Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-154/2021 05.02.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə İddiaçı cavabdeh «xxxx» ASC-yə qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «xxxx» ASC-yə qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, “VAZ-21154” markalı, ** CE *** qeydiyyat nişanlı avtomobil onun mülkiyyətindədir. Həmin avtomobili etibarnamə əsasında X4 etibar etmişdir, sonuncu isə oğlu X5 idarə etmək üçün etibarnamə vermişdir. Mülkiyyətində olan VAZ-21154” markalı ** CE *** qeydiyyat nişanlı avtomobili X6 xx.xx.2020-ci il tarixdə saat 20.40 radələrində Mingəçevir şəhəri, H.Əliyev prospektində Kür çayı istiqamətində idarə edərkən, Yevlax rayonu, Gülövşə kəndində qeydiyyatda olan X1 idarə etdiyi “VAZ-21154” markalı, ** KA *** qeydiyyat nişanlı avtomobil ilə Rəşad Musayevin idarə etdiyi avtomobilin arxa hissəsindən vuraraq xeyli ziyanla nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. DYPB-nin əməkdaşı hadisə yerinin sxemi çəkmiş, yol-nəqliyyat hadisəsinin X3 tərəfindən törədilməsi sübuta yetirilmiş və o, inzibati qaydada cərimə edilmişdir. X1 idarə etdiyi “VAZ-21154” markalı, ** KA *** qeydiyyat nişanlı avtomobil “xxxx” ASC tərəfindən sığortalanmışdır. Sığorta hadisəsi baş verdikdən sonra sığortanın işçiləri hadisə yerində olmuş, avtomobillərin şəkillərini çəkmiş, bundan sonra zərər dəymiş avtomobilə dəymiş zərərin müəyyən edilərək, dəymiş zərərin əvəzinin ödənilməsi söz vermişlər. Müəyyən müddət keçdikdən sonra “xxxx” ASC-nin nümayəndəsi adından bir nəfər zəng edərək gülünc bir məbləğ təklif ediblər. Dəymiş zərəri 550 manat qiymətləndirmiş və məbləği təklif etmişlər. 2012-ci il istehsalı, ağ rəngli, heç bir detalı dəyişməyən, sonradan rənglənməyən, “VAZ-21154” markalı avtomobilin arxa hissəsi demək olar ki, tam əzilmiş, belinin bir hissəsi qatlanmış, qabıları qatlanmış avtomobilə detalların, rənglənmənin, ustanın əl haqqısı ilə birlikdə təklif edilən 550 manat, doğrudan da gülünc rəqəmdir. Təklif edilən rəqəmlə köhnə bir “Moskviç”in onun avtomobili kimi əzilmiş olsa, onun təmir bərpa etmək olmaz. Sığorta şirkətlərinin belə hərəkətlərinə görə vətəndaşlarda avtomobillərin sığortalanmasına etinasızlıq yaradılır və sığorta şirkətlərinə etibar itir. O, mülkiyyətində olan avtomobilin “Nəqliyyat vasitələrinin təmirinə (bərpa edilməsinə) dair Smeta (haqqı-hesab) məhkəməyə təqdim edir, məhkəməyə məlum olsun ki, onun avtomobilinə hansı məbləğdə zərər dəymişdir. Təmir işlərinin dəyəri 790 manat, nəqliyyat vasitəsinin təzə hissələrinin, detallarının və ləvazimatlarının dəyəri isə 560 manat, təzə detalların dəyəri (rənglənmə ilə bağlı) 260 manat, cəmi 1610 manat qiymətləndirilmişdir. Bundan başqa, o, məcbur olub 48,96 manat mütəxəssis rəyinə, 30 manat dövlət rüsumu ödəmişdir. “xxxx” ASC tərəfindən təklif edilən sığorta ödənişi onun mülkiyyətində olan “VAZ-21154” markalı, ** CE *** qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin 1/3 hissəsi və ya 30 faizi məbləğindədir. O, “xxxx” ASC tərəfindən təklif edilən 560 manat sığorta ödənişindən imtina edir, ona dəymiş ziyanın əvəzinin tam həcmdə ödənilməsini tələb edir. Ona dəymiş zərərin tam ödənilməsi “xxxx” ASC-nin vəzifəsidir. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdeh “xxxx” ASC-dən mülkiyyətində olan “VAZ-21154” markalı, ** CE *** qeydiyyat nişanlı avtomobilə dəymiş: təmir işlərinin dəyəri 790 manat, nəqliyyat vasitəsinin təzə hissələrinin, detallarının və ləvazimatlarının dəyəri isə 560 manat, təzə materialların dəyəri (rənglənmə ilə bağlı) 260 manat, cəmi 1610 manat zərərin, 48,96 manat mütəxəssis rəyinə ödənilən pulun və 30 manat məbləğində dövlət rüsumunun alıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə İddiaçı məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ünvanlanmış ərizədə iddia tələbinin təmin edilərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh “xxxx” ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş üzrə «xxxx» ASC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, PGU********** saylı sığorta müqaviləsi üzrə sığortaçı qismində «xxxx» ASC sığorta edilən X2 məxsus «VAZ-21154» markalı ** KA *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək – 12 ay müddətinə sığorta olunmuşdur. İş üzrə MN ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən X3 xx.xx.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsində təqsirli hesab olunaraq AR İXM-nin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş və barəsində 40 manat cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İş üzrə “xxxx” ASC tərəfindən tərtib edilmiş dəymiş zərərin hesablanmasına dair xx.xx.2020-ci il tarixli aktın kserosurətindən görünür ki, «VAZ-21154» minik markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilmiş və avtomobilin təmiri və ehtiyyat hissələrinin dəyişdirilməsi üçün cəmi 550 manat vəsait hesablanmışdır. İş üzrə “xxxx” MMC avtotexniki xidmət stansiyası tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli nəqliyyat vasitələrinin təmirinə (bərpa edilməsinə) dair Smetadan (haqqı-hesabdan) görünür ki, «VAZ-21154» minik markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilmiş və avtomobilin təmiri və ehtiyyat hissələrinin dəyişdirilməsi üçün cəmi 1610 manat vəsait hesablanmışdır. İş üzrə “xxxx” ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubuna əsasən, xx.xx.2020-ci il tarixdə Mingəçevir şəhəri ərazisində “xxxx” ASC-də “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsi ilə sığortalanmış “VAZ-21154” markalı, ** KA *** dövlət qeydiyyat nişanlı avtomobili X3 idarə edərkən İddiaçı məxsus “VAZ-21154” markalı ** CE *** qeydiyyat nişanlı avtomobilə maddi zərər vurmuşdur. Avtomobilə dəymiş zərər hesablanaraq 550 manat məbləğində müəyyən edilmişdir. İş üzrə kassa ödəniş çekindən görünür ki, iddiaçı tərəfindən “xxxx” MMC Avto texniki xidmət stansiyasına 48,96 manat ödəniş edilmişdir. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2021-ci il tarixli 9/4341 saylı rəyinə əsasən - 1. Nəzəri hesablama yolu ilə nəqliyyat vasitələrinin təmirinə dair xx.xx.2020-ci il tarixli smetadakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2012-ci il buraxılışlı “VAZ-21154” markalı, 99CE418 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1370,0 manat müəyyən edilmişdir. - 2. Nəzəri hesablama yolu ilə “xxxx” ASC-nin xx.xx.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2012-ci il buraxılışlı “VAZ-21154” markalı, 99CE418 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 635,0 manat müəyyən edilmişdir. Məhkəmə verilmiş iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixdə X3 idarə etdiyi “VAZ-21154” markalı ** KA *** dövlət nömrə nişanlı avtomaşınla hərəkət edən zaman iddiaçının mülkiyyətində olan «VAZ-21154» minik markalı **-CE-*** dövlət nömrə nişanlı avtomaşınla toqquşmuş və toqquşma nəticəsində iddiaçıya məxsus avtomaşına maddi ziyan dəymişdir. Həmin hadisə nəticəsində X3 AR İXM-nın 327.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, X3 tərəfindən idarə olunan “VAZ-21154” minik markalı ** KA *** dövlət nömrə nişanlı avtomaşın “xxxx” ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası şəhadətnaməsi” ilə sığortalanmışdır. Baş vermiş sığorta hadisəsi ilə əlaqədar vurulmuş ziyanın əvəzi kimi sığorta şirkəti tərəfindən iddiaçıya 550 manat məbləğində sığorta haqqı ödənilməsi təklif olunmuşdur. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı onun avtomaşınına cəmi 1610 manat məbləğində ziyan dəymişdir. Lakin sığorta şirkəti tərəfindən cəmi 550 manat sığorta ödənişi təklif edilmişdir. Belə ki, nəqliyyat vasitələrinin təmirinə dair smetasına əsasən ona məxus avtomaşına dəymiş ziyanın 1610 manat təşkil etməsi tam təsdiq olunur. Bu səbəbdən iddiaçı avtomaşınına dəymiş ziyana uyğun olaraq sığorta ödənişinin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, baş vermiş yol-nəqliyyat hadisəsi sığorta hadisəsi hesab olunması ilə bağlı tərəflər arasında hər hansı mübahisə yoxdur və yaranmış mübahisə göründüyü kimi vurulmuş ziyan məbləği ilə əlaqədar olmuşdur. Məhkəmə digər tərəfdən qeyd edir ki, sığorta şirkəti tərəfindən iddiaçıya sığorta ödənişinin ödənilməsi təklif olunsa da, həmin ödənişlə iddiaçı razı olmadığından, o vurulmuş ziyanın tam həcmdə ona ödənilməsi ilə bağlı sığorta şirkətinə qarşı məhkəmədə tələb irəli sürməkdə haqlı olmuşdur. Belə ki, yuxarıda qeyd olunduğu kimi sığorta şirkəti iddiaçının mülkiyyətində olan avtomaşına vurulmuş ziyan məbləğini 550 manat hesablanmışdır. “xxxx” MMC avtotexniki xidmət stansiyası tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli smetasına əsasən iddiaçının mülkiyyətində olan avtomaşına dəymiş ziyanın məbləği 1610 manat təşkil edir. İddiaçı isə avtomaşına cəmi 1610 manat məbləğində dəymiş zərərin ödənilməsini tələb etmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh təşkilat tərəfindən iddiaçıya sığorta ödənişi kimi 550 manat məbləğində pul təklif etsə də, həmin məbləğ vurulmuş ziyanın tam aradan qaldırılması üçün yetərli olmamışdır. İş materiallarından olan həm iddiaçı, həm cavabdeh tərəfindən avtomaşına dəymiş ziyanla bağlı rəylər təqdim olunmuşdur. Eyni zamanda avtomaşına vurulmuş ziyanla bağlı müxtəlif rəylər olduğu üçün məhkəmə tərəfindən ekspertiza təyin edilmiş və ekspert rəyi alınmışdır. Məhkəmə qeyd edir ki, sığorta şirkəti tərəfindən ziyan məbləği hesablanarkən xx.xx.2020-ci il tarixli zərərin hesablanması aktı əsas tutulsa da, həmin akt mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, aktdan görünür ki, həmin akt sığorta şirkətinin əməkdaşları tərəfindən tərtib edilərək təsdiq edilmişdir. Sığorta şirkəti kommersiya təşkilatı kimi sığorta ödənişi ödəyən tərəf olduğu üçün, ziyan məbləğinin hesablanmasında maraqlı tərəf hesab olunur. Digər tərəfdən sığorta şirkəti avtomaşına vurulmuş ziyanı müəyyən edərkən yalnız vizual baxış keçirmiş və üzdən görünən ehtiyat hissələrinə vurulmuş ziyanı müəyyən etmişdir. Lakin iddiaçı tərəfindən təqdim edilən rəydən görünür ki, yol-nəqliyyat hadisəsi zamanı avtomaşının sığorta şirkətinin aktından göstərilməyən digər hissələr də zədələnmişdir. Bu səbəbdən məhkəmə həmin rəyi daha mötəbər qəbul edir. Lakin ekspertiza tərəfindən həmin rəydə göstərilən hissələrin dəyişdirilməsi və təmir xərcləri nəzərə alınmaqla təmir-bərpa xərcinin 1370 manat məbləğində olması müəyyən edildiyindən, məhkəmə hesab edir ki, ziyan məbləğinin ekspert rəyi ilə müəyyən edilmiş həddə olması nəzərə alınmalıdır. Digər tərəfdən məhkəmə qeyd edir ki, araşdırma zamanı Məhkəmə Ekspertiza Mərkəzənin eksperti tərəfindən verilmiş rəydə müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilən Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Beləliklə məhkəmə sığortalı avtomaşına dəymiş ziyan məbləğinin 1370 manat həddində olmasını və belə olan halda sığorta şirkəti tərəfindən təklif olunan sığorta ödənişinin sığortalı əmlaka vurulmuş ziyanın aradan qaldırılması üçün kifayət etmədiyini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli və cavabdehdən vurulmuş ziyanın əvəzi sığorta ödənişi kimi iddiaçının xeyrinə 1370 manat pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. “İcbari sığortalan haqqında” AR Qanununun 3.1.2-ci maddəsinə əsasən sığorta hadisələri nəticəsində sağlamlığına və (və ya) əmlakına zərər dəyən şəxslərin bu Qanunda müəyyən edilmiş həcmdə və qaydada müdafiəsinin təminatı icbari sığortaların əsas prinsiplərindən biridir. Həmin Qanunun 4.1-ci maddəsiən əsasən bu Qanunda nəzərdə tutulmuş icbari sığorta növləri fiziki və hüquqi şəxslərin əmlak mənafeləri ilə bağlı məruz qaldıqları zərərlərin əvəzinin ödənilməsini təmin etmək məqsədi ilə tətbiq edilir. Qeyd edilən Qanunun 15.1-ci maddəsinə əsasən icbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. Məhkəmə iddia tələbinin mütəxəssis rəyinə ödənilən xərclərinin tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb təmin edilməli və avtomaşının təmiri ilə bağlı tərtib edilmiş rəyə görə iddiaçı tərəfindən ödənilən 48,96 manat məbləğində pul cavabdehdən tutulmalıdır. AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi vurulmuş ziyanın tutulması hissəsində qismən təmin olunduğu üçün, məhkəmə xərcləri - ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə, ekspertiza xərci isə cavabdehdən dövlət nəfinə tutulmalıdır. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar «VAZ-21154» markalı ** CE *** dövlət nömrə nişanlı avtomaşına vurulmuş ziyanla bağlı «xxxx» Acıq Səhmdar Cəmiyyətindən İddiaçı xeyrinə sığorta ödənişi kimi 1370 manat, avtomaşının təmirinə dair rəyə görə ödənilən 48,96 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 1448,96 (bir min dörd yüz qırx səkkiz manat doxsan altı qəpik) manat məbləğində pul tutulsun. «xxxx» Acıq Səhmdar Cəmiyyətindən keçirilmiş ekspertiza xərcinin əvəzi kimi 100 (yüz) manat tutularaq dövlət nəfinə keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-154/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-154/2021
05.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver