Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-143/2025 16.01.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı “pul” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən sığortalanmış “LEXUS İS 300” markalı, **-LQ-*** dövlət qeydiyyat nişanlı avtomobilinə sığorta hadisəsi nəticəsində dəymiş zərərə görə ümumilikdə 4060,0 (dörd min altmış) manat sığorta ödənişinin, həmçinin hazırkı iddianın qaldırılması ilə əlaqədar dövlət rüsumu kimi dövlət büdcəsinə ödənilmiş 61,0 (altmış bir) manat və nümayəndə xərcləri üçün 500,0 (beş yüz) manat məbləğində pul vəsaitinin Cavabdeh Sığorta Şirkəti ASC-dən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: o, özünə məxsus “LEXUS İS 300” markalı, **-LQ-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2024-cü il tarixdə Cavabdeh Sığorta Şirkəti ASC-də könüllü sığorta növü üzrə **********454 saylı sığorta şəhadətnaməsi ilə “Fiziki şəxslərin sahibliyində olan minik avtomobillərin tam sığortası üzrə” xx.xx.2025-ci il tarixinədək sığortalamışdır. xx.xx.2024-cü il tarixdə, saat 04:05-də o və dostu X9 ona məxsus “LEXUS İS 300” markalı, **-LQ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsi, Ara məhəllədə hərəkətdə olarkən (avtomobili dostu Xəyal Tağıyev idarə etmişdir) qarşıda hərəkətdə olan X7 məxsus olan “Mersedes Gle 350e” markalı, **-KM-*** dövlət qeydiyyat nişanlı avtomobillə ara məsafəsi saxlanılmaması səbəbindən sözügedən avtomobilin arxa hissəsinə toxunmuş və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Dərhal hadisə barədə "xxxx" ASC-nə məlumat verilmiş, eləcə də baş vermiş yol-nəqliyyat hadisəsi yerinə Yasamal DYPŞ-nin əməkdaşları gəlmiş, hadisə yeri müayinə olunaraq ilkin araşdırılma aparılmış, hadisəyə hüquqi qiymət verilərək X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Toqquşma nəticəsində “LEXUS İS 300" markalı, **-LQ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanla bağlı "xxxx" MMC tərəfindən baxış keçirilmiş və müəyyən edilmişdir ki, bu qəza nəticəsində avtomobilə 4060,0 (dörd min altmış) manat ziyan dəymişdir (təmir-bərpa işlərinin adı-ön buferin təmiri və rənglənməsi-280 manat; ön sağ fara dəst-3100 manat; qabaq sağ qanadın təmiri və rənglənməsi-200 manat; kapotun təmiri və rənglənməsi-200 manat; qabaq sağ park sensor-160 manat; elektrik işləri-120 manat olmaqla, cəmi 4060,0 manat). Hadisədən bir necə gün sonra sığorta şirkətinə müraciət etdikdə oradan hələlik müəyyən araşdırmalar getdiyini, araşdırmanın nəticəsindən asılı olaraq onlara sığorta ödənişi edilib-edilməyəcəyi barədə məlumat verilərəcəyi bildirilmişdir. Həmin vaxtdan bir müddət sonra zəruri sənədələrlə birlikdə ərizə ilə sığorta şirkətinə müraciət ünvanlamış, lakin cavabdeh sığorta ödənişinin verilməsindən imtina barədə qərar qəbul etmiş, imtinanın əsası kimi göstərilmişdir ki, Cavabdeh Sığorta Şirkəti ASC-də könüllü sığorta növü üzrə **********454 saylı sığorta şəhadətnaməsi əsasında sığortalanmış “LEXUS İS 300” markalı, **-LQ-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı şirkətə daxil olmuş müraciətinizə baxılmışdır. Baş vermiş yol-nəqliyyat hadisəsinin araşdırılması zamanı aşkar edilmişdir ki, hadisə baş verən zaman avtomobilin mülkiyyətçisi o olmuşdur. X1 isə sığortalanmış avtomobili sahibi yanında olmaqla idarə etmişdir. Lakin sığortalı avtomobilin idarə edilməsi üçün onun tərəfinizdən X1na verilən notarial qaydada təsdiq edilmiş etibarnamə olmadığından həmin sürücünün sığortalanmış avtomobili hadisə anında idarə etmək hüququ olmamışdır. Məlumat üçün bildirirlir ki, könüllü sığorta növü üzrə **********454 növlü sığorta müqaviləsinə əsasən səlahiyyətləndirilmiş sürücü dedikdə, avtomobilin sahibi olan fiziki şəxs və ya onun verdiyi notarial qaydada təsdiq edilmiş etibarnamə (yaxud avtomobilin sahibi olan hüquqi şəxsin verdiyi etibarnamə və ya yol vərəqi) əsasında idarə edən istənilən fiziki şəxs başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 935.1.8-ci maddəsinə əsasən baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi sığorta ödənişinin verilməsindən imtinanın əsası kimi çıxış edir. Beləliklə, hadisənin baş verdiyi vaxtda sığortalı avtonəqliyyat vasitəsinin səlahiyyətləndirilmiş sürücü tərəfindən idarə edilmədiyi üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 935.1.8-ci maddəsinə əsasən baş vermiş hadisə sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilmir və Cavabdeh Sığorta Şirkəti ASC-nin nəqliyyat vasitənizə dəyən zərərlə bağlı sığorta ödənişi etmək öhdəliyi yaranmır və sığorta ödənişinin ödənilməsindən imtina edilir. Yuxarıda sadalananlardan göründüyü kimi, onunla cavabdeh şirkət arasında qanunvericiliyin tələblərinə uyğun olaraq sığorta münasibətləri yaranmış, həmin münasibətlər sığorta şəhadətnaməsi ilə rəsmiləşdirilmiş, tərəflərin hüquq və vəzifələri həmin şəhadətnamədə əks olunmuş, qeyd olunan müqaviləyə əsasən sığorta hadisəsi hesab edilən hadisə baş versə də, cavabdeh şirkət müqaviləyə və qanunvericiliyə zidd olaraq sığorta ödənişini həyata keçirməmişdir. Onu da qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 332.1-ci maddəsinin tələbinə görə nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə - qırx manat məbləğində cərimə edilir. Göründüyü mövcud qanunvericlikdə nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması (“nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs’' dedikdə, nəqliyyat vasitəsinin mülkiyyətçisi, yaxud etibarnamə və ya icarə və ya digər əşya hüquqlarına dair müqavilə əsasında nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs başa düşülür) nəqliyyat vasitəsini idarə edən şəxsə etibarnamə olmadan həmin avtomobili idarə etmək səlahiyyəti verir. Lakin buna baxmayaraq cavabdeh Şirkət mövcud qanunvericiliyin tələblərinə zidd olaraq, hesab etmişdir ki, avtomobilin sahibi olan fiziki şəxs tərəfindən avtomobili idarə edən şəxsə notarial qaydada təsdiq edilmiş etibarnamə verilmədiyindən, həmin sürücünün sığortalanmış avtomobili hadisə anında idarə etmək hüququ olmamışdır. Bu səbəbdən də Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 935.1.8-ci maddəsinə əsasən baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi sığorta ödənişinin verilməsindən imtinanın əsası kimi çıxış edir. Etirazın dəlilləri: iddia əsassızdır və təmin edilə bilməz. Belə ki, sığortalı İddiaçı ilə Cavabdeh SŞ ASC arasında bağlanmış “Fiziki şəxslərə təqdim edilən avtonəqliyyat vasitələrinin tam sığortası” müqaviləsi üzrə №**********454 saylı sığorta şəhadətnaməsinə əsasən “Lexus İS” markalı, 77LQ193 dövlət qeydiyyat nişanlı avtomobil sığortalanmışdır. Sığortalanmış nəqliyyat vasitəsi xx.xx.2024-cü il saat 4:05-də radələrində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zədələnmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsinin araşdırılması zamanı müəyyən olunmuşdur ki, X9 notarial qaydada təsdiq edilmiş etibarnamə olmadan nəqliyyat vasitəsini idarə edən zaman hadisə törətmişdir, Yasamal Rayon DYPŞ tərəfindən qəbul edilmiş inzibati tənbehvermə haqqında qərara əasasən, onun barəsində inzibati tənbeh növü tətbiq edilmişdir. Qeyd etmək istərdik ki, müqavilənin şərtlərinə əsasən, nəqliyyat vasitəsinin səlahiyyətləndirilmiş sürücü və sığortalı tərəfindən idarə edilən zaman baş verən risklər sığorta təminatına daxildir. Bu o deməkdir ki, nəqliyyat vasitəsi həmin şəxslər tərəfindən idarə edilən zaman baş verən hadisələr sığorta hadisəsi hesab olunacaqdır. Hadisə zamanı nəqliyyat vasitəsini idarə edən şəxs sığorta müqaviləsinin tərəfi olmamaqla bərabər, müqavilədə səlahiyyətləndirilmiş sürücü kimi qeyd olunmayan şəxsdir. Bu o deməkdir ki, nəqliyyat vasitəsi həmin şəxs tərəfindən və notarial qaydada təsdiq edilmiş etibarnamə olmadan idarə edildiyinə görə baş vermiş hadisə də sığorta hadisəsi hesab edilmir. Tərəflər arasında olan №**********454 saylı sığorta şəhadətnaməsinin mühüm şərtlər hissəsində qeyd olunub ki, “səlahiyyətləndirilmiş sürücü dedikdə avtomobilin sahibi olan fiziki şəxs və ya onun verdiyi notarial qaydada təsdiq edilmiş etibarnamə əsasında idarə edən istənilən fiziki şəxs nəzərdə tutulur”. “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”nın 2.0.7-ci maddəsinə əsasən, sürücü dedikdə sığortalanmış avtomobili idarə etməsi halında baş verən sığorta hadisələrinə sığorta təminatı verilən fiziki şəxs başa düşülür. Maddənin məzmunundan aydın olur ki, könüllü sığorta müqaviləsində sürücü sığorta təminatı almış şəxsdir. Müqavilədə səlahiyyətləndirilmiş sürücü qeyd olunmayıbsa, sığortalı özü sürücü hesab edilir və onun nəqliyyat vasitəsini idarə etməsi halında baş verən qəzalara sığorta təminatı verilir. Səlahiyyətləndirilmiş sürücü sığorta müqaviləsində göstərilmiş və ya sığortaçı tərəfindən başqa cür tanınmış şəxs olmalıdır. Yol-nəqliyyat hadisəsi baş verən vaxta qədər X.Tağıyev sığortaçı tərəfindən tanınmamış şəxs olduğuna görə, bu müqavilə üzrə olunması zamanı Göründüyü kimi hadisə zamanı nəqliyyat vasitəsini idarə edən şəxs sığortaçı tərəfindən hadisə baş verən vaxtadək tanınmadığına, qeyri-müəyyən olduğuna və tərəflər arasında bağlanan sığorta müqaviləsində adı qeyd olunmadığına görə səlahiyyətləndirilmiş sürücü hesab edilmir. Sığorta müqaviləsinə əsasən sığortalanmış nəqliyyat vasitəsini idarə etmək hüququna yalnız İddiaçı və onun notarial qaydada təsdiq edilmiş etibarnamə verdiyi şəxslər malikdir. İddia ərizəsində qeyd olunan “canlı etibarnamə” halı inzibati məsuliyyətin yaranmaması üçün olan haldır. Tərəflər arasında mövcud olan könüllü sığorta münasibətlərinin tənzimlənməsində heç bir rol oynamır. Baxılan halda, bu hadisə üzrə sığorta ödənişi canlı etibarnamə əsasında deyil, sığorta müqaviləsində qeyd olunanlara əsasən verilən kompensasiya ödənişidir və sığorta müqaviləsi ilə tənzimlənir. Müqavilə üzrə isə sığortalı və sürücü kimi İddiaçı tanınmışdır. Beləliklə, “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları 17.1.1.2-ci maddəsinə əsasən, təmir və ya xidmət olunma məqsədilə texniki xidmət müəssisəsinin və ya yuyulmaq üçün avtoyuyucunun sərəncamında olduğu hallar istisna olmaqla, avtomobilin bu Qaydalara və sığorta müqaviləsinə görə sürücü hesab edilməyən şəxs tərəfindən idarə olunması zamanı baş verən hadisələrə sığorta təminatı verilmir. AR Mülki Məcəllənin 935.1.8-ci maddəsinə əsasən, baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi sığortaçının sığorta ödənişinin verilməsindən imtina etməsi üçün əsas yaradan haldır. Göründüyü kimi baş vermiş hadisə sığorta hadisəsi hesab edilmədiyinə görə həmin hadisə nəticəsində nəqliyyat vasitəsinə dəyən zərər üzrə sığortaçı sığorta ödənişi vermək öhdəliyi daşımır. İddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddia tələbinə etiraz edərək iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatını dinləyib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - 11 iyun 2024-cü il tarixli, **********454 nömrəli avtonəqliyyat vasitəsinin sığortası şəhadətnaməsinin surətindən görünür ki, Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən İddiaçı məxsus sığorta dəyəri 50000 AZN olan “Lexus İs” minik markalı **-LQ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək “nəqliyyat vasitəsinin tam sığortası” ilə sığortalanmış və faydalanan şəxs sığortalı, şərtsiz azadolma məbləği 100 manat müəyyən edilmişdir. Şəhadətnamədə qeyd edilmişdir ki, səlahiyyətləndirilmiş sürücülər bütün sürücülər, səlahiyyətləndirilmiş sürücü dedikdə avtomobilin sahibi olan fiziki şəxs və ya onun verdiyi notarial qaydada təsdiq edilmiş etibarnamə (yaxud avtomobilin sahibi olan hüquqi şəxsin verdiyi etibarnamə və ya yol vərəqi) əsasında idarə edən istənilən fiziki şəxs nəzərdə tutulur. - 25 iyul 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X9 Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi ilə təqsiri bilinərək 40 manat cərimə edilmişdir. - 29 avqust 2024-cü il tarixli, 093/KS/24 nömrəli AB Consulting MMC-nin mütəxəssis rəyindən görünür ki, “Lexus İs 300” minik markalı, **-LQ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın bazar qiymətinə uyğun dəyəri 4060 manat müəyyən edilmişdir. - Cavabdeh Sığorta Şirkəti ASC-nin İddiaçı ünvanladığı 14 avqust 2024-cü il tarixli, 0672 nömrəli sığorta ödənişinin verilməsindən imtina olunmasına dair bildirişdən görünür ki, Cavabdeh Sığorta Şirkəti ASC-də könüllü sığorta növü üzrə **********454 saylı sığorta şəhadətnaməsi əsasında sığortalanmış “LEXUS İS” markalı, ** LQ *** dövlət qeydiyyat nişanlı avtomobilə yolnəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı şirkətimizə daxil olmuş müraciətinizə baxılmışdır (İş № 216864). Baş vermiş yol-nəqliyyat hadisəsinin araşdırılması zamanı aşkar edilmişdir ki, hadisə baş verən zaman avtomobilin mülkiyyətçisi siz olmusunuz. X8 isə sığortalanmş avtomobili sahibi yanında olmaqla idarə etmişdir. Lakin sığortalı avtomobilin idarə edilməsi üçün sizin tərəfinizdən sürücü X6 verilən notarial qaydada təsdiq edilmiş etibarnamə olmadığından həmin sürücünün sığortalanmış avtomobili hadisə anında idarə etmək hüququ olmamışdır. Məlumat üçün bildiririk ki, könüllü sığorta növü üzrə **********454 №-li sığorta müqaviləsinə əsasən səlahiyyətləndirilmiş sürücü dedikdə, avtomobilin sahibi olan fiziki şəxs və ya onun verdiyi notarial qaydada təsdiq edilmiş etibarnamə (yaxud avtomobilin sahibi olan hüquqi şəxsin verdiyi etibarnamə və ya yol vərəqi) əsasında idarə edən istənilən fiziki şəxs başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 935.1.8-ci maddəsinə əsasən baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi sığorta ödənişinin verilməsindən imtinanın əsası kimi çıxış edir. Beləliklə, hadisəsinin baş verdiyi vaxtda sığortalı avtonəqliyyat vasitəsinin səlahiyyətləndirilmiş sürücü tərəfindən idarə edilmədiyi üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 935.1.8-ci maddəsinə əsasən baş vermiş hadisənin sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilmir və Cavabdeh Sığorta Şirkəti ASC-nin nəqliyyat vasitənizə dəyən zərərlə bağlı sığorta ödənişi etmək öhdəliyi yaranmır və sığorta ödənişinin ödənilməsindən imtina edir. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “fiziki şəxslərə təqdim edilən avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə Cavabdeh Sığorta Şirkətində sığorta olunan iddiaçıya məxsus LEXUS İS 300” markalı, **-LQ-*** dövlət qeydiyyat nişanlı avtomobilə 25 iyul 2024-cü il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zərər dəymişdir. Sığortalanmış avtomobilə baxış keçirildikdən sonra vurulmuş zərərin məbləği 4060 manat müəyyən edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh Sığorta Şirkəti arasında bağlanmış müqavilə üzrə avtonəqliyyat vasitəsinin sığorta dəyəri və sığorta məbləği 50.000 manat, şərtsiz azadolma məbləği 100 manat müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, X4 idarə etdiyi iddiaçıya məxsus olan və cavabdeh təşkilat tərəfindən tam sığorta növü ilə sığortalanmış avtomobillə digər avtomobilin toqquşması nəticəsində avtomobilə zərər vurulması işin mübahisəsiz hallarıdır. İşin mübahisəli halı ondan ibarətdir ki, iddiaçı sığorta ödənişinin ödənilməsini iddia edir, cavabdeh tərəf isə avtomobilin notariat qaydasında təsdiq edilmiş etibarnamə olmadan avtomobilin X9 tərəfindən idarə edilməsinə, həmçinin Tərəflər arasında olan №**********454 saylı sığorta şəhadətnaməsinə və “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”nın 2.0.7-ci maddəsinə istinad edərək iddiaya etiraz edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -922.1-ci maddəsinə əsasən, sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. (922.2) -926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Göstərilən qanunvericilik aktı normalarına əsasən qanunvericilikdə, sığorta hadisəsi baş verdiyi halda dəymiş zərərin kompensasiya edilməsi üçün sığortaçı tərəfindən sığorta ödənişinin verilməsi müəyyən edilmişdir. Məhkəmə cavabdehin “avtomobilin etibarnamə olmadan X9 tərəfindən idarə edilməsinə” dair dəlili ilə bağlı qeyd edir ki, avtomobilin sığortası ilə bağlı mübahisələr üzrə şəxsin əşyaya sahiblik və istifadəsinin qanuniliyini qiymətləndirərkən avtomobili sürmək üçün notarial etibarnamənin olmaması meyar kimi qəbul edilə bilməz. Çünki belə sənədin yoxluğu, mövcud qanunvericiliyə görə inzibati xəta münasibətlərində məsuliyyətə səbəb olsa da, sığorta münasibətləri baxımından bu hal şəxsin avtomobili istifadə etmək hüququ olmayan sayılmasına əsas vermir. Məhkəmə qeyd edir ki, iddiaçıya verilmiş sığorta şəhadətnaməsində səlahiyyətləndirilmiş sürücülərin bütün sürücülər olması qeyd edilmiş, lakin səlahiyyətləndirilmiş sürücü dedikdə avtomobilin sahibi olan fiziki şəxs və ya onun verdiyi notarial qaydada təsdiq edilmiş etibarnamə (yaxud avtomobilin sahibi olan hüquqi şəxsin verdiyi etibarnamə və ya yol vərəqi) əsasında idarə edən istənilən fiziki şəxs nəzərdə tutulması göstərilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Sığorta sahəsində bağlanan müqavilə də onun iştirakçılarının balanslaşdırılmış marağa nail olmaları ilə xarakterizə olunur. Həmin müqaviləni bağlayan şəxslərin iqtisadi marağı onda ifadə olunur ki, bir tərəf – aldığı və ya alacagı vəsaitə görə müqavilədə nəzərdə tutulan əmlaka, əşyaya və s. sığorta təminatı verir, digər tərəf isə sığorta haqqını ödəməklə müqavilə müddəti ərzində həmin əmlakın və s. gələcəkdə sığorta hadisəsi baş verdiyi zaman müvafiq qaydada faydalanmağı nəzərdə tutur. Müqavilənin mahiyyəti isə onda ifadə olunur ki, belə razılaşmada hər iki tərəfin mənafeyi qorunur. Həmçinin, mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Məhkəmə daha sonra qeyd ki, qanunvericiliyin mənasına görə, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməli, hüquqdan başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməməli və hüquqdan sui-istifadəyə yol verilməməlidir. Müqavilə öhdəlikləri üzrə tərəflər öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməli, əgər öhdəlik lazımınca icra edilmirsə, belə halda öhdəliyin icrası üçün məhkəmədə iddia qaldırıla bilər. Tərəflər bu Məcəllədə nəzərdə tutulmayan müqaviləni o zaman bağlaya bilərlər ki, qanuna zidd olmasın. Mülki hüquqda rəhbər tutulan iradə sərbəstliyi və bunun nəticəsi olaraq müqavilələr hüququnda iradə azadlığı prinsipi vardır. Bu prinsiplər mülki müqavilə bağlayan şəxslərə müqavilə predmeti barəsindəki münasibətləri tənzimləmək üçün qarşılıqlı razılaşma yolu ilə bu münasibətlərə dair özləri üçün qaydalar müəyyənləşdirmək səlahiyyətini təmin edir. Bu səbəblə də mülki hüquqda müqavilələr ilə bağlı qəbul edilən normativ aktlardakı qaydalar əksəriyyət etibarı ilə dispozitiv (ixtiyari) hüquq qaydalarıdır. Bununla da bərabər və sərbəst olan mülki hüquq subyektlərinin qarşılıqlı mənafelərini onların ortaq arzularına və mənfəətlərinə ən uyğun gələn qaydaları qəbul etməklə qanunvercilikdəki dispozitiv qaydalardan kənara çıxılmasına şərait təmin edilmişdir. Ancaq tərəflərdən birinin tək tərəfli olaraq bu qaydaları müəyyən etməsi, dispozitiv (ixtiyari) hüquq qaydalarını aradan qaldırma imkanı verən “qayda qəbul etmə” səlahiyyətindən sui-istifadəyə səbəb ola bilər. Müqavilə azadlığı prinsipindən istifadə etməklə standart şərtlər vasitəsilə haqlı, ədalətli və müqavilə tərəflərinin hər ikisinin də qarşılıqlı mənfəətini tarazlaşdırıcı ixtiyari hüquq qaydalarından bütövlüklə və həmişəlik kənara çıxılmasının bir adət halını alması hüquq sistemində azruolunmaz bir hüquqi nəticəyə gətirib çıxarır. Belə ki, standart şərtlər vasitəsilə müqavilə azadlığının faktiki olaraq müqavilə tərəflərindən birinin əlindən alındığı halda qanunvericiliyin dispozitiv (ixtiyari) qaydalarından kənara çıxılması, müqavilə azadlığı prinsipinə və onun qəbul edilməsi məqsədinə tamamilə ziddinə olan sui-istifadə olunma hallarına münbit şərait yaradır. Bütün bunlara görə də, standart şərtlər vasitəsilə bağlanan müqavilələrin hüquqa uyğunluq nəzarətini, adi qaydada bağlanan müqavilələrin tabe tutulduğu şərtlərdən fərqləndirmək məcburiyyəti vardır. Çünki bunlara fərqli şəkildə və fərqli vəziyyətdə bağlanıldığı halda, sanki eyni şəkildə və eyni şərtlər daxilində bağlanılmış kimi yanaşma heç vaxt ədalətli ola bilməz. Bərabər olmayanlara qarşı bərabər tələblər heç vaxt bərabər və ədalətli nəticəni təmin edə bilməz. Məhz bu səbəblə də MM-nin 417-420ci maddələrində müqavilənin standart şərtləri ilə bağlı xüsusi müddəalar nəzərdə tutulmuşdur. MM-in 420.2-ci maddəsinə görə müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır. Məhkəmə onu da qeyd etməyi vacib sayır ki, qanunvericiliyə əsasən əqdin və ya şərtin etibarsızlığı halı, tərəflərin bu etibarsızlıq halını irəli sürüb-sürməməsindən asılı olmayaraq məhkəmə tərəfindən nəzərə alınmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə, tərəflər arasında olan sığorta şəhadətnaməsində müəyyən edilmiş “səlahiyyətləndirilmiş sürücü dedikdə avtomobilin sahibi olan fiziki şəxs və ya onun verdiyi notarial qaydada təsdiq edilmiş etibarnamə (yaxud avtomobilin sahibi olan hüquqi şəxsin verdiyi etibarnamə və ya yol vərəqi) əsasında idarə edən istənilən fiziki şəxs nəzərdə tutulur.” müddəasına (izahına) Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 420-ci maddəsinin tələbləri baxımından qiymət verərək hesab edir ki, bu şərt iddiaçının mənafeyinin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsinə xidmət etməklə, bütövlükdə etimad və vicdanlılıq prinsiplərinə zidd olmaqla etibarsızdır. Buna görə də məhkəmə belə qənaətə gəlir ki, avtomobil hər bir halda onun mülkiyyətçisinin iradəsinə zidd olmadan hadisə baş verən anda avtomobilin sürücüsü olan X4 istifadəsinə verilmiş və onun tərəfindən idarə edilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə sığorta hadisəsi nəticəsində dəyən zərərin həcminin müəyyən edilməsi ilə bağlı qeyd edir ki, iddiaçının təqdim etdiyi mütəxəssis rəyinə görə zərər 4060 manat müəyyən edilmişdir. Cavabdeh tərəf isə bu məbləği mübahisələndirməmişdir. Məhkəmə mütəxəssis rəyini mötəbər sübut hesab edir və dəymiş zərərin 4060 manat həcmində müəyyən olunması qənaətinə gəlir. Məhkəmə eyni zamanda qeyd edir ki, “LEXUS İS 300” markalı, **-LQ-*** dövlət nömrəli nişanlı minik avtomobilə dair sığorta şəhadətnaməsinə əsasən hər hadisə üzrə 100 manat azadolma məbləğinin çıxılması nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, azadolma məbləği zərərin həcmindən çıxılmaqla (4060-100) qalan 3960 (üç min doqquz yüz altmış) manat məbləğində sığorta ödənişi cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, iddia hüquqi yardımın göstərilməsi ilə bağlı çəkilmiş xərcin tutulması hissəsində sübut təqdim edilmədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, maddi zərərin əvəzi olaraq 3960 (üç min doqquz yüz altmış) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 59.60 (əlli doqquz manat altmış qəpik) manat hissəsi Cavabdeh Sığorta Şirkəti ASCdən tutularaq İddiaçı ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 3960 (üç min doqquz yüz altmış) manat məbləğində sığorta ödənişi və ödənilmiş dövlət rüsumunun 59.60 (əlli doqquz manat altmış qəpik) manat hissəsi Cavabdeh Sığorta Şirkəti ASCdən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-143/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-143/2025
16.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver