Məhkəmə qərarları › İş №2(009)-168/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-168/2022

05.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-168/2022 05.05.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyeva Leyla Mirfazil qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh «Atəşgah Sığorta Şirkəti” ASC-yə qarşı “sığorta ödənişi” tələbinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı cavabdeh «Atəşgah Sığorta Şirkəti” ASC-yə qarşı “sığorta ödənişi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, özünə məxsus ** HO *** dövlət qeydiyyat nişanlı avtomobili vardır. O həmin avtomobili etibarnamə ilə idarə edirdi. 17.05.2020-ci il tarixində idarə etdiyi avtomobillə Sabirabad rayonu Xəlifəli kənd ərazisində avtomagistralda təxminən 30-40- km/saat sürətlə yolun özünə məxsus hərəkət hisəssində hərəkət edərkən qarşı hərəkət zolağında hərəkətdə olan X3 məxsus ağ rəngli "VAZ 21154“ markalı avtomobilin dönmə əməliyyatı aparıb onun hərəkətdə olduğu yola çıxmasını gördü, bu zaman o avtomobili tormoz etdi və asfalt yolun sağ kənarında onun avtomobilinin qabaq tərəfi ilə "VAZ 21 154" markalı avtomobilin qabaq sol tərəfi toqquşdu, toqquşmadan sonra hər iki avtomobil yolun kənarında yerləşən avtomobil dayanacağının dəmir turbalarına dəyib dayandı. Hadisə zamanı xəsarət aldığı üçün onu Şirvan şəhər mərkəzi xəstəxanasına apardılar. Baş vermiş yol-nəqliyyat hadisəsi üzrə Sabirabad rayon Polis Şöbəsində araşdırma aparılmış və nəticədə sürücü olaraq onların hər ikisinin təqsirli olduğu müəyyən olunsa da, onun X5 ilə barışmağı nəzərə alınaraq iş üzrə cinayət işinin başlanılmasından imtina olunmuş, bununla bağlı "cinayət işinin başlanmasının rədd edilməsi haqqında 12 dekabr 2020-ci il tarixli Qərar qəbul edilmişdir. Bundan sonda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ona məxsus avtomobilə vurulmuş ziyanın məbləğinin müəyyən olunması üçün mütəxəssisə müraciət etmişdir. Mütəxəssis tərəfindən avtomobilə baxış keçirilmiş və dəymiş ziyanın məbləği 7655 manat müəyyən olunmuşdur. Bu səbəbdən avtomobilə dəymiş ziyan məbləğinin ödənilməsindən ötrü müvafiq sənədləri toplayıb cavabdeh “Atəşgah" Sığorta Şirkətinin Şirvan şəhər Filialına təqdim etmişdir. Sənədlər təqdim olunduqdan sonra cavabdeh tərəfindən bildirildi ki, ona dəymiş ziyan olaraq 1800 manat məbləğində pul ödənişi olacaqdır. Həmin məbləğlə razılaşmadığından cavabdehə yazılı etirazını bildirmişdir. Etirazı əsasında cavabdehin nümayəndəsi olaraq mütəxəssis tərəfindən avtomobilə yenidən baxış keçirilmiş və dəymiş ziyan kimi ona 1800 manat deyil, 2643 manat məbləğində pul ödənişinin olacağı bildirilmişdir. Lakin ona 2643 manat məbləğində pul ödənişinin olacağı vəd olunsa da, 1300 manat dəymiş ziyan məbləğinin ödənişi olunmuşdur. Cavabdeh «Atəşgah Sığorta Şirkəti” ASC-nin nümayəndəsi X6 18.11.2021-ci il tarixdə iddia ərizəsinə etiraz təqdim etmiş və etiraz ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh Sığorta Şirkətinə qarşı “pul tələbinə dair” iddiası əsassız olduğu üçün təmin edilə bilməz. İş materiallarına əsasən nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə Cavabdeh Sığorta Şirkətində sığorta olunan “Vaz 21154” markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobil 17.05.2020-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X1 idarə etdiyi “Vaz 2107” markalı, ** HO *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.1-ci maddəsinə əsasən, sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. Həmin maddənin 2-ci bəndinə əsasən, sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsi ilə qiymətləndirir. İcbari sığortalar haqqında Azərbaycan Respublikası qanununun 16.2-ci maddəsininin 1-ci cümləsində göstərilir ki, sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya, Sığorta fəaliyyəti haqqında Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Qeyd edilənlərdən məlum olur ki, Cavabdeh Sığorta Şirkətinin sığorta hadisəsi nəticəsində dəymiş zərəri qiymətləndirmək hüququ qanunvericiliklə təsbit edilmişdir. Bunu nəzərə alaraq cavabdehin texniki ekspertiza şöbəsinin mütəxəssisləri tərəfindən əmlaka dəymiş zərər araşdırılmış və bununla bağlı müvafiq hesabat tərtib edilmişdir. Hesabata əsasən “Vaz 2107” markal ** HO *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün 1850 manat tələb olunur. Mülki Məcəllənin 925.3-cü və “İcbari Sığortalar haqqında” Qanunun 16-cı maddələrinə əsasən Sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır. İddiaçı Ə.M.Bədəlov sığortaçı tərəfindən müəyyən edilən zərər məbləği ilə razı olmadığı üçün Cavabdeh Sığorta Şirkətinə müraciət edərək, müstəqil ekspertizanın keçirilməsini xahiş etmişdir. Cavabdeh Sığorta Şirkəti müraciəti nəzərə alaraq, qanunvericiliyə uyğun olaraq müstəqil ekspertizanın keçirilməsini təmin etmişdir. Keçirilən müstəqil ekspertiza nəticəsində “VAZ 2107” markalı, ** HO *** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən zərərin 2643 manat olduğu müəyyən edilmişdir. Hazırkı iş üzrə zərərvuranla yanaşı zərərçəkənin də təqsiri müəyyən edildiyi üçün “İcbari Sığortalar haqqında” Qanunun 58.3-2-ci maddəsinə uyğun olaraq, sığorta ödənişi iddiaçının təqsirinin dərəcəsinə mütənasib məbləğdə azaldılmışdır. Belə ki, iddiaçıya 1321.50 manat məbləğində sığorta ödənişi verilmişdir. Bu səbəbdən iddiaçının iddia ərizəsi əsassızdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri müdafiə edərək bildirmişdir ki, müstəqil ekspert tərəfindən verilmiş rəy ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi rəy tamamilə eynidir. Bu səbəbdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi rəydən narazı olduğunu bildirərək, iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 etiraz ərizəsində göstərilənləri müdafiə edərək bildirmişdir ki, texniki ekspertiza şöbəsinin mütəxəssisləri tərəfindən əmlaka dəymiş zərər araşdırılmış və bununla bağlı müvafiq hesabat tərtib edilmişdir. Hesabata əsasən avtomobilə dəymiş zərərin miqdarı 1850 manat müəyyən olunmuşdur. İddiaçı sığortaçı tərəfindən müəyyən edilən zərər məbləği ilə razı olmadığı üçün cavabdehə müraciət edərək, müstəqil ekspertizanın keçirilməsini xahiş etmişdir. Keçirilən müstəqil ekspertiza nəticəsində avtomobilə dəyən zərərin 2643 manat olduğu müəyyən edilmişdir. Hazırkı iş üzrə zərərvuranla yanaşı zərərçəkənin də təqsiri müəyyən edildiyi üçün “İcbari Sığortalar haqqında” Qanunun 58.3-2-ci maddəsinə uyğun olaraq, sığorta ödənişi iddiaçının təqsirinin dərəcəsinə mütənasib məbləğdə azaldılmışdır. Belə ki, iddiaçıya 1321.50 manat məbləğində sığorta ödənişi verilmişdir. Bu səbəbdən iddianın rədd olunmasını xahiş etmişdir. İş materiallarını araşdırıb, iddiaçını və cavabdehin nümayəndəsini dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarında olan 093767 nömrəli Sığorta aktından görünür ki, VAZ21154 markalı, 03BJ863 dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən sığorta məbləği 55000 manat olmaqla 11.07.2019-11.07.2020-ci il tarixlərə sığorta edilmişdir. 17.05.2020-ci il tarixdə VAZ21154 markalı, 03BJ863 dövlət qeydiyyat nişanlı avtomobil VAZ21074 markalı, 90HO317 dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşaraq sığorta hadisəsi baş vermişdir. Qiymətləndirmə hesabatına əsasən maddi ziyanın ümumi məbləği 2643 manat müəyyən edilmişdir. Hər iki sürücü təqsirli olduğuna görə sığorta ödənişi 50%, yəni 1321 manat müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 21.02.2022-ci il tarixli, 9/9322 saylı Rəyindən görünür ki, VAZ21074 markalı, 90HO317 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 2643 manat məbləğində müəyyən edilmişdir. (təhqiqatın dəyəri 100 manat) İş materiallarında olan 12.12.2020-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, VAZ21154 markalı, 03BJ863 dövlət qeydiyyat nişanlı avtomobilə 5470 manat, VAZ21074 markalı, 90HO317 dövlət qeydiyyat nişanlı avtomobilə 7655 manat ziyan dəymiş və tərəflər barışdığı üçün cinayət işinin başlanmasının rədd edilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, baş vermiş sığorta hadisəsi zamanı onun avtomobilinə 7655 manat ziyan dəydiyini və həmin məbləğin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. MM-in 925.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. MM-in 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. MM-in 926.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. «İcbari sığortalar haqqında» Qanunun 50.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Həmin Qanunun 52.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. Həmin Qanunun 54-cü maddəsinə əsasən Bu Qanunun 7-ci maddəsində müəyyən edilmiş istisna nəzərə alınmaqla, müvafiq icbari sığorta müqaviləsinin tərəfi olmayan, sığortalının və ya sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən şəxslər, o cümlədən avtonəqliyyat vasitəsindəki sərnişinlər, onlar öldükləri halda, ailə üzvləri bu Fəslin məqsədləri üçün üçüncü şəxs sayılırlar. Həmin Qanunun 56.1 və 56.1.2-ci maddəsinə əsasən üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri - üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat kimi müəyyən edilir. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır. Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, cavabdeh icbari sığortanı həyata keçirərkən sığorta hadisəsi baş verdikdən sonra zərərin obyektiv qiymətləndirilməsi istiqamətində zəruri addımlar atmalıdır. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə isə zərərin miqdarının qiymətləndirilməsini tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır. Həmin Qanunun 58.3–2-ci maddəsinə əsasən fiziki şəxsin həyatına və ya sağlamlığına zərər vurulduğu hallar istisna olmaqla, sığorta hadisəsinin baş verməsində sığorta olunanla yanaşı, üçüncü şəxsin də təqsiri müəyyənləşdirilərsə, vurulmuş zərərə görə sığorta ödənişi üçüncü şəxsin təqsirinin dərəcəsinə mütənasib məbləğdə azalır. İşin faktiki hallarından görünür ki, cavabdeh yol-nəqliyyat hadisəsindən sonra üzərinə düşən öhdəliyi yerinə yetirmiş, yəni ilkin olaraq sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini müəyyən etmiş, lakin zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədiyindən zərərin miqdarının qiymətləndirilməsini qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılmış, 2643 manat müəyyən olunmuş və 1300 manat cavabdeh tərəfindən iddiaçıya ödənilmişdir. Məhkəmə qeyd edir ki, araşdırma zamanı Məhkəmə Ekspertiza Mərkəzənin eksperti tərəfindən verilmiş rəydə müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmişdir, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməməlidir. Belə ki, məhkəmə üçün cinayət prosesini həyata keçirən orqanın ləğv olunmamış qərarı ilə müəyyən edilmiş halın preyudisiyal əhəmiyyəti vardır ki, bu qərarda da ziyanın məbləği 7655 manat (yeddi min altı yüz əlli beş) məbləğində müəyyən edilmişdir. Məhkəmə sığorta hadisəsi nəticəsində avtomaşına dəyən ziyanla əlaqədar qeyd edir ki, ziyan məbləği sığorta aktında 2643 manat, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda isə 7655 manat təşkil edir. Sığorta aktında və cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda ziyan məbləği arasındakı fərq yüksək olduğundan məhkəmə tərəfindən ekspertiza keçirilmişdir. Ekspert rəyində ziyan məbləği 2643 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri - üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat müəyyən edildiyini, sığorta hadisəsinin baş verməsində sığorta olunanla yanaşı, üçüncü şəxsin də təqsiri müəyyənləşdirildiyini nəzərə alaraq vurulmuş zərərə görə sığorta ödənişi üçüncü şəxsin təqsirinin dərəcəsinə mütənasib məbləğdə azaldılaraq 2000 manat müəyyən edilməli və sığorta şirkəti tərəfindən ödənilmiş 1300 manatın ödənildiyi nəzərə alınmaqla 700 manat cavabdehdən tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh Sığorta Şirkəti ASC-dən 700 manat sığorta ödənişi tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbinin qismən təmin edilməsini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 20 manatı cavabdehə aid edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası xərcinin 30 manatı İddiaçı, 70 manatı Cavabdeh Sığorta Şirkəti ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22) ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Sığorta Şirkəti ASC-dən 700 manat sığorta ödənişi tutularaq İddiaçı ödənilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 20 manatı Cavabdeh Sığorta Şirkəti ASC-dən tutularaq İddiaçı ödənilsin. Keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizası xərcinin 30 manatı İddiaçı, 70 manatı Cavabdeh Sığorta Şirkəti ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22) ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar