Məhkəmə qərarları › İş №2(009)-160/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-160/2023

01.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-160/2023 01.08.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əzizli Əziz Seyfulla oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (Səbail rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilməklə) “nikahın pozulması, uşaqların atanın yanında saxlanılması və aliment” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşaqların atanın yanında saxlanılması və aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla X8 arasında xx.xx.2016-cı il tarixdə bağlanmış nikahın ləğv edilməsi, birgə nikahdan olan xx.xx.2015-ci il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X4 onun himayəmdə saxlanması və xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 193 (yüz doxsan üç) manat olmaqla, ümumilikdə hər ay 386 (üç yüz səksən altı) manat miqdarında alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, X8 ilə xx.xx.2016-cı il tarixdə nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahlarından xx.xx.2015-ci il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X10 anadan olmuşdur. Əvvəllər mehriban yaşasalar da sonradan cavabdehin qeyri-etik hərəkətləri (iddia ərizəsində qeyd edilib) səbəbindən münasibətləi pozulmağa başlamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsində qeyd edilənlərə uyğun izahat verərək iddia ərizəsində qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkilinin izahatına uyğun izahat verərək uşaqların onun yanında saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 nikahın pozulması hissəsində iddianı qəbul etdiklərini, uşaqların ataya verilməsi hissəsində qəbul etmədiklərini bildirmişdir. İki uşaq azyaşlı uşaqdır, ana qayğısına ehtiyacları var. Uzun müddətdir bu uşaqlar atanın, nənə-babanın təsiri altındadır. İddiaçı da hərbçidir, çox vaxt evdə olmur. Uşağın nənə-babadan daha çox ana qayğısına ehtiyacı olur. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Kürdəmir rayon Qarasaqqal kənd icra nümayəndəliyi tərəfindən verilmiş AZ-İİ seriyalı, 078953 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixdə nikah bağlanmış və həmin nikah 03 №-li akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikahdan sonra ərə “Əmrahov”, arvada “Əmrahova” soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Kürdəmir rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı, 619576 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X1 rayonunda anadan olmuş, ata qrafasında “İddiaçı”, ana qrafasında “Cavabdeh” qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Kürdəmir rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı, 050252 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2017-ci il təvəllüdlü X2 rayonunda anadan olmuş, ata qrafasında “İddiaçı”, ana qrafasında “Cavabdeh” qeyd edilmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ilə X8 arasında xx.xx.2016-cı il tarixdə nikah bağlanmış və həmin nikah 03 №-li akt qeydi ilə rəsmiləşdirilmişdir. Birgə nikahdan xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X10 anadan olmuşdur. Hazırda tərəflər arasında ailə münasibətləri pozulmuş, bir neçə müddətdir ki, ayrı yaşayırlar. Uşaqlar atanın yanında yaşayır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən, ərarvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.2-ci maddəsinə əsasən, tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ərarvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. İddia ərizəsi xx.xx.2022-ci il tarixdən məhkəməyə daxil olmuş və bu müddət ərzində tərəflər arasında barışıq əldə edilməmişdir. Məhkəmə, tərəflərin barışması ehtimalı istisna olunduğundan, iddiaçı nikahın pozulmasında təkid etdiyindən və ailənin saxlanmasının qeyri-mümkünlüyü müəyyən edildiyindən hesab edir ki, tərəflər arasında bağlanmış nikah pozula bilər. Bundan başqa, məhkəmə hazırkı iddia tələbi barədə qətnamə çıxararkən həmçinin uşaqların valideynlərindən kimin yanında qalması və uşaq üçün alimentin hansı valideyndən hansı miqdarda tutulması məsələsinə də münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.1-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldıqlarını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. Həmin Məcəllənin 22.2-ci maddəsinə əsasən ər-arvad arasında saziş olmadıqda, eləcə də uşaqların və ya tərəflərdən birinin maraqlarını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını və uşaqlar üçün alimentin hansı valideyndən hansı miqdarda tutulmasını müəyyən etməlidir. Həmin Məcəllənin 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarının 7.1-ci bəndində göstərilmişdir ki, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Bundan başqa, “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının 3-cü maddəsinə görə, məhkəmələr uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadına əsasən, uşaqların valideynlərindən hansının yanında qalacaqlarının müəyyən edilməsi məqsədilə mülki iş rəy verilməsi üçün Səbail rayonu İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına göndərilmişdir. Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 5/19-2-4/12-283/2023 nömrəli xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, xx.xx.2023-cü il tarixdə keçirilmiş iclasının qərarını, uşaqların yüksək mənafeyini, onların birlikdə yaşadıqları valideynlərinin (müvafiq olaraq) psixoloji təsiri altında olmalarını nəzərə alaraq, Cavabdeh övladları, xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X4 atası İddiaçı yanında saxlanılmasını məqsədəuyğun hesab edilmişdir. Bakı Şəhəri 2(009)-160/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə-psixoloji ekspertizası təyin edilmişdir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 25 iyun 2023-cü il tarixli 11/271 nömrəli rəyinə əsasən, 22 avqust 2015-ci il təvəllüdlü X5 hal-hazırda atası İddiaçı bağlılığı (qarşılıqlı əlaqə zamanı müsbət emosiyalar keçirmək, vasitəsiz münasibət qurmaq arzusu, müntəzəm ünsiyyətə can atmaq, əlaqələrin azalması ilə əlaqədar narahat olmaq) üzə çıxmaqla, anası Cavabdeh bağlılığı müəyyən olunmur. xx.xx.2015-ci il təvəllüdlü X9 əqli və psixi inkişafına görə ailədaxili qarşılıqlı münasibətlərlə bağlı fikir və mülahizələrini iradəsinə uyğun ifadə etmək qabiliyyətinə malik olmaqla, onun psixikası və davranışında hansı valideynin himayəsində yaşamasını seçməklə bağlı kənar psixoloji təsir əlamətləri müəyyən olunmur. Valideynləri arasındakı şəxsiyyətlərarası qarşılıqlı münasibətlərdə mövcud olan gərginlik xx.xx.2015-ci il təvəllüdlü X5 emosional-iradi sferasına sirayət etmişdir. Məhkəmə qeyd edir ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 7-ci bəndinin müvafiq yarımbəndlərində göstərilmişdir ki, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. Valideynlərdən birinin maddi-məişət şəraitinin digərinə nisbətdə üstün olması uşağın həmin valideynin yanında qalmasının təmin olunması üçün mütləq (həlledici) əsas ola bilməz. Nikahın pozulması tələbinə dair işə baxılarkən yetkinlik yaşına çatmayan ümumi uşaqların hansı valideynin yanında qalmaları ilə bağlı mübahisə yaranarsa, eləcə də uşaqların kimin yanında qalması ilə bağlı ər-arvad arasında bağlanmış saziş uşaqların və ya tərəflərdən birinin marağını pozarsa məhkəmə iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq uşağın maraqlarının müdafiəsi üçün Ailə Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş qaydada qəyyumluq və himayə orqanını işdə iştirak etməyə cəlb etməlidir. Həmin orqan mübahisə ilə bağlı uşağın və ayrı yaşayan valideynlərin həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair əsaslandırılmış rəyini məhkəməyə təqdim etməyə borcludur. Zərurət olduqda, MPM-nin 97-ci maddəsinin tələbinə müvafiq olaraq məhkəmə-psixoloji ekspertizası da təyin edilə bilər. Alınan rəylər məhkəmə üçün məcburi əhəmiyyətə malik deyil və onlar məhkəmə tərəfindən uşağın üstün mənafeyi əsas götürülməklə MPM-nin 88ci maddəsi ilə müəyyən edilmiş qaydada qiymətləndirilir. Uşağın mənafeyinin tələb etdiyi bütün hallarda onun məhkəmə iclasında dinlənilmək hüququ təmin olunmalıdır. Uşaq hüquqları haqqında Konvensiyanın 12-ci və Ailə Məcəlləsinin 52-ci maddələrinin tələbinə müvafiq olaraq maraqlarına toxunulan istənilən məsələnin həlli zamanı uşaq öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Uşağın fikrinin obyektiv qiymətləndirilməsini təmin etmək üçün onun pedaqoqun, təhsil müəssisəsinin nümayəndəsinin (tərbiyəçinin), yaxud uşaq psixoloqunun və ya qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin iştirakı ilə dinlənilməsi məqsədə müvafiqdir. Maraqlarına zidd olan hallar istisna olmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Məhkəmə qərar qəbul edərkən həmçinin 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Valideynlərdən hansının yanında qalması ilə bağlı uşağın fikri dinlənilərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsində qeyd edilən “10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır” yaxud ”qərar qəbul edilərkən 7 yaşına çatmış uşağın fikri öyrənilə və nəzərə alına bilər” ifadələri uşağın bir valideyndən digərinə alınıb verilməsi üçün yeganə əsas deyildir. Məhkəmə hər bir halda uşağın fikrini digər hallarla yanaşı məcmu halında qiymətləndirməli və uşağın üstün maraqlarını nəzərə almaqla mübahisəni həll etməlidir. Məhkəmələrə tövsiyə edilsin ki, nikahın pozulması zamanı yetkinlik yaşına çatmayan uşaqların kimin yanında qalması məsələsi həll olunarkən onların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafının və digər bacı-qardaşları ilə artıq vərdiş etdikləri şəraitdə birlikdə yaşamalarının təmin olunması baxımından müstəsna hallar istisna olmaqla eyni valideynə verilmələri onların qanunla qorunan ən yaxşı mənafelərinə daha uyğundur. Qətnamənin nəticə hissəsində uşağın kimin yanında qalması məsələsi həll edilərkən uşaq həmin valideynin yanında deyildirsə, onda gələcəkdə qətnamənin icrasında yaranacaq qeyri-müəyyənliyi aradan qaldırmaq, eləcə də yetkinlik yaşına çatmamışın hüquqlarının müdafiəsini təmin etmək üçün onun digər valideyndən alınıb yanında qalması müəyyən edilən valideynə verilməsi məsələsi də həll edilməlidir. İddiaçı uşaqların onun himayəsinə verilməsini, cavabdeh isə uşaqların iddiaçının yanında qalmasına etiraz edərək uşaqların onun himayəsində qalmasını xahiş edir. Ekspert rəyi ilə 22 avqust 2015-ci il təvəllüdlü X5 hazırda atası İddiaçı bağlılığının olduğu müəyyən olunmuşdur. Səbail Rayon İcra Hakimiyyəti başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyası öz rəyi ilə xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X4 atası İddiaçı yanında saxlanılmalarını məqsədəuyğun hesab etmişdir. Məhkəmə nikah pozulduqdan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında saxlanılması məsələsini həll edərkən uşaqların üstün mənafelərini rəhbər tutaraq, uşaqların yaşını nəzərə alaraq onun hazırki dövründə atasının himayəsində və yanında olmasının onun tərbiyə və təhsilinə, uşağın psixi, fiziki və mənəvi cəhətdən inkişafına müsbət təsir edəcəyi qənaətinə gəlir və hesab edir ki, nikah pozulduqdan sonra yetkinlik yaşına çatmayan xx.xx.2015-ci il təvəllüdlü X9 və xx.xx.2017ci il təvəllüdlü X10 (ataları) İddiaçı himayəsinə verilməlidirlər. Məhkəmə bu qənaətə gələrkən Səbail Rayon İcra Hakimiyyəti başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyasının rəyini də nəzərə alır. Məhkəmə tərəflərin uşaqlarının yetkinlik yaşına çatanadək saxlanması üçün alimentin tutulması məsələsinə dair aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 23 dekabr 2021-ci il tarixli Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 (yüz doxsan üç) manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 09 dekabr 2022-ci il tarixli Qanununa əsasən 2023-ci il üçün yaşayış minimumu uşaqlar üçün 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Alimentin miqdarını müəyyən edərkən məhkəmə uşaqların mənafeyini, onların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını, iddia tələbinin həcmini, eyni zamanda tərəflərin maddi vəziyyətini nəzərə alaraq hesab edir ki, tərəflərin uşaqları xx.xx.2015-ci il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün cavabdehdən hər ay hər uşaq üçün 193 (bir yüz doxsan üç) manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində alimentin tutulması uşaqların mənafeyi baxımından məqsədəuyğundur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə uyğun olaraq alimentin tutulmasının əvvəli iddiaçı məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütnasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın təmin olunduğunu, iddiaçının qanunla müəyyən olunmuş qaydada dövlət rüsumu ödədiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 120 (bir yüz iyirmi) manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Beləliklə, məhkəmə mülki iş üzrə araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında Kürdəmir rayon qeydiyyat şöbəsində 01 aprel 2016-cı il tarixdə bağlanmış və 03 №-li akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmalı, 22 avqust 2015-ci il təvəllüdlü X9 və 01 dekabr 2017-ci il təvəllüdlü X10 (ataları) İddiaçı yanında saxlanılmalı, xx.xx.2022-ci il tarixdən başlayaraq 22 avqust 2015-ci il təvəllüdlü X9 və 01 dekabr 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 193 (bir yüz doxsan üç) manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməli, iddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilməli, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-psixoloji ekspertizasının dəyəri olan 120 (bir yüz iyirmi) manat Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, X3, KOD210005; VÖEN**********; Müxbir hesab Az41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında Kürdəmir rayon qeydiyyat şöbəsində 01 aprel 2016-cı il tarixdə bağlanmış və 03 №-li akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulsun. 22 avqust 2015-ci il təvəllüdlü X9 və 01 dekabr 2017-ci il təvəllüdlü X10 (ataları) İddiaçı yanında saxlanılsın. xx.xx.2022-ci il tarixdən başlayaraq 22 avqust 2015-ci il təvəllüdlü X9 və 01 dekabr 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 193 (bir yüz doxsan üç) manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsin. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-psixoloji ekspertizasının dəyəri olan 120 (bir yüz iyirmi) manat Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, X3, KOD210005; VÖEN**********; Müxbir hesab Az41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülsün. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar