Məhkəmə qərarları › İş №2(009)-1524/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1524/2021

11.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1524/2021 11.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı - Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan anadan olmuş 21.11.2015-ci il təvəllüdlü X5, 06.03.2019-cu il təvəllüdlü X6 və 10.10.2020-ci il təvəllüdlü X1 üçün cavabdehdən aylıq hər uşaq üçün ayrılıqda 200 manat olmaqla, cəmi 600 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 20 fevral 2015 ci-il tarixində rəsmi nikaha girərək ailə qurmuşdur. Onların birgə nigahlarından 21.11.2015-ci il təvəllüdlü X5, 06.03.2019-cu il təvəllüdlü X6 və 10.10.2020-ci il təvəllüdlü X7 adlı üç uşaqları anadan olmuşdur. O, cavabdehlə cəmi bir il mehriban yaşasa da, sonradan cavabeh dəfələrlə onları (yəni ki, o, və üç uşağı) evdən qovmaqla təhdid etmiş və sonda onları evdən qovub çıxartmışdır. Onlar faktiki olaraq ayrılmışlar və azyaşlı uşaqlarını o, saxlayır. O, uşaqların saxlanması üçün lazım olan xərcləri təkbaşına çəkməli olmuşdur. Bu işdə anası ona maddi yardım etsə də, cavabdeh uşaqların saxlanması üçün ona heç bir köməklik etmir. Bu isə onun üçün bir sıra ciddi maddi çətinliklər yaradır. Belə ki, uşaqların saxlanmasına ayda 600-800 manata qədər vəsait lazım olur ki, həmin vəsaitin onun tərəfindən təkbaşına ödənilməsi qeyri-mümkündür. Cavabdeh fərdi sahibkarlıqla məşğul olur, özünə aid şəxsi dükanı var. Maştağada evinin qarşısında şəxsi dükanı ilə yanaşı hər yay sezonunda Xətai rayonu, Babək prospektində maşın kondisioner ustası kimi də işləyir və kifayət qədər yüksək qazanc əldə edir. Lakin buna baxmayaraq o, uşaqların saxlanmasında o, heç bir kömək etmir. Cavabdeh qazancı sabit olmadığına görə alimentin cavabdehdən sabit pul müqabilində tutulması daha düzgün olardı. Uşaqların saxlanması bir valideyn kimi cavabdehində vəzifəsi olduğundan belə hesab edir ki, ondan 21.11.2015ci il təvəllüdlü X5, 06.03.2019-cu il təvəllüdlü X6 və 10.10.2020-ci il təvəllüdlü X7 adlı uşaqlarının saxlanması üçün hər ay, hər uşağa sabit pul müqabilində 200 manat olmaqla, ümumilikdə 600 manat miqdarında aliment tutulmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək, maddi qazancının yüksək olmadığını, mebel ustası işlədiyini, başqa uşağının da olduğunu və ona 80 manat aliment ödədiyini, hazırki iddia tələbi üzrə uşaqlarının saxlanması üçün hər uşaq üçün hər ay 80 manat ödəniş edə biləcəyəni bildirərək iddia tələbinin qismən təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 5 saylı Bakı “Asan Xidmət” Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 425206 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 15.02.2021-ci il tarixdə nikah bağlanmış və həmin nikah 254 №-li akt qeydi ilə rəsmiləşdirilmişdir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin təsdiq olunmuş surətindən görünür ki, tərəflərin birgə nikahlarından 21.11.2015-ci il təvəllüdlü X5, 06.03.2019-cu il təvəllüdlü X6 və 10.10.2020-ci il təvəllüdlü X7 adlı uşaqları anadan olmuş, ata qrafalarında Cavabdeh, ana qrafalarında İddiaçı olması qeyd edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh faktiki ailə münasibətlərindən 21.11.2015-ci il təvəllüdlü X5, 06.03.2019-cu il təvəllüdlü X6 və 10.10.2020-ci il təvəllüdlü X7 adlı uşaqları anadan olmuşdur. Tərəflər 15.02.2021-ci il tarixdə 254 saylı nikah akt qeydi ilə 5 saylı Bakı “Asan Xidmət” Mərkəzi Qeydiyyat şöbəsində nikaha daxil olmuşlar. Ailə münasibətləri əvvəllər normal olsa da, sonradan münasibətləri pozulmuş, hazırda cavabdehlə rəsmi nikah münasibətləri qüvvədə olsa da, iddiaçı uşaqları ilə birlikdə cavabdehdən ayrı yaşayır, uşaqlar onun himayəsindədir. Cavabdeh uşaqların saxlanmasında ona maddi köməklik göstərmir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğində alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 29 dekabr 2020-ci il tarixli Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iş materiallarını və məhkəmə araşdırması zamanı müəyyən edilmiş işin hallarını nəzərə alaraq hesab edir ki, iş üzrə cavabdeh 21.11.2015-ci il təvəllüdlü X5, 06.03.2019-cu il təvəllüdlü X6 və 10.10.2020-ci il təvəllüdlü X4 atası olması işin mübahisəsiz halıdır. Ona görə də, İddiaçı cavabdehə qarşı aliment tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Alimentin miqdarını müəyyən edərkən məhkəmə uşaqların mənafeyini, onların təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını, respublikada 2021-ci il üçün uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu məbləğini, eyni zamanda tərəflərin maddi və sosial vəziyyətini, cavabdehin digər uşağına da aliment ödəməsini nəzərə alaraq hesab edir ki, tərəflərin azyaşlı uşaqları 21.11.2015-ci il təvəllüdlü X2, 06.03.2019-cu il təvəllüdlü X3 və 10.10.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 110 (bir yüz on) manat olmaqla, ümumilikdə 330 (üç yüz otuz) manat sabit pul məbləğində alimentin tutulması uşaqların mənafeyi baxımından məqsədə uyğundur. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə uyğun olaraq alimentin tutulmasının əvvəli iddiaçı məhkəməyə müraciət etdiyi vaxtdan, yəni 17.05.2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. (119.2.) Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci və 9.1.2-ci maddəsinə müvafiq olaraq məhkəməyə verilən iddia ərizələri üzrə iddia qiyməti 500 manatdan çox olduqda dövlət rüsumunun qiyməti 30 (otuz) manat miqdarında, 500 manatadək olduqda isə dövlət rüsumunun qiyməti 20 (iyirmi) manat müəyyən edilmişdir. Aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə iddianın təmin olunduğunu, iddiaçının qanunla müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edildiyini nəzərə alaraq və sadalanmış normaları hazırki iş üzrə tətbiq edərək belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edildiyindən cavabdehdən 20 (iyirmi) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Beləliklə, məhkəmə mülki iş üzrə araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, tərəflərin birgə nikahından doğulmuş 21.11.2015-ci il təvəllüdlü X5, 06.03.2019-cu il təvəllüdlü X6 və 10.10.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün 17.05.2021-ci il tarixdən hesablanaraq hər ay hər uşaq üçün 110 (bir yüz on) manat olmaqla, ümumilikdə 330 (üç yüz otuz) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməli, Cavabdeh 20 (iyirmi) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 21.11.2015-ci il təvəllüdlü X2, 06.03.2019-cu il təvəllüdlü X3 və 10.10.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün 17.05.2021-ci il tarixdən hesablanaraq hər ay hər uşaq üçün 110 (bir yüz on) manat olmaqla, ümumilikdə 330 (üç yüz otuz) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh 20 (iyirmi) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar