Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1443/2021 28.10.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi ilə, İddiaçı - cavabdeh Qərbi Kaspi Universitetinə (Azərbaycan Respublikası Təhsil Nazirliyi üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “müqavilənin ləğv edilməsi və ödənilmiş təhsil haqqının qaytarılması” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı - cavabdeh Qərbi Kaspi Universitetinə qarşı “müqavilənin ləğv edilməsi və ödənilmiş təhsil haqqının qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Qərbi Kaspi Universiteti arasında bağlanmış 26.08.2019-cu il tarixli “Bakalavr hazırlığı müqaviləsi”nə xitam verilməsi, təhsil haqqı kimi ödənilmiş 3833 (üç min səkkiz yüz otuz üç) manat və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 3863 (üç min səkkiz yüz altmış üç) manat pul vəsaitinin cavabdeh Qərbi Kaspi Universitetindən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, o, X2 keçiridiyi qəbul imtahanlarının nəticəsi olaraq 26.08.2019-cu il tarixli “Bakalavr hazırlığı” müqaviləsinə əsasən Qərbi Kaspi Universitetinə “Meşəçilik” ixtisası üzrə bakalavr ali təhsil mütəxəssisi hazırlıq kursuna qəbul olunmuşdur. Tədris ödənişli olmaqla ilk tədris ili 2019-2020-ci illər olmuşdur. İkinci tədris ilində (2020-2021) “Covid-19” pandemiyası və Vətən Müharibəsi ilə əlaqədar əyani tədrisdə və internetdə məhdudiyyətlər tətbiq edilməsi ilə əlaqədar dərslər “online” rejimdə keçirilmiş və ya 2020-ci ilin noyabr ayının sonunadək ümumiyyətlə keçirilməmişdir. Qeyd edilənlərə baxmayaraq tələbə İddiaçı İİ tədris ilinin 1-ci yarımilliyi üçün təhsil haqqını tam ödəsə də, əsassız olaraq 19.01.2021-ci il tarixli ilk imtahana buraxılmamışdır. Bu hal Universitet tərəfindən onunla əaslandırılmışdır ki, tələbənin guya Universitetə 250 (iki yüz əlli) manat borcu qalmışdır. Universitetin tələbi ilə növbəti imtahanlara buraxılması üçün tələbə tərəfindən 21.01.2021-ci il tarixdə 250 manat əlavə ödəniş həyata keçirmişdir. Buna baxmayaraq tələbə İddiaçı və onun valideyni (anası) Qərbi Kaspi Universitetinə 23.01.2021-ci il tarixdə dəvət edilmiş, həmin gün Qərbi Kaspi Universitetinin rəhbərliyi və digər tələbələrlə təşkil edilmiş iclasda təhsil haqqı tələbi ilə bağlı tələbələrin “Facebook” sosial şəbəkəsinin Azərbaycan Universitetləri səhifəsində Qərbi Kaspi Universiteti barədə bildirdikləri narazılıqlara Universitet rəhbərliyi tərəfindən irad tutulmuşdur. Həmin iclasda həqiqiliyini müəyyən etmək mümkün olmayan mobil telefon ekran görüntüləri əsasında qərar verilərək Ş.X3 Universitetindən xaric edilməsi bildirilmişdir. İş materiallarına əlavə edilmiş təqdimat və əmrdən görünür ki, hüquqi əsas olmadan, tələbənin yazılı izahatı alınmadan, eyni tarixli sənədlər (21.01.21 tarixli təqdimat və 21.01.21 tarixli 4 nömrəli Əmr) hazırlanmaqla tələbə Qərbi Kaspi Universitetindən İ Prorektor tərəfindən xaric edilmişdir. Qərbi Kaspi Universitetinin 09.03.2021-ci il tarixli, 292 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən 2019/2020-ci tədris ilindən Qərbi Kaspi Universitetinin tələbəsi olmuş, tələbənin illik təhsil haqqı 2500 manat təşkil etmişdir. Həmin arayışa əsasən İddiaçı Universitetə daxil olduğu tarixdən ümumilikdə 3833 (üç min səkkiz yüz otuz üç) manat pul vəsaiti (26.08.2019-cu il tarixdə - 1250 manat, 09.06.2020-cu il tarixdə - 1083 manat, 29.09.2020-cu il tarixdə - 625 manat, 07.01.2021-cu il tarixdə - 625 manat, 21.01.2021-cu il tarixdə - 250 manat) təhsil haqqı kimi ödəmişdir. Bundan başqa Universitetə sorğu göndərilərək tələbənin fərdi tədris planları tələb edilsə də onlar təqdim edilməmişdir. Göründüyü kimi, Qərbi Kaspi Universiteti Müqavilənin 1.1-ci bəndindən irəli gələn, yəni Təhsil Qanunvericiliyinin tələblərinə uyğun olaraq təhsilli mütəxəssis hazırlamaq, təhsilin müəyyən edilmiş vaxtda, yüksək elmi-metodik səviyyədə və dünya təcrübəsi əsasında təşkilini təmin etmək kimi öhdəliklərini əsassız olaraq pozmuşdur. Daha əvvəl məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Daha əvvəl məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbinə etiraz təqdim edərək İddiaçı - cavabdeh Qərbi Kaspi Universitetinə qarşı “müqavilənin ləğv edilməsi və ödənilmiş təhsil haqqının qaytarılması” tələbinə dair iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, etirazın məzmununa uyğun verdiyi izahatında göstərmişdir ki, İddiaçı tərəfindən qaldırılmış iddia tələbi qanunsuz və əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iddiaçının əsassız olaraq təhsil aldığı Universitetdən xaric edilməsi ilə bağlı məhkəmənin nəzərinə çatdırmaq istəyirlər ki, İddiaçı Azərbaycan Respublikasının X5 vasitəsilə 2019/2020-ci tədris ilində tələbə adını qazanaraq ödənişli əsaslarla cavabdeh Universitetə daxil olmuş və Universitetdə qeydiyyatdan keçərək “Bakalavr hazırlığı müqaviləsi” bağlamaqla təhsil almağa başlamışdır. İddiaçı 2020/2021-ci tədris ilinin qış semestrində təhsil aldığı dövrdə Universitetin daxili nizam-intizam qaydalarını kobud şəkildə pozduğuna görə tələbə kontingentində saxlanılmaqla xaric edilmişdir. İddiaçı ilə cavabdeh arasında imzalanmış 26.08.2019-cu il tarixli “Bakalavr hazırlığı” Müqaviləsinin 1-ci bəndində tələbənin vəzifələri qeyd edilmiş və Universitetin Nizamnaməsinə və daxili intizam qaydalarına riayət etməli olduğu onun vəzifəsi olaraq müəyyən edilmişdir. Bununla yanaşı sözügedən Müqavilənin 2.3-cü bəndində müqaviləyə xitam verilməsi (tələbənin xaric edilməsi şərtləri) şərtləri qeyd edilmişdir ki, bu şərtlərdən biri kimi tələbə tərəfindən Universitetin daxili intizam qaydalarının kobud şəkildə pozulması müəyyən edilmişdir. İstinad edilmiş qanunvericilik normalarının tələblərindən də göründüyü kimi tələbə təhsil aldığı Universitetin daxili nizamintizam qaydalarını kobud şəkildə pozduqda o, ali təhsil müəssisəsindən xaric edilir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 15.11.2017-ci il tarixli, 5/2 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair” Qaydaların 3.1-ci maddəsinə əsasən tələbənin ali təhsil müəssisəsindən xaric edilməsi hallarından biri ali təhsil müəssisəsinin daxili intizam qaydalarını kobud şəkildə pozmasıdır. Göründüyü kimi İddiaçı cavabdeh Universitetin daxili nizam-intizam qaydalarını kobud şəkildə pozduğu üçün tələbə sıralarından xaric edilmişdir. Lakin tələbənin xaric edilməsi onu təhsil almaq hüququndan tamamilə məhrum etmir. Bu xaricetmə intizam tənbehi xarakteri daşıyır. Belə ki, həmin tələbə xaric edildiyi tarixdən bir semester keçdikdən sonra növbəti 15 il ərzində öz ərizəsinə əsasən tələbə sıralarına bərpa oluna və təhsilini davam etdirə bilər. İddiaçının Cavabdehndə təhsil aldığı müddət ərzində fərdi tədris planı əsasında götürdüyü və təhsil alaraq topladığı kreditlər üçün ödədiyi təhsil haqqının geri qaytarılmasına dair tələbi də əsassızdır. Belə ki, ali təhsil bir xidmətdir və bu xidmət ödənişli əsaslarla və ya dövlət hesabına həyata keçirilir. Tələbənin dövlət hesabına və ya ödənişli əsaslarla ali təhsil alması onun Azərbaycan Respublikası X5 tərəfindən təşkil edilmiş mərkəzləşdirilmiş imtahanda topladığı bala əsasən Azərbaycan Respublikası X5 tərəfindən müəyyən edilir. İndiki halda da tələbə İddiaçı Azərbaycan Respublikası X5 tərəfindən keçirilmiş imtahanda iştirak edərək ödənişli əsaslarla ali təhsil almaq hüququ qazanmış və bu hüququ qazandığı Universitetdə (indiki halda cavabdeh Universitetdə) təhsil almaq üçün qeydiyyatdan keçərək bakalavr hazırlığı müqaviləsi bağlamışdır. Təhsil qanunvericiliyin tələbinə əsasən tələbə təhsil aldığı müddət ərzində təhsildə kredit sisteminin tələbinə uyğun olaraq ümumi təhsil müddətində 240 kredit, semestr ərzində isə 30 kredit toplamalıdır. Kreditin toplanması üçün tələbə fərdi plan tərtib edərək təhsil aldığı Universitetə təqdim etməli və ona uyğun olaraq təhsil haqqı ödəməlidir. İddiaçı də Universitetə daxil olduğu 2019-cu ildən xaric edildiyi 2021-ci ilədək ümumilikdə 95 kreditlik fənləri fərdi tədris planına daxil etmiş və həmin fənlər üzrə dərslərdə iştirak etmişdir. İddiaçı fərdi plana əsasən götürdüyü 95 kreditə görə cavabdeh Universitetə 3958 manat əvəzinə ümumilikdə 3833 manat ödəniş edərək təhsil xidmətlərindən istifadə etmiş və məqbul aldığı imtahanlara görə ümumilikdə 59 kredit qazanmışdır. Həmçinin bildirirlər ki, qanunvericiliyin tələbinə əsasən tələbənin qazandığı kreditlər o, yenidən tələbə sıralarına bərpa edildikdən sonra nəzərə alınır və həmin kreditlərin toplanması üçün o, yenidən dərslərdə iştirak etmir və buna görə onun tərəfindən Universitetə yenidən ödəniş edilmir. İşin faktiki hallarından da göründüyü kimi, iddiaçı tələb etdiyi vəsaiti cavabdeh Universitetə təhsil almaq üçün köçürmüş və köçürdüyü vəsaitin qarşılığında ödənişli əsaslarla daxil olduğu Universitetdə təhsil alaraq müəyyən sayda (59 kredit) kreditlər toplamışdır (qazanmışdır). Belə olduğu halda iddiaçıya göstərilmiş xidmətlərin qarşılığında iddiaçı tərəfindən ödənilmiş təhsil haqqının qaytarılmasından söhbət belə gedə bilməz. Bütün bu qeyd edilənlər iddia tələbinin əsassız, hətta qanunsuz olduğunu bir daha təsdiq edir. Bundan əlavə cavabdehin nümayəndəsi iddia tələbinə etiraza əlavə təqdim edərək göstərmişdir ki, İddiaçı 09 sentyabr 2021-ci il tarixində ərizə ilə cavabdeh Universitetə müraciət edərək tələbə sıralarına bərpa olunmaq istəyini bildirmiş və bununla əlaqədar olaraq müvafiq tədbirlərin görülməsini cavabdehdən xahiş etmişdir. Cavabdeh Universitet iddiaçı tələbənin tələbə sıralarına bərpa olunmaq barəsindəki ərizəsini və Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 15.11.2017-ci il tarixli, 5/2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair” Qaydalarının 4.2-ci maddəsinin tələblərini rəhbər tutaraq iddiaçının tələbə sıralarına bərpa edilməsi barədə 13 sentyabr 2021-ci il tarixində müvafiq əmr qəbul etmişdir. Cavabdeh Universitet tərəfindən iddiaçının tələbə sıralarına bərpa edilməsi barədə müvafiq əmr verildikdən sonra cavabdeh tərəfindən dəfələrlə iddiaçı ilə əlaqə saxlanılmış, ona 2021/2022-ci tədris ilinin cari semestri üçün fərdi tədris planını götürməli, təsdiq etdirməli, təhsil haqqı ödəməli, bakalavr hazırlığı ilə əlaqədar yeni müqavilə və ya Saziş imzalamalı və 29 sentyabr 2021-ci il tarixindən ənənəvi şəkildə dərslərdə iştirak etməli olduğu bildirilmişdir. Lakin iddiaçı tələbə sıralarına bərpa edildikdən sonrakı ötən müddət ərzində nə fərdi tədris planını götürmüş, nə onu təsdiq etdirmiş, nə təhsil haqqını ödəmiş, nə yeni müqavilə və ya saziş imzalamış, nə dərslərdə iştirak etmiş, nə də Universitet əməkdaşlarının zənglərinə cavab vermişdir. Bütün bunlar isə iddiaçının təhsil almaq niyyətinin olmadığını və iddiasının da tamamilə əsassız olmasını bir daha təsdiq edir. İşin faktiki hallarından və qanunvericiliyin tələblərindən də göründüyü kimi iddiaçının iddia ərizəsində qeyd etdiyi bütün məsələlər tamamilə əsassızdır və öz təsdiqini tapmamaqdadır. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyi səbəbindən işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinə uyğun qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsi və vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilmiş cavabdehin və üçüncü şəxsin nümayəndələri məhkəmə iclasına gəlməmişlər, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Qərbi Kaspi Universiteti ilə İddiaçı arasında bağlanmış 26.08.2019-cu il tarixli “Bakalavr hazırlığı müqaviləsi”ndən görünür ki, İddiaçı Qərbi Kaspi Universitetində “Meşəçilik” ixtisası üzrə bakalavr ali təhsil mütəxəssisi hazırlıq kursuna qəbul olunmuşdur. - Həmin Müqavilənin 1.6-cı bəndinə əsasən Universitet tərəfindən 2019-2020-ci tədris ilinin payız semestri üçün fərdi planda nəzərdə tutulan kreditlərin miqdarına uyğun olaraq müəyyən edilmiş 1250 manat məbləğində təhsil haqqını birinci tədris ilinin tələbələri Universitetdə qeydiyyatdan keçənədək, növbəti semestrin tələbələri isə sentyabr ayının 10-dan gec olmayaraq ödəməlidir. - Həmin Müqavilənin 2.3-cü bəndinə əsasən bu müqaviləyə tələbə: a) müqavilə şərtlərini yerinə yetirmədikdə, b) təhsil haqqı və digər ödənişləri vaxtında ödəmədikdə, c) Universitetin daxili intizam qaydalarını kobud şəkildə pozduqda, Universitetlə əlaqəni itirdikdə və ya zəif qavrama qabiliyyəti nümayiş etdirdikdə, d) tərəflər müqaviləni vaxtından əvvəl ləğv etmək haqqında razılığı gəldikdə, e) qanunvericilikdə nəzərdə tutulan başqa hallarda xitam verilə bilər. - “Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik” məktəbinin dekan müavini D.Rüstəmova tərəfindən Qərbi Kaspi Universitetinin tədris işləri üzrə prorektoru Z.S.Məmmədovaya ünvanlanmış 21.01.2021-ci il tarixli təqdimatından görünür ki, “Meşəçilik” ixtisasının əyani şöbəsinin 229M qrup tələbəsi İddiaçı “Facebook” sosial şəbəkəsinin Azərbaycan Universitetləri səhifəsində Qərbi Kaspi Universitetinin adına böhtan atmış və düzgün olmayan informasiyalar yerləşdirmişdir. Yuxarıda qeyd olunanları diqqətə çatdırmaqla “Meşəçilik” ixtisasının əyani şöbəsinin 229M qrup tələbəsi İddiaçı barəsində müvafiq tədbir görülməsinə göstəriş verilməsini xahiş etmişdir. - Qərbi Kaspi Universitetinin tədris işləri üzrə prorektoru Z.S.Məmmədova tərəfindən qəbul edilmiş 21.01.2021-ci il tarixli, 04 nömrəli Əmrdən görünür ki, Universitetin “Yüksək texnologiyalar və innovativ mühəndislik” məktəbinin “Meşçilik” ixtisasının əyani şöbə üzrə İİ tədris ilinin tələbəsi Qasımzadə X1 nizam-intizam qaydalarını pozduğuna, sosial şəbəkələrdə universitet barəsində həqiqətə uyğun olmayan məlumatlar yaymaqla universitetin işgüzar nüfuzuna ziyan vurduğuna görə tələbə sıralarından xaric edilmişdir. - İddiaçı nümayəndəsi Nümayəndə1 tərəfindən Qərbi Kaspi Universitetinə ünvanlanmış 01.04.2021-ci il tarixli ərizədən görünür ki, Ş.X3 Universitetinə bərpa olunmasını və ya Qərbi Kaspi Universitetinə daxil olduğu vaxtdan təhsil haqqı kimi ödədiyi ümumi - 3833 (üç min səkkiz yüz otuz üç) manat pul vəsaitinin tələbəyə qaytarılmasını xahiş etmişdir. - Qərbi Kaspi Universiteti tərəfindən verilmiş 09.03.2021-ci il tarixli, 292 nömrəli arayışdan görünür ki, İddiaçı həqiqətən 2019/20-ci tədris ilindən Qərbi Kaspi Universitetinin tələbəsidir. Tələbənin illik təhsil haqqı 2500 manat təşkil edir. Daxil olduğu tarixdən hal hazırkı dövrədək ödənişləri aşağıdakı kimidir: (26.08.2019-cu il tarixdə - 1250 manat, 09.06.2020-ci il tarixdə - 1083 manat, 29.09.2020-ci il tarixdə - 625 manat, 07.01.2021-cu il tarixdə - 625 manat, 21.01.2021-cu il tarixdə - 250 manat). - İddiaçı tərəfindən Qərbi Kaspi Universitetinə ünvanlanmış 09.09.2021-ci il tarixli ərizədən görünür ki, universitetə bərpa olunduğu halda Universitetin Nizamnaməsinin tələblərinə, daxili intizam qaydalarına riayət edəcəyini bildirmiş, qeyd edilənlərə əsasən, onun Qərbi Kaspi Universitetinə bərpa edilməsini xahiş etmişdir. - Qərbi Kaspi Universitetinin tədris işləri üzrə prorektoru Z.S.Məmmədova tərəfindən qəbul edilmiş 13.09.2021-ci il tarixli Əmrdən görünür ki, “Yüksək texnologiyalar və innovativ mühəndislik” məktəbinin “Meşəçilik” ixtisasının əyani şöbə üzrə İİ tədris ilinin tələbəsi İddiaçı universitetin daxili nizam-intizam qaydalarını pozduğuna 04 nömrəli, 21.01.2021-ci il tarixli əmrlə tələbə sıralarından xaric edilmişdir. İddiaçı ərizə ilə rəhbərliyə müraciət edərək yenidən tələbə sıralarına bərpa olunmaq istəyini bildirmişdir. Tələbə həmin məktəbin “Meşəçilik” ixtisasının İİİ tədris ilinin tələbə sıralarına bərpa olunmuşdur. İşin materiallarından görünür ki, İddiaçı Azərbaycan Respublikasının X5 vasitəsilə 2019/2020-ci tədris ilində tələbə adını qazanaraq ödənişli əsaslarla cavabdeh Universitetə daxil olmuş və Universitetdə qeydiyyatdan keçərək “Bakalavr hazırlığı müqaviləsi” bağlamaqla təhsil almağa başlamış, 2020/2021-ci tədris ilinin qış semestrində təhsil aldığı dövrdə Universitetin daxili nizam-intizam qaydalarını kobud şəkildə pozduğuna görə Qərbi Kaspi Universitetinin tədris işləri üzrə prorektoru Z.S.Məmmədova tərəfindən qəbul edilmiş 21.01.2021-ci il tarixli, 04 nömrəli əmrə əsasən tələbə kontigentində saxlanılmaqla xaric edilmişdir. İddiaçının hazırki tələbi iki hissədən, yəni onunla Qərbi Kaspi Universiteti arasında bağlanmış 26.08.2019-cu il tarixli “Bakalavr hazırlığı müqaviləsi”nə xitam verilməsi, təhsil haqqı kimi ödənilmiş 3833 (üç min səkkiz yüz otuz üç) manat pul vəsaitinin cavabdeh Qərbi Kaspi Universitetindən tutularaq ona ödənilməsindən ibarət olsa da, məhkəmə qeyd edir ki, hər iki tələb bir-biri ilə əlaqəli olduğu üçün onlara ayrılıqda deyil, ümumilikdə hüquqi qiymət verilməlidir. Belə ki, iddiaçı təhsil haqqı kimi ödənilmiş 3833 (üç min səkkiz yüz otuz üç) manat pulun tutulmasını məhz sözügedən müqaviləyə xitam verilməli olması ilə əsaslandırır. İddiaçının hər iki tələbinin əsasını 26.08.2019-cu il tarixli “Bakalavr hazırlığı” müqaviləsinin 1.1-ci bəndindən irəli gələn, yəni Təhsil Qanunvericiliyinin tələblərinə uyğun olaraq təhsilli mütəxəsis hazırlamaq, təhsilin müəyyən edilmiş vaxtda, yüksək elmi-metodik səviyyədə və dünya təcrübəsi əsasında təşkilini təmin etmək kimi öhdəliklərini əsassız olaraq pozması təşkil etmişdir. Müəyyən edilmişdir ki, iddiaçı Universitetdən xaric edilməsi ilə bağlı Qərbi Kaspi Universitetinin 21.01.2021-ci il tarixli, 04 nömrəli Əmrin verilməsini özünün dəlilləri baxımından düzgün saymasa da, faktiki olaraq onun qanuniliyini məhkəmə qaydasında mübahisələndirməmişdir. Lakin məhkəmə hesab edir ki, iddiaçının Universitetindən xaric edilməsinə dair əmrin verilməsi müəyyən hüquqi nəticələr yaratdığı üçün hazırki iddia tələblərinin hüquqi əsasına da müvafiq qiymət verilməsi məqsədi ilə həm həmin əmrin verilməsinə əsas olan qanunvericilik normaları, həm də əmrdən sonrakı tərəflər arasındakı yaranan münasibətlər diqqətə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 15.11.2017-ci il tarixli, 5/2 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair” Qaydaların: - 1.8-ci bəndinə əsasən Tabeliyindən və mülkiyyət növündən asılı olmayaraq tələbələrin bir ali təhsil müəssisəsindən və ya ixtisasdan digərinə köçürülməsi, xaric olunmuş şəxslərin tələbələr sırasına bərpası (əvvəl təhsil aldığı ali təhsil müəssisəsinə öz ixtisası üzrə bərpası istisna olmaqla) Azərbaycan Respublikası Təhsil Nazirliyinin razılığı ilə həyata keçirilir. - 1.11-ci bəndinə əsasən Bərpa olunan, təhsilalma formasını dəyişən və ya köçürülən (dövlət sifarişi əsasında təhsil alanların eyni ixtisas üzrə köçürülməsi istisna olmaqla) tələbələr təhsil alacağı qrup üçün müəyyən edilmiş məbləğə uyğun təhsil haqqı ödəyirlər. İddiaçı ilə cavabdeh arasında imzalanmış 26.08.2019-cu il tarixli “Bakalavr hazırlığı” Müqaviləsinin 1-ci bəndində tələbənin vəzifələri qeyd edilmiş və Universitetin Nizamnaməsinə və daxili intizam qaydalarına riayət etməli olduğu onun vəzifəsi olaraq müəyyən edilmişdir. - 3.1-ci bəndinə əsasən tələbənin ali təhsil müəssisəsindən xaric edilməsinin əsaslarından biri ali təhsil müəssisəsinin daxili intizam qaydalarını kobud səkildə pozmasıdır. - 4.1-ci bəndinə əsasən “Ali təhsilin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində tələbələr sırasından xaric olunmuş şəxslər xaric olunma vaxtından bir semestr keçdikdən sonra 15 il müddətində ali təhsil müəssisəsinə bərpa olunmaq hüququna malikdirlər”. - 4.2-ci bəndinə əsasən “Azərbaycan Respublikasının ali təhsil müəssisəsindən xaric olunmuş şəxsin həmin ali təhsil müəssisəsinə öz ixtisası üzrə bərpası onun ərizəsi əsasında bu Qaydaların 1.4-cü bəndində göstərilən müddətdə ali təhsil müəssisəsinin rektorunun əmri ilə həyata keçirilir. - 26.08.2019-cu il tarixli “Bakalavr hazırlığı” müqaviləsinin 2.3-cü bəndində müqaviləyə xitam verilməsi (tələbənin xaric edilməsi şərtləri) şərtləri qeyd edilmişdir ki, bu şərtlərdən biri kimi tələbə tərəfindən Universitetin daxili intizam qaydalarının kobud şəkildə pozulması müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının barəsində Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 15.11.2017-ci il tarixli, 5/2 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair” Qaydaların 3.1-ci bəndinə və tərəflər arasında bağlanmış 26.08.2019-cu il tarixli “Bakalavr hazırlığı” müqaviləsinin 2.3 bəndinin “c” yarımbəndinə əsasən Qərbi Kaspi Universitetinin tədris işləri üzrə prorektoru Z.S.Məmmədova tərəfindən qəbul edilmiş 21.01.2021-ci il tarixli, 04 nömrəli Əmr verilərkən sözügedən müqaviləyə xitam verilmişdir və həmin müqavilə artıq heç bir hüquqi qüvvəyə malik deyildir. Cavabdeh tərəfin izahatlarından və yuxarıda sadalanan qanunvericilik normalarının məzmunundan aydın olur ki, tələbə-İddiaçı cavabdeh Universitetin daxili nizam-intizam qaydalarını kobud şəkildə pozduğu üçün tələbə sıralarından xaric edilsə də, onun tələbə olaraq xaric edilməsi onu təhsil almaq hüququndan tamamilə məhrum etməmişdir. Belə ki, bu xaricetmə intizam tənbehi xarakteri daşıyırdı. Tələbə xaric edildiyi tarixdən bir semester keçdikdən sonra növbəti 15 il ərzində öz ərizəsinə əsasən tələbə sıralarına bərpa oluna və təhsilini davam etdirə bilər. İşin materiallarından görünür ki, İddiaçı 09 sentyabr 2021-ci il tarixində ərizə ilə cavabdeh Universitetə müraciət edərək tələbə sıralarına bərpa olunmaq istəyini bildirmiş və bununla əlaqədar olaraq müvafiq tədbirlərin görülməsini cavabdehdən xahiş etmiş, sonuncu Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 15.11.2017-ci il tarixli, 5/2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair” Qaydalarının 4.2-ci bəndinin tələblərini rəhbər tutaraq onun tələbə sıralarına bərpa edilməsi barədə 13 sentyabr 2021-ci il tarixində müvafiq əmr qəbul etmişdir. Məhkəmə hesab edir ki, İddiaçı 09 sentyabr 2021-ci il tarixində ərizə ilə cavabdeh Universitetə müraciət edərək tələbə sıralarına bərpa olunmaq barədə ərizə ilə müraciət etməsi və bu ərizə ilə əlaqədar müvafiq əmrin verilməsi onun 26.08.2019-cu il tarixli “Bakalavr hazırlığı” müqaviləsinə xitam verilməsini qəbul etməsi kimi qiymətləndirilir. Xitam verilmiş və hüquqi qüvvəyə malik olmayan müqaviləyə isə yenidən xitam verilməsi yolverilməzdir. Məhkəmə həmçinin göstərilən nəticəyə gələrkən yuxarıda sadalanan qanunvericilik normalarının tələbləri baxımından həmçinin qeyd etməyi zəruri sayır ki, cavabdeh Universitet tərəfindən iddiaçının tələbə sıralarına bərpa edilməsi barədə müvafiq əmr verilməsi iddiaçının 2021/2022-ci tədris ilinin cari semestri üçün fərdi tədris planını götürməsini, təsdiq etdirməsini, təhsil haqqı ödəməsini, bakalavr hazırlığı ilə əlaqədar yeni müqavilə və ya Sazişin imzalamasını və 29 sentyabr 2021-ci il tarixindən ənənəvi şəkildə dərslərdə iştirak etməsini nəzərdə tutur. Lakin cavabdeh tərəfin yazılı etirazında göstərildiyi kimi iddiaçı tələbə sıralarına bərpa edildikdən sonrakı ötən müddət ərzində nə fərdi tədris planını götürmüş, nə onu təsdiq etdirmiş, nə təhsil haqqını ödəmiş, nə yeni müqavilə və ya saziş imzalamış, nə dərslərdə iştirak etmişdir. İddiaçı tərəf qeyd edilənləri təkzib edəcək hər hansı bir sübut növü məhkəməyə təqdim etməmişdir. Məhkəmə daha sonra hesab edir ki, 26.08.2019-cu il tarixli “Bakalavr hazırlığı” müqaviləsinə 21.01.2021-ci il tarixli, 04 nömrəli Əmr verilərkən xitam verildiyi üçün İddiaçı Cavabdehndə təhsil aldığı müddət ərzində fərdi tədris planı əsasında götürdüyü və təhsil alaraq topladığı kreditlər üçün ödədiyi təhsil haqqının geri qaytarılması tələbi də əsaslı sayıla bilməz. Belə ki, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun: - 14.2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət növünə görə aşağıdakı təhsil müəssisələri fəaliyyət göstərir: 14.2.1. dövlət; 14.2.2. bələdiyyə; -14.2.3. özəl”. -14.4-cü maddəsinə əsasən “Təhsil müəssisəsinin fəaliyyəti, hüquq və vəzifələri bu Qanun və Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları nəzərə alınmaqla onun nizamnaməsi ilə müəyyən edilir”. -14.5-ci maddəsinə əsasən “Təhsil müəssisəsinin aşağıdakı tipləri və növləri müəyyən edilir: 14.5.6. ali təhsil müəssisələri (universitetlər, akademiyalar, institutlar və s.)”. -14.8-ci maddəsinə əsasən “Təhsil müəssisəsində təhsil dövlət hesabına və (və ya) ödənişli əsaslarla həyata keçirilir. Azərbaycan Respublikasında xüsusi təyinatlı təhsil (hərbi, dövlət təhlükəsizliyi və digər) müvafiq təhsil müəssisələrində, bu Qanunun tələbləri nəzərə alınmaqla, dövlət hesabına həyata keçirilir. - 26.1-ci maddəsinə əsasən “Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu vətəndaşların təhsil hüququnu tam təmin etməklə, müvafiq təhsil səviyyəsinə uyğun olan təhsil proqramlarını daha yaxşı mənimsəmiş qabiliyyətli və hazırlıqlı abituriyentlərin ixtisası və təhsil müəssisəsini sərbəst seçimi əsasında, bu Qanunun 26.5-ci və 26.5-3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, müsabiqə yolu ilə həyata keçirilir”. - 26.2-ci maddəsinə əsasən “Ali və orta ixtisas təhsili müəssisələrinə, həmçinin hazırlıq qruplarına tələbə qəbulu biliyin qiymətləndirilməsi üzrə keçirilən imtahanlarda abituriyentlərin əldə etdikləri nəticələrə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir”. - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2010-cu il tarixli, 117 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili” Qaydalarının: - 1.8-ci bəndinə əsasən “Bakalavriat təhsili ödənişli əsasla və dövlət sifarişi əsasında həyata keçirilir”. - 1.9-cu bəndinə əsasən “Bakalavriata tələbə qəbulu Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir”. - 2.4-cü bəndinə əsasən “Bakalavriat səviyyəsində tədrisin təşkili ali təhsil pilləsinin dövlət standartının tələblərinə uyğun Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş qaydalar əsasında kredit sistemi (Avropa ölkələrində tətbiq olunan Avropa Kredit Transfer Sistemi — AKTS) ilə həyata keçirilir”. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il tarixli, 348 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydalarının 2.1.4-cü bəndinə əsasən “tələbənin fərdi tədris planı -tələbənin tədris ili ərzində təhsil alacağı fənləri, onların müvafiq kreditlərini, fənlər üzrə müəllimlərin siyahısını əks etdirən sənəddir. - 2.1.16-cı bəndinə əsasən “müvəffəqiyyətlə təhsil alan tələbə - fərdi tədris planında qeyd olunan bütün fənlər üzrə müəyyən olunmuş kreditləri qazanan tələbədir”. - 2.1.17-ci bəndinə əsasən “akademik borcu olan tələbə - fərdi tədris planında qeyd olunan fənlərin ən azı birindən müəyyən olunmuş krediti qazana bilməyən tələbədir”. - 3.1.2-ci bəndinə əsasən “Kredit sistemində Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müəyyən olunmuş formalar üzrə aşağıdakı tədris sənədlərindən istifadə edilir: tələbənin fərdi tədris planı”. - 3.2.2-ci bəndinə əsasən “Ali təhsilin hər iki səviyyəsində əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir. Bir semestrə, tədrisə tam cəlb olunan (fulltime) tələbəyə 30 (tələbənin prerekvizit fənn və ya fənlərdən akademik borcu qaldığı halda, kreditlərin sayı az ola bilər), tədrisə qismən cəlb olunan (parttime) tələbəyə 20-yə qədər kredit müəyyənləşdirilir”. - 3.2.4-cü bəndinə əsasən “İxtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriatda 240-300 kredit (əsas (baza ali) tibb təhsilində 300-360 kredit), magistraturada təhsilin normativ müddəti 1,5 il olduğu halda 90, 2 (iki) il olduğu halda isə 120 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir”. - 3.2.11-ci bəndinə əsasən “Hər tədris ili üçün ixtisasın (ixtisaslaşmanın) tədris qrafiki əsasında tələbənin fərdi tədris planı hazırlanır. Fənlərin prerekvizitliyi gözlənilməklə, tələbənin fərdi tədris planı müəyyən olunmuş forma üzrə onun özü tərəfindən tərtib edilir. Növbəti tədris ili üçün tələbənin fərdi tədris planı tərtib olunarkən, buraya ilk növbədə əvvəlki ildən akademik borcu qalan fənlər daxil edilir (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla)”. - 3.2.14-cü bəndinə əsasən “Cari və aralıq qiymətləndirmənin ümumi nəticələrinə görə fənn üzrə müvəffəq qiymət almış tələbə həmin fəndən kreditləri qazanmış hesab olunur. Cari və aralıq qiymətləndirmənin ümumi nəticələrinə, habelə aralıq qiymətləndirmənin nəticəsinə görə qeyri-müvəffəq qiymət almış, eləcə də üzrlü və ya üzrsüz səbəbdən imtahanda iştirak etməmiş tələbə bu fəndən kreditləri qazanmır, yəni həmin fənn üzrə akademik borcu qalır. Cari və aralıq qiymətləndirmənin nəticələrinə, habelə aralıq qiymətləndirmənin nəticəsinə görə, eləcə də üzrsüz səbəbdən imtahanda iştirak etmədiyinə görə akademik borcu yaranmış tələbəyə həmin fənn (fənlər) üzrə təkrar imtahan vermək (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla) və ya fənni (fənləri) yenidən dinləmək üçün şərait yaradılmalıdır. Bütün digər hallarda akademik borcu olan tələbə fənni yenidən dinləməli və həmin fəndən (fənlərdən) dərslərdə iştirak etməklə, onun (onların) mənimsənilməsinə qoyulan tələbləri tam yerinə yetirməlidir. Bu halda təhsil haqqının ödənilməsi bu Qaydaların 4.3-cü bəndinin tələblərinə uyğun həyata keçirilir”. - 3.2.15-ci bəndinə əsasən “Tələbə ali təhsil müəssisəsini və AMEA-nı bitirmək üçün tələb olunan kreditləri ixtisasın normativ təhsil müddətindən sonrakı 3 (üç) ildə (həqiqi hərbi xidmət müddəti nəzərə alınmamaqla) toplaya bilmədiyi halda o, məzmununda əsaslı dəyişikliklər edilən peşə hazırlığı fənlərindən əvvəllər qazandığı kreditləri itirir. Tələbə həmin kreditləri bu Qaydaların tələblərinə uyğun olaraq yenidən yığmalıdır.” - 3.2.16-cı bəndinə əsasən “Tələbə bir ali təhsil müəssisəsindən (ixtisasdan) digərinə köçürüldüyü, tələbələr sırasına bərpa olunduğu, akademik məzuniyyətdən qayıtdığı və təkrar ali təhsil aldığı hallarda, onun əvvəllər qazandığı kreditlər bu Qaydaların 3.2.15-ci yarımbəndinin tələblərinə uyğun olaraq nəzərə alınır”. - 3.3.1-ci bəndinə əsasən “Ali təhsil müəssisəsinə və AMEA-nın magistratura səviyyəsinə yeni qəbul olunan tələbələrə birinci tədris ili üçün fakültə və AMEA-nın Elm və Təhsil İdarəsi tərəfindən fərdi tədris planı hazırlanır. Tələbə sentyabrın 10-dək həmin fərdi tədris planını almalıdır. Növbəti tədris ilində isə tələbələr bu Qaydaların 3.2.11-ci yarımbəndinin tələblərini gözləməklə, öz fərdi tədris planını hazırlayır və iyulun 5-dən 15dək fakültəyə və ya AMEA-nın Elm və Təhsil İdarəsinə təqdim edir. Fərdi tədris planında tələbə sentyabrın 10-dək düzəlişlər edə bilər”. - 3.3.2-ci bəndinə əsasən “Tələbənin fərdi tədris planında sonradan dəyişiklik edilməsinə icazə verilmir. Yalnız payız semestrindən akademik borcu qalanlar qış tətilinin ilk həftəsində növbəti semestr üçün fərdi tədris planlarında ali təhsil müəssisəsi və AMEA tərəfindən müəyyən olunmuş qaydada müvafiq düzəlişlər edə bilərlər”. - 4.2-ci bəndinə əsasən “Təhsil zamanı tələbə fərdi tədris planına ciddi riayət etməklə, tədris olunan fənləri mənimsəməyə borcludur”. - 4.3-cü bəndinə əsasən “Tələbə ixtisas (ixtisaslaşma) üzrə təhsil proqramı ilə müəyyən olunmuş müddətdə tələb olunan kreditləri yığa bilmədiyi halda o, tələbələr sırasından xaric edilmir (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Həmin tələbə kontingentdə saxlanılmaqla, təhsilini yalnız ödənişli əsaslarla davam etdirə bilər. Belə halda tələbənin ödənişinin məbləği ixtisas (ixtisaslaşma) üzrə illik təhsil haqlarını 60-a bölərək alınan nəticəni onun götürdüyü fənlərin kreditlərinə vurmaqla müəyyənləşdirilir”. - 4.6-cı bəndinə əsasən “Ödənişli əsaslarla əyani təhsilalma forması üzrə ali təhsil müəssisəsinə qəbul olunan tələbəyə tədrisə tam cəlb olunma (fulltime) və ya qismən cəlb olunma (parttime) növü üzrə təhsil almaq hüququ verilir. Bu halda tədrisə tam cəlb olunan (fulltime) tələbənin normativ təhsil müddətində illik təhsil haqqı tədris ilinə, tədrisə qismən cəlb olunan (parttime) tələbə üçün isə bu Qaydaların 4.3-cü bəndinin tələblərinə uyğun fərdi tədris qrafikinə əsasən götürdüyü fənlərin kreditlərinə görə müəyyənləşdirilir”. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tələbə-İddiaçı Azərbaycan Respublikası X5 tərəfindən keçirilmiş imtahanda iştirak edərək ödənişli əsaslarla ali təhsil almaq hüququ qazanmış və bu hüququ qazandığı Universitetdə (indiki halda cavabdeh Universitetdə) təhsil almaq üçün qeydiyyatdan keçərək bakalavr hazırlığı müqaviləsi bağlamış, Universitetə daxil olduğu 2019-cu ildən xaric edildiyi 2021-ci ilədək ümumilikdə 95 kreditlik fənləri fərdi tədris planına daxil etmiş və həmin fənlər üzrə dərslərdə iştirak etmişdir. İddiaçı fərdi plana əsasən götürdüyü 95 kreditə görə cavabdeh Universitetə 3958 manat əvəzinə ümumilikdə 3833 manat ödəniş edərək təhsil xidmətlərindən istifadə etmiş və məqbul aldığı imtahanlara görə ümumilikdə 59 kredit qazanmışdır. Təhsil qanunvericiliyinin tələbinə əsasən tələbə təhsil aldığı müddət ərzində təhsildə kredit sisteminin tələbinə uyğun olaraq ümumi təhsil müddətində 240 kredit, semestr ərzində isə 30 kredit toplamalıdır. Kreditin toplanması üçün tələbə fərdi plan tərtib edərək təhsil aldığı Universitetə təqdim etməli və ona uyğun olaraq təhsil haqqı ödəməlidir. Məhkəmə qeyd edir ki, yuxarıda istinad edilmiş qanunvericiliyin tələbinə əsasən tələbənin qazandığı kreditlər o, yenidən tələbə sıralarına bərpa edildikdən sonra nəzərə alınır və həmin kreditlərin toplanması üçün o, yenidən dərslərdə iştirak etmir və buna görə onun tərəfindən Universitetə yenidən ödəniş edilmir. İşin faktiki hallarından da göründüyü kimi, iddiaçı tələb etdiyi vəsaiti cavabdeh Universitetə təhsil almaq üçün köçürmüş və köçürdüyü vəsaitin qarşılığında ödənişli əsaslarla daxil olduğu Universitetdə təhsil alaraq müəyyən sayda (59 kredit) kreditlər toplamışdır (qazanmışdır). Belə olduğu halda iddiaçıya göstərilmiş xidmətlərin qarşılığında iddiaçı tərəfindən ödənilmiş təhsil haqqının qaytarılmasına dair tələb əsaslı sayıla bilməz. Beləliklə də, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Qərbi Kaspi Universitetinə (Azərbaycan Respublikası Təhsil Nazirliyi üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “müqavilənin ləğv edilməsi və ödənilmiş təhsil haqqının qaytarılması” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Qərbi Kaspi Universitetinə (Azərbaycan Respublikası Təhsil Nazirliyi üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “müqavilənin ləğv edilməsi və ödənilmiş təhsil haqqının qaytarılması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-1443/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1443/2021
28.10.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver