Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1533/2022 28.11.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Rüstəmova Çinarə Mübariz qızının katibliyi, İddiaçı, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC Sığorta şirkətində sığortalı olan 90CR197 dövlət qeydiyat nişanlı VAZ 21074 minik markalı avtomobilin sürücüsünün təqsiri üzündən baş vermiş yol nəqliyyat hadisəsi zamanı ona məxsus 40BT077 dövlət qeydiyat nişanlı VAZ 21074 markalı avtomobilə dəymiş 1633 manat məbləğində zərərin, ziyan aktının tərtib olunması üçün ödədiyi 30 manat rüsumu və 30 manat məhkəmə rüsumu olmaqla, ümumi olaraq 1693 manat məbləğin "xxxx" ASC Sığorta şirkəti tərəfindən ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 07 mart 2022-ci il tarixdə Quba şəhəri ərazisində 90CR197 dövlət qeydiyat nişanlı VAZ 21074 minik markalı və iddiaçıya məxsus 40BT077 dövlət qetdiyat nişanlı VAZ 21074 markalı avtomobillərin iştirakı ilə yol nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş yol nəqliyyat hadisəsi "xxxx" ASC Sığorta şirkətində sığortalı olan 90CR197 dövlət qeydiyat nişanlı VAZ 21074 markalı avtomobilin sürücüsünün təqsiri üzündən baş vermişdir. Yol nəqliyyat hadisəsi nəticəsində iddiaçının avtomobilinə 1633 (min altı yüz otuz üç) manat dəyərində zərər dəymişdir. Bu zərər məbləği hadisədən sonra Quba şəhərində fəaliyyət göstərən avto təmir stansiyasının ustaları tərəfindən iddiaçının avtomobilinə baxış keçirərək müəyyən olunmuş və bu barədə ziyan aktı tərtib edilmişdir. 2022-ci ilin aprel ayının sonlarında "xxxx" ASC Sığorta şirkətindən ünvanına iddiaçının avtomobilinə dəymiş zərər məbləği olaraq 530 manat ayrılacağı barədə rəsmi məktub daxil olmuşdur. İddiaçı bu məbləğ ilə razılaşmadığını şirkətin qaynar xətt nömrəsi ilə şirkət əməkdaşlarına bildirmiş, onlar isə ona bildirmişlər ki, Qubada şirkətin, hadisə yerinə gedən komisarı vəzifəsində işləyən “Əli” adlı şəxs maşına baxıb və qiymətləndirib. Bildirir ki, Əli maşına normal bir şəkildə baxıb qiymətləndirməyib. O, Əli ilə əlaqə saxlamış və maşına yenidən baxıb real qiymət hesablamağını xahiş etmişdir. Amma Əli qəti şəkildə maşına baxmaqdan və yenidən qiymətləndirmədən imtina etmiş və sığorta ödənişi olaraq 530 manatdan artıq ödənilməyəcəyini bildirmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddiasının təmin olunmasını xahiş etmiş və iddia tələbinə uyğun izahat vermişdir. Məhkəmə iclasında cavabdeh “Günay SığortaASC-nin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək xahiş etdi ki, iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinə uygun qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə baxıb, iddiaçının izahatını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək, hesab edir ki, iddia tələbi əsaslıdır və aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarında olan "xxxx" Firmasınən xx.xx.2022-ci il tarixli Ziyan Aktından görünür ki, "VAZ-21074" markalı 40BT077 dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş ziyan 1633 manat müəyyən olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, HD-446/22 nömrəli Günay Sığorta ASC-nin X2 ünvanlanmış məktubdan görünür ki, xx.xx.2022-ci il tarixində tərtib edilmiş akta əsasən «Vaz» markalı 40BT077 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 530 manat müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli Dəymiş zərərin hesablanmasına dair Aktdan görünür ki, "VAZ-21074" markalı 40BT077 dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş ziyan 530 manat, o cümlədən ehtiyyat hissəsinin cəmi 200 manat, görülən işlər 330 manat müəyyən olunmuşdur. Məhkəmə tərəfindən təyin olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin 24 oktyabr 2022-ci il tarixli, 9/6120 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara, fotoşəkillərə və təqdim edilmiş disk məlumatlarına əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2010-cu il buraxılışlı «VAZ-2107» markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 530 manat müəyyən edilir. Yuxarıda göstərildiyi kimi, hazırki iş üzrə tərəflərin hüquq münasibətləri xx.xx.2022-ci il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində dəymiş ziyanın ödənilməsi ilə bağlı yaranmışdır. Mülki qanunvericilikdə sığorta hadisəsinin anlayışı verilməklə yanaşı, həmçinin sığorta hadisəsi baş verdiyi təqdirdə sığortalı və sığortaçının vəzifələri, habelə sığorta ödənişlərinin verilməsindən imtina əsasları da göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 923.1-ci maddəsinə əsasən sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında sığortaçı müəyyən edir. Həmin Məcəllənin 925.5-ci maddəsinə əsasən əmlak sığortası müqaviləsi üzrə sığortalı, sığorta olunan və ya üçüncü şəxs aşağıdakı hallar istisna olmaqla, zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə sığortaçıya və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidir. Həmin Məcəllənin 935.1.1-ci maddəsinə əsasən bu Məcəllənin 923.1-ci maddəsinin tələblərinə əməl edilməməsi nəticəsində sığortaçının hadisənin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması ilə əlaqədar olaraq onun mənafeləri əhəmiyyətli dərəcədə pozulduqda sığortaçı sığorta ödəməkdən imtina edir. Qanunvericiliyin qeyd edilən normalarından aydın olur ki, sığorta hadisəsi barədə sığortalı və digər şəxslər tərəfindən sığortaçıya dərhal və mümkün olan ən qısa müddət ərzində məlumat verilməməsi nəticəsində sığortaçı, hadisənin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması ilə əlaqədar onun mənafeyi əhəmiyyətli dərəcədə pozulduqda sığorta ödəməkdən imtina edə bilər. Qeyd edilən hal onu təsdiq edir ki, məhz göstərilən hallar müəyyən edildikdə, sığortaçı tərəfindən sığorta ödənişindən imtina edilə bilər. Qanunun 935.1.1-ci maddəsinin məzmunundan aydın olur ki, sığorta ödənişindən imtina əsası kimi müəyyən edilmiş şərtlərin sübut edilməsini məhz sığorta ödəməkdən imtina edən sığortaçının üzərinə düşür. Bununla yanaşı, məhkəmə iclasında sübutların tədqiqi ilə kifayət qədər müəyyən olundu ki, «VAZ 21074» markalı, ** BT *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. xx.xx.2022-ci il tarixdə baş verən yol-nəqliyyat hadisəsi zamanı cavabdeh tərəfindən icbari sığortalanmış “VAZ 21074” markalı, **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobillə iddiaçıya məxsus «VAZ 21074» markalı, 40.BT 077 dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş və iddiaçıya maddi zərər vurulmuşdur. Məhkəmə bu qənaətə gələrkən həm də, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alınmalı olduğunu nəzərə alır. Bundan əlavə ekspertin rəyində göstərilir ki, "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara, fotoşəkillərə və təqdim edilmiş disk məlumatlarına əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2010-cu il buraxılışlı «VAZ-2107» markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 530 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ekspertin rəyi nəzərə alınmaqla iddia tələbi qismən təmin edilməli və cavabdeh "xxxx" ASC-dən dəymiş maddi ziyana görə 530 manat, aktın tərtib olunması üçün 30 manat tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi qismən təmin edilməli, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən dəymiş maddi ziyana görə 530 (beş yüz otuz) manat, aktın tərtib olunması üçün 30 (otuz) manat tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən dəymiş maddi ziyana görə 530 (beş yüz otuz) manat, aktın tərtib olunması üçün 30 (otuz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat tutularaq İddiaçı ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz i) manat cavabdeh "xxxx" ASC-dən tutularaq tutulub AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülsün: X1, kod 210005, VÖEN:**********, Müxbir hesab:AZ41NABZ********************, SFİFT:BİK CTREAZ22, MEM, VÖEN:**********, Hesab: AZ34CTRE********************. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-1533/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1533/2022
28.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver