Məhkəmə qərarları › İş №2(009)-1557/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1557/2025

19.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1557/2025 19.06.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı X1 Azərbaycan Respublikasının Baş Prokurorluğuna qarşı prokurorluq işçilərinin qanunsuz və sifarişli hərəkətlərinə hüquqi qiymət verilməklə zərərçəkən şəxs qismində tanınması və mənəvi ziyanın ödənilməsi, prokurorluğun səlahiyyətli işçisi barədə tədbirlərin görülməsi tələblərinə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə baxaraq … MÜƏYYƏN ETDİ: İddiaçı X2 Azərbaycan Respublikasının Baş Prokurorluğuna qarşı prokurorluq işçilərinin qanunsuz və sifarişli hərəkətlərinə hüquqi qiymət verilməklə zərərçəkən şəxs qismində tanınması və mənəvi ziyanın ödənilməsi, prokurorluğun səlahiyyətli işçisi barədə tədbirlərin görülməsi tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hakim iş materillarını araşdırıb hesab edir ki, iddia ərizəsinin aşağıdakı əsaslara görə icraata qəbulundan imtina edilməlidir. Hakim qeyd edir ki, iddiaçının tələblərindən biri prokurorluq orqanının vəzifəli şəxsinin qanunsuz hərəkətləri nəticəsində vurulmuş mənəvi ziyanın ödənilməsi ilə bağlıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli Qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»na əsasən Azərbaycan Respublikasının Baş Prokurorluğu inzibati orqandır. Hakim qeyd edir ki, iddiaçının inzibati orqanın hərəkətləri ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsi ilə bağlı tələbinə ixtisaslaşdırılmış məhkəmədə - inzibati məhkəmədə baxılmalıdır. AR İPM-nin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələblərinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Hakim digər tərəfdən qeyd edir ki, iddiaçının digər tələblərinə ümumiyyətlə mülki mühakimə icraatı qaydasında baxıla bilməz. Belə ki, AR CPM-nin 12.2-ci maddəsinə əsasən cinayətin əlamətləri olan əməldən zərər çəkmiş şəxsin bu Məcəllədə nəzərdə tutulmuş qaydada cinayət təqibinin başlanılmasını tələb etməyə, onun həyata keçirilməsində zərər çəkmiş şəxs və ya xüsusi ittihamçı qismində iştirak etməyə, habelə vurulmuş mənəvi, fiziki və maddi ziyana görə kompensasiya almağa hüququ vardır. Həmin Məcəllənin 85.2.10-cu və 86.2.6-cı maddələrinə əsasən müvafiq şəxsləri cinayət işi üzrə zərər çəkmiş şəxs, mülki iddiaçı və ya mülki cavabdeh qismində tanımaq müstəntiqin və təhqiqatçının səlahiyyətlərinə aiddir. Qeyd edilən Məcəllənin 87.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində fiziki şəxsə birbaşa mənəvi, fiziki və ya maddi ziyan vurulmasına kifayət qədər əsaslar olduqda o, zərər çəkmiş şəxs qismində tanınır. Törədilmiş cinayət nəticəsində zərər çəkmiş şəxs ölmüşsə, bu maddədə nəzərdə tutulmuş zərər çəkmiş şəxsin hüquqlarını onun yaxın qohumları həyata keçirirlər. Ölmüş zərər çəkmiş şəxsin yaxın qohumları olmadıqda, digər qohumları, onlar da olmadıqda və ya həmin şəxslər bu Məcəllənin 106.2-ci maddəsinə əsasən hüquqi varis hesab edilə bilmədikdə, zərər çəkmiş şəxsin hüquqları cinayət prosesini həyata keçirən orqanın qərarı əsasında müvafiq ərazi üzrə fəaliyyət göstərən vəkil qurumunun rəhbərinin təyin etdiyi vəkil tərəfindən həyata keçirilir(maddə 87.2). AR CPM-nin 442.2.2-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə məhkəmə nəzarəti qaydasında baxılır. Hakim qanunvericiliyin yuxarıda göstərilən normalarını nəzərə alaraq qeyd edir ki, cinayət prosesini həyata keçirən orqanın vəzifəli şəxsinin hərəkət və hərəkətsizliyi ilə bağlı şikayət iddia icraatı qaydasında deyil, şikayət ərizəsi (məhkəmə nəzarət qaydasında) formasında verilir.(bu kateqoriyada olan işlər məhkəmədə 6 kodu ilə açılır). Yəni bu qəbildən olan işlərə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələbləri baxımından baxılır. Eyni zamanda şəxsin zərər çəkən şəxs qismində tanınması da bilavasitə cinayət işinin istintaqını aparan müstəntiqin səlahiyyətinə aiddir. Başqa sözlə iddiaçının iddia ərizəsində göstərilən tələblərə cinayət mühakimə icraatı qaydasında baxılmalıdır. AR MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Hakim izah edir ki, iddiaçı cinayət prosesini həyata keçirən orqanın vəzifəli şəxsinin hərəkət və hərəkətsizliyi ilə bağlı məhkəmə nəzarəti qaydasında şikayət ərizəsi ilə müvafiq məhkəməyə, inzibati orqanın vəzifəli şəxsinin hərəkətləri nəticəsində vurulmuş ziyanla bağlı müvafiq inzibati məhkəməsinə müraciət edə bilər. AR MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Şərh olunanlara əsasən və AR MPM-nin 151.1, və 153.2.1, 153.3-cü maddələrini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: İddiaçı X1 Azərbaycan Respublikasının Baş Prokurorluğuna qarşı prokurorluq işçilərinin qanunsuz və sifarişli hərəkətlərinə hüquqi qiymət verilməklə zərərçəkən şəxs qismində tanınması və mənəvi ziyanın ödənilməsi, prokurorluğun səlahiyyətli işçisi barədə tədbirlərin görülməsi tələblərinə dair iddia ərizəsinin icraata qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilsin. İddiaçıya cinayət prosesini həyata keçirən orqanın vəzifəli şəxsinin hərəkət və hərəkətsizliyi ilə bağlı məhkəmə nəzarəti qaydasında şikayət ərizəsi ilə müvafiq məhkəməyə, inzibati orqanın vəzifəli şəxsinin hərəkətləri nəticəsində vurulmuş ziyanla bağlı müvafiq inzibati məhkəməsinə müraciət etmək hüququ izah edilsin. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar