Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1438/2021 07.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Mədət qızının Cavabdeh qarşı aliment tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Mədət qızı Cavabdeh qarşı aliment tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, cavabdehin anasıdır. O, oğlu Samiri el adəti ilə evləndirmişdir. Gəlini qaynı qızıdır. Xeyli vaxtdır ki, oğlu evə gəlmir, pis, tərbiyəsiz və əxlaqsız adamlara qoşulub, ailəsinə baxmır. Uşaqları olmasa da, Könül ona öz doğma qızı kimi baxır və onlar boşansa da, onlar birlikdə yaşamağa davam edirlər. Ancaq o, xəstə, yaşlı adamdır. Oğlu isə ona baxmır. Onun maddi baxımdan ehtiyacı olduğunu, dava-dərmana pul çatdıra bilmədiyini bildiyi halda heç bir köməklik etmir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh onun xeyrinə 300 manat aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı Mədət qızı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, onun Samirdən başqa iki övladı da var. Böyük oğlunun 3 övladı var, institutda təhsil alırlar, qızı isə Tovuz rayonunda ərdədir. Ona görə onlardan deyil, Samirdən aliment istəyir, o kommunal xərclərlə bağlı ödəniş edir, dərman alınmasına pul xərcləyir. Samir isə başqa bir qadının yanında yaşayır. Samirin kifayət qədər qazancı var, o təqaüdçüdür, 250 manat təqaüd alır. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh iddianı qəbul etməyərək öz izahatında göstərmişdir ki, anası heç vaxt onunla yaşamamışdır, qardaşı ilə qalmışdır. Hazırda ona qarşı iddianı ona görə qaldırmışdır ki, o boşanmışdır, anası da boşanmanın əleyhinə olmuşdur. Anasının aldığı təqaüd məbləği aylıq xərcləri üçün yetərlidir, hətta anası təqaüdündən qardaşının kreditə götürdüyü maşına görə aylıq ödənişlər edir. O 500 manat əmək haqqı alır, anasına hər hansı maddi yardım göstərmək imkanı yoxdur. Göstərilənləri nəzərə alaraq cavabdeh ididanın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş üzrə 10.11.1989-cu il tarixli doğum haqqında şəhadətnaməyə əsasən Cavabdeh 12.08.1989cu ildə anadan olmuş, ata qrafasında X1, ana qarfasında İddiaçı Mədət qızı göstərilmişdir. İş üzrə “Elektron məhkəmə” sistemi vasitəsi ilə əldə edilmiş məlumatdan görünür ki, İddiaçı Mədət qızı ailə başçısını itirməyə görə 259,78 manat məbləğində pensiya alır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. AR Ailə Məcəlləsinin 82.1-ci maddəsinə əsasən əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. Həmin Məcələlnin 82.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur. Məhkəmə qeyd edir ki, valideynlərin əmək qabiliyyətini itirmələri onların pensiya yaşına çatması nəticəsində də yaranır. Valideynin pensiya alması onun dolanışığı üçün yetərli olmadıqda övladların onu saxlamaq vəzifəsi istisna edilmir. Qanunvericiliyin yuxarıda göstərilən tələbləri baxımından aliment almaq hüququ valideynin maddi yardıma ehtiyacı olması ilə əlaqədardır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdehdən başqa iddiaçının iki övladı da var və iddiaçı ailə başçısının itirməyə görə 259,78 manat pensiya alır. Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196 manat məbləğində təsdiq edilmişdir. Göründüyü kimi iddiaçının aldığı pensiya məbləği yaşayış minimum həddindən kifayət qədər yüksəkdir. İddiaçı aldığı pensiya məbləğinin aylıq xərclərinin ödənilməsi üçün yetərli olmamasına dair sübutları və həmin məbləğdən yuxarı həddə xərclərin tələb olunmasına dair sübutları da məhkəməyə təqdim edə bilməmişdir. Yalnız sözlə kommunal xidmətlər və müalicə xərclərinə kifayət qədər çox pul xərcləməsini bildirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ-ci bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Həmin Məhkəmənin Van de Huk Niderlanda qarşı işi üzrə 19 aprel 1994-cü il tarixli qərarında göstərilmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68). Məhkəmə qeyd edir ki, yalnız maddi yardıma ehtiyacı olan valideynin öz əmək qabiliyyəti olan övladından aliment almaq hüququnun olması qanunla müəyyən edildiyindən, məhkəmə tərəfindən isə iddiaçının yaşayış minimumu həddindən çox təqaüd alması müəyyən edildiyindən, iddiaçı tərəfindən isə təqaüddən artıq məbləğdə maddi yardıma ehtiyacı olması ilə bağlı sübutları məhkəməyə təqdim edə bilmədiyindən, məhkəmə hesab edir ki, qaldırılan iddia əsaslı hesab edilə bilməz və təmin edilməməlidir. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 234 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Mədət qızının Cavabdeh qarşı cavabdehdən onun xeyrinə 300 manat məbləğində aliment tutulması barədə idida tələbi əsassız olduğu üçün təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-1438/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1438/2021
07.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver