Məhkəmə qərarları › İş №2(009)-1770/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1770/2021

15.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1770/2021 15.10.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X4 Rüstəmlinin sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı - cavabdeh "xxxx" ASC-yə qarşı «dəymiş zərərin ödənilməsi» tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhərində 15 oktyabr 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - cavabdeh "xxxx" ASC-yə qarşı «dəymiş zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2,300 manat dəbbə pulunun və 30 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 19.10.2017-ci il tarixdə Bakı-Şamaxı-Yevlax yolunun Ağsu rayonu, Gursulu kəndi ərazisindən keçən 189.7-ci km-də sürücü X1 idarə etdiyi “Opel Astra” markalı **-GO-*** dövlət qeydiyyat nişanlı minik avtomobili yaşayış məntəqələrinin olduğu, 60 km/saat sürətlə hərəkət etməsi gərəkən yerdə yüksək sürət ilə hərəkət edərkən iddiaçıya məxsus iki baş camışı vuraraq öldürmüşdür. Hadisə ilə əlaqədar təhqiqat aparılmış, Baş İstintaq və təhqiqat İdarəsinin yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsinin təhqiqatçısı polis mayoru X2 qəbul etdiyi 23.11.2017-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarla müəyyən olunmuşdur ki, baş vermiş yol-nəqliyyat hadisəsində sürücü S.Əhmədovun hərəkətlərində qanunun tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü yol-hərəkəti qaydalarını pozmaqla İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Sürücüyə məxsus avtomobil "xxxx" ASC tərəfindən sığortalanmışdır. İddiaçı sığorta şirkətinə dəymiş zərərin ödənilməsi ilə bağlı dəfələrlə müraciət etsə də şirkət tərəfindən imtina olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 21 noyabr 2019-cu il tarixli qətnaməsi ilə 2,100 manat məbləğində sığorta ödənişinin cavabdehdən tutulması qət edilmişdir. Sığorta ödənişi ilə bağlı zəruri sənədlər təqdim edildikdən sonra 7 iş günündə ödəniş həyata keçirilməsi gərəkdiyi halda sığorta şirkəti 3 il sonra ödəniş həyata keçirmişdir. Qeyd olunanlara əsasən iddianın təmin olunması xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, cavabdeh ona dəymiş zərərin əvəzi kimi 850 manat məbləğində sığorta ödənişi təklif etmişdir. Bundan sonra iddiaçı həmin məbləğ ilə razılaşmayaraq, məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsini qəbul etməyərək, onun təmin olunmamasını xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, tərəflər arasında sığorta ödənişinin məbləği barəsində fikir ayrılığı olmuş və iddiaçı cavabdehin ona təklif etdiyi məbləği qəbul etməmişdir. Məhkəmə tərəflərin izahatını və təqdim olunmuş sübutları məcmu halında qiymətləndirilməklə hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. İş materiallarından olan: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-13795/2019 saylı, 21.11.2019-cu il tarixli qətnaməsindən görünür ki, qətnamə ilə 2,100 manat məbləğində sığorta ödənişinin "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 01.09.2020-ci il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-13795/2019 saylı, 21.11.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Habelə iş materiallarında olan 14.10.2020-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, 2,100 manat məbləğində sığorta ödənişi "xxxx" ASC tərəfindən İddiaçı ödənilmişdir. İşin hallarından aşkar göründüyü kimi, sığorta hadisəsinin mövcudluğu, iddiaçıya zərər dəyməsi və həmin zərərin cavabdehdən iddiaçının xeyrinə tutulması mübahisəsizdir. MPM-nin 419.4-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsinin qərarı qəbul edildiyi andan qüvvəyə minir. Mülki Məcəllənin 934.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Məhkəmə işin faktiki hallarını, maddi və prosessual normaların tələblərini dəyərləndirərək qeyd edir ki, cavabdeh iddiaçıya sığorta ödənişini ödəməkdən imtina etdikdən sonra iddiaçı məhkəməyə müraciət etmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 01.09.2020-ci il tarixli yekun aktı ilə ona 2,100 manat məbləğində sığorta ödənişi edilməsi qərara alınmışdır. Bundan sonra 28.09.2020-ci il tarixli sığorta aktı ilə həmin məbləğ sığorta şirkəti tərəfindən İddiaçı ödənilmişdir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, tərəflər arasında sığorta ödənişinin əsaslılığı barəsində mübahisə olduğundan və həmin mübahisə hüquqi müstəvidə baxıldığından həmin dövr ərzində cavabdeh tərəfindən sığorta ödənişinin edilməməsi sığorta ödənişinin gecikdirilməsi hesab edilməməlidir. Həmçinin Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən və iddia tələbi təmin olunmadığından, hazırkı iş üzrə çəkilmiş xərclər (dövlət rüsumu) iddiaçıya aid edilməlidir. İşə əlavə edilmiş sənədlərdən görünür ki, məhkəmə xərcləri iddiaçı tərəfindən iddianın qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumundan ibarətdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı - cavabdeh "xxxx" ASC-yə qarşı «dəymiş zərərin ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar