Məhkəmə qərarları › İş №2(009)-1767/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1767/2022

16.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1767/2022 16.09.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi A.S.Qaraşovun iştirakları ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Xocəsən yolunda baş vermiş yol-nəqliyyat hadisəsi zamanı idarə etdiyi 90VG461 dövlət qeydiyyat nişanlı “X12” markalı mikroavtobusa “İsuzi” markalı, 85AE228 dövlət qeydiyyat nişanlı avtomaşının təqsiri nəticəsində ciddi ziyan dəymiş və maşına dəymiş ziyan 4165 manat məbləğində qiymətləndirilmişdir. Bakı şəhər Binəqədi rayon Ekologiya YPİ-si tərəfindən aparılan araşdırma nəticəsində “İsuzi” markalı 85AE228 dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü X3 təqsiri təsdiq olunmuş və onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. F.Səyyadovun idarə etdiyi maşını da hadisə zamanı başqa bir maşın vurmuş və həmin şəxs barəsində onun idarə etdiyi maşına münasibətdə inzibati qərar qəbul edilmişdir. Lakin onun idarə etdiyi maşına dəyən ziyan F.Səyyadovun idarəçiliyində olan maşının 1 dəfə zərblə çırpılması nəticəsində yetirilmişdir. Ona da məlum olmuşdur ki, ona ziyan yetirən maşın cavabdeh sığorta şirkəti tərəfindən sığortalanmışdır. Hadisə günü həmin şirkətin əməkdaşı tərəfindən maşına baxış keçirilmiş və müayinə olunmuşdur. O, həmin maşını cavabdehin Abşeron rayon Masazır qəsəbəsində yerləşən maşın təmiri servisinə də aparmış və orada maşına baxış keçirilmişdir. O, maşını təmir etdirmək istəyir, lakin sığorta dəymiş ziyanı hər dəfə də əsassız səbəb gətirməklə ödəmir, bu da onun hüquqlarının pozulmasına xidmət edir. Göstərilənləri nəzərə alaraq iddiaçı yol-nəqliyyat hadisəsi zamanı ona məxsus olan 90VG461 dövlət qeydiyyat nişanlı “X12” markalı mikroavtobusa dəymiş 4165 manat məbləğində pulun və ödədiyi dövlət rüsumunun cavabdeh "xxxx" ASC tərəfindən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X8 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin göstərmişdir ki,onun avtomaşını yolun kənarında dayanıqlı vəziyyələ olmuş, “İsuzu” markalı avtomaşın onun avtomaşını vuraraq qabağa atmış, onun avtomaşını qarşıda duran “VAZ” markalı avtomaşına yüngül dəymiş, sonra arxadan gələn “VAZ-2106” markalı avtomaşın “İsuzu” markalı avtomaşını arxadan vurmuş, lakin ikinci toqquşmadan sonra “İsuzu” təkrar onun avtomaşını ilə toqquşmamışdır. Cavabdehlə ziyanla bağlı zərər aktının "xxxx" MMC tərəfindən tərtib edilməsi barədə razılaşsa da, məhkəməyə təqdim etdiyi zərər aktında müəyyən edilən məbləği daha əsaslı hesab edir. Məhkəmə iclasında izahatı alınmış cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X9 iddia tələbini qismən qəbul edərək öz izahatında göstərmişdir ki, onlar sığorta pulunu verməkdən imtina etmirlər. Lakin sığorta ödənişinin verilməsinə əsas olan DYP tərəfindən tərtib edilmiş 4 saylı Arayışda 2 nəqliyyat vasitəsinin günahının olması müəyyən edildiyindən və ikinci nəqliyyat vasitəsi “VAZ-2106” markalı avtomaşının icbari sığortası onlar tərəfindən həyata keçirilmədiyindən, iddiaçının idarə etdiyi avtomaşına dəyən ziyan həm onlardan, həm də “VAZ-2106” markalı avtomaşının icbari sığortasını həyata keçirən sığorta təşkilatından tutulmalıdır. İddiaçının avtomaşınına dəyən ziyan ilkin olaraq onlar tərəfindən 3400 manat həddində müəyyənləşdirilsə də, iddiaçı bununla razılaşmadığı üçün onun razılığı ilə "xxxx" MMC tərəfindən qiymətləndirmə həyata keçirilmiş və ziyan məbləği 3700 manat olması müəyyən edilmişdir. İddiaçının təqdim etdiyi rəydə göstərilən məbləğlə razı deyil. İddiaçıya 3700 manatın 50%-i həddində sığorta ödənişini verə bilərlər. Yerdə qalan hissəsini iddiaçı digər sığorta şirkətindən tələb etsin. Məhkəmədən iddianın qismən təmin edilməsini xahiş edir. İş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş üzrə nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin kserosurətindən görünür ki, «X7 mikr» markalı, **-VG-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi X1 adına qeydiyyata alınmışdır. İş üzrə xx.xx.2022-ci il tarixli etibarnamənin surətinə əsasən X2 tərəfindən «X7 mikr» markalı, **-VG-*** dövlət nömrə minik avtomaşının idarə edilməsi, bağışlaması, ipoteka qoyması, sərəncam verməsi və digər hərəkətlər, qeydiyyata salması, qeydiyyatdan çıxarması, ərizə verməsi üçün xx.xx.2023-cü il tarixədək Qulu Mamedova etibarnamə verilmişdir. İş üzrə Ekologiya Yol patrul xidməti inspektoru tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən, X5 xx.xx.2022-ci il tarixdə saat 13.00 radələrində baş vermiş yol-nəqliyyat hadisəsində təqsirli hesab olunaraq AR İXM-nin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş və barəsində 40 manat cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İş üzrə Ekologiya Yol patrul xidməti inspektoru tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən, X6 xx.xx.2022-ci il tarixdə saat 13.00 radələrində baş vermiş yol-nəqliyyat hadisəsində təqsirli hesab olunaraq AR İXM-nin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş və barəsində 40 manat cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İş üzrə "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.2022-ci il tarixdə Xocəsən yolunda Cəmiyyətində sığortalı “İsuzu NKR 55E 16” markalı, 85AE228 dövlət qeydiyyat nişanlı, “VAZ 2106” markalı, 10NZ264 dövlət qeydiyyat nişanlı və İddiaçı məxsus “X7” markalı, 90VG461 dövlət qeydiyyat nişanlı avtomobillərin iştirakı ilə zəncirvari yol nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş yolnəqliyyat hadisəsi üzrə səlahiyyətli dövlət orqanı tərəfindən Hadisələrin İdarəedilməsi sisteminə Forma 4 arayışı daxil edilmişdir. Belə ki, həmin arayışa əsasən İddiaçı idarə etdiyi “X7” markalı, 90VG461 dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurulmasında təqsirli olaraq “İsuzu NKR 55E 16” markalı, 85AE228 və “VAZ-2106” markalı, 10NZ264 dövlət qeydiyyat nişanlı avtomobillərin göstərilmiş və barələrində inzibati protokol tərtib edilmişdir. Lakin hadisə iştirakçılarının bildirdiklərinə görə ilk olaraq “İsuzu NKR 55PE 16” markalı avtomobil “X7” markalı avtomobillə toqquşmuş, daha sonra “VAZ-2106” markalı avtomobil “İsuzu NKR 55E 16” markalı avtomobillə toqquşmuşdur. Lakin ikinci toqquşmadan sonra “İsuzu NKR 55E 16” markalı avtomobil “X7” markalı avtomobilə dəyməmişdir. Sözügedən yol-nəqliyyat hadisəsinin aydınlaşdırılması məqsədilə səlahiyyətli dövlət orqanına təkrar sorğu ünvanlanmışdır. Səlahiyyətli dövlət orqanından müvafiq sənədlər Cəmiyyətinə daxil olduqdan sonra baş vermiş hadisə qanunvericiliyə uyğun qaydada tənzimlənəcəkdir. İş üzrə Qulu Mamedovun sifarişi əsasında "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, AV 02-08/22 saylı avtomobilə dəymiş maddi ziyanın qiymətləndirilməsi haqqında hesabatından görünür ki, 90VG461 dövlət qeydiyyat nişanlı, “X7 Mikr” markalı avtomobilə dəymiş maddi ziyanın qiymətləndirmə tapşırığına uyğun olaraq manatla ifadədə hesablanmış dəyəri xx.xx.2022-ci il tarixə 4165 manat təşkil etmişdir. İş üzrə "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli müstəqil ekspert rəyinə əsasən “X7 Mikr” markalı avtomobilə dəymiş maddi ziyanın məbləği 3700 manat təşkil edir. Məhkəmə verilmiş iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" ASC-də sığortalanmış “İsuzu NKR 55E 16” markalı, ** AE *** dövlət qeydiyyat nişanlı avtomobillə «X7» markalı ** VG *** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi baş vermişdir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, iddiaçının avtomaşınla "xxxx" ASC-də sığortalanmış “İsuzu NKR 55E 16” markalı, ** AE *** dövlət qeydiyyat nişanlı avtomaşın tuqquşmuş və avtomaşına maddi ziyan dəymişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində sığorta hadisəsi baş verdiyindən və həmin yol-nəqliyyat hadisəsində iddiaçı zərərçəkən hesab olunduğundan, onun sığorta hadisəsi ilə bağlı sığorta ödənişi almaq hüququ yaranmışdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı onun avtomaşınına cəmi 4165 manat məbləğində ziyan dəymişdir. Lakin sığorta şirkəti dəymiş ziyanı ödəmir. Belə ki, avtomobilə dəymiş maddi ziyanın qiymətləndirilməsi haqqında hesabata əsasən ona məxus avtomaşına dəymiş ziyanın 4165 manat təşkil etməsi tam təsdiq olunur. Bu səbəbdən iddiaçı avtomaşına dəymiş ziyana uyğun olaraq dəymiş ziyanın cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, baş vermiş yol-nəqliyyat hadisəsi sığorta hadisəsi hesab olunması ilə bağlı tərəflər arasında hər hansı mübahisə yoxdur və yaranmış mübahisə göründüyü kimi vurulmuş ziyanın bir hissəsinin onlar tərəfindən ödənilməməsi ilə əlaqədar olmuşdur. Yəni sığorta hadisəsinin baş verməsi işin mübahisəsiz halıdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaçıya sığorta hadisəsi ilə bağlı sığorta ödənişinin ödənilməsindən imtina edilməməsini, lakin ona yalnız vurulmuş ziyanın 50%-i həddində kompensasiya verilməli olmasını göstərərək, bunu hadisənin digər sığorta təşkilatı tərəfindən sığortalanmış 3-cü nəqliyyat vasitəsinin iştirakı ilə də baş verməsi ilə əlaqələndirmiş və ziyanın 50%-ni həmin sığorta təşkilatı tərəfindən ödənilməli olmasını göstərmişdir. Məhkəmə qeyd edir ki, təqdim olunan sənədlər əsasında iddiaçının idarə etdiyi nəqliyyat vasitəsinə zərər cavabdeh tərəfindən sığortalanmış nəqliyyat vasitəsi tərəfindən yetirildiyindən, 3-cü nəqliyyat vasitəsi “VAZ 2106” markalı, ** NZ *** dövlət qeydiyyat nişanlı avtomobil isə “İsuzu NKR 55E 16” markalı, ** AE *** dövlət qeydiyyat nişanlı avtomobillə sonradan arxadan toqquşduğundan, ikinci toqquşma hadisəsindən sonra “İsuzu NKR 55E 16” markalı avtomobilin təkrar iddiaçının idarə etdiyi avtomaşına dəyməsi məhkəmə tərəfindən müəyyən edilmədiyindən, bu hal yol-nəqliyyat hadisəsində iştrak edən 3 nəqliyyat vasitəsinin ilkin izahatları ilə də (izahatlarda 2-ci toqquşmadan sonra İsuzu NKR 55E 16” markalı avtomaşının təkrar iddiaçının avtomaşınına dəyməsi qeyd edilməyib) təsdiq olunduğundan məhkəmə hesab edir ki, «X7» markalı ** VG *** dövlət qeydiyyat nişanlı avtomaşında olan zədələr ilk toqquşma zamanı yaranmış və bu səbəbdən vurulmuş ziyanla bağlı ödəniş edilməsinə məsuliyyət daşıyan sığorta təşkilatı məhz “İsuzu NKR 55E 16” markalı avtomobilin sığortalandığı hazırki tələb üzrə cavabdeh "xxxx" ASC-dir. Bu səbəbdən məhkəmə cavabdehin qeyd edilən dəlillərini əsaslı hesab etmir. Məhkəmə sığorta məbləği ilə əlaqədar aşağıdakıları qeyd edir. İddiaçı tərəfindən təqdim olunan hesabatdan ziyanın 4165 manat, cavabdeh tərəfindən təqdim olunan qüsur aktından isə ziyanın 3700 manat təşkil etməsini nəzərə alaraq məhkəmə cavabdeh tərəfindən təqdim olunan sübutu daha mötəbər sübut kimi qəbul edir, belə ki, həmin məbləğ tərəflərin razılığı əsasında müəyyən edilmiş qiymətləndirmə müəssisəsi tərəfindən qoyulmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan sığorta məbləği 3700 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 923.1-ci maddəsinin tələbinə görə sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda, həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. “İcbari sığortalan haqqında” AR Qanununun 3.1.2-ci maddəsinə əsasən sığorta hadisələri nəticəsində sağlamlığına və (və ya) əmlakına zərər dəyən şəxslərin bu Qanunda müəyyən edilmiş həcmdə və qaydada müdafiəsinin təminatı icbari sığortaların əsas prinsiplərindən biridir. Həmin Qanunun 4.1-ci maddəsiən əsasən bu Qanunda nəzərdə tutulmuş icbari sığorta növləri fiziki və hüquqi şəxslərin əmlak mənafeləri ilə bağlı məruz qaldıqları zərərlərin əvəzinin ödənilməsini təmin etmək məqsədi ilə tətbiq edilir. Qeyd edilən Qanunun 15.1-ci maddəsinə əsasən icbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. Beləliklə məhkəmə tərəflərin iddiaçının avtomaşınına dəymiş ziyan məbləğinin 3700 manat həddində olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi sığorta ödənişinin tutulması hissəsində qismən təmin edilməli və cavabdeh "xxxx" ASC-dən vurulmuş ziyanın əvəzi olaraq sığorta ödənişi kimi iddiaçının xeyrinə 3700 manat məbləğində pul tutulmalıdır. AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi vurulmuş ziyanın tutulması hissəsində qismən təmin olunduğu üçün, məhkəmə xərci - ödənilmiş dövlət rüsumu təmin olunmuş tələbə mütənasib olaraq (57 manat) cavabdeh "xxxx" ASC-dən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar «X7» markalı 90VG461 dövlət nömrə nişanlı avtomaşına vurulmuş ziyanla bağlı "xxxx" Acıq Səhmdar Cəmiyyətindən İddiaçı xeyrinə sığorta ödənişi kimi 3700 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 57 manat, cəmi 3757 (üç min yeddi yüz əlli yeddi) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar