Məhkəmə qərarları › İş №2(009)-1741/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1741/2022

16.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1741/2022 16.09.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı aliment tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, xx.xx.2017-ci il tarixdə rəsmi qeydiyyatdan keçirərək cavabdehlə evlənmişlər. Həmin nikahdan onların xx.xx.2019-cu il təvəllüdlü X3 övladları olmuşdur. Ailə qurduqdan sonra münasibətləri yaxşı idi. Lakin son illər cavabdeh ona qarşı çox kobud olmuşdur. Aralarında mübahisələrin sayı günə gündən artırdı. Bunlara hamısına dözə bilmədiyi üçün xx.xx.2022-ci il məcbur olmuş Qusar rayonuna valideynlərinin evinə qaytmışdır. Hal-hazırda qeyd etdiyi ünvanda artıq səkkiz aydır ki, yaşayır. Heç yerdə işləmədiyi üçün valideynləri ona uşağını saxlamağa kömək edirlər. Cavabdeh səkkiz ay ərzində övladı üçün cəmi 20 manat ona göndərmişdir. Cavabdehə uşağın saxlanılması üçün ona pul göndərməsi və məhkəməsiz məsələni öz aralarında həll etməsi barədə dəfələrlə bildirmişdir. Lakin cavabdeh buna razı olmadığı üçün məhkəməyə müraciət edərək cavabdehdən alimentin sabit pul məbləğində tutulmasına dair iddia qaldırması məcbur olmuşdur. Tərəfindən qeyd edilən mübahisənin mediasiya vasitəsi ilə həll edilməsini və mediasiyaya dair xərclərin tərəflər arasında bərabər şəkildə bölünməsini təklif etmişdir. İlkin mediasiya sessiyası xx.xx.2022-ci il tarixə təyin olunmuşdur. Lakin cavabdeh ilkin mediasiya sessiyasına gəlməmişdir. Mediasiya prosesin keçirilməsi üçün tərəfindən 50 manat məbləğində mediasiyaya dair xidmət haqqı ödənilmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 193 manat miqdarında aliment tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə İddiaçı məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ünvanlanmış notarial qaydada təsdiq edilmiş ərizədə iddia tələbini təmin edilərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iş üzrə təqdim edilmiş sübutları məcmu halında tam, hərtərəfli, obyektiv araşdıraraq və hüquqi qiymət verib hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 05/Q-794/69 nömrəli arayışından görünür ki, Cavabdeh ilə X2 arasında xx.xx.2017-ci il tarixdə nikah bağlanılmış və bu barədə akt qeydləri kitabında 3469 №-li akt qeydi icra edilmişdir. Nikahdan sonra ərə Əhmədov, arvada Əhmədova soyadı verilmişdir. İş üzrə 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022ci il tarixli, 05/Q-793/69 nömrəli arayışından görünür ki, tərəflərin birgə nikahdan xx.xx.2019-cu il təvəllüdlü X3 adlı uşağı var. İş üzrə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh, İddiaçı tərəfindən təsvir edildiyi kimi aliment tələbinə dair mübahisə üzrə xx.xx.2022-ci il tarixdə 15.00 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2017-ci il tarixdə nikah bağlanılmış və onların birgə nikahdan xx.xx.2019-cu il təvəllüdlü Ayla adlı uşağı var. Tərəflər arasında ailə münasibətləri pozulsa da, nikahları ləğv edilməmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, cavabdeh uşağın saxlanılması üçün iddiaçıya hər hansı maddi yardım göstəmir və bu səbəbdən iddiaçı azyaşlı uşağı saxlamaq üçün hazırki tələblə məhkəməyə müraciət etmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, cavabdeh uşağın maddi təminatı ilə maraqlanmır. Bu səbəbdən iddiaçı məhkəmədən uşağın saxlanılması üçün cavabdehdən hər ay 193 manat sabit pul məbləği şəklində alimentin tutulmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı mübahisənin məhkəmədənkənar qaydada mediator vasitəsi ilə həll edilməsini istəsə də, cavabdeh mediasiya sessiyasına gəlmədiyindən, iddiaçı mübahisənin həll edilməsi ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76 maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə adambaşına uşaqlar üçün 193 manat məbləğində təsdiq edilmişdir. Məhkəmə tərəflər arasında nikah pozulmasa da, uşağın ananın himayəsində yaşamasını, cavabdehin uşağın saxlanılması üçün iddiaçıya hər hansı maddi yardım göstərilməməsini, 2022-ci il üçün yaşayış minimumunun uşaqlar üçün 193 manat müəyyən edilməsini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli və cavabdehdən uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat sabit pul məbləği şəklində aliment tutulmalıdır. AR Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə həmçinin hesab edir ki, aliment tutulması iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan - xx.xx.2022-ci il tarixdən başlanılmalıdır. AR MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə habelə hesab edir ki, alimentin tutulması hissəsində qətnamə dərhal icra edilməlidir. AR MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. Məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə aliment tutulması müəyyən edildiyindən, cavabdehdən bir il ərzində tutulacaq alimentin ümumi məcmusu – 2316 manat nəzərə alınaraq, dövlət rüsumunun əvəzi kimi 43 manat məbləğində dövlət nəfinə pul tutulmalıdır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 234 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq, xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə dərhal icra edilsin. Cavabdeh dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 43 (qırx üç) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar