Məhkəmə qərarları › İş №2(009)-1698/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1698/2022

25.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1698/2022 25.08.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı - Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il təvəllüdlü X1 üçün 193 manat məbləğində alimentin və uşaq 7 aylıq olduğu üçün əlavə 30 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2011-ci il tarixdə nikaha daxil olmuşdur. Birgə nikahlarından xx.xx.2021-ci il tarixdə X4 anadan olmuşdur. Hazırda ayrı kirayə mənzildə yaşayır və uşaq onun himayəsindədir. Cavabdeh uşağın maddi vəziyyəti ilə maraqlanmır, uşağa heç bir köməklik etmir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, tərəflərin birgə nikahından üç uşaqları vardır. O, heç bir yerdə işləmir, cavabdehlə faktiki olaraq ayrı yaşayır və uşaqlarını özü saxlayır. Cavabdehin rəsmi iş yeri olmasa da, turizm sahəsində turistlərlə işlədiyini bilir. İddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada dəfələrlə xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Səbail Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikahın bağlanması haqqında arayışın surətindən görünür ki, Cavabdeh ilə X7 arasında xx.xx.2011-ci il tarixdə nikah bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 442 № ilə qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra arvada Abdullayeva soyadı verilmişdir. İşə əlavə edilmiş 3 saylı Bakı Asan Xidməti Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2021-ci il tarixdə X5 Bakı şəhərində anadan olmuşlar, ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğində alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə hesab edir ki, iş üzrə Cavabdeh xx.xx.2021-ci il tarixdə doğulmuş X2 atası olması iddia tələbinin mübahisəsiz halıdır. Ona görə də İddiaçı cavabdehə qarşı aliment tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 03 dekabr 2021-ci il tarixli Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 (bir yüz doxsan üç) manat məbləğində müəyyən edilmişdir. Alimentin miqdarını müəyyən edərkən məhkəmə uşağın mənafeyini, onun əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını, respublikada 2022-ci il üçün uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu məbləğini, eyni zamanda tərəflərin maddi və sosial vəziyyətini nəzərə alaraq hesab edir ki, tərəflərin azyaşlı uşağı xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində alimentin tutulması uşağın mənafeyi baxımından məqsədəuyğundur. Bundan başqa məhkəmə iddia tələbinin “uşaq üç yaşına çatanadək cavabdeh tərəfindən iddiaçının xeyrinə hər ay 30 manat ödənilməsi” hissəsi ilə bağlı qeyd edir ki, Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinə əsasən, hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən aliment ödəməyi tələb etmək hüququna malikdir. Məhkəmə, iddiaçı ilə cavabdehin rəsmi boşanmasalar da faktiki olaraq ayrı yaşadıqlarını, iddiaçının ayrı kirayə mənzildə yaşadığını nəzərə alaraq, eləcə də cavabdehin maddi və sosial vəziyyətini və işin diqqətəlayiq digər hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə də təmin edilməli və xx.xx.2021-ci il təvəllüdlü X3 3 (üç) yaşına çatanadək hər ay Cavabdeh İddiaçı xeyrinə 30 (otuz) manat məbləğində aliment tutulmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə uyğun olaraq alimentin tutulmasının əvvəli iddiaçı məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. (119.2.) Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatadək olduqda 30 manat, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 1000 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə iddianın təmin olunduğunu, iddiaçının qanunla müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edildiyini nəzərə alaraq və sadalanmış normaları hazırki iş üzrə tətbiq edərək belə qənaətə gəlir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən 46,76 (qırx altı manat yetmiş altı qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Beləliklə, məhkəmə mülki iş üzrə araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 193 (bir yüz doxzsan üç) manat sabit pul məbləğində aliment və xx.xx.2021-ci il təvəllüdlü X5 3 yaşına çatanadək hər ay 30 (otuz) manat məbləğində aliment xx.xx.2022-ci il tarixdən başlayaraq Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 193 (bir yüz doxzsan üç) manat sabit pul məbləğində aliment və xx.xx.2021-ci il təvəllüdlü X4 3 yaşına çatanadək hər ay 30 (otuz) manat məbləğində aliment xx.xx.2022-ci il tarixdən hesablanmaqla Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh 46,76 (qırx altı manat yetmiş altı qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar