Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1494/2025 22.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı, Cavabdeh (video zəng vasitəsilə) iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından doğulmuş 09 avqust 2008-ci il təvəllüdlü X2 və 24 dekabr 2012-ci il təvəllüdlü Abdullazadə Humeyra Elvin qızının yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh onun xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,75 misli həddində (2025-ci il üçün iki uşağa görə 2x (400 manat x 0.75)=600 manat olmaqla) sabit pul məbləğində alimentin və ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödədiyi 50 (əlli) manat xidmət haqqının alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: o, cavabdeh ilə 14 aprel 2007-ci il tarixdə rəsmi nikah qeyd etdirərək ailə qurmuşdur. Onların birgə nikahlarından 09 avqust 2008-ci il təvəllüdlü X3 və 24 dekabr 2012-ci il təvəllüdlü Abdullazadə Humeyra Elvin qızı adlı övladları dünyaya gəlmişdir. Ailə qurduqları ilk vaxtlar Cavabdeh ilə münasibətləri normal olmuş, lakin sonradan pisləşmişdir. Aralarındakı münasibətlər pozulduğu üçün o, nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-3660/2017 nömrəli, 18 avqust 2017-ci il tarixli qətnaməsi ilə aralarındakı nikah pozulmuşdur. Aralarındakı nikah pozulan vaxtdan etibarən birgə nikahdan olan uşaqları onun yanında qalsa da, o, cavabdehdən aliment tələb etməmişdir. Lakin artıq uşaqları böyümüş, ehtiyacları artmış, bu səbəbdən o, uşaqların ehtiyaclarını tək başına qarşılaya bilmədiyindən cavabdehdən aliment tələb edir. İlkin olaraq məhkəmədən kənar qaydada məsələnin həll olunması üçün mediasiyaya müraciət etsə də, cavabdeh mediasiyanın keçirilməsi ilə bağlı görüşə gəlməmiş və buna görə də ona 28 aprel 2025-ci il tarixdə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Buna görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmiş, həmçinin bildirmişdir ki, uşaqların saxlanılmasında ona anası və qardaşı yardım edir, kirayə mənzildə yaşayır, özü işləmir, qarşı tərəf uşaqlara paltar və s. ləvazimatlar alır, lakin sabit pul məbləğində aliment ödənilməsi uşaqların gündəlik xərclərinin təmin edilməsi baxımından zəruridir. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, yeni ailə qurmuş və övladı vardır. Tələb olunan məbləğ çox yüksəkdir. Onsuz da o, ayda təxminən 500 manata qədər uşaqlara xərc çəkir. İddia tələbinin qismən təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçı və cavabdeh tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Xaçmaz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 192057 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 09 avqust 2008-ci il təvəllüdlü X1 şəhərində anadan olmuş, ata qrafasında Cavabdeh, ana qrafasında X6 qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Xaçmaz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı, 084059 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 24 dekabr 2012ci il təvəllüdlü Abdullazadə Humeyra Elvin qızı Sumqayıt şəhərində anadan olmuş, ata qrafasında Cavabdeh, ana qrafasında X6 qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(067)- 3660/2017 saylı qətnaməsindən görünür ki, X6 ilə Cavabdeh arasında 14 aprel 2007-ci il tarixli bağlanmış nikahın pozulması qət edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh 14 aprel 2007-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Onların birgə nikahından 09 avqust 2008-ci il təvəllüdlü X3 və 24 dekabr 2012-ci il təvəllüdlü Abdullazadə Humeyra Elvin qızı anadan olmuşdur. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(067)-3660/2017 saylı qətnaməsin əsasən, X6 ilə Cavabdeh arasında 14 aprel 2007-ci il tarixli bağlanmış nikahın pozulması qət edilmişdir. Qətnamədən görünür ki, alimentin tutulması barədə qərar qəbul edilməmişdir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək cavabdehdən uşaqların saxlanılması üçün alimentin məhkəmə qətnaməsi əsasında alınaraq iddiaçıya ödənilməsini tələb edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. -75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. -75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. -78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından, (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. (AM-in 78.2.) Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 7.1-ci bəndində göstərilmişdir ki, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. X8 edilmiş 20 dekabr 2024cü il tarixli dəyişikliyə əsasən Qərarın 8.4-1-ci bəndində göstərilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. - 8.4-2. Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 27 dekabr 2024-cü il tarixli Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 (iki yüz qırx altı) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə alimentin miqdarını müəyyən edərkən uşaqların mənafeyini, onların təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını, eyni zamanda tərəflərin maddi vəziyyətini nəzərə alaraq hesab edir ki, tərəflərin azyaşlı övladları 09 avqust 2008-ci il təvəllüdlü X2 və 24 dekabr 2012-ci il təvəllüdlü Abdullazadə Humeyra Elvin qızının yetkinlik yaşına çatana qədər saxlanılması üçün tutulmalı olan alimentin məbləğinin hər ay hər birinə görə 252 manat məbləğində müəyyən edilməsi uşaqların mənafeyi baxımından məqsədə uyğundur. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, yetkinlik yaşına çatanadək hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla minimum əmək haqqının (252:400=0,63) 0,63 misli həddində sabit pul məbləğində aliment cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Odur ki, iddia təmin edilərək Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə uyğun olaraq alimentin tutulmasının əvvəli iddiaçı məhkəməyə müraciət etdiyi vaxtdan, yəni 10 iyun 2025-ci il tarixindən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. -217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. (119.2.) Məhkəmə iddianın qimən təmin olunduğunu, iddiaçının qanunla müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edildiyindən sadalanmış normaları hazırki iş üzrə tətbiq edərək belə qənaətə gəlir ki, cavabdehdən 80 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Beləliklə, məhkəmə mülki iş üzrə araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 09 avqust 2008-ci il təvəllüdlü X2 və 24 dekabr 2012-ci il təvəllüdlü Abdullazadə Humeyra Elvin qızının yetkinlik yaşına çatana qədər saxlanılması üçün 10 iyun 2025-ci il tarixdən hesablanaraq hər ay hər uşaq üçün ayrı-ayrılıqda sonrakı artımlar nəzərə alınmaqla minimum əmək haqqının 0,63 misli həddində sabit pul məbləğində aliment və 50 (əlli) manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilməli, Cavabdeh 80 (səksən) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməli, iddia qalan hissədə təmin edilməməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 09 avqust 2008-ci il təvəllüdlü X2 və 24 dekabr 2012-ci il təvəllüdlü Abdullazadə Humeyra Elvin qızının yetkinlik yaşına çatana qədər saxlanılması üçün 10 iyun 2025-ci il tarixdən hesablanaraq hər ay hər uşaq üçün ayrı-ayrılıqda sonrakı artımlar nəzərə alınmaqla minimum əmək haqqının 0,63 misli həddində sabit pul məbləğində aliment və 50 (əlli) manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh 80 (səksən) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamə alimentin tutulmasına aid hissədə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-1494/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1494/2025
22.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver