Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1458/2025 23.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarş “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2009-cu il il təvəllüdlü X3 və xx.xx.2017-ci təvəllüdlü X1 üçün onların hər birinin yetkinlik yaşına çatanadək hər ay 300 (üç yüz) manat olmaqla, cəmi 600 (altı yüz) manat məbləğində alimentin, cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: o, cavabdeh ilə 21 yanvar 2006-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar və nikahları Bakı şəhəri Səbail rayon Qeydiyyat Şöbəsi tərəfindən 21 yanvar 2006-cı il tarixində 24 nömrə ilə qeyd edilərək onlara nikah haqqında şəhadətnamə verilmişdir. Birgə nikahdan 16 oktyabr 2006-cı il təvəllüdlü X6, 28 oktyabr 2009-cu il təvəllüdlü X7 və 22 dekabr 2015-ci il təvəllüdlü X4 anadan olmuşdur. Aralarında olan münasibətlərin pozulmasına görə onların ailəsi formal xarakter daşımış, xasiyyətlərinin uyğun gəlmədiyi ailənin faktiki olaraq dağılmasına səbəb olmuş və bu səbəbdən Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-185/2025 saylı 05 fevral 2025-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh və İddiaçı arasında 21 yanvar 2006-ci il tarixdə Bakı şəhəri Səbail rayon WADQ şöbəsində bağlanmış və 24 saylı akt qeydi ilə rəsmiləşdirimiş nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X2 anası İddiaçı yanında saxlanılması qət edilmişdir. Məhkəmə qətnaməsindən sonra müəyyən müddətdir ki, faktiki olaraq ər-arvad kimi yaşamırlar, birgə təsərrüfat aparmırlar. Bu vaxt ərzində uşaqlar onun himayəsindədirlər, bütün maddi və mənəvi tələbatlarını təkbaşına ödəyir. Nəzərə alınsa ki, uşağın ana nəvazişindən başqa, digər maddi məsrəflərə də ehtiyacı var. Təbii ki, belə vəziyyətdə bütün bu xərclərin ödənilməsini təkbaşına edə bilməz. Hal-hazırda uşaqların bütün maddi xərclərini o, çəkir və onlar onun himayəsində yaşayırlar. Əlavə olaraq da qeyd edir ki, Cavabdeh Dövlət Neft Şirkətinin (SOCAR) müvafiq qurumunda sürücü vəzifəsində işləyir və 1500 manat əmək haqqı alır. Bütün bunlara əsasən hesab edir ki, uşaqların diqqətəlayiq mənafeyini nəzərə alaraq, eləcə də qanunvericiliyin tələblərinə uyğun olaraq, cavabdeh uşağın saxlanması xərclərini ödəməlidir. Başqa sözlə, cavabdehdən uşağın saxlanması üçün məhkəmə qaydasında alimentin tutulması tam qanunauyğundur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Həmçinin bildirmişdir ki, bir neçə gün əvvəl axşam qızı evə gec gəldiyinə görə cavabdeh ona zəng edib mübahisə etmiş, sonradan bilmişdir ki, uşağa atası özü icazə vermişdir. Buna görə də əsəbiləşib əgər belədirsə uşağın atasının yanına gedib qalmasını və harasa gedəndə ondan icazə almasını demişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, o, 600-700 manat maaş alır, maddi yardım edir uşaqlara. İddiaçı 15-16 yaşlı qızına gecə saat 12-də evdən getməsini demişdir, hazırda qızı onunla qalır. O, atası anası ilə birlikdə öz evlərində yaşayır. Aliment tələbi ilk olaraq nikah pozulanda olmayıb. Qızının onunla qaldığı halda onun bütün xərclərini öhdəsinə götürür. Digər uşağa aliment ödənilməsi bağlı bildirir ki, uşaqların bütün xərclərini o edir. İddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında fikri dinlənilən xx.xx.2009-cu il təvəllüdlü X7 9-cu sinifdə oxuduğunu, valideynləri ilə münasibətinin yaxşı olduğunu, nikah pozulandan sonra anası ilə qaldığını, atasının yanına tez-tez gedib gəldiklərini, bir neçə gün əvvəl axşam 23:30-da evə bir dəfə gec gəldiyinə görə (atasından icazə almışdır) anasının ona gedib atası ilə qalsın deməsini və onun da buna görə atasının yanına getdiyini, hazırda da atası ilə qaldığını və anasının yanına getmək istəmədiyini bildirmişdir. Məhkəmə iddiaçı və cavabdeh tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Səbail rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 474439 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 28 oktyabr 2009-cu il təvəllüdlü X7 Bakı şəhərində anadan olmuş, ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş 3 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı, 071911 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 22 dekabr 2017-ci il təvəllüdlü X4 Bakı şəhərində anadan olmuş, ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(009)-185/2025 saylı qətnaməsindən görünür ki, Cavabdeh və İddiaçı arasında 21 yanvar 2006-cı il tarixdə Bakı şəhəri Səbail rayon VVADQ şöbəsində bağlanmış və 24 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X4 anaları İddiaçı yanında saxlanılması qət edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh 21 yanvar 2006-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Onların birgə nikahından 28 oktyabr 2009-cu il təvəllüdlü X7 və 22 dekabr 2017-ci il təvəllüdlü X4 anadan olmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(009)-185/2025 saylı qətnaməsinə əsasən, Cavabdeh və İddiaçı arasında 21 yanvar 2006-cı il tarixdə Bakı şəhəri Səbail rayon VVADQ şöbəsində bağlanmış və 24 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X4 anaları İddiaçı yanında saxlanılması qət edilmişdir. Qətnamədən görünür ki, alimentin tutulması barədə qərar qəbul edilməmişdir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək cavabdehdən uşaqların saxlanılması üçün alimentin məhkəmə qətnaməsi əsasında alınaraq iddiaçıya ödənilməsini tələb edir. Həmçinin müəyyən edilmişdir ki, xx.xx.2009-cu il təvəllüdlü X7 hazırda faktiki olaraq atasının yanındadır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. -75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. -75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. -78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından, (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. (AM-in 78.2.) Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarının 7.1-ci bəndində göstərilmişdir ki, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. X11 edilmiş 20 dekabr 2024cü il tarixli dəyişikliyə əsasən Qərarın 8.4-1-ci bəndində göstərilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. - 8.4-2. Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 27 dekabr 2024-cü il tarixli Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 (iki yüz qırx altı) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə alimentin miqdarını müəyyən edərkən uşağın mənafeyini, onun təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını, eyni zamanda tərəflərin maddi vəziyyətini nəzərə alaraq hesab edir ki, tərəflərin azyaşlı övladı 22 dekabr 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün tutulmalı olan alimentin məbləğinin hər ay 300 manat məbləğində müəyyən edilməsi uşağın mənafeyi baxımından məqsədə uyğundur. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, yetkinlik yaşına çatanadək hər ay sonrakı artımlar nəzərə alınmaqla minimum əmək haqqının (300:400=0,75) 0,75 misli həddində sabit pul məbləğində aliment cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Odur ki, iddia təmin edilərək Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə uyğun olaraq alimentin tutulmasının əvvəli iddiaçı məhkəməyə müraciət etdiyi vaxtdan, yəni 03 iyun 2025-ci il tarixindən hesablanmalıdır. Məhkəmə, 28 oktyabr 2009-cu il təvəllüdlü X7 hazırda faktiki olaraq cavabdehin himayəsində olmasını nəzərə alaraq iddianın ona aid hissədə təmin edilməsini mümkün hesab etmir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. -217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. (119.2.) Məhkəmə iddianın qimən təmin olunduğunu, iddiaçının qanunla müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edildiyindən sadalanmış normaları hazırki iş üzrə tətbiq edərək belə qənaətə gəlir ki, cavabdehdən 56 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Beləliklə, məhkəmə mülki iş üzrə araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 22 dekabr 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 03 iyun 2025-ci il tarixdən hesablanaraq hər ay sonrakı artımlar nəzərə alınmaqla minimum əmək haqqının 0,75 misli həddində sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməli, Cavabdeh 56 (əlli altı) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməli, iddia qalan hissədə təmin edilməməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 22 dekabr 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 03 iyun 2025-ci il tarixdən hesablanaraq hər ay sonrakı artımlar nəzərə alınmaqla minimum əmək haqqının 0,75 misli həddində sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh 56 (əlli altı) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamə alimentin tutulmasına aid hissədə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-1458/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1458/2025
23.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver