Məhkəmə qərarları › İş №2(009)-1568/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1568/2023

04.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1568/2023 04.08.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X8 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı - Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2010-cu il təvəllüdlü X2, xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər uşaq üçün 220 manat alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdehlə 05 iyun 2022-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Bir neçə aydır ki, cavabdehdən ayrı yaşayır. Bu müddət ərzində cavabdeh övladlarının necə yaşaması ilə maraqlanmır. İddiaçı işləmədiyindən övladlarının saxlanmasında çətinlik çəkir. Qeyd olunanlara əsasən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verib, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh iddianın təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş AZ-İİİ № 020350, AZ-İİ № 474479 və AZ-İİ № 776297 № 557895 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin xx.xx.2010-cu il təvəllüdlü X2, xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X4 adlı uşaqları anadan olmuşdur. AZ-İİ № ******* nikah haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasında olan nikah 05 iyun 2022-ci il tarixdə qeydə alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğində alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası MPM-nın 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə uyğun olaraq alimentin tutulmasının əvvəli iddiaçı məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» xx.xx.2022ci il tarixli Qanuna əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Alimentin miqdarını müəyyən edərkən məhkəmə uşağın mənafeyini, onun əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını, respublikada 2023-cü il üçün uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu məbləğini, eyni zamanda tərəflərin maddi və sosial vəziyyətini nəzərə alaraq hesab edir ki, tərəflərin azyaşlı uşaqları xx.xx.2010-cu il təvəllüdlü X2, xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən hər ay hər uşaq üçün 220 manat sabit pul məbləğində alimentin tutulması uşağın mənafeyi baxımından məqsədəuyğundur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. (119.2.) Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə iddianın təmin olunduğunu, iddiaçının qanunla müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edildiyini nəzərə alaraq və sadalanmış normaları hazırki iş üzrə tətbiq edərək belə qənaətə gəlir ki, cavabdehdən 99,20 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2010-cu il təvəllüdlü X2, xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 220 manat məbləğində aliment xx.xx.2023-cü il tarixdən başlayaraq Cavabdeh tutulub (alınıb) İddiaçı ödənilsin (verilsin). Cavabdeh 99,20 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar