Məhkəmə qərarları › İş №2(009)-1463/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1463/2021

26.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1463/2021 26.08.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X8, Cavabdeh1 MMC-nin nümayəndəsi X6, X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən ona vurulmuş mənəvi zərərin əvəzi olaraq 30.000 (otuz min) manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, “X13” ilə bağlı məhkəmə çəkişməsi üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Daha sonra iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bununla bağlı qeydiyyat ünvanı ünvan 2 tərəfindən məktublar həmin ünvana göndərilmişdir. Həmin ünvanda xidmət göstərən isə Cavabdeh1 MMC-nin 52 saylı Poçt Şöbəsi olmuşdur. Həmin şöbənin əməkdaşı tərəfindən ona təqdim edilməli olan məhkəmə qətnaməsi ona təqdim edilmək əvəzinə qəbzə saxta imza etməklə guya məhkəmə qətnaməsi ona təqdim edilməsi ilə bağlı məhkəməyə qəbz verilmişdir. Bunun nəticəsində onun kassasiya şikayətinin Ali Məhkəməyə göndərilməsindən imtina edilmiş və nəticə etibarı ilə o, qətnamənin təqdim edilməməsinə nail olmaq üçün yenidən vəkil ilə müqavilə bağlamalı, yenidən kassasiya şikayəti verməli olmuşdur. Bunun nəticəsidir ki, o, artıq bir ildir ki, işin mahiyyəti ilə maraqlanmaq əvəzinə müddətin ötürülməməsini sübut edir. Bütün bunlar isə Cavabdeh1 MMC-nin əməkdaşının öz vəzifəsini icra etməməsi nəticəsində baş verir. Cavabdeh1 MMC-nin ona ünvanlanmış olduğu məktubda da qeyd edilir ki, F8 çatdırılma vərəqində F119 xəbəmaməsində olan imza ilə təsdiq edilməlidir. Ancaq belə bir imza həmin sənədlərdə yoxdur və bu poçt qaydalarının müvafiq bəndlərinin pozuntusudur. Dolayısı ilə Cavabdeh1 MMC işçisinin qanun pozuntusunu qəbul edir. Bunların nəticəsində bir il ərzində onun keçirmiş olduğu stress, həyəcan onun səhhətinə pis təsir etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili X11 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etmiş və təmin edilməsini xahiş etmişlər. Nümayəndə əlavə olaraq bildirmişdir ki, İddiaçı «X17 X14 Sözləşməsi» Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı maddi və mənəvi zərərin ödənilməsinə dair iddia tələbinə də bugün hazırki iclasdan əvvəl Bakı Apellyasiya Məhkəməsində yenidən baxılmış və iddia qismən təmin edilmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 MMC-nin nümayəndəsi X10 iddia tələbinə etiraz təqdim edərək göstərmişdir ki, İddiaçı «X17 X14 Sözləşməsi» Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi arasında məhkəmə mübahisəsinə dair Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2236/2020 saylı, 18 mart 2020-ci il tarixli qətnaməsi Bakı şəhəri 52 saylı Poçt Şöbəsindən SS602093593AZ ştrix kodlu F119 sifarişli-xəbərnaməli məktub İddiaçı göndərilmişdir. Lakin iddiaçı poçt xidmətindən narazı qalaraq məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. İddiaçı öz iddia ərizəsinin hüquqi əsası kimi, Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 443.1-ci maddələrinə, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 7 nömrəli 03 noyabr 2008-ci il tarixli qərarına istinad etmişdir. Birinci instansiya məhkəməsi ilk növbədə aşağıdakılara aydınlıq gətirməlidir: - İlk növbədə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmaması araşdırılmışdırmı? Poçtla sifarişli xəbərnamənin məktub ünvanlayan şəxsə geri çatdırılmasının müddətləri müəyyən edilmişdirmi? Poçtla sifarişli xəbərnamənin məktub ünvanlayan şəxsə gecikdirilməklə çatdırılması - mənəvi zərərin ödənilməsinə əsas ola bilərmi? Birinci sualla bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İşin yuxarıda sadalanan hallarını nəzərə almaqla qeyd etməyi zəruri hesab edir ki, İddiaçı hazırki məhkəmə baxışının predmeti olan iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. İş materiallarından müəyyən olunur ki, İddiaçı «X17 X14 Sözləşməsi» şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi arasında məhkəmə mübahisəsinə dair Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2236/2020 saylı, 18 mart 2020ci il tarixli qətnaməsi Bakı şəhəri 52 saylı Poçt Şöbəsindən SS602093593AZ ştrix kodlu F119 sifarişli-xəbərnaməli məktubla İddiaçı göndərilmişdir. Bu səbəbdən də İddiaçı hazırki iddianı irəli sürmək hüququna malik olan şəxslər kimi qəbul edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Beləliklə, mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu - deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa və ya qanuna zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu hallarında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir. İkinci sualla bağlı bildirir ki, Azərbaycan Respublikası Rabitə və Yüksək Texnoloqiyalar Nazirliyinin 0001 nömrəli 6 fevral 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş «Poçt rabitəsi xidmətlərinin göstərilməsi qaydaları»nın 1.4.11-ci maddəsinə əsasən əlavə xidmət - poçt rabitəsi xidmətini tamamlayan və əlavə ödəniş əsasında göstərilən xidmətdir. Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 0001 nömrəli 06 fevral 2016cı il tarixli qərarı ilə təsdiq edilmiş «Poçt rabitəsi xidmətlərinin göstərilməsi qaydaları»nın 1.4.33-cü maddəsinə əsasən poçt göndərişinin çatdırılması haqqında xəbərnamə (çatdırma haqqında xəbərnamə) - qeydiyyatlı poçt göndərişinin verilməsi barədə verilmə tarixi və alıcının soyadı (fiziki xəbərnamədə həm də alıcının imzası) göstərilməklə göndəriciyə və ya onun səlahiyyət verdiyi şəxsə kağız və ya elektron şəkildə məlumatın ötürülməsidir. Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin 77 saylı 12 aprel 2006-ci il tarixli əmri ilə təsdiq edilmiş universal poçt xidmətlərinin göstərilməsi şərtlərinin (normativləri) 4-cü bəndinə əsasən UPX-nin göstərilməsində sürət və etibarlılıq üçün ölkə daxilində poçt göndərişlərinin keçid müddətləri müəyyən olunmuşdur. Belə ki, G+3 - yəni ən azı 4 iş günü məktub - bir istiqamətdə ünvan sahibinə göndərilir və ən azı 4 iş günü həmin məktubun çatdırılmasına dair xəbərnamə geri qaytarılaraq məktubu ünvanlayan şəxsə çatdırılır. «Poçt haqqında» Azərbaycan Respublikası Qanununun 17.1.9-cu maddəsinə əsasən poçt göndərişinin nəzarət-keçid müddətləri üzrə normativlərə riayət edilmədiyi halda ödəniş haqqının məbləğindən artıq olmamaq şərtilə hər gecikdirilən zaman vahidi üçün ödəniş haqqının 10%-i miqdarında poçt rabitəsi operatorları istifadəçilər qarşısında məsuliyyət daşıyırlar. Göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsi tərəfindən 52 saylı Poçt Şöbəsindən göndərilmiş SS602093593AZ ştrix kodlu F119 sifarişli-xəbərnaməli məktub gecikdirilməklə ünvana çatdırılmışdır. Üçüncü sualla bağlı bildirir ki, Poçtla sifarişli xəbərnamənin məktub ünvanlayan şəxsə gecikdirilməklə çatdırılması - mənəvi zərərin ödənilməsinə əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 68-ci maddəsinin tələblərinə əsasən, hər kəsin ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüquq vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsi tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zəzərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkilməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərhinə dair Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarına əsasən mənəvi zərər anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətini və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Göründüyü kimi hətta poçtla sifarişli xəbərnamənin məktub ünvanlayan şəxsə gecikdirilməklə çatdırılsa da belə, bu yuxarıda sadalanan məsuliyyət növlərini yaratmır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prossesual hüquq normalarına uyğun çıxarılmalıdır. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq İddiaçı Cavabdeh1nə qarşı «mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, tərəflərin izahatlarını, mülahizə və dəlillərini dinləyib hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Cavabdeh1 MMC-nin 6 saylı Poçt Filialı tərəfindən “Çernin və Partnyorları” Hüquq firmasına ünvanlanmış 02 noyabr 2020-ci il tarixli, 6PF-13/685 nömrəli məktubunun surətindən görünür ki, ünvan 3 ünvanında yaşayan X2 adına daxil olan 29.04.2020-ci il tarixli, SS602093593AZ saylı poçt göndərişinin çatdırılmasına dair aparılan araşdırma zamanı F8 çatdırma vərəqində və F119 xəbərnaməsində ünvançı tərəfindən imza edilmədiyi məlum olmuşdur. Belə ki, sözügedən ünvana daxil olan SS602093593AZ saylı poçt göndərişinin vətəndaş Edvard Vallenberg tərəfindən 04.05.2020-ci il tarixində qəbul edilməsinə dair F8 çatdırma vərəqəsi və F119 xəbərnaməsində 52 saylı Poçt Şöbəsinin sabiq poçtalyonu ünvançının əvəzinə saxta imza etməklə “X9”nın 70-ci bəndi kobud şəkildə pozulmuşdur. - Bakı şəhəri 116 saylı MKİS tərəfindən verilmiş 08.09.2020-ci il tarixli arayışın surətindən görünür ki, X5 Bakı şəhəri, Nərimanov rayonu, Çəmənzəminli küçəsi, ev 100 mənzil 43 ünvanında qeydiyyatda deyildir, 01.01.2018-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-440/2021 saylı, 17.02.2021-ci il tarixli Qərarından görünür ki, kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin 04.08.2020-ci il tarixli 2(103)-2236/2020 nömrəli qərardadı ləğv edilmiş və X2 Bakı Apellyasiya Məhkəməsinin 18.03.2020-ci il tarixli 2(103)-2236/2020 nömrəli qətnaməsindən verdiyi kassasiya şikayətinin mümkünlüyü məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3365/2021 saylı, 01.06.2021-ci il tarixli Qərarından görünür ki, X2 kassasiya şikayəti təmin edilmiş və Bakı Apellyasiya Məhkəməsinin 18.03.2020-ci il tarixli 2(103)-2236/2020 nömrəli qətnaməsi ləğv olunaraq işə yenidən baxılması üçün apellyasiya baxışına göndərilmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə ilk olaraq iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, X5 cavabdeh “X17 X14 Sözləşməsi” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri, Xətai Rayon Məhkəməsinə müraciət edərək, ona vurulmuş maddi zərərin dəyəri olaraq ilkin biletin dəyəri olaraq 326 manat, ikinci biletin dəyəri olaraq 468 Avro, 1 günlük gecələmə haqqının əvəzi olaraq 500 manat, işgüzar nüfuzuna və mənəvi zərərə görə 20.000 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Həmin məhkəmənin 15 noyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmiş, qətnamədən X5 apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 18 mart 2020-ci il tarixli, 2(103)-2236/2020 saylı qətnaməsi ilə iddiaçı X2 apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 noyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə çıxarılmış, iddiaçı X2 cavabdeh “X17 X14 Sözləşməsi” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı “pul tələbi”nə dair iddiası təmin edilməmiş və iddiaçı X2 iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödədiyi dövlət rüsumları onun özünə aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 18 mart 2020-ci il tarixli qətnaməsi xəbərnaməli məktubla İddiaçı qeydiyyatda olduğu Bakı şəhəri, Nərimanov rayonu, Çəmənzəminli küçəsi, ev 100 mənzil 43 ünvanına göndərilmiş, apellyasiya instansiyası məhkəməsinə qaytarılmış SS602093593AZ nömrəli poçt göndərişinin verilməsi haqqında xəbərnəməyə əsasən qətnamənin 04.05.2021-ci il tarixdə İddiaçı tərəfindən qəbul edildiyi qeyd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 18 mart 2020-ci il tarixli qətnaməsindən iddiaçı X5 tərəfindən verilmiş apellyasiya şikayəti qətnamədən kassasiya şikayəti verilməsi müddətinin ötürülməsinə görə Bakı Apellyasiya Məhkəməsinin 04.08.2020-ci il tarixli 2(103)-2236/2020 nömrəli qərardadı ilə kassasiya şikayəti geri qaytarılmışdır. Lakin sonradan aparılmış araşdırma zamanı ünvan 3 ünvanına İddiaçı adına daxil olan poçt göndərişinin verilməsi haqqında xəbarnəmədə olan imzanın ünvançı tərəfindən imza edilmədiyi, həmin xəbərnaməni 52 saylı Poçt şöbəsinin sabiq poçtalyonunun ünvançının əvəzinə saxta imza etdiyi məlum olmuş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-440/2021 saylı, 17.02.2021-ci il tarixli Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 04.08.2020-ci il tarixli 2(103)-2236/2020 nömrəli qərardadı ləğv edilərək, X2 Bakı Apellyasiya Məhkəməsinin 18.03.2020-ci il tarixli 2(103)-2236/2020 nömrəli qətnaməsindən verdiyi kassasiya şikayətinin mümkünlüyü məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilmiş və bundan sonra şikayətə baxılması mümkün olmuşdur. Məhkəmə iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ olmasını qeyd etməklə yanaşı, onun mənəvi zərərin tutulması tələbinin qismən əsaslı olması qənaətinə gəlir və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, kassasiya instansiyası məhkəməsinin qərarında aydın şəkildə göstərilmişdir ki, hazırkı işdə (iddiaçı X2 cavabdeh “X17 X14 Sözləşməsi” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı “pul tələbi”nə dair iş) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18.03.2020-ci il tarixli qətnaməsinin iddiaçıya müvafiq qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə təqdim olunmasını, yaxud qanunda göstərilən digər şəxslərə və ya qurumlara verilməsini təsdiqləyən mötəbər sübutlar aşkar edilmir. Apellyasiya məhkəməsinin istinad etdiyi SS602093593 AZ kodlu sifarişli xəbərnaməyə iddiaçının və ya ünvanda olan şəxsin deyil, poçtalyonun imza etməsi işdə olan Cavabdeh1 MMC-nin 6 saylı poçt filialının 02.11.2020-ci il tarixli məktubu ilə təsdiqlənir. Sözügedən qərardan da göründüyü kimi, məhz həmin xəbərnamə iddiaçının kassasiya şikayətinin verməsi üçün qanunla müəyyən edilmiş müddətin hesablanmasında mötəbər sübut kimi istifadə edilə bilinmədiyi üçün iddiaçının kassasiya şikayətinin prosessual müddət baxımından mümkünlüyü iş materialları və qeyd edilən hüquq normaları baxımından yenidən nəzərdən keçirilməli, zəruri olduqda əhəmiyyət kəsb edən hallar tərəflərin iştirakı ilə məhkəmə iclasında araşdırılmalı və nəticəsindən asılı olaraq məsələyə yekun hüquqi qiymət verilməli olduğu üçün Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04.08.2020-ci il tarixli qərardadı ləğv edilməklə iş həmin məhkəməyə qaytarılmalı olması qərara alınmışdır. Məhkəmə hesab edir ki, kassasiya instansiyası məhkəməsinin qərarının əsasını təşkil edən həmin işdə olan Cavabdeh1 MMC-nin 6 saylı poçt filialının 02.11.2020-ci il tarixli məktubu hazırki iş üzrə də iddiaçının iddiasının ona mənəvi zərər vurulmasına dair tələbinin əsasını təşkil edir. Məhkəmə hesab edir ki, iddiaçı X2 cavabdeh “X17 X14 Sözləşməsi” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı “pul tələbi”nə dair iş üzrə alınmış Cavabdeh1 MMC-nin 6 saylı poçt filialının 02.11.2020-ci il tarixli məktubu kassasiya instansiyası məhkəməsi tərəfindən istinad edilməsi halının mövcudluğu Cavabdeh1 MMCnin nümayəndəsinin hazırki iş üzrə iddia tələbinə dair etirazının dəlillərini təkzib edir. Beləliklə də, işin araşdırılmış halları ilə tam sübut olunur ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2236/2020 saylı, 18 mart 2020-ci il tarixli qətnaməsi Bakı şəhəri, 52 saylı Poçt Şöbəsindən SS602093593AZ ştrix kodlu F119 sifarişli-xəbərnaməli məktubla İddiaçı göndərilsə də, ona rəsmi təqdim edilməmişdir. Cavabdeh etirazında Bakı Apellyasiya Məhkəməsi tərəfindən 52 saylı Poçt Şöbəsindən göndərilmiş SS602093593AZ ştrix kodlu F119 sifarişli-xəbərnaməli məktub gecikdirilməklə ünvana çatdırılmasını qeyd etsə də, məhkəmə qanuni qüvvəsini almış kassasiya instansiyasının qərarına əsasən hesab edir ki, əvvəlki iş üzrə apellyasiya məhkəməsinin istinad etdiyi SS602093593 AZ kodlu sifarişli xəbərnamədə iddiaçının deyil, poçtalyonun imza etməsinin müəyyən edilməsi faktı artıq mübahisəsizdir və bu halın mövcudluğu ümumiyyətlə sifarişlixəbərnaməli məktubun gecikdirilməklə ünvana çatdırılması kimi qiymətləndirilməsinə əsas vermir. Məhkəmə hesab edir ki, məhz poçtla sifarişli xəbərnamənin məktub ünvanlayan şəxsə gecikdirilməklə deyil, ümumiyyətlə çatdırılmaması nəticəsində iddiaçının kassasiya icraatı qaydasında məhkəmə müdafiəsi hüququnun məhdudlaşdırılması üçün şərait yaranmışdır. Çünki, işin materialları ilə müəyyən olunur ki, iddiaçıya poçt göndərişinin verilməsi haqqında xəbarnamədə olan imzanın cavabdehin əməkdaşı olmuş 52 saylı Poçt Şöbəsinin sabiq poçtalyonu tərəfindən saxtakarlıq edilməklə iddiaçının əvəzinə imza edilməsi nəticəsində Bakı Apellyasiya Məhkəməsi qəbul etdiyi 18 mart 2020-ci il tarixli qətnaməsinin iddiaçı X3 təqdim olunmuş kimi qiymətləndirmiş və sonuncunun sonradan həmin qətnamədən verdiyi kassasiya şikayəti verilməsi müddətini ötürməsi əsası ilə onun şikayətini geri qaytarmışdır ki, bununla da iddiaçı məhkəmə müdafiəsi hüququndan qanunsuz məhrum edilmə təhlükəsi ilə üz-üzə qalmışdır. Məhkəmə hesab edir ki, iddiaçının qanuniliyi ilə razılaşmadığı apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən məhz cavabdehin əməkdaşının qanunsuz hərəkəti nəticəsində kassasiya şikayəti verə bilməyəcəyi düşüncəsi ilə bağlı onun keçirdiyi hisslər şübhəsiz ki, onun mənəvi sarsıntı keçirməsinə, onun şüurunda mənfi psixi reaksiyalara səbəb olmuş, o bu hadisələrlə balı stress və həyəcan keçirmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı üçün məhkəmə müdafiəsi hüququndan qanunsuz məhrum edilmə təhlükəsi apellyasiya məhkəməsinin kassasiya şikayətinin geri qaytarılması barədə qərardadının, ondan verilən şikayət əsasında işə baxan kassasiya instansiyası məhkəməsinin qərarının, daha sonra şikayətə yenidən baxan apellyasiya məhkəməsinin qərardadının qəbul edilməsinə qədər olan dövr ərzində mövcud olmuşdur. Məhkəmənin qənaətinə görə, bu dövr ərzində sözügedən təhlükənin mövcudluğu faktı özü-özlüyündə iddiaçının psixoloji iztirab və sarsıntı keçirməsi, buna müvafiq ona mənəvi zərər dəyməsi qənaətinə gəlmək üçün kifayət edir və bu faktın əlavə sübuta ehtiyacı yoxdur. Bununla əlaqədar qeyd edilməlidir ki, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla eyni zamanda digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Yalnız məhkəməyə müraciət etmək hüququ ilə kifayətlənməyərək, bu hüquq həmçinin pozulmuş hüquq və azadlıqları qanunvericiliklə nizamlanmış hədlər çərçivəsində səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. (Ə.M.Həsənovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 30.12.2008-ci il tarixli qərarı) Ədalət mühakiməsinin müvafiq məhkəmə tərəfindən qüvvədə olan hüquqi prosedurlar üzrə məhkəmə müdafiə hüququ (ədalətli məhkəmə araşdırılması hüququ) məcburi təmin edilməklə həyata keçirilməsi qanunun aliliyi baxımından mühüm şərtlərdən biridir. (X.İ.Qasımovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 13.12.2005-ci il tarixli qərarı) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 25.02.2003-cü il tarixli «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 359-cu maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə, 26-cı maddəsinə, 60-cı maddəsinin İ hissəsinə və 71-ci maddsinin İ və İİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair» qərarında göstərilir ki, məhkəmə müdafiəsi hüququ mülki işlər üzrə nəinki məhkəmə icraatına başlaması imkanını, o cümlədən məhkəmənin lazımi qaydada təşkili və tərkibini, həmçinin prosesin gedişatı ilə bağlı dövlət təminatını nəzərdə tutur. Prosesin gedişatı tərəflərin iradəsindən asılı olaraq birinci instansiya məhkəməsində, həm də apellyasiya və kassasiya instansiyalarında məhkəmə müdafiəsi imkanlarının tükənməsinə qədər davam etdirilə bilər. Dövlətin insan hüquqlarının və azadlıqlarının qorunması vəzifəsinin konstitusiya quruluşunun əsaslarına aid olduğunu və bu hüquqların dövlət tərəfindən, o cümlədən məhkəmə qaydasında müdafiəsini zəruri edir…. Məhkəmə müdafiəsi beynəlxalq hüquqda müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 440.4-cü və «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikası Qanununun 74.1-ci maddələrinə dair» 27.12.2002-ci il taixli qərarı) Məhkəmə iddia tələbləri ilə bağlı qeyd edir ki, cavabdehin (onun sabiq əməkdaşının) bu hərəkətləri özü-özlüyündə iddiaçının məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsinin qarşısını almağa (məhdudlaşdırmağa) yönəlməklə- qanunsuz hərəkət olmaqla hüquq pozuntusudur və ümumilikdə götürüldükdə hüquq pozuntusunun, qanunsuz hərəkətin mövcudluğu artıq mənəvi zərərin, sarsıntının mövcud olmasının təsdiqidir. Məhkəmə cavabdeh tərəfin iddia tələbinə etiraz ərizəsində göstərilən dəlillərini əsaslı hesab etməməklə yanaşı xüsusi olaraq qeyd etməyi də zəruri sayır ki, cavabdeh iddianı qəbul etməməsinə baxmayaraq, ünvan 3 ünvanında yaşayan X2 adına daxil olan 29.04.2020-ci il tarixli, SS602093593AZ saylı poçt göndərişinin çatdırılmasına dair aparılan araşdırma zamanı F8 çatdırma vərəqində və F119 xəbərnaməsində ünvançı tərəfindən imza edilməməsini, sözügedən ünvana daxil olan SS602093593AZ saylı poçt göndərişinin vətəndaş Edvard Vallenberg tərəfindən 04.05.2020-ci il tarixində qəbul edilməsinə dair F8 çatdırma vərəqəsi və F119 xəbərnaməsində 52 saylı Poçt Şöbəsinin sabiq poçtalyonu ünvançının əvəzinə saxta imza etməklə “X9”nın 70-ci bəndinin kobud şəkildə pozulması işin mübahisəsiz halıdır və cavabdehin iddianın əsassızlığı ilə bağlı mülahizə və dəlilləri onun iddiaçı qarşısında mülki məsuliyyətdən yayınmaq məqsədi daşıması kimi qiymətləndirilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyriəmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər(ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psiloxoji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s.vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarında göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər... Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, “Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir.” Həmin Qərarda həmçinin göstərilmişdir ki, “mülki qanunvericilikdə şəxsin ölümü və ya sağlamlığına zərər yetirilməsi ilə əlaqədar mənəvi zərərin ödənilməsi əsaslarını müəyyən edən konkret hüquq normasının nəzərdə tutulmaması bu barədə iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz və belə tələb Mülki Məcəllənin 23-cü maddəsinə əsaslanmaqla mənəvi zərərin ödənilməsi qaydasında irəli sürülə bilər. Mülki Məcəllənin 14-cü maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Başqa şəxsə zərər vurulması həmin maddə ilə hüquq və vəzifə doğuran əsas kimi nəzərdə tutulmuşdur (Mülki Məcəllənin 14.2.6-cı maddəsi). Bu hüquq normasındakı “qanunvericilikdə nəzərdə tutulmasa da” ifadəsi isə bilavasitə Məcəllə ilə nəzərdə tutulmayan hallarda belə mənəvi zərərin ödənilməsi ilə bağlı tələbin irəli sürülməsi üçün əsas yaradır. Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır.” Məhkəmə qeyd edir ki, Avropa Məhkəməsi mənəvi zərəri “nigarançılıq, ruhi sarsıntı və iztirab”, “həyəcan, acizlik və sarsıntı”, “məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyri-müəyyənlik” kimi səciyyələndirmişdir (Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə 2006-cı il 9 noyabr tarixli, Pelipenko Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli, Şiborş və Kuzmina Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli Qərarlar). Avropa Məhkəməsi Varnava və digərləri Türkiyəyə qarşı iş üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyrimüəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqa zidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqa zidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir. İş üzrə araşdırılmış sübutların məcmusuna qiymət verən və qanunvericiliyin yuxarıda göstərilən tələblərini əldə rəhbər tutan məhkəmə həmçinin hesab edir ki, poçt göndərişinin verilməsi haqqında xəbarnəmənin iddiaçı tərəfindən deyil 52 saylı Poçt Şöbəsinin sabiq poçtalyonu tərəfindən imza edilməsi, bunun nəticəsində Bakı Apellyasiya Məhkəməsinin 18 mart 2020-ci il tarixli qətnaməsinin iddiaçı X3 təqdim olunmaması, iddiaçının həmin qətnamədən kassasiya şikayəti verilməsi müddətini ötürməsi və bununla da onun məhkəmə müdafiəsi hüququndan qanunsuz məhrum edilməsi kimi hərəkətlər sonuncuya mənəvi zərər vurulmasına gətirib çıxarmışdır. Cavabdehin bu qanunsuz hərəkətləri ilə iddiaçının mənəvi sarsıntı və iztirab keçirməklə ona dəyən mənəvi zərər arasında səbəbli əlaqə vardır və buna görə də məhkəmə Cavabdeh1 MMC-dən iddiaçı X2 xeyrinə mənəvi zərərə görə pul əvəzi tutulmalı olması nəticəsinə gəlir. Qanunvericiliyin tələblərinə əsasən məhkəmə hesab edir ki, iddiaçı X3 mənəvi zərər Cavabdeh1 MMC-nin əməkdaşının qanunsuz hərəktləri nəticəsində vurulduğundan və Cavabdeh1 MMC həmin hüquq pozuntusu üçün iddiaçı qarşısında məsuliyyət daşıdığından mənəvi zərərin əvəzi məhz Cavabdeh1 MMC-dən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə, mənəvi zərərin hansı miqdarda tutulması ilə bağlı bildirir ki, Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 10-cu bəndində görə, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.” Məhkəmə mənəvi zərərə görə cavabdehdən tutulacaq pul əvəzinin miqdarını müəyyən edərkən, iddiaçının məhkəmə müdafiəsi hüququnun pozulması təhlükəsi yaranması nəticəsində onun keçirdiyi mənəvi sarsıntı və iztirabların dərəcəsini və davam edən müddətini, həmçinin nəticə etibarilə hüququnun bərpa edilməsini (şikayət vermə müddətinin) nəzərə alaraq, iddianın qismən təmin edilməklə iddiaçı X2 xeyrinə Cavabdeh1 MMC-dən tutulmalı olan pulun miqdarının 300 (üç yüz) manat həddində müəyyən edir. Məhkəmənin qənaətinə görə müəyyən edilən məbləğ sonuncunun əməlinə və maddi vəziyyətinə uyğun, eləcə də ağlabatan və ədalətlidir. Məhkəmə bu qənaətə gələrkən nəzərə alır ki, tutulan mənəvi zərərin məbləği bir tərəfi həddən artıq zənginləşdirməməli, digər tərəfi isə müflis etməməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında («Delcourt Belçikaya qarşı» işi üzrə 17.01.1970-ci il tarixli qərarı; «Piersack Belçikaya qarşı» iş üzrə 01.10.1982-ci il tarixli qərarı; «X12rşı» işi üzrə 26.10.1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: «Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir». Məhkəmə iddia tələbinin Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə qarşı yönədilməsi ilə bağlı qeyd edir ki, Cavabdeh1 MMC sözügedən Nazirliyin tabeliyində olsa da, məhkəmə araşdırması nəticəsində İddiaçı Cavabdeh1 MMC-nin qanunsuz hərəkətləri nəticəsində ona mənəvi zərər vurulmasına dair iddiasının əsasını təşkil edən halları sübut edə bilsə də, digər cavabdeh kimi cəlb etdiyi Nazirlik tərəfindən onun hüquqlarının pozulmasını əsaslandırmamaqla bununla bağlı heç bir sübut da təqdim edə bilməmişdir. Buna görə də məhkəmə iddianın sözügedən Nazirliyə qarşı olan hissəsi üzrə təmin edilməsini mümkün saymır. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, mənəvi zərərin əvəzi olaraq 300 (üç yüz) manat Cavabdeh1 MMC-dən tutularaq iddiaçı X3 ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Mənəvi zərərin əvəzi olaraq 300 (üç yüz) manat Cavabdeh1 MMC-dən tutularaq iddiaçı X3 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar