Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1526/2021 13.08.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı - Cavabdeh Sığorta Şirkəti ASC-yə (X13 3-cü şəxs kimi cəlb edilən) qarşı “sığorta məbləğinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı “sığorta məbləğinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Sığorta Şirkəti ASCdən 5000 (beş min) manat sığorta məbləğinin, 160 (yüz altmış) manat dəbbə pulunun, 150 (yüz əlli) manat yol xərclərinin və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat məbləğində vəsaitin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, 24 avqust 2020-ci il tarixdə qızı X7 yaşadıqları Qax şəhərindən Bakı şəhərinə gedərkən X8 idarə etdiyi “X16 115 CDİ” markalı **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı-Şamaxı-Yevlax yolunun Qobustan rayonu ərazisindən keçən 85.5-ci kilometrliyində yol-nəqliyyat hadisəsi baş vermiş və nəticədə qızı X7 hadisə nəticəsində aldığı ağır xəsarətdən hadisə yerində rəhmətə getmişdir. Hadisə ehtiyatsızlıqdan olduğundan, həm də təqsirləndirilən şəxsin yaxın qohumlarının istər ibtidai, istər məhkəmə istintaqı zamanı üzrxaqlıq etmələri səbəbindən o, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığı barədə ərizə yazaraq məhkəməyə təqdim etmişdir. Belə ki, 26.01.2021-ci il tarixdə Qobustan Rayon Məhkəməsinin hökmü ilə X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə (cəzasını X11 müəssisəsində çəkməklə) azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hadisə baş verdiyi tarixdən yəni, 24.08.2020-ci il tarixdən kürəkəni sığorta şirkəti ilə mütəmadi əlaqə saxlayaraq lazımi sənədləri şığorta şirkətinə göndərmişdir. Hətta həyat yoldaşı Rusiya Federasiyasında olduğundan təyin olunmuş 5000 (beş min) manat vəsaitin onun tərəfindən götürülməsinə etiraz etməməsi barədə ona etibarnamə göndərmiş və o, da həmin etibarnaməni notariat kontorunda tərcümə edib təsdiq olunmuş vəziyyətdə sığorta şirkətinə təqdim etmişdir. Qobustan Rayon Məhkəməsinin 1(026)-2/2021 saylı, 26.01.2021-ci il tarixli hökmü qanuni qüvvəsini aldıqdan sonra sığorta şirkəti 5000 manat sığorta məbləğini ödəməkdən imtina edir. Belə ki, Cavabdeh Sığorta Şirkəti ASC 5000 manat sığorta məbləğini ödəməkdən imtinanı, hökmdə göstərilmiş ziyanın ödənilməsi və təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmaması ilə əsaslandırır. Lakin təqsirləndirilən şəxs tərəfindən ona heç bir ziyan ödənilməmiş, o, təqsirləndirilən şəxsə ağır cəzanın verilməməsi üçün şikayət və tələbinin olmadığını bildirmişdir. Sığorta ödənişindən imtina etmələrinə görə Mərkəzi Banka dəfələrlə şikayət etməklərinə baxmayaraq Cavabdeh Sığorta Şirkəti ASC şirkəti rəsmi təqdim olunmuş şikayətə baxmamışdır. Qeyd edir ki, hadisə zamanı xəsarət alan şəxslərə sığorta ödənişi olmuş, lakin onun mərhum qızına təyin olunan sığorta məbləği ödənilməmişdir. Sonradan İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək Cavabdeh Sığorta Şirkəti ASC-dən 5000 (beş min) manat sığorta məbləğinin, 800 (səkkiz yüz) manat dəbbə pulunun, 600 (altı yüz) manat yol xərclərinin və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat məbləğində vəsaitin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi həcminin artırılması barədə ərizə onunla əsaslandırılmışdır ki, o, Qax şəhərində yaşayır. Məlum hadisədən sonra sinir və təzyiq ilə bağlı olan xəstəlikdən əziyyət çəkir və bu da, onun uzaq yol gedib gəlməyinə təsir edir. Ölkədə olan karantin rejimi ilə əlaqədər avtobuslar işləmir buna görə də o, taksi ilə Qaxdan-Bakı şəhərinə gəlib getməklə xeyli miqdarda pul vəsaiti xərcləyir. Belə ki, 29.03.2021, 16.04.2021, 25.05.2021, 11.06.2021, 23.07.2021, 13.08.2021-ci il tarixlərində keçirilmiş məhkəmə iclaslarında iştirak etməklə hər məhkəmə iclasına gəlməyi üçün 100 manat, ümumilikdə 6 məhkəmə iclası üçün 600 manat əlavə pul xərcləmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə etmiş və təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddia tələbinə etiraz edərək göstərmişdir ki, iş materiallarına əsasən nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə Cavabdeh Sığorta Şirkətində sığorta olunan “X16 115 CDİ” markalı, ** XP *** dövlət qeydiyyat nişanlı avtomobil 24 avqust 2020-ci il tarixində Bakı şəhəri istiqamətində hərəkətdə olarkən yolun solundakı orta beton zolağına dəyərək aşmış, nəticədə avtomobildə sərnişin qismində olan X7 vəfat etmiş, X6 isə az ağır xəsarət almışdır. “İcbari Sığortalar haqqında” Qanunun 14.2.1-ci maddəsinə əsasən zərərçəkənin ölməsi halında sığorta ödənişi sığorta məbləğinin 100 faizini təşkil edir. “İcbari Sığortalar haqqında” Qanunun 56.1.1-ci maddəsinə əsasən fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat təşkil edir. İş üzrə Qobustan Rayon Məhkəməsinin 1(026)-2/2021 saylı, 26 yanvar 2021-ci il tarixli hökmündən görünür ki, zərərçəkmiş X4 hüquqi varisi İddiaçı təqsirləndirilən şəxs X10 qarşı heç bir şikayət və tələbi olmamışdır. Məhkəmə təqsirləndirilən şəxs Ə.Ə.Nəbiyevin zərərçəkmiş şəxsin hüquqi varisinə və zərərçəkmiş şəxslərə ziyanı tam ödəməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin və zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayəti və tələbi olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə almışdır. Qanunun 19.3-cü maddəsinə əsasən mülki məsuliyyətin sığortası üzrə üçüncü şəxs onun sağlamlığına dəyən zərərin əvəzinin ödənilməsini sığortalıdan, sığorta olunandan və yaxud bu Qanunla müəyyən edilmiş sığorta məbləği həddində sığortaçıdan tələb edə bilər. Qanunun 19.4-cü maddəsinə əsasən mülki məsuliyyətin sığortası üzrə üçüncü şəxsin sağlamlığına zərər vurulması ilə əlaqədar sığortalı və ya sığorta olunan tərəfindən zərərçəkənin xeyrinə hər hansı ödəmə həyata keçirildikdə sığortaçı bu Qanuna uyğun olaraq hesablanan sığorta ödənişini bu Qanunun 19.5-ci maddəsinin tələbi nəzərə alınmaqla, sığorta məbləği həddində sığortalıya və ya sığorta olunana verir. Mülki Məcəllənin 935.1.7-ci maddəsinə əsasən əmlakın sığortası üzrə sığortalı, sığorta olunan və ya faydalanan şəxsin zərərin əvəzini tam olaraq zərər dəyməsində təqsirli olan şəxsdən alması zərərvuran zərərin əvəzini qismən ödəmiş olduqda sığorta ödənişindən ödənilmiş məbləğ həcmində imtina edilir. Qanunun şərhindən məlum olur ki, zərərvuran tərəfindən zərərçəkənin hüquqi varisinə ödəniş edildiyi üçün bu halda iddiaçının deyil, zərərvuranın sığortaçıdan tələb hüququ yaranır. Baxılan halda iş materialları ilə zərərvuran tərəfindən zərərçəkənin hüquqi varisinə ödəniş edilməsinin əksi sübut olunmadığı üçün hesab edirlər ki, İddiaçı sığortaçıya qarşı sığorta ödəniş tələbinə dair iddiası əsassızdır. Qeyd edilənləri nəzərə alaraq İddiaçı - Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı “sığorta məbləğinin ödənilməsi” tələbinə dair iddiasının rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş 2 saylı X11 Müəssisəsində cəza çəkən üçüncü şəxs X13 məhkəmə iclasında iştirak etmək arzusunu bildirməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq onun və onun qohumları tərəfindən İddiaçı dəymiş ziyanın ödənilmədiyini bildirmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb iddiaçının, eləcə də cavabdehin nümayəndəsinin izahatlarını, şahid ifadəsini dinləyib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş Qobustan Rayon Məhkəməsinin 1(026)-2/2021 nömrəli, 26.01.2021-ci il tarixli hökmünün surətindən görünür ki, məhkəmə X8 hadisələrin təsadüfi axarı nəticəsində ilk dəfə olaraq az ağır cinayət törətməsini, törətdiyi cinayəti etiraf edib əməlindən səmimi peşmançılıq keçirməsini, zərərçəkmiş şəxsin hüquqi varisinə və zərərçəkmiş şəxslərə ziyanı tam ödəməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin və zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbi olmadığını, himayəsində azyaşlı uşağının olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını cəzanı yüngülləşdirən hal kimi, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq X8 Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirli bilinib 1 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 il 5 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, cəzasını X11 müəssisəsində çəkməsi, cəzaçəkmənin əvvəlinin X11 müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanması hökm edilmişdir. İşə əlavə edilmiş Cavabdeh Sığorta Şirkəti tərəfindən İddiaçı verilmiş 05.02.2021-ci il tarixli cavab məktubundan görünür ki, o, istintaqa müraciət edərək dəymiş maddi və mənəvi zərərin tam ödənildiyini və hadisə ilə bağlı zərər vurana qarşı iddia və tələbinin olmadığını bildirmişdir. CM-nin 263.2 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs - X13 isə zərərçəkmiş şəxsə, yəni ona dəymiş ziyanı tamamilə ödədiyinə görə cinayət məsuliyyətindən azad edilmişdir. Lakin təqdim olunmuş sənədlərdə sığortalı və ya sığorta olunanın (zərər vuranın) ona ödədiyi zərər məbləği göstərilmir. “İcbari sığortalar haqqında” Qanunun 10 və 20-ci maddələrinin müddəlarına görə ona ödənilmiş zərər məbləği müəyyən edilmədən sığortalıya, sığorta olunana yoxsa zərərçəkənə və hansı həcmdə sığorta ödənişinin verilməsini müəyyənləşdirmək mümkünsüzdür. İş materiallarına əlavə olunmuş İddiaçı tərəfindən Qobustan Rayon Məhkəməsinə ünvanlanmış 28.10.2020 və 11.11.2020-ci il tarixli teleqramlardan görünür ki, o, ailə vəziyyəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini göstərərək təqsirləndirilən şəxs X10 qarşı heç bir şikayət və tələbi olmadığını və bunun nəzərə alınmasını xahiş etmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin məktubuna cavab olaraq 2 saylı X11 Müəssisəsində cəza çəkən məhkum X13 tərəfindən yazılmış ərizədən 28.07.2021-ci il tarixli cavabdan görünür ki, onun və onun qohumları tərəfindən İddiaçı dəymiş ziyan ödənilməmişdir. İş materiallarına əlavə olunmuş 14.10.2020-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Bank tərəfindən 15 manat xidmət haqqı tutulmaqla X5 1485 manat məbləğində sığorta haqqı ödənilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, o, iddiaçının qohumu olmaqla həmin hadisə üzrə zərərçəkmiş şəxsdir. Belə ki, “X16 115 CDİ” markalı, ** XP *** dövlət qeydiyyat nişanlı avtomobil ilə 24 avqust 2020-ci il tarixində Bakı şəhəri istiqamətində hərəkətdə olarkən yol-nəqliyyat hadisəsi baş vermiş və həmin vaxt o, da xəsarət almışdır. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində təqsirləndirilən şəxs X13 tərəfindən ona dəymiş ziyan ödənilməsə də, o, ailə vəziyyəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini göstərərək təqsirləndirilən şəxs X10 qarşı heç bir şikayət və tələbi olmadığını bildirmişdir. Buna baxmayaraq, Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən ona 1500 manat məbləğində sığorta ödənişi ödənilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə Cavabdeh Sığorta Şirkəti ASCdə sığorta olunan “X16 115 CDİ” markalı, ** XP *** dövlət qeydiyyat nişanlı avtomobil 24 avqust 2020-ci il tarixində Bakı şəhəri istiqamətində hərəkətdə olarkən yolun solundakı orta beton zolağına dəyərək aşmış, nəticədə avtomobildə sərnişin qismində olan X7 vəfat etmiş, X6 isə az ağır xəsarət almışdır. Qobustan Rayon Məhkəməsinin 1(026)-2/2021 nömrəli, 26.01.2021-ci il tarixli hökmünə əsasən məhkəmə X13 Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirli bilib 1 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 il 5 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bundan sonra X4 hüquqi varisi İddiaçı sığorta ödənişinin verilməsi ilə bağlı Cavabdeh Sığorta Şirkəti ASC-yə müraciət etmiş, lakin X2 zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödədiyinə görə cinayət məsuliyyətindən azad edilməsini, lakin təqdim olunmuş sənədlərdə sığortalı və ya sığorta olunanın (zərər vuranın) ona ödədiyi zərər məbləğinin göstərilmədiyini, “İcbari sığortalar haqqında” Qanunun 10 və 20-ci maddələrinin müddəlarına görə ona ödənilmiş zərər məbləği müəyyən edilmədən sığortalıya, sığorta olunana yoxsa zərərçəkənə və hansı həcmdə sığorta ödənişinin verilməsini müəyyənləşdirməyink mümkünsüzlüyünə istinad edərək sığorta ödənişinin verilməsindən imtina etmişdir. Məhkəmə iddia tələbinin “5000 (beş min) manat sığorta məbləğinin” ödənilməsi hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir: “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 6.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və (və ya) sığorta müqaviləsinin şərtlərinə uyğun olaraq, sığorta ödənişi verilməli olan şəxs faydalanan şəxs hesab edilir. Fərdi qəza sığortası üzrə sığorta olunan, onun öldüyü halda ailə üzvləri, onlar olmadığı halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsində nəzərdə tutulmuş digər vərəsələr, mülki məsuliyyətin sığortası üzrə isə üçüncü şəxs, onun öldüyü halda ailə üzvləri (üçüncü şəxs hüquqi şəxs olduqda, onun hüquq varisi) faydalanan şəxs hesab edilir. Həmin Qanunun 18.1-ci maddəsinə əsasən bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. Həmin Qanunun 19.3-19.4-cü maddələrinə əsasən mülki məsuliyyətin sığortası üzrə üçüncü şəxs onun sağlamlığına dəyən zərərin əvəzinin ödənilməsini sığortalıdan, sığorta olunandan və yaxud bu Qanunla müəyyən edilmiş sığorta məbləği həddində sığortaçıdan tələb edə bilər. Mülki məsuliyyətin sığortası üzrə üçüncü şəxsin sağlamlığına zərər vurulması ilə əlaqədar sığortalı və ya sığorta olunan tərəfindən zərərçəkənin xeyrinə hər hansı ödəmə həyata keçirildikdə sığortaçı bu Qanuna uyğun olaraq hesablanan sığorta ödənişini bu Qanunun 19.5-ci maddəsinin tələbi nəzərə alınmaqla, sığorta məbləği həddində sığortalıya və ya sığorta olunana verir. Həmin Qanunun 56.1.1-ci maddəsinə əsasən bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 926.1-ci maddəsinə əsasən, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.7-ci maddəsinə əsasən əmlakın sığortası üzrə sığortalı, sığorta olunan və ya faydalanan şəxsin zərərin əvəzini tam olaraq zərər dəyməsində təqsirli olan şəxsdən alması; zərərvuran zərərin əvəzini qismən ödəmiş olduqda sığorta ödənişindən ödənilmiş məbləğ həcmində imtina edilir. Göstərilən qanunvericilik aktı normalarının tələbindən də görünür ki, sığorta hadisəsi baş verdiyi halda fiziki şəxsin sağlamlığına dəyən zərərə görə sığortaçı tərəfindən sığorta ödənişinin zərərçəkmiş şəxsə verilməsi nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə Cavabdeh Sığorta Şirkəti ASC-də sığorta olunan “X16 115 CDİ” markalı, ** XP *** dövlət qeydiyyat nişanlı avtomobil 24 avqust 2020-ci il tarixində Bakı şəhəri istiqamətində hərəkətdə olarkən yolun solundakı orta beton zolağına dəyərək aşması və nəticədə avtomobildə sərnişin qismində olan X7 vəfat etməsi və qeyd edilən hadisənin sığorta hadisəsi kimi tanınması işin mübahisəsiz halıdır. Cavabdeh Sığorta Şirkəti ASC cinayət işi üzrə X8 zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödədiyinə görə cinayət məsuliyyətindən azad edilməsini, lakin təqdim olunmuş sənədlərdə sığortalı və ya sığorta olunanın (zərər vuranın) ona ödədiyi zərər məbləğinin göstərilmədiyini, “İcbari sığortalar haqqında” Qanunun 10 və 20-ci maddələrinin müddəlarına görə ona ödənilmiş zərər məbləği müəyyən edilmədən sığortalıya, sığorta olunana yoxsa zərərçəkənə və hansı həcmdə sığorta ödənişinin verilməsini müəyyənləşdirməyin mümkünsüzlüyünü göstərərək fiziki şəxsin sağlamlığına dəyən zərərə görə sığorta ödənişinin verilməsindən imtina etsə də, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla, o cümlədən 2 saylı X11 Müəssisəsində cəza çəkən 3-cü şəxs qismində cəlb edilmiş (məhkum) X13 tərəfindən yazılmış ərizə, şahid ifadəsi və iş materiallarında olan digər sübutlarla müəyyən edilmişdir ki, zəzərərçəkmiş şəxs X4 hüquqi varisi (iddiaçı) İddiaçı təqsirləndirilən şəxs X13 və ya onun qohumları tərəfindən hər hansı bir şəkildə zərərin əvəzi ödənilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı 5000 (beş min) manat sığorta məbləğinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə və fiziki şəxsin sağlamlığına dəyən zərərə görə 5000 (beş min) manat məbləğində pulu tələb etməkdə haqlı olmuşdur. Məhkəmə, Qanunvericiliyin tələbini və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, 5000 (beş min) manat məbləğində sığorta ödənişi cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə həmçinin iddia tələbinin “800 (səkkiz yüz) manat dəbbə pulunun tutulmasına” dair hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 934.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Həmin Məcəllənin 935.1.7-ci maddəsinə əsasən, əmlakın sığortası üzrə sığortalı, sığorta olunan və ya faydalanan şəxsin zərərin əvəzini tam olaraq zərər dəyməsində təqsirli olan şəxsdən alması; zərərvuranın zərərin əvəzini qismən ödəməsi sığorta ödənişindən imtinanın əsaslarından biridir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 18.1-ci maddəsinə əsasən, bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. Sığortaçı sığorta ödənişini bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. (18.2) Məhkəmə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 18.1-ci maddəsində, bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçının sığorta ödənişini verməli olmasının, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli olmasının, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməli olmasının, eləcə də Qanunuun 18.2-ci maddəsinə əsasən, sığortaçının sığorta ödənişini bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədiyi halda, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəməsinin nəzərdə tutulduğunu nəzərə alaraq, iddia tələbinin “800 (səkkiz yüz) manat dəbbə pulunun tutulmasına” dair hissəsini əsassız hesab edir. Belə ki, işin məhkəmə tərəfindən araşdırılmış hallarından da göründüyü kimi, iddiaçı sığorta ödənişinin verilməsi üçün tələb olunan bütün sənədlər də əlavə edilməklə 03.02.2021-ci il tarixli ərizə ilə Cavabdeh Sığorta Şirkəti ASC-yə müraciət edərək fiziki şəxsin sağlamlığına dəyən zərərə görə sığorta ödənişinin verilməsini xahiş etmişdir. Cavabdeh Sığorta Şirkəti ASC isə İddiaçı istintaqa müraciət edərək dəymiş maddi və mənəvi zərərin tam ödənildiyini və hadisə ilə bağlı zərər vurana qarşı iddia və tələbinin olmadığını, həmçinin cinayəti törətmiş şəxs - X8 zərərçəkmiş şəxsə, yəni ona dəymiş ziyanı tamamilə ödəməsi ilə bağlı sığorta ödənişinin verilməsindən imtina edərək, bununla bağlı ərizəçiyə 05.02.2021-ci il tarixli məktubla yazılı surətdə məlumat vermişdir. Göründüyü kimi, cavabdeh sığorta ödənişinin verilməsindən 05.02.2021-ci il tarixdə imtina etməklə, bu barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada yazılı surətdə İddiaçı məlumatlandırmışdır. Məhkəmə həmçinin onu da qeyd edir ki, İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-nin imtinası ilə razılaşmayaraq 09.03.2021-ci il tarixdə müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin qənaətinə görə, Cavabdeh Sığorta Şirkəti ASC-nin imtinası, sonradan isə tərəflər arasında məhkəmə mübahisəsinin mövcud olması cavabdeh tərəfindən sığorta ödənişinin qanunla müəyyən olunmuş müddətdə ödənilməməsi kimi qiymətləndirilə bilməz. Odur ki, dəbbə pulunun tutulması hissəsində iddia tələbi təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “600 manat əlavə xərcin əvəzinin ödənilməsi” hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (MPM 76.2) Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə xüsusilə vurğulayır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə ki, İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “600 manat əlavə xərcin əvəzinin ödənilməsini” tələb etsə də, iddia tələbinin əsası kimi istinad etdiyi halları yəni “29.03.2021, 16.04.2021, 25.05.2021, 11.06.2021, 23.07.2021, 13.08.2021-ci il tarixlərində keçirilmiş məhkəmə iclaslarında iştirak etməklə hər məhkəmə iclasına gəlməyi üçün 100 manat, ümumilikdə 6 məhkəmə iclası üçün 600 manat əlavə pul xərcləməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda isə iddiaçının istinad etdiyi hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından məhkəmə iddia tələbinin bu hissədə də əsassız olması qənaətinə gəlir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi isə qismən təmin olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumunun 20 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 10 manat hissəsi isə iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, sığorta ödənişinin əvəzi olaraq 5000 (beş min) manat məbləğində pul vəsaiti, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi, ümumilikdə 5020 (beş min iyirmi) manat məbləğində pul vəsaiti Cavabdeh Sığorta Şirkəti ASC-dən tutularaq İddiaçı ödənilməli, dövlət rüsumunun 10 (on) manat hissəsi iddiaçıya aid edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Sığorta ödənişinin əvəzi olaraq 5000 (beş min) manat məbləğində pul vəsaiti, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi, ümumilikdə 5020 (beş min iyirmi) manat məbləğində pul vəsaiti Cavabdeh Sığorta Şirkəti ASC-dən tutularaq İddiaçı ödənilsin. Dövlət rüsumunun 10 (on) manat hissəsi İddiaçı aid edilsin. İddia qalan hissələrdə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-1526/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1526/2021
13.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver