Məhkəmə qərarları › İş №2(009)-1637/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1637/2021

07.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1637/2021 07.07.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, iddiaçı İddiaçı, cavabdeh “xxxx” ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh «xxxx» Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə qarşı «sığorta müqaviləsi üzrə öhdəliyin icra edilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” ASC ilə aralarında bağlanmış KTH-0033/20 saylı heyvanların sığortası şəhadətnaməsinin şərtlərinə görə sığorta hadisəsi ilə bağlı Aqrar Kredit və İnkişaf Agentliyinin hesabına ödənilməsi nəzərdə tutulan məbləğ çıxıldıqdan sonra zərər məbləğinin yerdə qalan hissəsi üzrə şərtsiz azadolma və məcburi kəsim faktının mövcud olmadığını əsas tutaraq sığortalı tərəf kimi onun xeyrinə (1017+963+524=2504), cəmi 2504 manat məbləğində sığorta ödənişinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, KTH-0033/20 saylı heyvanların sığortası şəhadətnaməsinə əsasən “xxxx” ASC ilə 05.09.2020-ci il tarixindən 04.09.2023-cü il tarixədək olan dövr üçün sığorta müqaviləsi bağlamışdır. Aqrar Sığorta müqaviləsinin predmetini təşkil edən iki baş “simmental” cinsi olan ana inəklərin hər birinin dəyəri 4816.30 manat qiymətləndirilməklə sığorta məbləğinin cəmi 9632.60 manat həcmində müəyyən edilmişdir. Sığorta müqaviləsinin qüvvədə olduğu 2020-ci ildən 2023-cü ilədək olan dövr üçün hər ilə görə 535.58 manat olmaqla onun tərəfindən müqavilənin qüvvədə olduğu bütün dövr üçün cəmi 1606.72 manat həcmində sığorta haqqı ödənilmişdir. Lakin sığorta müqaviləsinin bağlanması və sığorta haqqının ödənilməsindən sonra keçən qısa müddət ərzində, yəni 16.10.2020-ci tarixdə “birka nömrəsi 70102”, “simmental” cinsi olan təzə doğmuş bir baş ana inək tələf olmuşdur. İnəyin tələf olmasından 2 gün əvvəl digər inəyin vurması nəticəsində heyvanın axura düşərək möhkəm əzilməsi çanaq-bud sümüyünün sınması səbəbindən ağır vəziyyətdə olması barədə tərəfindən Saatlı rayon Baytarlıq İdarəsinin rəisi Bəhmən Namazova və baytar sahə müdiri Nurəddin Osmanova məlumat verilmişdir. Adiyyəti üzrə daxil olmuş məlumat əsasında heyvanın vəziyyətinə onun iştirakı ilə ümumi baxış keçirilmiş və ölümün hansı səbəbdən baş verməsi barədə 16.10.2020-ci il tarixli akt tərtib edilmişdir. Heyvanın cəsədinin yarılması barədə 16.10.2020-ci il tarixli yarma protokolu tərtib edilmiş, ölümün çanaq-bud bud sümüyünün sınması nəticəsində baş verdiyi təsdiq edilmişdir. Heyvanın tələf olması faktı ilə bağlı məlumat və tərtib edilmiş rəsmi sənədlər dərhal “xxxx” ASC-yə göndərilmiş və sığortalı şəxs kimi dəymiş zərərə görə ona sığorta ödənişinin sığortaçı tərəfindən ödənilməsi ilə bağlı tədbir görülməsi xahiş olunmuşdur. Lakin sığorta hadisəsinin baş verməsindən dərhal sonra sığortaçıya rəsmi məlumat və müvafiq sənədlər təqdim edilsə də, hadisədən 6 ay müddət keçməsinə baxmayaraq heç bir tədbir görülmədiyinə görə o, 31.03.2021-ci il tarixli ərizə ilə “xxxx” ASC-nin rəhbərliyinə müraciət etmişdir. Müraciəti ilə bağlı “xxxx” ASC-nin idarə heyyətinin sədri Mahir Niftəliyev tərəfindən 26.04.2021-ci il tarixdə göndərilmiş məktuba əsasən sığorta hadisəsi üzrə 4816 manat həcmində zərər məbləğinin müəyyən olunduğu göstərilmiş və qeyd edilən məbləğin 60%-nin sığorta şəhadətnaməsinin şərtlərinə görə faydalanan şəxs kimi AR Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin hesabına ödənilməsi nəzərdə tutulmuşdur. Bundan əlavə, sığortalı şəxs kimi ona düşən sığorta məbləğindən şərtsiz azadolmaya görə 963 manat, məcburi kəsim şərtinə görə isə 524 manat pul vəsaitinin tutulacağı və müqavilə üzrə sığortalı tərəf kimi ona cəmi 1017 manat sığorta ödənişi ediləcəyi bildirilmişdir. Hesab edir ki, “xxxx” ASC-nin 26.04.2021-ci il tarixli məktubuna əsasən sığorta hadisəsi üzrə müəyyən olunmuş 4816 manat həcmində zərər məbləğinin 60 %-i Aqrar Kredit və İnkişaf Agentliyinin hesabına köçürüldükdən sonra sığortalıya çatan sığorta ödənişindən şərtsiz azad olma və məcburi kəsim şərtinə görə hər hansı məbləğin tutulması tərəflər arasında bağlanmış sığorta müqaviləsinin şərtlərinə və “Aqrar Sığorta” haqqında Qanunun, həmçinin AR Mülki Məcəlləsinin tələblərinə ziddir. Belə ki, hazırki sığorta şəhadətnaməsinin şərtlərinə görə şərtsiz azadolma məbləği sığorta ödənişindən o zaman çıxıla bilər ki, sığortalı tərəf sığortaçı tərəfin sığorta riskləri üçün irəlicədən nəzərdə tutulmuş təminatlarından birtərəfli qaydada imtina etmiş olsun və aqrar sığorta predmetinə (burada sığortalı heyvana) görə ödədiyi sığorta haqqını heç bir şərt irəli sürmədən geri tələb etmiş olsun. Bu halda sığorta hadisəsi üzrə ümumi zərər məbləğinin 20%-i deyil, sığortalı tərəfindən ödənilmiş sığorta haqqının 20%-i şərtsiz azadolma məbləği kimi tutula bilər. Halbuki sığortalı tərəfindən şərtsiz azadolma barədə heç bir təklif olmamış, sığortaçının sığorta riskləri üzrə təminatından imtina edilməmişdir. Digər tərəfdən, müqavilənin məcburi kəsim şərtinə görə əgər xəsarət dəyən heyvanın dərisindən yararlanmaq mümükündürsə, sığorta məbləğinin ən azı 4%-i, ətindən yararlanmaq mümkündürsə, sığorta məbləğinin ən azı 30%-i qalıq kimi müəyyənləşdirilir və sığorta ödənişindən çıxılır. Lakin iş materiallarında olan heyvan cəsədinin yarılması protokoluna və heyvanın 16.10.2020-ci il tarixdə tələf olması barədə tərtib edilmiş Akta əsasən heyvanın dərisindən və ya ətindən yararlanmaq məqsədi ilə məcburi kəsim faktı mövcud olmamışdır. Bu baxımdan sığortalıya ödənilməli olan sığorta məbləğindən şərtsiz azadolmaya görə 963 manat, məcburi kəsim şərtinə görə isə 524 manat pul vəsaitinin tutulması qüvvədə olan qanunvericiliyin və tərəflər arasında bağlanmış müqavilənin tələblərinə birbaşa ziddir. Qeyd olunan sığorta hadisəsi üzrə Aqrar Kredit və İnkişaf Agentliyinin hesabına ödənilməsi nəzərdə tutulan məbləğ çıxıldıqdan sonra zərər məbləğinin yerdə qalan hissəsi üzrə şərtsiz azadolma və məcburi kəsim faktının mövcud olmadığını nəzərə alaraq sığortalı tərəfə (1017+963+524=2504) cəmi 2504 manat məbləğində sığorta ödənişinin verilməsi təmin olunmalıdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və eləcə də bildirmişdir ki, təzə doğmuş inək ağır vəziyyətdə olduğu üçün heyvanın dərisindən və ya ətindən yararlanmaq məqsədi ilə məcburi kəsim faktı mövcud olmamışdır. Bu hal heyvanın 16.10.2020-ci il tarixdə tələf olması barədə tərtib edilmiş Aktda öz əksini tapmışdır. Cavabdeh «xxxx» ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddianı qismən qəbul edərək, onun qismən təmin edilməsini xahiş etmiş və izah ettmişdir ki, xxxx ASC-də 05 sentyabr 2020-ci il tarixli KTH-0033/20 saylı heyvanların sığortası şəhadətnaməsi ilə sığortalanan "simmental" cinsli, AZ 70102 inventar nömrəli inək 4816,30 manat məbləğində sığortalanmışdır. Qeyd olunan inəyin tələf olması nəticəsində 4816,30 manat məbləğində zərər hesablanmışdır. KTH-0033/20 saylı heyvanların sığortası şəhadətnaməsinə əsasən faydalan şəxs kimi AR Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi və sığortalı İddiaçı qeyd edilmişdir. AR Kənd Təsərrüfaü Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin 21 fevral 2021-ci il tarixli 22/02/05-396 saylı məktubundan məlum olmuşdur ki, qeyd olunan inəyin alınmasında 2880 manat güzəşt məbləği təşkil etdiyinə görə, həmin məbləğdə sığorta ödənişinin Agentliyə köşürülməsi xahiş olunmuşdur. Qeyd etmək lazımdır ki, güzəşt məbləği sığorta məbləğinin 60% təşkil etmişdir. KTH-0033/20 saylı heyvanların sığortası şəhadətnaməsinə əsasən şərtsiz azadolma kimi hər başa sığorta məbləğinin 20% təşkil etməsi qeyd edilmişdir. Belə olan halda azadolma məbləği 4816,30 x 20% = 963,26 manat təşkil etmişdir. KTH-0033/20 saylı heyvanların sığortası şəhadətnaməsinin sığorta şərtlərinə əsasən əgər xəsarət dəyən heyvanın dərisindən yararlanmaq mümkündürsə, sığorta məbləğinin ən azı 4%-i, ətindən yararlanmaq mümkündürsə, sığorta məbləğinin ən azı 30%-i qalıq kimi müəyyənləşdirilir və sığorta ödənişindən çıxılır. Saatlı rayon Baytarlıq İdarəsinin rəisi, Saatlı rayon Qaracalar kəndinin baytar sahə müdirinin və digər aidiyyatı şəxslərin tərtib etdiyi Akta əsasən, 14 oktyabr 2020-ci il tarixdə daxil olmuş məlumata əsasən İddiaçı məxsus simmental cinsli inəyin digər heyvanın vurması ilə axura düşməyi nəticəsində çanaq-bud sümüyünün sınması müşayət olunmuş, vətəndaş İddiaçı bildirilmişdir ki, heyvanın vəziyyəti ağırdır, yaşamaq şansı azdır. Heyvan 16 oktyabr 2020-ci ildə tələf olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.4-cü maddəsinə əsasən sığortalının sığortalanmış əmlaka dəyən zərərin qarşısını almaq və ya həcmini azaltmaq üçün lazımi və mümkün tədbirləri görmək iqtidarında olduğu halda, həmin tədbirləri qəsdən görməməsi halında sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. Bu zaman sığorta ödənişindən o həcmdə imtina edilə bilər ki, sığortalı mümkün tədbirləri görmüş olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı. Aktdan göründüyü kimi İddiaçı zədələnmiş heyvanın ağır vəziyyətdə olması və yaşamaq üçün şansı az olduğu barədə səlahiyyətli şəxslər tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq, o, həmin heyvanın məcburi kəsimini həyata keçirməmiş və bununla da əmlaka dəyən zərərin qarşısını almaq və ya həcmini azaltmaq üçün lazımi və mümkün tədbirləri görmək iqtidarında olduğu halda, həmin tədbirləri qəsdən görməmişdir. Qeyd etmək lazımdır ki, heyvanın məcbri kəsimi həyata keçirilsəydi heyvanın dərisindən və ətindən yararlanmaq mümkün olardı. Buna görə də, KTH-0033/20 saylı heyvanların sığortası şəhadətnaməsinin sığorta şərtlərinə əsasən sığorta məbləğinin 34% sığorta ödənişindən çıxılmalıdır. Sığorta ödənişindən azadolmadan əlavə çıxılacaq məbləğ 4816,30 manat x 34% = 1637,5 manat təşkil edir. Belə olan halda sığorta məbləğindən, yəni 4816,30 manatdan, azadolma məbləği 963,26 manat, məcburi kəsim edilmədiyinə görə əlavə 1637,50 manat çıxıldıqdan sonra sığorta ödənişinin məbləği 2215,54 manat təşkil etməlidir. Sığorta ödənişinin 60%, yəni 1329,3 manat AR Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Ağentliyinə, 40% isə, yəni 886,2 manat İddiaçı verilməlidir. “xxxx” ASC tərəfindən iddiaçıya göndərilmiş 26.04.2021-ci il tarixli məktubda sığorta məbləği düzgün hesablanmayaraq, sığortalıya 1017,21 manat məbləğində sığorta ödənişi ediləcəyi göstərilmişdir. Bu məbləğ 886,2 manat təşkil edir. Məhkəmə işə baxıb, tərəfləri izahatlarını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək, hesab edir ki, iddia tələbi əsaslıdır və aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarında olan “xxxx” ASC ilə İddiaçı arasında bağlanmış KTH-0033/20 saylı, 05.09.2020-ci il tarixli heyvanların sığortası şəhadətnaməsindən görünür ki, “xxxx” ASC tərəfindən iki baş “simmental” cinsi olan inək hər birinin dəyəri 4816.30 manat qiymətləndirilməklə 04.09.2023-cü il tarixədək sığortalanmışdır. Həmin Müqaviləyə əsasən şərtsiz azadolma məbləği hər başa sığorta məbləğinin 20,0%-ini təşkil edir. Həmin Müqaviləyə əsasən faydalanan şəxs Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Kredit və İnkişaf Nazirliyidir. Həmin Müqaviləyə əsasən əgər xəsarət dəyən heyvanın dərisindən yararlanmaq mümkündürsə, sığorta məbləğinin ən azı 4%-i, ətindən yararlanmaq mümkündürsə, sığorta məbləğinin ən azı 30%-i qalıq kimi müəyyənləşdirilir və sığorta ödənişindən çıxılır. Təqdim olunmuş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Kredit və İnkişaf Nazirliyi tərəfindən «xxxx» ASC-nə ünvanlanmış 22/02/05-396 saylı, 11.02.2021-ci il tarixli məktubundan görünür ki, Agentliyin vəsaiti hesabına İddiaçı AZ 70102 inventar nömrəli 1 (bir) baş damazlıq heyvanın maliyyələşdirilməsi məqsədilə 2880 manat güzəşt məbləği ayrılmışdır. «xxxx» ASC tərəfindən KTH-0033/20 saylı sığorta şəhadətnaməsi ilə sığortalanan Simmental cinsli, AZ 70102 inventar nömrəli 1 (bir) baş damazlıq heyvan tələf olmuşdur. Agentliyin faydalanan şəxs olduğunu nəzərə alaraq, həmin damazlıq heyvanın alınması məqsədilə köçürülmüş güzəşt məbləği 2880 manat sığorta məbləğinin Agentliyə ödənilməsi məqsədilə bank rekviziti təqdim edilmişdir. İş materiallarında olan KTH-0033/20 saylı heyvanların sığortası üzrə şəhadətnamənin 1 №-li qoşmasından görünür ki, sığorta müqaviləsinin qüvvədə olduğu 2020-ci ildən 2023cü ilədək olan dövr üçün hər ilə görə 535.58 manat olmaqla müqavilənin qüvvədə olduğu bütün dövr üçün cəmi 1606.72 manat həcmində sığorta haqqı ödənilməlidir. İş materiallarında olan yarma protokolundan görünür ki, heyvanın cəsədinin yarılması barədə 16.10.2020-ci il tarixli yarma protokolu tərtib edilmiş, ölümün çanaq-bud sümüyünün sınması nəticəsində baş verdiyi təsdiq edilmişdir. İş materiallarında olan 16.10.2020-ci il tarixli aktdan görünür ki, Saatlı rayon Baytarlıq İdarəsinin rəisi Bəhmən Namazov və baytar sahə müdiri Nurəddin Osmanovun iştirakı ilə daxil olmuş məlumat əsasında heyvanın vəziyyətinə ümumi baxış keçirilmiş və ölümün çanaq-bud sümüyünün sınması nəticəsində baş verdiyi barədə 16.10.2020-ci il tarixli akt tərtib edilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən «xxxx» ASC-nə ünvanlanmış 31 mart 2021-ci il tarixli ərizədən görünür ki, o, KTH-0033/20 saylı heyvanların sığortası şəhadətnaməsinə əsasən “xxxx” ASC ilə 05.09.2020-ci il tarixindən 04.09.2023-cü il tarixədək olan dövr üçün sığorta müqaviləsi bağlamışdır. Aqrar Sığorta müqaviləsinin predmetini təşkil edən iki baş “simmental” cinsi olan ana inəklərin hər birinin dəyəri 4816.30 manat qiymətləndirilməklə sığorta məbləğinin cəmi 9632.60 manat həcmində müəyyən edilmişdir. Sığorta müqaviləsinin qüvvədə olduğu 2020-ci ildən 2023-cü ilədək olan dövr üçün hər ilə görə 535.58 manat olmaqla onun tərəfindən müqavilənin qüvvədə olduğu bütün dövr üçün cəmi 1606.72 manat həcmində sığorta haqqı ödənilmişdir. Lakin sığorta müqaviləsinin bağlanması və sığorta haqqının ödənilməsindən sonra keçən qısa müddət ərzində, yəni 16.10.2020-ci tarixdə “birka nömrəsi 70102”, “simmental” cinsi olan təzə doğmuş bir baş ana inək tələf olmuşdur. İnəyin tələf olmasından 2 gün əvvəl digər inəyin vurması nəticəsində heyvanın axura düşərək möhkəm əzilməsi çanaq-bud sümüyünün sınması səbəbindən ağır vəziyyətdə olması barədə tərəfindən Saatlı rayon Baytarlıq İdarəsinin rəisi Bəhmən Namazova və baytar sahə müdiri Nurəddin Osmanova məlumat verilmişdir. Adiyyəti üzrə daxil olmuş məlumat əsasında heyvanın vəziyyətinə onun iştirakı ilə ümumi baxış keçirilmiş və ölümün hansı səbəbdən baş verməsi barədə 16.10.2020-ci il tarixli akt tərtib edilmişdir. Heyvanın cəsədinin yarılması barədə 16.10.2020-ci il tarixli yarma protokolu tərtib edilmiş, ölümün çanaq-bud bud sümüyünün sınması nəticəsində baş verdiyi təsdiq edilmişdir. Heyvanın tələf olması faktı ilə bağlı məlumat və tərtib edilmiş rəsmi sənədlər dərhal “xxxx” ASC-yə göndərilmiş və sığortalı şəxs kimi dəymiş zərərə görə ona sığorta ödənişinin sığortaçı tərəfindən ödənilməsi ilə bağlı tədbir görülməsi xahiş olunmuşdur. Lakin sığorta hadisəsinin baş verməsindən dərhal sonra sığortaçıya rəsmi məlumat və müvafiq sənədlər təqdim edilsə də, hadisədən 6 ay müddət keçməsinə baxmayaraq heç bir tədbir görülməmişdir. Ona görə də, tərəflər arasında bağlanmış sığorta müqaviləsinin şərtlərini nəzərə alaraq, ən qısa zamanda tədbir görülməsi və ona yazılı məlumat verilməsi xahiş olunmuşdur. İş materiallarında olan “xxxx” ASC tərəfindən İddiaçı oğluna ünvanlanmış HO-595/11 nömrəli, 26.04.2021-ci il tarixli bildirişdən görünür ki, KTH-0033/20 saylı heyvanların sığortası şəhadətnaməsi ilə «xxxx» ASC-də sığortalanan "simmental" cinsli, AZ 70102 inventar nömrəli heyvan tələf olmuşdur. Sığorta şəhadətnaməsinin şərtlərinə əsasən faydalanan şəxs kimi Aqrar Kredit və İnkişaf Agentliyi və sığortalı kimi Təsərrüfat sahibi nəzərdə tutulmuşdur. Qeyd olunan sığorta hadisəsi üzrə 4816 manat məbləğində zərər məbləği müəyyən olunmuşdur. Sığorta ödənişindən 963,26 manat məbləğində şərtsiz azadolma çıxıldıqdan sonra qalıq məbləğ 3853,04 manat təşkil etmişdir. Həmin məbləğin sığorta müqaviləsinə əsasən 60 faizi, yəni 2311,82 manatı AKİA-ya ödənilməlidir. Sığorta şəhadətnaməsinin məcburi kəsim şərtinə görə isə sığortalıya düşən ödəniş məbləğindən 34% (524,01 manat) tutulacaq və nəticədə sığortalıya 1017,21 manat məbləğində sığorta ödənişi ediləcəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 901.1-ci maddəsinə görə sığorta şəhadətnaməsi sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi“icbari sığorta qanunlarına“və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi““baş verdikdə“icbari sığorta qanunlarına və ya“sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir (Mülki Məcəllənin 926.2-ci mad.). Məhkəmə hesab edir ki, İddiaçı ilə «xxxx» ASC arasında qanunvericiliyin tələblərinə uyğun olaraq sığorta münasibətləri yaranmış, həmin münasibətlər sığorta şəhadətnaməsi ilə rəsmiləşdirilmiş, tərəflərin hüquq və vəzifələri həmin şəhadətnamədə əks olunmuş, qeyd olunan müqaviləyə əsasən sığorta hadisəsi hesab edilən hadisə baş vermişdir. Beləliklə, məhkəmə hesab edir ki, həmin mübahisənin yaranma halları öz təsdiqini təqdim olunmuş sübutlarda tapdı. Cavabdeh sığorta müqaviləsi üzrə iddiaçıya dəyən ziyanı ödəməlidir, cavabdehin öz öhdəliklərini icra etməkdən yayınmasını, məhkəmə, ziyanın ödənilməsinə dair sığorta hüquqlarının pozulması kimi qiymətləndirir, ona görə də, həmin hüquqlar məhkəmə qaydasında müdafiə olunmalıdır. Qanunvericiliyin qeyd edilən normalarından aydın olur ki, sığorta hadisəsi barədə sığortalı və digər şəxslər tərəfindən sığortaçıya dərhal və mümkün olan ən qısa müddət ərzində məlumat verilməməsi nəticəsində sığortaçı, hadisənin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması ilə əlaqədar onun mənafeyi əhəmiyyətli dərəcədə pozulduqda sığorta ödəməkdən imtina edə bilər. Qeyd edilən hal onu təsdiq edir ki, məhz göstərilən hallar müəyyən edildikdə, sığortaçı tərəfindən sığorta ödənişindən imtina edilə bilər. Qanunun 935.1.1-ci maddəsinin məzmunundan aydın olur ki, sığorta ödənişindən imtina əsası kimi müəyyən edilmiş şərtlərin sübut edilməsini məhz sığorta ödəməkdən imtina edən sığortaçının üzərinə düşür. Lakin sığortaçı tərəfindən məhkəməyə sığorta hadisəsinin səbəbini və dəyən zərərin həcminin müəyyənləşdirmək imkanından məhrum olması ilə əlaqədar onların mənafeylərinin əhəmiyyətli dərəcədə pozulmasını təsdiq edən hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Halbuki mülki prosessual qanunvericiliyin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla yanaşı, məhkəmə iclasında sübutların tədqiqi ilə kifayət qədər müəyyən olundu ki, KTH-0033/20 saylı heyvanların sığortası şəhadətnaməsinə əsasən “xxxx” ASC ilə 05.09.2020-ci il tarixindən 04.09.2023-cü il tarixədək olan dövr üçün sığorta müqaviləsi bağlamışdır. Aqrar Sığorta müqaviləsinin predmetini təşkil edən iki baş “simmental” cinsi olan ana inəklərin hər birinin dəyəri 4816.30 manat qiymətləndirilməklə sığorta məbləğinin cəmi 9632.60 manat həcmində müəyyən edilmişdir. Sığorta müqaviləsinin qüvvədə olduğu 2020-ci ildən 2023-cü ilədək olan dövr üçün hər ilə görə 535.58 manat olmaqla iddiaçı tərəfindən müqavilənin qüvvədə olduğu bütün dövr üçün cəmi 1606.72 manat həcmində sığorta haqqı ödənilmişdir. 14.10.2020-ci tarixdə “birka nömrəsi 70102”, “simmental” cinsi olan təzə doğmuş bir baş ana inək digər inəyin vurması nəticəsində axura düşərək çanaqbud sümüyünün sınması səbəbindən ağır vəziyyətdə olması barədə iddiaçı tərəfindən Saatlı rayon Baytarlıq İdarəsinin rəisi Bəhmən Namazova və baytar sahə müdiri Nurəddin Osmanova məlumat verilmiş, 16.10.2020-ci il tarixdə heyvan tələf olmuşdur. Saatlı rayon Baytarlıq İdarəsinin işçilərinin iştirakı ilə tərtib olunmuş 16.10.2020-ci il tarixli akt və heyvanın cəsədinin yarılması barədə protokolla ölümün çanaq-bud sümüyünün sınması nəticəsində baş verdiyi təsdiq edilmişdir. Heyvanın tələf olması faktı ilə bağlı məlumat və tərtib edilmiş rəsmi sənədlər dərhal “xxxx” ASC-yə göndərilmiş və sığortalı şəxs kimi dəymiş zərərə görə ona sığorta ödənişinin ödənilməsi ilə bağlı tədbir görülməsi xahiş olunmuşdur. Lakin sığorta hadisəsinin baş verməsindən dərhal sonra sığortaçıya rəsmi məlumat və müvafiq sənədlər təqdim edilsə də, hadisədən 6 ay müddət keçməsinə baxmayaraq heç bir tədbir görülməmişdir. Cavabdeh 4816,30 manat sığorta ödənişindən sığorta şəhadətnaməsində gösərilmiş şərtsiz azadolma məbləği 963,26 manat və iddiaçı tərəfindən məcburi kəsim edilmədiyinə görə əlavə 1637,50 manat çıxılmalı olduğunu onunla əsaslandırmışdır ki, iddiaçı zədələnmiş heyvanın ağır vəziyyətdə olması və yaşamaq üçün şansı az olduğu barədə səlahiyyətli şəxslər tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq, həmin heyvanın məcburi kəsimini həyata keçirməmiş və bununla da əmlaka dəyən zərərin qarşısını almaq və ya həcmini azaltmaq üçün lazımi və mümkün tədbirləri görmək iqtidarında olduğu halda, həmin tədbirləri qəsdən görməmişdir, belə ki, heyvanın məcbri kəsimi həyata keçirilsəydi heyvanın dərisindən və ətindən yararlanmaq mümkün olardı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.4-cü maddəsinə əsasən sığortalının sığortalanmış əmlaka dəyən zərərin qarşısını almaq və ya həcmini azaltmaq üçün lazımi və mümkün tədbirləri görmək iqtidarında olduğu halda, həmin tədbirləri qəsdən görməməsi; bu zaman sığorta ödənişindən o həcmdə imtina edilə bilər ki, sığortalı mümkün tədbirləri görmüş olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı Bununla yanaşı, məhkəmə iclasında sübutların araşdırılması ilə iddiaçı tərəfindən yeni doğmuş və aldığı xəsarətə görə ağır vəziyyətdə olan heyvanın məcburi kəsiminin həyata keçirilməməsi ilə əmlaka dəyən zərərin qarşısını almaq və ya həcmini azaltmaq üçün lazımi və mümkün tədbirləri görmək iqtidarında olduğu halda, həmin tədbirlərin qəsdən görülməməsi öz təsdiqini tapmamışdır. Belə olduğu təqdirdə, məhkəmə hesab edir ki, dəymiş ziyanın ödənilməsi hissəsində iddiaçının tələbi qismən əsaslıdır. İş üzrə müəyyən olunmuş hallara məcmu halında qiymət verərək, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 4816,30 manat sığorta ödənişindən şərtsiz azadolma məbləği 963,26 manat çıxılmaqla, qalan 3853,04 manat məbləğin (4816,30 manat-963,26 manat) 40%-i (3853,04 manat x 40%), yəni 1541,22 manat məbləğində sığorta ödənişi iddiaçıya ödənilməlidir. Belə olduğu təqdirdə, məhkəmə hesab edir ki, dəymiş ziyanın ödənilməsi hissəsində iddiaçının tələbi qismən əsaslıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh «xxxx» Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətindən iddiaçı İddiaçı xeyrinə 1541,22 (bir min beş yüz qırx bir manat iyirmi iki qəpik) manat sığorta ödənişi tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar