Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-160/2021 17.02.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim İlkin Şahin oğlu Rüstəmlinin sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi, İddiaçının və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı – cavabdeh «Cavabdeh Sığorta Şirkəti»nə qarşı «dəymiş zərər görə sığorta haqqının ödənilməsi» tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı – cavabdeh «Cavabdeh Sığorta Şirkəti»nə qarşı «dəymiş zərər görə sığorta haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, avtomobilə dəymiş 3075 manat sığorta ödənişinin, 50 manat xidmət haqqının və 30,40 manat dövlət rüsumunun, habelə hər gecikdirilmiş gün üçün ümumi hesablanmış məbləğin 0,1 faizi həcmində dəbbə pulunun Cavabdeh Sığorta Şirkəti tərəfindən onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdə X2 idarə etdiyi “Mercedes” markalı ** NE *** dövlət qeydiyyat nişanlı avtomaşınla “Mercedes” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobili zədələmişdir. “Mercedes” markalı ** NE *** dövlət qeydiyyat nişanlı avtomaşın Cavabdeh Sığorta Şirkətində sığortalanmışdır. Sığorta ödənişi ilə bağlı şirkətə müraciət olunmuş və ona dəymiş zərərdən aşağı olan 710 Azn məbləğ təklif edilmişdir. İddiaçının avtomobilinə dəymiş zərər müstəqil Avtoservis xidməti tərəfindən 3075 manat məbləğində qiymətləndirilmişdir. Qeyd olunanlara əsasən iddianın təmin olunması xahiş olunur. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh Sığorta Şirkətinin nümayəndəsi iddianı qəbul etməyərək, təmin olunmamasını xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, cavabdeh iddiaçıya 1300 manat sığorta ödənişi etməyə hazırdır. Məhkəmə tərəflərin izahatlarını və təqdim olunmuş sübutları məcmu halında qiymətləndirilməklə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883-cü maddəsinə əsasən sığortalı sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsi üçün sığorta haqqı ödəməsi müqabilində sığorta müqaviləsi bağlayır. Həmin Məcəllənin 884.5-ci maddəsinə əsasən, sığorta olunan əmlak mənafeləri sığorta müqaviləsi əsasında sığortalanan şəxsdir. İş materiallarında olan: Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, “Mercedes” markalı ** NE *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 barəsində İXM-nin 327.4-cü maddəsi ilə inzibati təsir tədbiri görülmüşdür . Müstəqil Avtoservis xidməti tərəfindən verilmiş Zərər aktından görünür ki, “Mercedes” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ümumi ziyan 3075 manat məbləğində qiymətləndirilmişdir. İşin hallarından aşkar göründüyü kimi, sığorta hadisəsinin mövcudluğu, sığortalanmış avtomobilə zərər dəyməsi mübahisəsizdir və mübahisə məhz vurulmuş zərərin məbləği ilə bağlı əmələ gəlmişdir. İddiaçı sığorta hadisəsi nəticəsində ümumilikdə 3075 manat ziyan dəyməsi ilə əlaqədar olaraq tələb olunan pulun məhkəmə qaydasında cavabdehdən tutulmasını tələb edir, cavabdeh isə məhkəməyədək mərhələdə dəymiş zərəri 710 manat məbləğində olduğunu müəyyən etmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 6.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. Qanununun 7-ci maddəsinə əsasən, mülki məsuliyyətin icbari sığortası üzrə sığorta müqaviləsinin tərəfi olmayan, sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən, eyni zamanda sığorta ödənişi almaq hüququna malik olan fiziki şəxslər – fiziki şəxs öldüyü halda, onun ailə üzvləri – və ya hüquqi şəxslər, yaxud onların hüquq varisləri üçüncü şəxs sayılırlar. Qanununun 20.2-ci maddəsinə əsasən, həmin Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. Göründüyü kimi, qanunverici təqsirinin dərəcəsindən asılı olmayaraq mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsi ilə hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini ödəməsi vəzifəsini müəyyən etmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli 9/4521 №-li məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, 1997-ci il buraxılışlı «Mercedes» markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 2675 manat müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixli 9/4521№-li məhkəmə-əmtəəşünaslıq ekspertizası tərəfindən verilmiş rəyin təsviri hissəsindən aydın olur ki, 1997-ci il buraxılışlı «Mercedes» markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin dəyişilməli hissələrin dəyəri 1225 manat, təmir işlərinin dəyəri 1450 manat müəyyən edilmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 15.3-cü maddəsinə əsasən zərər dəymiş əmlakın təmiri və ya bərpası üçün birbaşa çəkilən xərclər, zərər dəymiş əmlakın daşınması, habelə onun qalıqlarının yığılması və daşınması ilə bağlı xərclər və s. əmlaka dəyən zərərin məbləğinə aiddir. Göründüyü kimi, 2015-ci il buraxılışlı 1997-ci il buraxılışlı «Mercedes» markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, hadisə baş verən tarixə dəyişilməli hissələrinin qiyməti 1225 manat, təmir-bərpa işlərinin qiyməti 1450 manat olduğu təqdirdə cavabdeh “Cavabdeh Sığorta Şirkəti ASC bir tərəfli qaydada həmin avtomobilə dəymiş zərəri 710 manat məbləğində qiymətləndirmişdir. «İcbari sığorta haqqında» Qanunun 56.1-ci maddəsinə əsasən üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə 50.000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat, üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat müəyyən edilmişdir. Məhkəmə işin faktiki hallarını, maddi və prosessual normaların tələblərini dəyərləndirərək hesab edir ki, İddiaçı iddia tələbi qismən əsaslıdır, sığorta hadisəsi nəticəsində iddiaçıya zərər dəymiş əmlakının təmiri və bərpası üçün birbaşa çəkilməli olan 2675 manat pul vəsaiti “Cavabdeh Sığorta Şirkəti” ASC-dən İddiaçı xeyrinə tutulmalı, iddia tələbinin qalan hissəsi əsassız olduğundan həmin hissədə təmin edilməməlidir. Məhkəmə cavabdehdən sığorta ödənişinin verilməsinin gecikdirildiyi üçün 0,1 faiz məbəlğində dəbəb pulunun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb təmin edilməməlidir. Mülki Məcəllənin 934-cü maddəsinə əsasən sığortaçı sığorta ödənişini sığorta qanunvericiliyi və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Məhkəmə hesab edir ki, sığorta məbləği ilə bağlı tərəflər arasında mübahisə olduğundan, bu hal sığorta ödənişinin müəyyən olunmuş müddətdə ödənilməməsi kimi qəbul edilə bilməz. Bu səbəbdən dəbbə pulunun tutulması hissəsində tələb təmin edilməməlidir. Həmçinin Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən və iddia tələbi qismən təmin olunduğu halda, hazırkı iş üzrə çəkilmiş xərclər (dövlət rüsumu və ekspert tədqiqatının dəyəri) yarı hissələrdə tərəflərə aid edilməlidir. İşə əlavə edilmiş sənədlərdən görünür ki, məhkəmə xərcləri iddiaçı tərəfindən iddianın qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumundan və 100 (yüz) manat Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-əmtəəşünaslıq ekspert tədqiqatının dəyərindən ibarətdir. Məhkəmə hesab edir ki, iddianın qaldırılması üçün ödənilmiş 30 (otuz) AZN dövlət rüsumu və xx.xx.2021-ci il tarixli 9/4521 №-li məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi üçün ekspertiza xərcini təşkil edən 100 manat məbləğində vəsait iddia tələbi qismən təmin olunduğundan işdə iştirak edən şəxslərə aid edilməli və onlardan müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. “Cavabdeh Sığorta” ASC-dən 2,675 manat zərər məbləği və ödənilmiş dövlət rüsumunun 15 manat hissəsi tutularaq İddiaçı ödənilsin. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəməəmtəəşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat vəsaitin 50 manat hissəsi İddiaçı, 50 manat hissəsi cavabdeh «Cavabdeh Sığorta» Şirkətindən tutulub ƏN Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********; AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005; VÖEN **********; müxbir hesab Az41NABZ013601**********03944, S.W.İ.F.T. BİK: CTREAZ 22) köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ
Məhkəmə qərarları › İş №2(009)-160/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-160/2021
17.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver