Məhkəmə qərarları › İş №2(009)-1823/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1823/2020

28.10.2020 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1823/2020 28.10.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı, Cavabdeh "Cavabdeh" MMC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı – Cavabdeh MMC-yə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikasının Əmək və X3 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti) qarşı “əmək haqqının və məzuniyyət pulunun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı – Cavabdeh MMC-yə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikasının Əmək və X3 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti) qarşı “əmək haqqının və məzuniyyət pulunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona may, iyun, iyul aylarının əmək haqqını və 45 günlük əmək və əlil məzuniyyət pulu, ayrıca onu ixtisar etdiklərinə görə qanuna əsasən 2 aylıq əmək haqqının və ümumi hesabdan şirkətin ödədiyi 569 (beş yüz altmış doqquz) manat pulun ona ümumi ödəniləsi məbləğdən çıxılaraq qalan pulun tam ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhərində anadan olmuş, İİ qrup əsgər əlilidir, himayəsində 2 övladı vardır. O, 2012-ci ildən hazırki vaxtadək Cavabdeh şirkətində işləmiş, o gündən bu günə kimi aylıq əmək haqqı 300 manat olmuşdur. Son illərə yaxın işə təyin etdikləri adminstrator Emil adlı şəxslə onu çox sıxmış, əsəbləşdirmişdir. Belə ki, pandemiya dövründə isə ona mart ayının əmək haqqı verilmiş, daha sonra ona öz hesabına məzuniyyətə qol çəkməsini bildirmişlər. O, isə məzuniyyət kağızına qol çəkməmiş, ona əmək haqqının lazım olduğunu bildirmişdir. Sonra isə ona onda 3 aylıq əmək müqaviləsinə qol çəkməsini bildirmişlər, o, isə 5 ildən çox müddətdir ki, bu şirkətdə müddətsiz müqavilə ilə işlədiyini bildirərək qol çəkməkdən imtina etmişdir. Bir müddət sonra eşitmişdir ki, onun əmək müqaviləsi aprel ayına kimi uzadılmış, o, bunun səbəbini soruşduqda ona texniki səhv olduğunu bildirmişlər. Sonra onlar dövlətin muzdlu işçilər üçün ödədiyi aprel ay üçün 149 manat və may ayı üçün isə 150 manat pulu almışdır. O, əmək haqqı pulunun tam ödənilmədiyini, aprel və may ayında əmək haqqının 50 faizinin ödənildiyini bildirsə də, ona əmək haqqı tam şəkildə ödənilməmişdir. Belə ki, 01 iyul tarixində Cavabdeh MMC ona məktub ünvanlayaraq 4 həftədən sonra işdən azad olunacağını bildirmişlər. O, iyul ayının 30-da işdən çıxarıldığını və ona 569 manat pul ödənildiyini bilmişdir. Sonradan İddiaçı iddia ərizəsinə əlavə təqdim edərək, dövlətin muzdlu işçilər üçün sahibkarlara pulun ödənildiyini bildirərək ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Cavabdeh MMC-dən son 01 il üçün 48 günlük əmək məzuniyyətinin, iyun və iyul aylarının əmək haqqının və ştat ixtisarı ilə əlaqədar əmək müqaviləsinin xitam verilməsi ilə əlaqədar 2 aylıq işdənçıxma müavinətinin, o cümlədən əmək haqqının gecikdirilməsi ilə əlaqədar hər gün üçün əmək haqqının 0,1 faizi miqdarında ona ödənc verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə onunla əsaslandırılmışdır ki, o, Bakı şəhərində anadan olmuş, 2 azyaşlı övladı vardır və özü də İİ qrup əlildir. Belə ki, o, 2012-ci ildən Cavabdeh MMC-də bilet nəzarəçisi işləmişdir. Onunla müddətsiz əmək müqaviləsi bağlamışdır. Lakin bu yaxınlarda ona məlum olmuşdur ki, onun məlumatı və xəbəri olmadan əmək müqaviləsi müddətsiz kimi sistemə daxil edilmişdir. Ölkə ərazisində baş vermiş pandemiya ilə əlaqədar məcburi qaydada onların işləri dayandırılmış və o, işə buraxılmamışdır. Göstərilən tarixdən bugünə kimi onun mart, aprel və may aylarının əmək haqqıları ödənilsə də, iyun, iyul və avqust aylarının əmək haqqları və məzuniyyət pulu ödənilməmişdir. O, müvafiq orqanlara şikayət ərizəsi ilə müraciət etdikdən sonra bilet nəzarətçisi peşəsinin qanunvercilikdə müəyyən edilmiş qaydada ixtisar edilməsi barədə xx xxxx 2020-ci il tarixdə ona xəbərdarlıq məktubu göndərilmişdir. İşlədiyi son ilin ona məzuniyyət pulu da verilməmişdir. Onun məzuniyyəti 42 gün, əmək fəaliyyəti isə 10 ildən çox olduğu üçün 6 gündə əlavə məzuniyyət hüququ yaranmaqla, ümumilikdə ona 48 günün məzuniyyət pulu verilməlidir. Bundan əlavə Cavabdeh MMC təqsiri üzündən onun əmək haqqı gecikdirilmişdir. Buna görə də, gecikdirilmiş hər gün üçün əmək haqqının 0,1 faizi miqdarında ödənc verilməlidir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrə uyğun məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh MMC-nin nümayəndəsi X2 iddia tələbinə etiraz edərək təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikasının Əmək və X3 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikasının Əmək və X3 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 55 nömrəli əmək müqaviləsinin: - 1.2 bəndinə əsasən İddiaçı Cavabdeh MMC-də bilet nəzarətçisi vəzifəsinə təyin edilmişdir. - 2.1-ci bəndinə əsasən əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin f) bəndi rəhbər tutularaq tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı səbəbinə görə xx.xx.2017-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək bağlanılmışdır. İşçinin işə başlama tarixi xx.xx.2017-ci il tarixidir. - 4.1-ci bəndinə əsasən işçiyə iş vaxtı norması çərçivəsində görülən işə görə hər ay 319,56 manat məbləğində aylıq vəzifə maaşı müəyyən edilmişdir. - 4.18-ci bəndinə əsasən işçinin iş ilini xx.xx.2017- xx.xx.2018-ci il tarixli dövr əhatə edir və ona hər növbəti iş ili üçün müddəti Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək məzuniyyəti verilir. - 4.19-cu bəndinə əsasən əsas məzuniyyətinin müddəti 21 təqvim günüdür. 4.20-ci bəndinə əsasən əlavə məzuniyyətlərin müddətləri: - əmək stajına görə əlavə məzuniyyətin müddəti Əmək Məcəlləsinin 116-cı maddəsinə uyğun olaraq 2 (və ya 4; 6) təqvim günüdür. - xx.xx.2017-ci il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, “Cavabdeh“MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli əmək müqaviləsi elektron sistemdə qeydiyyata alınmış və aylıq əmək haqqı 425,66 manat müəyyən edilmişdir. - xx.xx.2017-ci il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi bağlı əmək müqaviləsi bildirişindən görünür ki, “Cavabdeh“ MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinin müddətsiz bağlandığı və aylıq əmək haqqının 250 manat olduğu müəyyən edilmişdir. - xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, “Cavabdeh“ MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinin müddətsiz bağlandığı və aylıq əmək haqqının 319,56 manat olduğu müəyyən edilmişdir. - xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi bağlı əmək müqaviləsi bildirişindən görünür ki, “Cavabdeh“ MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixədək bağlanmış və əmək haqqının 319,56 manat olduğu müəyyən edilmişdir. - Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 085430 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı İİ qrup əlildir. - “Cavabdeh“ MMC üzrə “bəzi işçilərin qrup halında məzuniyyətə buraxılması haqqında” xx.xx.2020-ci il tarixli 0106/b nömrəli əmrdən görünür ki, “Covid-19” pandemiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması üçün Cavabdehndə çalışan işçilərə xx.xx.2020-ci il tarixindən 30 təqvim günü müddətində ödənişsiz məzuniyyət verilmişdir. - Cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 2907 nömrəli əmrdən görünür ki, “ avabdeh“MMC-də bilet nəzarətçisi işləyən İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Azərbaycan C Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən xx.xx.2020-ci il tarixində xitam verilmiş, İnsan Resursları üzrə aparıcı mütəxəssisə əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək kitabçasında, elektron informasiya sistemində müvafiq qeydin aparılması, işçinin bu əmrlə tanış edilməsi, əmrin surətinin və əmək kitabçasının işçiyə işdən azad olduğu gün müvafiq qaydada verilməsi həvalə edilmiş və işçiyə onun müqaviləsinə xitam verildiyi gün (son iş günü) son haqq-hesabın və istifadə etmədiyi 21 (iyirmi bir) təqvim günü üçün əsas məzuniyyətlərinə görə pul əvəzinin verilməsi baş mühasibə həvalə edilmişdir. - Azərbaycan Respublikasının Əmək və X3 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli, **********3 nömrəli məktubundan görünür ki, “Cavabdeh” MMC-nin (bundan sonra Cəmiyyət) rəhbərliyi tərəfindən təqdim edilən sənədlərdən məlum olmuşdur ki, onunla bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b" bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əsasən xitam verilərkən son haqq-hesabı ödənilməmiş və xitama aid sənədlər tam təqdim edilməmişdir. Həmçinin, son haqq-hesabın ödənilməsində qanun pozuntusuna yol verildiyindən Cəmiyyətin rəhbərliyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilmişdir. Onun əmək müqaviləsinə xitam verilməsinə dair müvafiq sənədlər tam təqdim edilmədiyindən yenidən Cəmiyyət rəhbərliyinə rəsmi müraciət olunmuşdur. Cəmiyyət rəhbərliyi tərəfindən sənədlər təqdim olunduqdan sonra müraciətə baxılmasının nəticəsi barədə ona əlavə məlumat veriləcəyi bildirilmişdir. - Cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 30-09/20 nömrəli arayışdan görünür ki, Cavabdeh MMC tərəfindən bilet nəzarətçisi vəzifəsində işləyən İddiaçı 2020-ci ilin yanvar-fevral aylarında 319,56 manat, mart ayında 175,76 manat, aprel-may aylarında 159,78 manat, iyun ayında 0 manat, iyul ayında isə 620,1 manat ödəniş olunmuşdur. - Cavabdeh MMC tərəfindən verilmiş son haqq hesab ödəniş cədvəlindən görünür ki, İddiaçı hesabına “işçi sayının ixtisarı ilə əlaqədar kompensasiya və istifadə olunmayan məzuniyyət haqqı” kimi 620.08 manat pul köçürülmüş, həmin məbləğdən 3 faiz yəni 48,01 manat DSMF-yə, 05 faiz yəni 3,1 manat işsizlikdən sığortaya ödənilmiş, qalıq məbləğ 568,97 manat İddiaçı ödənilmişdir. - “xxxxxxxxx” ASC tərəfindən verilmiş hesabdan çıxarışdan görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı kart hesabına 568,97 manat pul köçürülmüşdür. - xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı Cavabdeh MMC ilə bağladığı əmək müqaviləsinə xitam verilməsi reyestrə daxil edilmişdir. - Cavabdeh MMC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli “işçi sayının ixtisarı ilə bağlı” məktubdan görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinin 1ci hissəsinin ə) bəndinə əsasən bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək işəgötürənin əsas hüquqlarından biridir. Bildirirlir ki, Cavabdeh MMC–nin fəaliyyəti yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən məhdudlaşdırılmışdır. Bu səbəbdən Cəmiyyətdə çalışan işçilərin sayının və ya ştatlarının ixtisar ediləcəyi zəruriyyəti yaranmışdır. Qeyd edilən səbəbdən əməyin təşkilində dəyişikliklər edilməsi zərurəti ilə əlaqədar olaraq tutduğu bilet nəzarətçisi peşəsi qanunvericiliklə müəyyən edilmiş qaydada ixtisar edilməsi nəzərdə tutulur. Cavabdeh işəgötürəni ilə bağlanmış əmək müqaviləsinə uyğun olaraq Cəmiyyətdə münasibətdə bir ildən beş ilədək əmək stajına malik olduğu üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinə əsasən bu xəbərdarlıq məktubunu aldığı (tanış olduğu) vaxtdan etibarən dörd təqvim həftəsi qabaqcadan çalışdığı bilet nəzarətçisi peşəsinin ixtisar ediləcəyi barədə rəsmi xəbərdar edilmişdir. Dörd təqvim həftəsi xəbərdarlıq müddəti ərzində əmək haqqı saxlanılmaqla hər iş həftəsində 1 (bir) gün iş axtarmağa ona imkan yaradılmışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubun surətindən görünür ki, Cavabdeh MMC-nin aktiv bank hesabına 93 nəfər işçisinin əmək müqaviləsi bildirişlərində qeyd edilmiş əmək haqqı məbləğlərinə uyğun olaraq 50337,3 manat məbləğində vəsaitin köçürülməsi təmin edilmişdir. - Sosial arayışdan görünür ki, İddiaçı 2020-ci ilin yanvar, fevral və mart aylarında olan əmək haqqından ümumilikdə 180,54 manat məbləğində sosial sığorta ödənişi olunmuşdur. Beləliklə də araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı 2012-ci ildən Cavabdeh MMCdə bilet nəzarəçisi işləmiş, xx.xx.2020-ci il tarixli 2907 saylı əmri ilə Əmək Məcəlləsinin 70 –ci maddəsinin b) bəndinə əsasən xitam verilmişdir. Əmrin məzmununda iddiaçıya onun müqaviləsinə xitam verildiyi gün (son iş günü) son haqq-hesabının və istifadə etmədiyi 21 təqvim günü üçün əsas məzuniyyətlərinə görə pul əvəzinin verilməsi göstərilmişdir. İddiaçı işdən azad edilməsi ilə bağlı ona 01 il üçün 48 günlük əmək məzuniyyəti verilməli olduğu halda ona 21 təqvim günü üçün əsas məzuniyyətlərinə görə pul əvəzinin verilməsinin qanuniliyini mübahisələndirmiş və tələbin maddi əsası kimi Əmək Məcəlləsinin 119.2 və 116-cı maddələrinə istinad etmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 116-cı maddəsinin İ hissəsinə əsasən işçilərə on beş ildən çox əmək stajı olduqda — 6 təqvim günü müddətində əlavə məzuniyyət verilir. Həmin normanın 3-cü hissəsinə görə əmək stajına görə (o cümlədən əmək şəraitinə görə) əlavə məzuniyyətlər bu Məcəllənin 118, 119, 120 və 121-ci maddələrində göstərilən işçilərə verilmir. Əmək Məcəlləsinin 119-cu maddəsinin 2-ci hissəsinə əsasən əlilliyin qrupundan, səbəbindən və müddətindən asılı olmayaraq işləyən əlillərə əmək məzuniyyəti azı 42 təqvim günü verilir. Məhkəmə iddiaçının İddiaçı İİ qrup əlil olmasını nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya onun müqaviləsinə xitam verildiyi gün istifadə etmədiyi 21 təqvim günü üçün əsas məzuniyyətlərinə görə pul əvəzinin verilməsi zamanı göstərilən qanun normasının tələbi pozulmuşdur. Buna görə də məhkəmə iddiaçıya onun müqaviləsinə xitam verildiyi gün istifadə etmədiyi 42 təqvim günü üçün əsas məzuniyyətinə görə pul əvəzinin verilməli olduğu qənaətinə gəlir. İddiaçı ərizəsində 2020-ci ilin mart, aprel və may aylarının əmək haqqıları ödənilsə də, iyun, iyul və avqust aylarının əmək haqqlarının ödənilməməsini göstərmiş, lakin konkret olaraq iyun və iyul aylarının əmək haqqının ona ödənilməsini tələb etmişdir. İş materiallarından görünür ki, İddiaçı 2020-ci ilin mart ayı üçün 175,76 manat, aprel-may aylarında hər bir ay üçün 159,78 manat, iyun ayında 0 manat, iyul ayında isə 620,1 manat ödəniş olunmuşdur. Müəyyən edilmişdir ki, iyul ayında ödənilən 620,1 manat işçi sayının ixtisarı ilə əlaqədar kompensasiya və istifadə olunmayan məzuniyyət haqqı idi. (müvafiq tutulmalar nəzərə alınmaqla 568,97 manat) Məhkəmə qanunvericiliyin tələbinə əsasən iddiaçıya son haqq hesabın ödənilməsi zamanı qanunla nəzərdə tutulmuş qaydada 42 gün üçün məzuniyyət pulu ödənilməli olduğunu, həmçinin xx.xx.2020-ci il tarixli 2907 saylı əmrə əsasən iyul ayında ödənilən 620,1 manat məbləğin daxilində 21 gün müddəti üçün məzuniyyət pulunun ödənilməsini nəzərə alaraq, belə hesab edir ki, iddiaçıya ödənilməmiş qalan 21 gün üçün istifadə etmədiyi məzuniyyətə görə pul əvəzi cavabdeh tərəfindən ona ödənilməlidir. Məhkəmə həmçinin iddia tələblərinə qiymət verməkdə davam edərək iddiaçıya cavabdeh tərəfindən 2020-ci ilin iyun və iyul aylarının əmək haqqının hər ay üçün 159,78 manat (müvafiq tutulmalar çıxılmaqla) ödənilməli olduğu qənaətinə gəlir. Məhkəmə bu qənaətini onunla əsaslandırır ki, əmək müqaviləsinə əsasən iddiaçının hər ay üçün əmək haqqı aylıq 319,56 manat məbləğində müəyyən edilmişdir. İddiaçı sonuncu dəfə qeyd edilən məbləğdə əmək haqqını 2020-ci ilin fevral ayında almışdır. Respublikamızda baş vermiş pandemiya ilə əlaqədar iş fəaliyyətinin zəifləməsi ilə bağlı cavabdehin göstərdiyi xidmətlərə olan tələb azaldığı üçün cavabdeh tərəfindən iddiaçıya mart ayında 175,76 manat əmək haqqı ödənilmiş və o bu əmək haqqı məbləği ilə razılaşmış, hətta iddia ərizəsində mart ayının əmək haqqının ona ödənilməsini vurğulamışdır. Həmçinin, iddiaçı ərizəsində mart ayından əlavə aprel və may aylarının əmək haqqının ona ödənilməsini də qeyd etmişdir. Həmin aylar üzrə isə ona ayrılıqda əmək haqqının demək olar ki, yarı məbləği, yəni 159,78 manat ödənilmişdir. İddiaçı bu əmək haqqlarının da düzgün olmamasını mübahisələndirməmişdir. Göründüyu kimi, iddiaçı mart ayından başlayaraq əmək müqaviləsi üzrə müəyyən edilmiş aylıq əmək haqqını almamış, cavabdehin ona hesabladığı əmək haqqını alaraq bununla razılaşmışdır. İddia tələbində iddiaçı iyun və iyul aylarının əmək haqqının ona ödənilməsini tələb etsə də, həmin məbləği açıqlamamışdır. Məhkəmənin qənaətinə görə iddiaçının 2020-ci ilin iyun və iyul aylarının əmək haqları da ödənilən son ayların, yəni iddiaçının mübahisələndirməyərək aldığı aprel və may ayları üçün hesablanmış əmək haqqı miqdarında ödənilməsi daha məqsədəmüvafiq və ədalətlidir. Məhkəmə göstərilən nəticəyə gələrkən həmçinin nəzərə alır ki, Cavabdeh“ MMC üzrə “bəzi işçilərin qrup halında məzuniyyətə buraxılması haqqında” xx.xx.2020-ci il tarixli 0106/b nömrəli əmr iddiaçıya münasibətdə hüquqi qüvvəyə malik olmamışdır. Belə ki, əmrdə 93 nəfər işçinin adı hallandırılan siyahıda 52-ci sırada iddiaçının adının qarşısında imzası yoxdur. Bu isə həmin əmrin ona rəsmi olaraq elan və təqdim edilməməsi kimi qiymətləndirilir. Məhkəmə iddianın ştat ixtisarı ilə bağlı əmək müqaviləsinin xitam verilməsi ilə əlaqədar 2 aylıq işdənçıxma müavinətinin ödənilməsi ilə bağlı tələbə hüquqi qiymət verərək təmin edilməsini əsassız sayır. Belə ki, işin materiallarından görünür ki, iddiaçının Cavabdeh işəgötürəni ilə bağlanmış əmək müqaviləsinə uyğun olaraq Cəmiyyətdə bir ildən beş ilədək əmək stajına malik olduğu nəzərə alınaraq ona işçi sayının ixtisarı ilə əlaqədar kompensasiya son haqq hesab olaraq ödənilən 620,1 manat məbləğin daxilində (müvafiq tutulmalar nəzərə alınmaqla 568,97 manat) ödənilmişdir. Məhkəmə iddiaçının əmək haqqının gecikdirilməsi ilə əlaqədar hər gün üçün əmək haqqının 0,1 faizi miqdarında ona ödənc verilməsi tələbinə də qiymət verərək əsassız olduğu üçün təmin edilməməsi nəticəsinə gəlir. Belə ki, Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Qeyd edilən normanın mənasından aydın olur ki, işçiyə əmək haqqının azı bir faizi məbləğində ödəncin ödənilməsi fərdi əmək mübahisəsi yaranmadıqda nəzərdə tutulur. Məhkəmə, hazırda tərəflər arasında fərdi əmək mübahisəsi yarandığını nəzərə alaraq iddiaçının bu tələbinin əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. (119.2.) “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci və 9.1.1-ci maddəsinə müvafiq olaraq məhkəməyə verilən iddia ərizələri üzrə iddia qiyməti 500 manatdan çox olduqda dövlət rüsumunun qiyməti 30 (otuz) manat miqdarında, 500 manatadək olduqda isə dövlət rüsumunun qiyməti 20 (iyirmi) manat müəyyən edilmişdir. Əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə sadalanmış normaları hazırki iş üzrə tətbiq edərək belə qənaətə gəlir ki, dövlət rüsumunun (iddianın təmin edilmiş hissəsinə münasib olaraq) 10 manat hissəsi cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı cacabdeh Cavabdeh MMC tərəfindən ödənilməmiş 21 gün üçün istifadə etmədiyi məzuniyyətə görə pul əvəzi, eləcə də, 2020ci ilin iyun və iyul aylarının əmək haqqının hər ay üçün 159,78 manat (müvafiq tutulmalar çıxılmaqla) ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Dövlət rüsumunun (iddianın təmin edilmiş hissəsinə münasib olaraq) 10 manat hissəsi cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Cavabdeh MMC tərəfindən ödənilməmiş 21 gün üçün istifadə etmədiyi məzuniyyətə görə pul əvəzi, eləcə də, 2020-ci ilin iyun və iyul aylarının əmək haqqı hər ay üçün 159,78 manat olmaqla (müvafiq tutulmalar çıxılmaqla) ödənilsin. Dövlət rüsumunun (iddianın təmin edilmiş hissəsinə münasib olaraq) 10 (on) manat hissəsi cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülsün. İddia qalan hissələrdə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar