Məhkəmə qərarları › İş №2(009)-1718/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1718/2021

02.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1718/2021 02.07.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim İlkin Şahin oğlu Rüstəmlinin sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi, İddiaçı və onun nümayəndəsi-vəkili Vəkil və cavabdehin nümayəndəsi X2 və X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «dəymiş maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı «dəymiş maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, maddi ziyanın əvəzi kimi 45384,30 manat pulun və 30 manat dövlət rüsumunun əvəzinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən evini cavabdeh şirkətdə sığorta etdirmişdir. Məlum Qaraabğ hadisələri ilə əlaqədar 04 oktyabr 2020-ci il tarixdə Ermənistan ərazisindən atılmış raketlə iddiaçının evi dağılaraq yararsız hala düşmüşdür. Cavabdeh təşkilatın iddiaçıya ünvanladığı məktubla sığorta ödənişinin verilməsindən imtina olunmuşdur. İddiaçı hesab edir ki, həmin imtina əsassızdır. Belə ki, şəhadətnamədə “partlayış” hadisəsinin sığorta hadisəsi olması nəzərdə tutulmuşdur. Həmçinin digər partlayış kimi də məişətdə baş verən qaz partlayışı və digər hallar da öz ayrıca əksini tapmışdır. Gəncə şəhəri hərbi əməliyyatlar keçirilən ərazi deyildir və müharibə ərazisindən uzaqda yerləşir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, hazırda kirayə yaşayır və hər ay dövlət tərəfindən ona 250 manat kirayə pulu verilir. Evi hazırki vaxta kimi dağıdılmış vəziyyətdə qalır. Sığorta şirkəti sığorta haqqını ondan almasına baxmayaraq, sığorta ödənişi etməkdən yayınır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verib, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, sözügedən ev hazırda da dağıdılmış vəziyyətdədir. İddiaçı evdən heç bir əşyasını çıxara bilməmişdir. İddiaçı hazırda kirayə yaşayır və kirayə pulunu icra hakimiyyəti ödəyir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Z.Əlizadə iddia tələbini qəbul etməyərək, təmin olunmamasını xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, Mərkəzi Bank iddiaçının müaciəti əsasında sığorta şirkətinə sorğu göndərmişdir. Və şirkət öz növbəsində həmin sorğuya da cavab olaraq bildirmişdir ki,hadisə hərbi əməliyyatlar nəticəsində baş verdiyindən sığorta hadisəsi sayılmamış və sığorta ödənişi etməkdən imtina edilmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi A.Qaraşov iddia tələbini qəbul etməyərək, təmin olunmamasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını nəzərdən keçirib, təqdim olunmuş sübutları məcmu halında qiymətləndirilməklə hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. İşdə olan 16.11.2017-ci il tarixli MP-P 02000 nömrəli əmlak sığortası şəhadətnaməsinin surətindən görünür ki, İddiaçı ona məxsus Gəncə şəhəri, Nizami rayonu, Ə.Nəzmi küçəsində yerləşən 20 saylı evi "xxxx" ASC-də sığorta etdirmişdir. Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyətindən "xxxx" ASC-yə ünvanlanmış 09 oktyabr 2020-ci il tarixli məktubun surətindən görünür ki, məktubda 04.10.2020-ci il tarixdə Gəncə şəhərinə atılmış raket zərbəsi nəticəsində bir sıra yaşayış sahələrinin, o cümlədən ünvan 3 ünvanının tamamilə yararsız vəziyyətə düşdüyü qeyd edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ona məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Ə.Nəzmi küçəsində yerləşən 20 saylı evi "xxxx" ASC-də sığorta etdirmişdir. 04.10.2020-ci il tarixdə İkinci Qarabağ müharibəsi gedən zaman düşmən tərəfindən Gəncə şəhərinə atılmış raket nəticəsində iddiaçıya məxsus sözügedən yaşayış evi tamamilə yararsız vəziyyətə düşmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883-cü maddəsinə əsasən sığortalı sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsi üçün sığorta haqqı ödəməsi müqabilində sığorta müqaviləsi bağlayır. Həmin Məcəllənin 935.1.3-cü maddəsinə əsasən, müqavilə və ya icbari sığorta qanunları ilə hərbi risklərin sığortalanması nəzərdə tutulmadıqda hadisənin baş verməsinin hərbi əməliyyatlar və ya hərbi xarakterli tədbirlər hesab edilən halların nəticəsi olması halında sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. “Əmlak Sığortası Qaydaları”nın 11.1.3-cü bəndində qeyd edilmişdir ki, müqavilə və ya qanunla hərbi risklərin sığortalanması nəzərdə tutulmadıqda hadisənin baş verməsinin hərbi əməliyyatlar və ya hərbi xarakterli tədbirlər hesab edilən halların nəticəsi olması halında sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. Məhkəmə göstərilənlərə əsasən qeyd edir ki, tərəflər arasında sığorta razılaşması əldə edilərkən hərbi risklərin sığortalanması nəzərdə tutulmadığından və hadisə hərbi əməliyyatlar zamanı və məhz həmin əməliyyatlar gedişində baş verdiyindən bu hal sığortaçıya sığorta ödənişinin verilməsindən imtina hüququ verir. Belə ki, əmlak sığortası şəhadətnaməsində hərbi əməliyyatlar və ya hərbi xarakterli tədbirlər hesab edilən hallar, habelə müharibə nəticəsində əmlaka zərər dəyməsi halında sığorta təminatının qüvvədə olması barədə tərəflər arasında heç bir razılaşma olmamış və iddiaçı könüllü olaraq sığorta razılaşmasını qeyd olunan şərtlər daxilində razılaşdıraraq imzalamışdır. Həmçinin Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən və iddia tələbi təmin olunmadığından, hazırkı iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı «dəymiş maddi zərərin əvəzinin ödənilməsi» tələbi təmin edilməsin. Ödənilən dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən 1 ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar