Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1605/2025 25.06.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlu İddiaçı Cavabdeh qarşı barışıq sazişinin qismən ləğv edilməsi və əmlak bölgüsü tələbinə dair iddia ərizəsinə baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı barışıq sazişinin qismən ləğv edilməsi və əmlak bölgüsü barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hakim iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Hakim ilk növbədə qeyd edir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələblərdən biri barışıq sazişinin qismən ləğv edilməsi ilə bağlı olduğundan, o ilk növbədə belə bir təkliflə müqavilənin tərəfinə müraciət etməlidir. Lakin, iddiaçı müqavilələrin ləğvinə dair həmin müqavilələrin tərəfi kimi cavabdehə təklif göndərilməsi ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. AR Mülki Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Belə olan halda hakim hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələb üzrə mübahisənin məhkəmədən kənar həlli qaydasına riayət olunmadığından, iddia ərizəsinin məhkəmə icraatı mümkün deyil. Hakim izah edir edir ki, qanunvericiliyin tələblərinə əsasən müqavilənin ləğv edilməsi ilə əlaqədar tələblə məhkəməyə müraciət etmək üçün ilk növbədə belə bir təkliflə müqavilənin tərəfinə müraciət etməlidir. Sonuncu tərəfindən bu təklifdən imtina olunduğu, yaxud cavab verilmədiyi halda qanunda və ya müqavilədə nəzərdə tutulmuş müddət keçdikdən sonra həmin müqavilənin ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət olunmalıdır. AR MPM-nin 149.2.4-cü maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu, nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına riayət edilməsinə dair məlumatı iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən müqavilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər nizama salınmasına riayət etməmişdirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri ərizəçiyə geri qaytarır. Beləliklə hakim hesab edir ki, iddiaçı tərəfindən mübahisənin məhkəmədən kənar həlli qaydasına riayət olunmadığından iddia ərizəsi sənədlərlə birlikdə geri qaytarılmalıdır. Hakim digər tərəfdən qeyd edir ki, qaldırılan tələblərdən biri birgə nikah dövründə əldə olunmuş əmlak bölgüsünə aiddir. Hakim eyni zamanda qeyd edir ki, iddiaçı ərizəyə mübahisələndirdiyi mediasiya prosesində tərtib edilmiş barışıq sazişini əlavə etsə də, hazırki ailə münasibətləri ilə bağlı birgə nikah dövründə əldə olunuş əmlak bölgüsü ilə bağlı mübahisənin məhkəməyəqədər həlli qaydasına riayət etməmiş, yəni Mediasiya təşkilatına müraciət etmədən məhkəməyə müraciət etmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 149.2.4-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl medasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumatlar iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” AR Qanununa uyğun olaraq tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olduqduğu halda həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim etmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarılır. “Mediasiya haqqında” AR Qanununun 28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Hakim qeyd edir ki, ailə münasibətlərindən irəli gələn mübahisələrə dair işlərə məhkəmə qaydasında baxılmamışdan əvvəl tərəfin həmin mübahisənin məhkəmədənkənar mediasiya prosesində həll edilmə qaydasında riayət edilmədən, yəni mediasiya prosesində iştirakı tələb olduğu halda həmin tələbə riayət edilməsini təsdiq edən sübutu məhkəməyə təqdim etmədiyi üçün hazırki iddia ərizəsinin həmiçinin bu əsasla da məhkəmə icraatı mümkün deyildir. AR MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Şərh olunanlara əsasən və AR MPM-nin 149,152.1.6-1-151.1-ci maddələrini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı barışıq sazişinin qismən ləğv edilməsi və əmlak bölgüsü tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-1605/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1605/2025
25.06.2025 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver