Məhkəmə qərarları › İş №2(009)-1477/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1477/2024

01.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1477/2024 01.11.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı, İlkin iddia üzrə cavabdeh qarşılıqlı (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tutulması tələbinə dair ilkin iddia ərizəsi üzrə, həmçinin iddiaçı Cavabdeh İddiaçı qarşı nikahın pozulması tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, Cavabdeh ilə xx.xx.2018-ci il tarixdə 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsində nikahların bağlanması haqqında akt qeydləri kitabında 3105 nömrə ilə qeydə alınmış rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşdur. Birgə nikahlarından xx.xx.2019-cu il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X4 adlı uşaqları anadan olmuşlar. Cavabdehlə birgə nikahda olsalar da, ailənin və övladların saxlanması üçün heç bir xərc çəkmir və qazancını özü üçün xərcləyərək övladlarının heç bir maddi dəstək vermir. Övladları xx.xx.2019-cu il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X4 onun himayəsindədir. Cavabdeh onların maddi vəziyyəti ilə maraqlanmır, demək olar ki, uzun müddətdir ki, ailənin saxlanması üçün heç bir kömək göstərmir. Onun qazancı ilə uşaqların artan maddi təminatını ödəmək çox çətindir. Buna görə də o, “aliment tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bildirmək istəyir ki, o, xx.xx.2024-cü il tarixdə “Mediasiya prosesinin tətbiqi barədə təklif”in hazırlanması üçün Mediasiyaya müraciət etmişdir və həmin tarixdən etibarən mediasiya prosesi başlanmışdır. Qeyd edir ki, o, mediasiya prosesindən keçmişdir və bu barədə ona mediator X6 tərəfindən xx.xx.2024-cü il tarixdə “X2 (İMS) iştirak edilməməsi barədə” arayışı verilmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək hər ay hər bir uşaq üçün 235 manat aliment olmaqla, ümumilikdə 470 manat sabit pul məbləğində alimentin xx.xx.2024-cü il tarixdə “X2 (İMS) iştirak edilməməsi barədə” arayışın verilməsi gündən cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh İddiaçı qarşı nikahın pozulması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, ilkin iddia üzrə İddiaçı nikahın pozulması, aliment ödənilməsi, uşaqların ananın yanında saxlanılması və cehiz əşyalarının geri qaytarılması tələbi ilə 13 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Daha sonra ilkin İddiaçı yalnız aliment tələbi ilə məhkəməyə iddia vermişdir. xx.xx.2018-ci il tarixli, 3105 nömrəli nikah haqqında şəhadətnamə onların nikahda olduğunu təsdiq edir. Onların birgə nikahdan xx.xx.2019-cu il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X4 adlı uşaqları var. Onlar arasında artıq ailə münasibəti qalmamış və uzun müddətdir ki, onlar ayrı yaşayırlar. Göstərilənləri nəzərə alaraq iddiaçı xx.xx.2018-ci il tarixli 3105 nömrəli nikah haqqında şəhadətnamənin ləğv edilərək nikaha xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddianı tam müdafiə edərək, qarşılıqlı iddianı isə qəbul edərək izahatında göstərmişdir ki, evləndikləri vaxtdan cavabdehin anası tərəfindən narazılıq yaradılmış, cavabdeh özü də ona təhqir edib şiddət göstərmişdir. 3 ay müddət ərzində barışıq olmamışdır, o, da nikahın pozulmasını istəyir. Məhkəmədən ilkin və qarşılıqlı iddianın təmin edilməsini xahiş edir. İddiaçı həmçinin göstərmişdir ki, cehiz əşyalarını qısa müddətdə cavabdehgilin evindən çıxaracaq. Məhkəmə iclasında izahatı alınmış ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilkin iddianı qəbul edərək onun təmin edilməsini, qarşılıqlı iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh həmçinin izahatında göstərmişdir ki, onlar 2018-ci ildə ailə qurmuşlar, lakin ayrı ünvanlarda qalırlar. O, alimenti ödəməyə etiraz etmir. Məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixdə qarşılıqlı iddia üzrə cavabdehin boşanmağa razı olmaması səbəbindən onlara barışmaq üçün 3 ay vaxt verilərək işin icraatı təxirə salınmışdır. İddiaçı onun tərəfindən barışıqla bağlı edilmiş təklifləri cavabsız qoyduğundan və hazırda da onunla barışmadığından, o, nikahın pozulmasında israrlıdır. Uşaqların ananın yanında qalmasına etiraz etmir. Məhkəmə iclasında izahatı alınmış ilkin iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) nümayəndəsi və vəkili Vəkil izahatında göstərmişdir ki, cavabdeh nikahın pozulmasında israrlıdır, eyni zamanda uşaqların ananın himayəsində qalmasına və hər uşağa görə 235 manat aliment ödənilməsinə etiraz edilmir. İlkin və qarşılıqlı iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə təqdim edilmiş sübutları məcmu halında tam, hərtərəfli, obyektiv araşdıraraq və hüquqi qiymət verib hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia tələbi təmin edilməlidir. İş üzrə 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2018ci il tarixli nikah haqqında şəhadətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2018-ci il tarixdə nikah bağlanılmış və bu barədə akt qeydləri kitabında 3105 №-li akt qeydi icra edilmişdir. Nikahdan sonra ərə Quliyev, arvada Əliyeva soyadı verilmişdir. İş üzrə doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahdan xx.xx.2019-cu il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X4 adlı uşaqları var. İş üzrə Bakı 13 saylı Mediasiya təşkilatı tərəfindən tərtib edilmiş X2 (İMS) iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli, MŞB/13/2024-00751 saylı arayışından görünür ki, İddiaçı “nikahın pozulması, uşaqların ananın himayəsinə verilməsi, aliment tələbi, cehiz əşyalarının geri verilməsi və nikah dövründə yaşadığı evdən istifadə hüququnun verilməsi” tələbinə dair mübahisəsi üzrə xx.xx.2024-cü il tarixdə, saat 10.00-da keçirilməsi nəzərdə tutulan X2 Cavabdeh iştirak etməmişdir. Məhkəmə ilk növbədə verilmiş qarşılıqlı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 16-cı maddəsinə əsasən nikaha xitam verilməsi müvafiq icra hakimiyyəti orqanı, bu Məcəllənin 19-21-ci maddələrində nəzərdə tutulmuş hallarda isə məhkəmə tərəfindən həyata keçirilir. Göstərilən Məcəllənin 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanılmasının qeyri mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Qeyd edilən Məcəllənin 20.2-ci maddəsinə əsasən tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasına təkid etdikdə nikah pozulur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2018-ci il tarixdə nikah bağlanılmış və onların birgə nikahdan xx.xx.2019-cu il təvəllüdlü Əsmər və xx.xx.2021-ci il təvəllüdlü Qumral adlı uşaqları var. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı cavabdehlə ailə münasibətlərinin pozulmasını və ailənin bərpasının qeyri-mümkün olmasını əsas tutaraq nikahın pozulması ilə bağlı tələb irəli sürmüşdür. Məhkəmə tərəflərə barışmaq üçün 3 ay müddət müəyyən etməklə işi təxirə salsa da bu müddət bitdikdən sonra qarşılıqlı iddia üzrə iddiaçının nikahın pozulmasına təkid etdiyini, ailənin saxlanılmasının qeyri-mümkünlüyünü nəzərə alaraq hesab edir ki, tərəflər arasında olan nikah pozulmalıdır. Məhkəmə birgə nikahdan olan uşaqların hansı valideynin yanında qalması məsələsi üzrə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli Qərarının 7-ci bəndinə əsasən nikah məhkəmə qaydasında pozularkən ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim etməzlərsə və yaxud təqdim olunan saziş uşaqların və ya tərəflərdən birinin marağını pozarsa, məhkəmə mütləq qaydada boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını; 22.2.2-ci maddəsinə əsasən uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Məhkəmə qanunvericiliyin qeyd edilən norması və Ali Məhkəmənin yuxarıda qeyd edilən Plenum Qərarında göstərilənləri nəzərə alaraq hesab edir ki, nikahın pozulması barədə hazırki işə baxarkən eyni zamanda yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulması müəyyən edilməlidir. Məhkəmə tərəflərin birgə nikahdan olan uşaqların hansı valideynin yanında qalmaları ilə bağlı məsələni müzakirə edərək qeyd edir ki, yetkinlik yaşına çatmamış uşaqlar qarşılıqlı iddia üzrə cavabdehin yanında yaşadıqlarından və iddiaçı uşaqların cavabdehin yanında qalmalarına etiraz etmədiyindən, tərəflərin birgə nikahdan olan yetkinlik yaşına çatmamış uşaqların qarşılıqlı iddia üzrə cavabdehin yanında qalması müəyyən edilməlidir. Məhkəmə birgə əmlakın bölünməsi ilə bağlı tələbin olmamasını nəzərə alaraq hesab edir ki, həmin məsələnin hazırki mərhələdə həll edilməsinə zərurət yoxdur. Bununla belə məhkəmə tərəflərə birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi ilə bağlı məsələnin AR Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət çərçivəsində həll etməsini məqsədəmüvafiq olduğunu izah edir. Məhkəmə verilmiş ilkin iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İlkin iddia üzrə iddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, cavabdeh uşaqları ilə maraqlanmır, uşaqların saxlanılması üçün nə maddi, nə də mənəvi dəstək göstərmir. Bu səbəbdən iddiaçı məhkəmədən uşaqların saxlanılması üçün cavabdehdən hər ay hər uşaq üçün 235 manat sabit pul məbləği şəklində alimentin tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76 maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə adambaşına uşaqlar üçün 235 manat məbləğində təsdiq edilmişdir. Məhkəmə ilkin iddia üzrə cavabdehin uşaqların saxlanılması üçün iddiaçıya hər hansı maddi yardım göstərilməməsini, 2024-cü il üçün yaşayış minimumunun uşaqlar üçün 235 manat müəyyən edilməsini, alimentlə bağlı tələbi ilkin iddia üzrə cavabdeh tərəfindən etiraf edilməsini nəzərə alaraq hesab edir ki, cavabdehdən uşaqların saxlanılması üçün hər ay hər uşaq üçün 235 manat məbləğində sabit pul məbləği şəklində aliment tutulmalıdır. Məhkəmə ilkin iddia tələbinin alimentin xx.xx.2024-cü il tarixdə “X2 (İMS) iştirak edilməməsi barədə” arayışın verilməsi gündən cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə hesab edir ki, aliment tutulması ilkin iddia üzrə iddiaçının mediasiya təşkilatının “X2 (İMS) iştirak edilməməsi barədə” arayışının verilməsi gündən deyil, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan - xx.xx.2024-cü il tarixdən başlanılmalıdır. AR MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə habelə hesab edir ki, alimentin tutulması hissəsində qətnamə dərhal icra edilməlidir. AR MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. Məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə aliment tutulması müəyyən edildiyindən, cavabdehdən bir il ərzində tutulacaq alimentin ümumi məcmusu – 5640 manat nəzərə alınaraq, dövlət rüsumunun əvəzi kimi 76,40 manat məbləğində dövlət nəfinə pul tutulmalıdır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 234 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Qarşılıqlı iddia təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış 05 sentyabr 2018-ci il tarixli, 3105 saylı nikahın bağlanması haqqında akt qeydinə əsasən bağlanılmış nikah pozulsun. xx.xx.2019-cu il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X1 anaları – İddiaçı yanında qalmaları müəyyən edilsin. İlkin iddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq, xx.xx.2019-cu il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 235 manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. İlkin iddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 76,40 (yetmiş altı manat, qırx qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar