Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1567/2025 23.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, onun Cavabdeh ilə xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X7 adlı uşaqları var. Onunla Cavabdeh Xəmiyyət qızı arasında xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Səbail rayon Məhkəməsinin qərarı əsasında nikahları pozulmuşdur. Cavabdehlə birgə nikahından xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X7 dünyaya gəlmişdir. Xasiyyətlərin tutmaması səbəbindən ailə münasibətləri dağılmışdır. Məhkəmə prosesi zamanı aliment məbləğinin hər uşaq üçün 750 manat sabit pul məbləği olmaqla ümumi 1500 manat ödəmə öhdəliyi qoyulmuşdur. Ancaq qərar qəbul olunduğu tarixdən hər ay qeyd edilən 1500 manat məbləği deyil, Cavabdeh ilə qarşılıqlı razılaşma əsasında 1200 manat ödəməyə başlamış və bir ay belə olsa gecikdirməmişdir. Hal-hazırda onun maddi vəziyyəti dəyişmişdir. Belə ki, əmək haqqı azaldılmış, əlavə öhdəlikləri yaranmışdır və dolayısı ilə aylıq 1500 manat aliment ödəmək onun üçün ciddi maliyyə yükünə çevrilmişdir. O, uşaqlarının rifahını nəzərə alaraq, valideynlik borcunu davam etdirmək niyyətindədir, lakin bu öhdəliyin real maliyyə vəziyyətinə uyğunlaşdırılması üçün məhkəməyə müraciət etməyə məcburdur. Düşünür ki, qanunla nəzərdə tutulmuş qaydada aliment məbləğinin azaldılması barədə qətnamə çıxarılmalıdır. Göstərilənləri nəzərə alaraq iddiaçı onun maddi vəziyyətinin dəyişməsini nəzərə alaraq övladları xx.xx.2012-ci il təvəllüdlü X6, xx.xx.2014-cü il təvəllüdlü X7 üçün müəyyən olunmuş aliment məbləğinin azaldılmasına və onun tərəfindən yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 750 manat sabit pul məbləğində alimenti azaldıb minimum əmək haqqına uyğun olan məbləğlə tənzimləyib qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, Səbail rayon Məhkəməsində nikahın pozulması barədə iddiasına baxılarkən məhkəmə iclasında hər uşağa görə 750 manat aliment ödəməsinə razılığını gələcəkdə ailə münasibətlərini qoruma məqsədi ilə etdiyini, həmçinin həmin müddətdə əmək haqqından əlavə ezamiyyə xərcləri ilə bağlı əlavə haqq əldə etdiyini, hazırda isə belə ezamiyyə xərcləri mövcud deyil. Eyni zamanda ipoteka ilə götürdüyü mənzilə görə ayda 400 manat, 10.000 manat götürdüyü kreditə görə isə banka hər ay 395 manat ödəniş də həyata keçirir. Ödəniş edə bilmədiyi üçün cavabdehlə bir müddət 1200 manat aliment ödəməsi barədə razılıq əldə etmiş, lakin borc xərc edib bu öhdəliyi yerinə yetirsə də, hazırda bu həddə aliment ödəmək imkanı yoxdur. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, 3 dəfə boşanma ilə bağlı məhkəməyə müraciət etmiş, şans verərək 2 dəfə ərizəsini geri götürmüş, 3-cü dəfə artıq boşanmışlar. Boşanma barədə qətnamə qəbul edərkən iddiaçının gəlirlərində hər hansı bir dəyişkənlik olmamışdır, hansı səviyyədə maddi təminatı var idisə, indi də o səviyyədədir. Yaşadıqları müddət ərzində uşaqların tələbatını tam həcmdə iddiaçı ödəmişdir. Məhkəmədən iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə təqdim edilmiş sübutları məcmu halında tam, hərtərəfli, obyektiv araşdıraraq və hüquqi qiymət verib hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə Səbail rayon Məhkəməsinin 2(009)-1634/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2011-ci il tarixdə Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsində bağlanmış və 942 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin birgə nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2014cü il təvəllüdlü X4 anası Cavabdeh yanında saxlanılması, İddiaçı xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 750 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş “Mülkiyyətçi” qismində X5 ilə “İpoteka saxlayan” qismində "xxxx" ASC və “Borc alan/Alıcı(İpoteka qoyan)” qismində İddiaçı arasında bağlanılmış İBF/316 nömrəli, xx.xx.2020-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinin surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Səbail rayonu, X13 küçəsində yerləşən 52C saylı evin korpus 10, 36 saylı mənzilini X1 almış, daşınmaz əmlakın satış qimytəi 86200 manat təşkil etmiş, daşınmaz əmlakın dəyərinin 34.500 manat məbləğində olan hissəsi İddiaçı özü tərəfində, 51.700 manat məbləğində olan hissəsi isə "xxxx" ASC tərəfindən bankla İddiaçı arasında bağlanılmış xx.xx.2020-ci il tarixli İBF/316 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı verilmiş kredit vəsaiti hesabına ödənilir. Kreditin məbləği – 51700 manat təşkil etmiş, krediti 300 ay müddətinə (hər ay 400 manat ödənilməklə) xx.xx.2045-ci il tarixədək verilmişdir. İş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin iş yerinə dair arayışından görünür ki, Məlikov X8 Nazirliyinin Mənzil-İstismar Xidmətində mühəndis (ildırımötürücü, günəş panelləri və modul tipli yaşayış kompleksləri üzrə) vəzifəsində işləyir, əmək haqqı 837,50 manat təşkil edir. İş üzrə Bakı 6 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə MŞB/9-00943 saylı, xx.xx.2025-ci il tarixli arayışından görünür ki, alimentin azaldılması tələbinə dair mübahisəsi üzrə İddiaçı nümayəndəsi X2 və Cavabdeh xx.xx.2025-ci il tarixdə keçirilən ilkin mediasiya sessiyasında iştirak etmişlər. Lakin hər iki tərəf mediasiya prosesini davam etdirməyə razılıq verməmişlər. İş üzrə “Elektron məhkəmə” informasiya sistemində olan məlumata əsasən Məlikov X8 Nazirliyinin Mənzil-İstismar Xidmətində “Mühəndis,təmir üzrə” vəzifəsində işləyir, onun aylıq əmək haqqı 837,50 manat, "xxxx" MMC-də “mühəndis, elektrik sistemləri” vəzifəsində işləyir, onun aylıq əmək haqqı 400 manat təşkil edir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdehin birgə nikahdan yetkinlik yaşına çatmayan xx.xx.2012-ci il təvəllüdlü Tuncay və xx.xx.2014-cü il təvəllüdlü Nərgiz adlı uşaqları var. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş, uşaqların ananın yanında qalmaları müəyyən edilmiş və cavabdehdən uşaqların saxlanılması üçün hər uşaq üçün 750 manat məbləğində aliment tutulmuşdur. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, məhkəmə prosesi zamanı aliment məbləğinin hər uşaq üçün 750 manat sabit pul məbləği olmaqla ümumi 1500 manat ödəmə öhdəliyi qoyulmuşdur. Ancaq qərar qəbul olunduğu tarixdən hər ay qeyd edilən 1500 manat məbləği deyil, Cavabdeh ilə qarşılıqlı razılaşma əsasında 1200 manat ödəməyə başlamış və bir ay belə olsa gecikdirməmişdir. Hal-hazırda onun maddi vəziyyəti dəyişmişdir. Belə ki, əmək haqqı azaldılmış, əlavə öhdəlikləri yaranmışdır və dolayısı ilə aylıq 1500 manat aliment ödəmək onun üçün ciddi maliyyə yükünə çevrilmişdir. O, uşaqlarının rifahını nəzərə alaraq, valideynlik borcunu davam etdirmək niyyətindədir, lakin bu öhdəliyin real maliyyə vəziyyətinə uyğunlaşdırılması üçün məhkəməyə müraciət etməyə məcburdur. Düşünür ki, qanunla nəzərdə tutulmuş qaydada aliment məbləğinin azaldılması barədə qətnamə çıxarılmalıdır. Bu səbəbdən iddiaçı onun maddi vəziyyətinin dəyişməsini nəzərə alaraq övladları xx.xx.2012-ci il təvəllüdlü X6, xx.xx.2014-cü il təvəllüdlü X7 üçün müəyyən olunmuş aliment məbləğinin azaldılmasına və onun tərəfindən yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 750 manat sabit pul məbləğində alimenti azaldıb minimum əmək haqqına uyğun olan məbləğlə tənzimləyib qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırılması zamanı iddiaçının işləyib müvafiq əmək haqqı alması, ipoteka ilə götürdüyü mənzillə ilə əlaqədar aylıq 400 manat məbləğində ödənişlərin həyata keçirilməsi müəyyən edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, məhkəmə qətnaməsi ilə 2 uşağa görə 1500 manat məbləğində aliment tutulsa da, tərəflərin qarşılıqlı şifahi razılığı əsasında iddiaçı tərəfindən 1200 manat aliment ödənilmiş, həmin müddətdə iddiaçı əmək haqqından əlavə ezamiyyə xərcləri də əldə etdiyi üçün müəyyən edilən və razılaşdırılmış alimenti ödəmək iqtidarında olmuşdur. Hazırda belə bir ezamiyyə xərcləri ilə bağlı iddiaçının əlavə gəlirləri mövcud deyil. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli Qərarının 8.13-cü bəndinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən göründüyü kimi alimentin azaldılmasına o halda yol verilir ki, tərəflərdən birinin maddi vəziyyətində hər hansı dəyişiklik olsun. Məhkəmə iddiaçının maddi vəziyyətində baş vermiş dəyişikliyi nəzərə alaraq hesab edir ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə tam haqlı olmuşdur. «Uşaq Hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə adambaşına uşaqlar üçün 246 manat məbləğində təsdiq edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2016-cı il tarixli qərarına əsasən:
1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.
2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-1.-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Qanunvericiliyin tələbinə əsasən tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Göründüyü kimi qanunun bu norması imperativ xarakter daşımır və qanun alimentin dəyişməsini işin hallarına görə məhkəmənin mülahizəsinə təqdim edir. İddiaçıdan alimentin tutulmasına dair qətnamə 2024-cü il tarixdə qəbul edilmişdir və həmin vaxtdan hazıra kimi iddiaçının maddi vəziyyətində dəyişiklik baş vermişdir. Məhkəmə iddiaçının aylıq qazancının azaldığını, uşaqlar üçün yaşayış minimumunun 246 manat olduğunu, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin kifayət qədər çox olduğunu, onun qazancı ilə uyğunluq təşkil etmədiyini, alimentin ödənilməsində müəyyən çətinliklər yaratdığını, ipoteka ilə götürülən mənzillə və bankdan götürülən kreditlə bağlı öhdəliklərin olmasını nəzərə alaraq hesab edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment azaldılmalı, cavabdehdən tutulacaq sabit aliment məbləği hər ay hər uşağa görə 246 manat həddində müəyyən edilməlidir. Məhkəmə azaldılmış aliment məbləğinin 246 manat həddində müəyyən edilməsi qənaətinə gəlinməsini, iddiaçının hər uşağa görə 246 manat məbləği həddində hazırda aliment ödəmək imkanının olması barədə mövqeyini, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən Qərarında göstərilənləri və 2025-ci il üçün minimum əmək haqqının 400 manat müəyyən edilməsini nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdeh xeyrinə tutulacaq aliment məbləği yetkinlik yaşına çatmamış uşaqların saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində (246:400=0,615) sabit pul məbləğində aliment müəyyən edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, alimentin azaldılması ilə bağlı iddiaçıdan tutulmalı olan aliment iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan deyil, hazırki məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən sonra başlamalı və həmin vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8- 2/2016 saylı qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı azaldılarkən və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı azaldılmış alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə qeyd edir ki, AR MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələrin dərhal icra olunması nəzərdə tutulsa da, hazırki tələb alimentin azaldılması ilə bağlıdır. Bu səbəbdən göstərilən qanunun tələbləri alimentin azaldılması ilə bağlı tələbə aid edilə bilməz. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə…
QƏT ETDİ:
İddia təmin edilsin. İddiaçı xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(009)-1634/2024 saylı qətnaməsi ilə tutulması müəyyən edilən aliment miqdarı azaldılsın və İddiaçı yetkinlik yaşına çatmamış uşaqların saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, tutulacaq aliment hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində sabit pul məbləğində müəyyən edilsin və tutularaq Cavabdeh ödənilsin. Alimentin azaldılması ilə bağlı İddiaçı tutulmalı olan aliment məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən tutulmağa başlanılsın və tutma həmin vaxtdan hesablansın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır.
Hakim: Şahin Abdullayev