və həmin mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilməmişdir. Məhkəmə qeyd edir ki, məhkəmənin icraatında olan hazırki mülki iş və Nəsimi rayon Məhkəməsinin icraatında olan mülki iş üzrə iddianın predmeti birgə nikah dövründə əldə olunmuş əmlak bölgüsü ilə əlaqədar olduğundan, bununla da hər iki məhkəmənin icraatında olan işlər bir-biri ilə əlaqədar olduğundan onların bir icraatda baxılması məqsədəmüvafiq hesab edilməlidir. Belə ki, AR MPM-nin 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərməlidir. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqədar olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Məhkəmə qeyd edir ki, mülki işlərin bir icraatda birləşdirilməsinin məqsədi bir-biri ilə əlaqəsi olan müxtəlif mahiyyətli mülki mübahisələrin daha tez, obyektiv və hərtərəfli həllini təmin etməkdir. Mülki işlərin bir-biri ilə əlaqəsi, baxılan iş üzrə tərəflərin eyni olmasında, mübahisə predmetinin eyniliyində, mübahisə doğuran hüquq münasibətlərinin subyektlərinin və ya obyektin eyniliyində ifadə olunmalıdır. Həm Səbail rayon Məhkəməsinin icraatında, həm Nəsimi rayon məhkəməsinin icraatında olan mülki işlər üzrə tərəflər eyni olmaqla mübahisə predmeti də eynidir. Belə olan halda məhkəmə qeyd edir ki, hər iki mülki iş arasında irəli sürülmüş tələblərə bir prosesdə baxılmasına imkan verən obyektiv əlaqə mövcuddur. Ədalət mühakiməsinin düzgün həyata keçirilmə zərurətini, hər iki mülki işin bir icraatda baxılmasının məqsədəmüvafiqliyini, hər iki mülki işə mahiyyəti üzrə baxılmağa başlanılmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki mülki iş ilkin olaraq icraata götürülmüş və Bakı şəhəri Nəsimi rayon məhkəməsinin hakimi Ceyhun Tağıyevin icraatında olan 2(006)1722/2024 saylı mülki işlə birləşdirilməlidir. Məhkəmə həmçinin aşağıdakılara əsasən hesab edir ki, hazırki qərardaddan şikayət verilə bilməz. Belə ki, mülki-prosessual məcəllənin XLİİ fəsli birinci instansiya məhkəməsinin qərardadlarından şikayət verilməsi məsələsini tənzimləyir. Həmin fəsildə yer alan 395-ci maddədə birinci instansiya məhkəməsinin ayrıca akt şəklində qəbul olunmuş qərardadlarından hansı halda şikayət verilməsi göstərilmişdir. Maddədə həmin qərardadlardan şikayət verilməsinin iki məqsədli əsası müəyyən edilmişdir- bu Məcəllədə göstərilən hallarda və məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda (395.1.1-395.1.2). Normanın tələbinə görə birinci instansiya məhkəməsinin digər qərardadlarından şikayət verilmir, işdə iştirak edən şəxslər bu qərardaddan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər(395.2). AR MPM-nin 43-cü maddəsinə əsasən bir-biri ilə əlaqədar olan işlərin birləşdirilməsi ilə bağlı birinci instansiya məhkəmələrinin qəbul etdiyi qərardadlardan, həmçinin AR MPM-nin 258-ci madəsinə əsasən isə iş üzrə icraatın dayandırılmasından imtina edilməsi barədə qərardaddan şikayət verilməsi göstərilməmişdir. Eyni zamanda həmin normalara əsasən qəbul olunmuş qərardadın mülki işin sonrakı hərəkətinə mane olmadığı da mübahisəsizdir. Bütün bu hallar onu təsdiq edir ki, icraatın dayandırılması barədə ərizənin təmin edilməməsi və bir-biri ilə əlaqədar olan işlərin birləşdirilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadlardan şikayət verilə bilməz. Şərh olunanlara əsasən və AR MPM-nin 39, 43 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə… QƏRARA ALDİ: Vəsatət təmin edilsin. Bakı şəhər Səbail Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə bankdan götürülən kreditin ümumi borc hesab edilərək bərabər paylarla bölünməsi, birgə nikah dövründə ödənilmiş 102138,25 manat pulun ½ hissəsini təşkil edən 51069,125 manat pulun cavabdehdən tutulması tələblərinə dair 2(009)-1396/2024 saylı mülki iş Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hakimi Ceyhun Tağıyevin icraatında olan iddiaçı Cavabdeh İddiaçı qarşı qaldırdığı birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi tələbinə dair 2(006)-1722/2024 saylı mülki işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilsin və Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim:Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar