Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1582/2020 22.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə, İddiaçı, Cavabdehin vəkili R.İ.Abdiyevin iştirakları ilə İddiaçı cavabdeh «xxxxxxxxxxxxx» MMC-yə qarşı əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «xxxxxxxxxxxxx» MMC-yə qarşı əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, xx.xx.2019-cu ildən cavabdeh “xxxxxxxxxxxxx” MMC-də hal-hazıra kimi fəhlə işləyir. Eyni zamanda dövlət portalında adları da var ki, onlar həmin müəssisədə fəhlə kimi işləyirlər. Əmək haqqının 487,15 manat təşkil edir. Onun mart-iyun aylarında maaşın da ödənilməmişdir.Hal-hazırda Azərbaycan Respublikasının Prezidentinin sərəncamı var ki, sahibkarlara kömək məqsədi ilə dövlət büdcəsindən işçilərin əmək haqqları üçün pul ödənilsin, lakin müəssisə onlara mart-iyul ayları üçün pulu ödəməkdən imtina edir. Onunla “xxxxxxxxxxxxx” MMC 51 saylı əmək müqaviləsi bağlanmış, həmin müqavilənin 4.3cü maddəsində göstərilir ki, əmək haqqı ayda bir dəfə növbəti ayın 10-cu günü ödənilir. Həmçinin müqavilənin 4.9-cu bəndində iş günü 8 saatdan hərtə ərzində bir saatdan çox olmayaraq qeyd edilmişdir. Lakin müəssisənin rəhbərliyi onları həftənin 5 günü 10 saatdan çox işlədir, habelə istirahət günləri olan şənbə və bazar günləri. Bundan başqa, bayram günlərində də onları işlətmişdir. İndiyədək bu barədə müəssisə rəhbərliyi əmək haqqının ödənilməsini xahiş etsələr də, əmək haqqıları ödənilmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddəsi əmək haqqına, 172-ci maddəsi əmək haqqının verilməsi müddətlərinə həsr edilmişdir. Lakin müdiriyyət əmək qanunvericiliyin tələblərini və onun hüquqlarını pozmuşdur. Göstərilənləri nəzərə alaraq iddiaçı onun 2020-ci ilin mart, aprel, may, iyun aylarının əmək haqqının ödənilməsi və əlavə olaraq 8 saatdan artıq işlənmiş və iş gününə görə (şənbə, bazar və bayram günlərinin) əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, mart ayının əmək haqqısı aprel ayında ona ödənilmiş, eyni zamanda iyun ayında 333 manat da əmək haqqı verilmişdir. Lakin hal-hazıradək əmək kitabçasını cavabdeh təşkilatdan ala bilmir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh “xxxxxxxxxxxxx” MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş üzrə «xxxxxxxxxxxxx» MMC ilə İddiaçı arasında bağlanılmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə əsasən İddiaçı MMC-yə fəhlə vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi tərəflərin qarşılıqlı razılığına əsasən müddətsiz olaraq bağlanılmışdır. Həmin müqavilənin 4.1, 4.3 və 4.9-cu bəndlərinə əsasən «xxxxxxxxxxxxx» MMC tərəfindən İddiaçı hər işlədiyi ay üçün 487,15 manat vergilər daxil və tutulmamış əmək haqqı ödənilir, əmək haqqı ayda bir dəfə növbəti ayın 10-cu günü ödənilir, işçi həftədə beş gün, gündə 8 saatdan, həftə ərzində 40 saatdan çox olmayaraq iş vaxtı ilə işləyir. İş üzrə “xxxxxxxxxxxxxx” MMC tərəfindən məhkəməyə təqdim edilmiş əmək haqqı cədvəllərindən belə məlum olur ki, X1 mart ayı üçün 522,24 manat, iyun ayı üçün 333 manat əmək haqqı ödənilmişdir. İş üzrə məhkəməyə təqdim edilmiş “xxxxxxxxxxxxx” MMC-nin xx.xx.2020-ci il tarixli nömrəsiz əmrinə əsasən maliyyə vaəsaitinin olmaması səbəbi ilə işlərin dayandırılması ilə bağlı istehsalat sahəsində boşdayanmanın yaranması ilə əlaqədar olaraq xx.xx.2020-ci il tarixdən Əmək Məcəllsinin 169-cu maddəsinə uyğun işçilərə boşdayanma vaxtı üçün tarix maaşının 2/3 hissəsi miqdarında əmək haqqı ödənilməsi əmr edilmişdir. Məhkəmə verilmiş iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixdə müddətsiz əmək müqaviləsi bağlanılmış və həmin əmək müqaviləsinə əsasən iddiaçı cavabdeh şirkətə fəhlə vəzifəsinə 487,15 manat aylıq əmək haqqı ilə işə qəbul edilmişdir. Həmin əmək müqaviləsinin 4.3-cü bəndinə əsasən iddiaçıya əmək haqqı ayda bir dəfə növbəti ayın 10cu günü ödənilməlidir. Həmin müqavilənin 4.9-cu bəndinə əsasən işçi həftədə beş gün, gündə 8 saatdan, həftə ərzində 40 saatdan çox olmayaraq iş vaxtı ilə işləyir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, maliyyə vəsaitinin olmaması səbəbindən boşdayanma yaranması ilə əlaqədar işəgötürən tərəfindən işçilərin vəzifə maaşlarının 2/3 hissəsi miqdarında işçilərə əmək haqqı ödənilməsi barədə əmr qəbul edilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, əmək müqaviləsi üzrə vəzifələrini yerinə yetirsə də, cavabdeh 2020-ci ilin mart, aprel, may və iyun ayları üçün əmək müqaviləsi üzrə öhdəliklərini icra etməkdən yayınmış və ödəməli olduğu əmək haqqı ona ödəməmişdir. Bu səbəbdən iddiaçı əmək müqaviləsi üzrə ödənilməmiş pulların və əlavə olaraq 8 saatlıq artıq işlənmiş və iş gününə görə (şənbə, bazar və bayram günlərinin) əmək haqqının cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddəsinə əsasən əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir. AR Əmək Məcəlləsinin 172.1-ci maddəsinə əsasən, aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. Məhkəmə iclasında cavabdehin vəkili işçilərlə müddətli əmək müqaviləsi bağlanmalı olduğu halda əmək müqaviləsinin müddətsiz bağlanmasının səhv olmasını, xx.xx.2020-ci il tarixli əmrə müvafiq işçilərin əmək məzuniyyətinə buraxılması, digər aylar üçün boşdayanma üçün əmək haqqının verilməsi, işçilərin 8 saatdan artıq, şənbə, bazar və bayram günləri işləməmələrini qeyd etmişdir. Məhkəməyə təqdim olunmuş sənədlərlə iddiaçıya mart və iyun ayları üçün əmək haqqının verilməsi müəyyən edildiyindən və bu hal məhkəmə iclasında iddiaçı tərəfindən etiraf olunduğundan, məhkəmə hesab edir ki, həmin aylar üzrə əmək haqqının ödənilməsi barədə tələb əsassızdır. Məhkəmə iddia tələbinin digər aylar üzrə ödənilməmiş əmək haqqı məbləğinin tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında iddiaçıya aprel və may ayları üçün boşdayanma vaxtı üçün müəyyən edilmiş həddə əmək haqqının verilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilə bilməmişdir. Belə olan halda məhkəmə həmin aylar üçün əmək haqqının ödənilməsi ilə bağlı iddiaçının tələblərini qismən əsaslı hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin dövründə iş rejiminin tənzimlənməsi barədə” xx.xx.2020-ci il tarixli 122No-li qərarına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin üçüncü hissəsinə uyğun olaraq, Azərbaycan Respublikasının ərazisində koronovirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı tədbirlərin davam etdirilməsi məqsədilə dövlət orqanlarında və qurumlarında işə cəlb edilməyən işçilərin əmək haqqı saxlanılması, eyni zamanda fəaliyyətinə icazə verilən sahələrdən başqa, digər sahələrdə işə cəlb edilməyən işçilərin əmək haqlarının saxlanılması işəgötürənlərə ciddi tövsiyə edilməsi qərara alınmışdır. Məhkəmə qeyd edir ki, cavabdeh təşkilat podratçı olaraq sifariş əsasında iş gördüyündən, ölkədə baş verən pandemiya ilə əlaqədar belə bir sifariş mövcud olmadığı üçün müəssisə boşdayanma rejiminə keçdiyindən, lakin cavabdeh tərəfindən həmin müddət üçün də əmək haqqının verilməsi ilə bağlı qərar qəbul edildiyindən, yuxarıda qeyd edilən iki ay üzrə - aprel və may ayları üçün əmək haqıq verilmədiyindən, iddiaçının həmin aylar üzrə tələbi qismən əsaslı hesab edilməlidir. AR Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iddiaçının əlavə olaraq 8 saatdan artıq işlənmiş və iş gününə görə (şənbə, bazar və bayram günlərinin) əmək haqqının ödənilməsi tələbi üzrə qeyd edir ki, iddiaçı bu halları ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bu səbəbdən həmin hissədə tələb təmin edilməməlidir . AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında X3 Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68). AR MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ : İddia qismən təmin edilsin. «xxxxxxxxxxxxx» MMC-yə İddiaçı 2020-ci ilin aprel və may ayları üçün boşdayanma vaxtı üçün iddiaçının tarif (vəzifə) maaşının 2/3 hissəsi miqdarında əmək haqqı ödənilməsi həvalə edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-1582/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1582/2020
22.09.2020 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver