Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1635/2021 29.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı aliment tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, Cavabdeh ilə 13.05.2013-cü il tarixdə AZ-İ seriyalı 851765 saylı nikah haqqında şəhadətnamə əsasında rəsmi nikah bağlamışdır. Rəsmi nikahdan 04.02.2014-cü il təvəllüdlü X8 və 16.07.2016-cı il təvəllüdlü X9 adlı uşaqları var. Cavabdehlə birgə yaşadıqları müddət ərzində münasibətləri normal olmamışdır, adi bir ailə kimi həyatları davam etməmişdir. Cavabdehlə onun arasında kəskin xasiyyət uyğunsuzluğu mövcuddur. Evdə yaranan söz-söhbətlər uşaqların psixologiyasına mənfi təsir etmişdir. Hal-hazırda cavabdehlə faktiki ayrı yaşayırlar.O, Bakı şəhəri, Xanlar küçəsi, ev 28, mənzil 22 yerləşən mənzildə faktiki olaraq övladları ilə birlikdə yaşayır. Birgə yaşadıqları dövrdə də, hal-hazırda faktiki ayrı yaşadıqları dövrdə də cavabdeh ona və uşaqlarına qarşı laqeyd yanaşmış, ailənin maddi mənəvi tələbatını ödəməmişdir. Həmçinin onun və övladları ilə maraqlanmamış, nə maddi, nə də mənəvi dəstək göstərməmişdir. O, dəfələrlə münasibətlərini normallaşdırmağa çalışmışdır, lakin heç bir müsbət nəticə əldə edə bilməmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdehdən övladları 04.02.2014-cü il təvəllüdlü X8, 16.07.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddianı tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, o, qadın salonunda bərbər işləyir. Pandemiya ilə əlaqədar iş zəif olduğu üçün az məbləğdə qazanc əldə edir ki, bu da uşaqların aylıq təminatına çatmır. 8-9 aydır ki, cavabdehlə birgə yaşamır, özü kiaryədə yaşayır, kirayə haqqı verir. Cavabdehin etdiyi yardım çox cüzi miqdardadır. Heç olmasa ayda hər uşağa görə 130 manat aliment tutulsa onunla razılaşar. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh iddia tələbini qismən qəbul edərək öz izahatında göstərmişdir ki, o, səhhəti ilə əlaqədar münasib iş tapa bildmədiyindən heç bir yerdə işləmir. Bundan başqa, o, Nəsimi rayon Məhkəməsinin 16.08.2018-ci il tarixli qətnaməsinə əsasən əvvəlki nikahdan doğulmuş digər övladı X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 154 manat sabit pul məbləğində aliment ödəyir. Bu səbəbdən o, hər ay hər uşağa 100 manat olmaqla, cəmi 200 manat aliment ödəyə bilər. İşləyib maddi təminatı yetərincə olarsa artıq ödənişlər edəcəkö Məhkəmədən iddianın qismən təmin olunmasını xahiş edir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə təqdim edilmiş sübutları məcmu halında tam, hərtərəfli, obyektiv araşdıraraq və hüquqi qiymət verib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş üzrə Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 17.05.2013-cü il tarixli nikah haqqında şəhadətnamənin kserosurətindən görünür ki, Cavabdeh ilə X3 arasında 17.05.2013-cü il tarixdə nikah bağlanılmış və bu barədə akt qeydləri kitabında 205 №-li akt qeydi icra edilmişdir. Nikahdan sonra ərə Həsənli, arvada Həsənli soyadı verilmişdir. İş üzrə doğum haqqında şəhadətnamələrin kserosurətlərindən görünür ki, tərəflərin birgə nikahdan 04.02.2014-cü il təvəllüdlü X8 və 16.07.2016-cı il təvəllüdlü X9 adlı uşaqları var. İş üzrə tibbi sənədlərdən görünür ki, Cavabdeh “12 barmaq bağırsaq xorası, stenoz, İİİ-İV mərhələ, Hepatit C” diaqnoz qoyulmuşdur. İş üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi publik hüquqi şəxsi 1 saylı Bakı DOST Mərkəzi tərəfindən verilmiş 07.06.2021-ci il tarixli arayışın kserosurətindən görünür ki, Cavabdeh Azərbaycan Respeublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsisteminə əsasən 11.12.2020-ci il tarixdən işaxtaran kimi qeydiyyatdadır və “Əmək müqaviləsi bildirişi” altsisteminə əsasən adına hazırda qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. İş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-4787/2018 saylı, 16.08.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1796/2010 saylı, 11.06.2010-cu il tarixli qətnaməsi ilə tutulan alimentin məbləği dəyişdirilərək, 26.04.2008-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün 10.07.2018-ci il tarixdən başlayaraq, hər ay X2 154 manat sabit məbləğində aliment tutularaq X1 ödənilməsi qət edilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında 17.05.2013-cü il tarixdə nikah bağlanılmış və onların birgə nikahından 04.02.2014-cü il təvəllüdlü Məltəm və 16.07.2016-cı il təvəllüdlü Tunar adlı uşaqları var. Tərəflər arasında ailə münasibətləri pozulsa da, nikahları ləğv edilməmiş və onlar 8-9 aydır ki, ayrı-ayrı ünvanlarda yaşayırlar. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı uşaqlarla ayrı ünvanda yaşasa da, cavabdeh uşaqların saxlanılması üçün iddiaçıya cüzi maddi yardım göstərir və bu səbəbdən iddiaçı azyaşlı uşaqları saxlamaq üçün hazırki tələblə məhkəməyə müraciət etmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, məhkəmədən uşaqların saxlanılması üçün cavabdehdən hər ay, hər biri üçün 175 manat sabit pul məbləği şəklində alimentin tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76 maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə adambaşına uşaqlar üçün 175 manat məbləğində təsdiq edilmişdir. Məhkəmə tərəflərin nikahda olsa da, uşaqların ananın yanında və onun himayəsində yaşamasını, 2021-ci il üçün yaşayış minimumunun uşaqlar üçün 175 manat müəyyən edilsə də, cavabdehin əvvəlki nikahdan olan uşağın saxlanılması üçün 154 manat alimentin ödənilməsini onun işləməməsi və xəstə olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli və cavabdehdən uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər uşağa görə 120 manat sabit pul məbləği şəklində aliment tutulmalıdır. AR Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə həmçinin hesab edir ki, aliment tutulması iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan - 25.05.2021-ci il tarixdən başlanılmalıdır. AR MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə habelə hesab edir ki, alimentin tutulması hissəsində qətnamə dərhal icra edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə aliment tutulması müəyyən edildiyindən, cavabdehdən dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pul tutulmalıdır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 234 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 25.05.2021-ci il tarixdən başlayaraq, 04.02.2014-cü il təvəllüdlü X4 və 16.07.2016cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 120 manat, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Cavabdeh dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-1635/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1635/2021
29.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver