Məhkəmə qərarları › İş №2(009)-1773/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1773/2021

29.06.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1773/2021 29.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əkbərli Leyla Mirfazil qızının katibliyi, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı müqavilələrin ləğvi və torpaq vergisinin silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı müqavilələrin ləğvi və torpaq vergisinin silinməsi tələbinə dair məhkəmədə iddia qaldıraraq, “xxxx MMC ilə Bakı Şəhər İcra Hakimiyyəti arasında bağlanmış 25 iyul 2005-ci il tarixli 0563 saylı, 13 fevral 2008-ci il tarixli 0822 saylı, 09 dekabr 2015-ci il tarixli 1111 saylı və 06 oktyabr 2020-ci il tarixli 1613 saylı müqavilələrin ləğv olunması və bununla əlaqədar firmaya hesablanmış bütün vergilərin silinməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26-cı maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 45-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Beləliklə məhkəmə hesab edir ki, mülki iş baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndəriməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 45 və 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA A L D İ: İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı müqavilələrin ləğvi və torpaq vergisinin silinməsi tələbinə dair mülki iş baxılması üçün Bakı Kommersiya Məhkəməsin göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsinə (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) şikayət verilə bilər. Hakim: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar