Məhkəmə qərarları › İş №2(009)-185/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-185/2020

27.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-185/2020 27.10.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Aygün Həsən qızının katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili və nümayəndəsi Nümayəndə, cavabdeh “xxxxxxxxxxxxx” ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Bərşəd oğlunun cavabdeh «xxxxxxxxxxxxx» Açıq Səhmdar Cəmiyyətinə qarşı «sığorta və başqa ödənişlərin ödənilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Bərşəd oğlu müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində “Azad İstehlakçılar” İctimai Birliyi işə cəlb edilməklə cavabdeh “xxxxxxxxxxxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxxxxxxxxxxx” ASC-dən İddiaçı1 xeyrinə 7000 manat sığorta ödənişi məbləğinin, hər gecikdirilmiş gün üçün ümumi sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində, 1589 manat məbləğində dəbbə pulunun (7000 manat sığorta ödənişi * 227 gün* 0,1 % dəbbə=1589 ), 1000 manat vəkil xərcləri məbləğinin, ümumilikdə 9589 manat məbləğində, iddiaçi İddiaçı2 xeyrinə 7000 manat sığorta ödənişi məbləğinin, hər gecikdirilmiş gün üçün ümumi sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində, 1589 manat məbləğində dəbbə pulunun (7000 manat sığorta ödənişi * 227 gün * 0.1 % dəbbə = 1589 ), 1000 manat vəkil xərcləri məbləğinin, ümumilikdə 9589 manat məbləğində, İddiaçı3 xeyrinə 14000 manat sığorta ödənişi məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışdır ki, İsmayıllı rayonu, Tircan kəndi ünvanında yaşayan vətəndaşlar (istehlakçılar) İddiaçı1 və İddiaçı2 sığorta xidmətləri göstərən “xxxxxxxxxxxxx” ASC ilə sığorta müqaviləsi bağlamışlar. Sığorta xidmətlərinə görə sığorta şirkəti İsmayıllı rayonu, Tircan kəndi ünvanında yerləşən fərdi yaşayış evlərinin hər birinə 15000 manat, ümumilikdə 30000 manat dəyərində sığorta təminatı vermişdir. 2019cu il fevralın 5-6-da Azərbaycan ərazisində yeraltı təkanlar, zəlzələ hadisəsi baş vermişdir. Fevralın 5-də yerli vaxtla saat 23:31-də Pirqulu stansiyasından 11 kilometr cənub-qərbdə İsmayıllı ərazisində zəlzələ olmuşdur. Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss edilmişdir. Nətidədə sözügedən ərazidə olan fərdi yaşayaş evlərinə, o cümlədən iddiaçıların (istehlakçıların) sahibliyində olan və “xxxxxxxxxxxxx” ASC tərəfindən sığorta olunan fərdi yaşayış evlərinə külli miqdarda zərər dəymişdir. Qeyd olunan zəlzələ (eyni sığorta hadisəsinin) hadisəsinin baş verməsinə, “İcbari sığortalar haqqında” Azərbaycan) Respublikası Qanununun 17-ci maddəsində sadalanan sənədlərin təqdim olunmasına baxmayaraq, “xxxxxxxxxxxxx” ASC tərəfindən sığorta ödənişinin verilməsi işi lazımınca həyata keçirilməmişdir. Təbii fəlakət hadisəsi ilə bağlı sığortalı İddiaçı1 tikinti üzrə 30010,83 manat, sığortalı İddiaçı2 isə tikinti üzrə 25007,65 manat məbləğində zərər dəymişdir. Lakin “xxxxxxxxxxxxx” ASC üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməyərək, sığortalılara dəymiş zərərin əvəzini tam şəkildə verməmişdir. İddiaçı1 və İddiaçı2 sığorta ödənişi ilə bağlı hüquq və tələblərinin bir hissəsini, yəni hər biri 7000 manat olmaqla, ümumilikdə 14000 manat olan hissəsini digər iddiaçı fiziki şəxs İddiaçı3 güzəşt etmişdir. Bu barədə cavabdeh “xxxxxxxxxxxxx” ASC-yə bildiriş verilmişdir. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili və nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh “xxxxxxxxxxxxx” ASC-nin etibarnamə üzrə nümayəndəsi X2 iddianı qəbul etməyərək onun təmin edilmədən saxlanılmasını xahiş etdi və bildirdi ki, daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. İddiaçı1 ilə İsmayıllı rayonu, Tircan kəndinidə yerləşən X5 məxsus olan fərdi yaşayış evi üzrə xx.xx.2018-ci il tarixində elektron formada “Daşınmaz əmlakın icbari sığortası” növü üzrə müqaviləsi bağlanmış şəhadətnamə verilmişdir. İsmayıllı rayonu, Tircan kəndində yerləşən X5 məxsus olan fərdi yaşayış evi 2 mərtəbəli olmaqla, 3 otaqdan ibarətdir və ümumi sahəsi 86.4 kv.m. təşkil edir. İddiaçı2 ilə İsmayıllı rayonu, Tircan kəndinidə yerləşən İddiaçı2 məxsus olan fərdi yaşayış evi üzrə xx.xx.2018-ci il tarixində elektron formada “Daşınmaz əmlakın icbari sığortası” növü üzrə müqaviləsi bağlanmış şəhadətnamə verilmişdir. İsmayıllı rayonu, Tircan kəndində yerləşən İddiaçı2 məxsus olan fərdi yaşayış evi 1 mərtəbəli olmaqla, 2 otaqdan ibarətdir və ümumi sahəsi 41.5 kv.m. təşkil edir. Həmin ərazidə baş vermiş zəlzələ nəticəsində müvafiq əmlakın zərərə məruz qalması barədə Cəmiyyətə məlumat daxil olmuşdur. 21 02.2019-cu il tarixində İsmayıllı RİH başçısı aparatının Memarlıq və tikinti şöbəsinin müdiri, rayon fövqəladə hallar komissiyasının üzvü Abdullayev Vüsal, həmin şöbənin aparıcı məsləhətçisi (mühəndis) Güləliyev Elşən və İsmayıllı RİHB-nin Tircan kənd İƏD üzrə nümayəndəsi Əhmədov Əhməd tərəfindən X5 məxsus tikintialtı sahəsi 210 m2 olan fərdi yaşayış evinə və İddiaçı2 məxsus 120 m2 olan fərdi yaşayış evinə vizual baxış keçirilmiş, baxışın nətıcəsi olaraq tərtib olunmuş aktda müvafiq əmlak üzrə təmir-bərpa işəlrinə ehtiyac yarandığı qeyd olunmuşdur. xx.xx.2019-cu il tarixində İsmayıllı rayonu, Tircan kəndində yerləşən X5 məxsus olan fərdi yaşayış evinə dəymiş zərərin müəyyən olunması üçün Fövqəladə Hallar Nazirliyinə Cəmiyyət tərəfindən müraciət edilmişdir. Müvafiq əmlaka dəyən zərərin qiymətləndirilməsi üçün tərəflərin qarşılıqlı razılığı əsasında müstəqil ekspertiza xidmətlərini həyata keçirən “xxxxxxxx” MMC-yə müraciət olunmuşdur. Əmlakın qiymətləndirilməsi səlahiyyətinə uyğun olaraq “xxxxxxxx” MMC-nin ekspertləri tərəfindən İsmayıllı rayonu, Tircan kəndində yerləşən X5 və İddiaçı2 məxsus olan fərdi yaşayış evlərinə zəlzələ nəticəsində dəymiş zərərin həcminin müəyyən edilməsi üçün qiymətləndirmə işi aparılmışdır. Qiymətləndirmə zamanı aparılan hesablamalarda “xxxxxxxx” MMC-nin mütəxəssisləri tərəfindən xüsusi olaraq illər üzrə əldə edilmiş əmlak bazarının vəziyyətini xarakterizə edən operativ məlumatlardan, bu tipli əmlaka olan tələb və təklifdən, eləcə də, digər etibarlı mənbələrdən alınmış informasiyalardan istifadə olunmuşdur. Aparılan təhlil və hesablamalar nəticəsində “xxxxxxxx” MMC-nin 15 və xx xxxxx 2019-cu il tarixli “Qiymətləndirmə Hesabatı” tərtib olunmuş və İsmayıllı rayonu, Tircan kəndində yerləşən X5 məxsus olan fərdi yaşayış evinə dəyən zərər 551 manat və İddiaçı2 məxsus olan fərdi yaşayış evinə dəyən zərər 278 manat dəyərində müəyyən edilmişdir. xx xxxxxx 2020-ci il tarixli Cəmiyyətin sorğusu əsasında “xxxxxxxx” MMC tərəfindən təkrarən bildirilmişdir ki, mübahisəli əmlaka mütəxəssisləri tərəfindən baxış keçirilmiş, evdə cüzi çatlarolduğu aşkarlanmışdır. Baxış həyata keçirilən tarixə aşkarlanmış çatların tikilinin əsas konstruksiyasını zəiflətmədiyi qənaətinə gəlindiyi üçün həmin çatların aradan qaldırılmasının kifayət olduğu barədə qərar qəbul edilmiş və həm sığortalı, həm də sığortaçı ilə razılaşdırılmışdır. Yaranmış çatların aradan qaldırılması üçün tələb olunan xərclər təqdim olunan rəylərdə öz əksini tapmışdır. Sığorta şəhadətnaməsinə əsasən, 150 manat azadolma məbləği çıxılmaqla, fərdi yaşayış evinə dəyən zərər üzrə Cəmiyyət tərəfindən X5 401 manat və İddiaçı2 128,30 manat sığorta ödənişinin verilməsi qərara alınmışdır. xx.xx.2019-cu il tarixində məktubla İddiaçı1 və İddiaçı2 müvafiq sığorta ödənişin verilməsi üçün bank hesabının təqdim edilməsi xahiş olunmuşdur. Daha sonra hər iki şəxs tərəfindən “xxxxxxxxxxxx” ASC-də bank hesabı açılmış və rekvizitlər Cəmiyyətimə təqdim olunmuşdur. Müəyyən olunmuş 401 manat sığorta ödənişi İddiaçı1 ilə xx.xx.2019-cu il tarixində və 128,30 manat sığorta ödənişi İddiaçı2 ilə razılaşdırılmış, sığorta aktı tərtib olunaraq hər iki tərəflərin imzası ilə təsdiqlənmiş və 20 05.2019-cu il tarixində Cəmiyyətləri tərəfindən həmin şəxslərə sığorta ödənişi həyata keçirilmişdir. Həmin vaxt əmlaka dəyən zərərlə bağlı tərəflər arasında heç bir mübahisə olmamışdır. Uzun müddət keçdikdən sonra əmlaka dəyən zərərlə razılaşmayan İddiaçı2 və İddiaçı1 xx.xx.2019-cu il tarixində Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. xx.xx.2019-cu il tarixində əmlaka dəyən zərərlə əlaqədar ekspertiza müəyyən edilməsi üçün qərar qəbul edilmiş və ekspert qarşısında İddiaçı2 və X5 məxsus fərdi yaşayış evlərinə zəlzələ nəticəsində hansı məbləğdə ziyan dəyməsi ilə bağlı sual qoyulmuşdur. xx.xx.2020-ci il tarixində verilmiş ekspert rəyindən görünür ki, X5 məxsus fərdi yaşayış evinə deyil, İddiaçı1 məxsus f'ərdi yaşayış evinə baxış keçirilmiş və özbaşına tikililərdə olan çatlar evin ümumi sahəsinə aid edilmiş, şişirtmə qiymətləndirmə aparılmaqla rəy tərtib olunmuşdur. X5 məxsus ev qeyd edildiyi kimi 3 otaqdan ibarət olmaqla, ümumi sahəsi 86,4 m2 təşkil edir. Lakin faktiki olaraq evin tikintialtı sahəsi 210m2 olmaqla, özbaşına tikililərdən ibarətdir. Həmin ekspert rəyindən eləcə də görünür ki, İddiaçı2 məxsus f'ərdi yaşayış evinə baxış keçirilmiş və özbaşına tikililərdə olan çatlar evin ümumi sahəsinə aid edilmiş, şişirtmə qiymətləndirmə aparılmaqla rəy tərtib olunmuşdur. İddiaçı2 məxsus f'ərdi yaşayış evi yuxarıda qeyd edildiyikimi 2 otaqdan ibarətdir və ümumi sahəsi 41,5 m2 təşkil edir. Mübahisəli mənzillərdə olan əlavə tikililər şəhərsalma və tikinti normalarına uyğun olmamaqla, özbaşına tikinti hesab edilir, iddiaçıların iddia etdiyi zərər də, yəni çatlar həmin özbaşına tikililərdə əmələ gəlmişdir. Odur ki, hesab edir ki, iddiaçıların cavabdehə qarşı iddiası əsassız və qanunsuzdur. İddiaçı3 Bərşəd oğluna məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə MPM-nin 185.4-cü maddəsinə əsasən işə İddiaçı3 Bərşəd oğlunun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş ekspert X3 ifadəsində göstərdi ki, o, xx xxxx 2020-ci il tarixli, 29632 saylı rəyi müdafiə edir. O, texniki pasporta uyğun evlərə baxış keçirmiş və İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan İsmayıllı rayonu Tircan kəndi ünvanında yerləşən fərdi yaşayış evlərinə 2019-cu ilin fevral ayında baş vermiş təbii fəlakət, zəlzələ nəticəsində dəymiş zərərin aradan qaldırılması üçün görülməli olan təmir-bərpa işlərinin dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq İddiaçı1 fərdi yaşayış evi üçün 16606 manat məbləğində, İddiaçı2 mülkiyyətində olan fərdi yaşayış evi üçün isə 15220 manat məbləğində olduğu müəyyən edilmişdir. Məhkəmə işə baxıb, tərəflərin nümayəndələrinin izahatlarını, şahid ifadəsini dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək, hesab edir ki, iddia tələbi əsaslıdır və aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarında olan Daşınmaz Əmlakın İcbari Sığortası şəhadətnaməsindən görünür ki, X7 tərəfindən sığortalı İddiaçı1 məxsus İsmayıllı rayonu, Tircan kəndində yerləşən fərdi yaşayış evi 15000 manat məbləğində xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək sığorta edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın İcbari Sığortası şəhadətnaməsindən görünür ki, X7 tərəfindən sığortalı İddiaçı2 məxsus İsmayıllı rayonu, Tircan kəndində yerləşən fərdi yaşayış evi 15000 manat məbləğində xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək sığorta edilmişdir. İş materiallarında olan Xəzər xəbər sayıtından xx xxxxxx 2019-cu il tarixli çıxarışdan görünür ki, Fövqalədə Hallar Nazirliyi tərəfindən Xəzər-Xəbər-ə verilən məlumata əsasən xx.xx.2019-cu il tarixində saat 23-31-də Pirqulu stansiyasından 11 km cənub-qərbdə İsmayıllı rayonu ərazinidə 8 km dərinliklə zərzələ qeydə alınmış, zərzələ episentirdə 6 bal gücündə, ətraf rayonlarda 5-3 bala qədər hiss olunmuşdur. İş materiallarında olan İsmayıllı rayon İcra Hakimiyyəti başçısının xx.xx.2019-cu il tarixli 15 saylı arayışından görünür ki, Tircan kənd sakini İddiaçı1 xx xxxxxx 2019-cu il tarixində baş vermiş təbii fəlakət (zəlzələ) nəticəsində yaşadığı evinə ziyan dəymişdir. Dəymiş ziyanın aradan qaldırılması üçün təmir-bərpa işlərinə ehtiyac vardır. Baş vermiş təbii fəlakət (zəlzələ) ilə bağlı vətəndaşa dövlət tərəfindən heç bir yardım olunmamışdır. İş materiallarında olan İsmayıllı rayonu, Pircan kəndində yerləşən İddiaçı1 məxsus fərdi yaşayış evinə zərzələ nəticəsində dəymiş ziyanla əlaqədar görüləcək təmir-bərpa işləri üçün smetadan görünür ki, zərərin məbləği 1991-ci ilin qiymət və normaları əsasında cəmi 30010,83 manat təşkil edir. İş materiallarında olan daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2011-ci il tarixli, ********** nömrəli çıxarışdan görünür ki, İsmayıllı rayonu, Tırcan kəndi 86.4 kv.m. yaşayış sahəsi olan 3 otaqdan ibarət fərdi yaşayış evi X4 xüsusi mülkiyyətindədir. Fərdi yaşayış evi üzrə tikintialtı sahə 132.73 kv.m. təşkil edir. İş materiallarında olan İsmayıllı rayon İcra Hakimiyyəti başçısının xx.xx.2019-cu il tarixli 14 saylı arayışından görünür ki, Tircan kənd sakini İddiaçı2 xx xxxxxx 2019-cu il tarixində baş vermiş təbii fəlakət (zəlzələ) nəticəsində yaşadığı evinə ziyan dəymişdir. Dəymiş ziyanın aradan qaldırılması üçün təmir-bərpa işlərinə ehtiyac vardır. Baş vermiş təbii fəlakət (zəlzələ) ilə bağlı vətəndaşa dövlət tərəfindən heç bir yardım olunmamışdır. İş materiallarında olan İsmayıllı rayonu, Pircan kəndində yerləşən İddiaçı2 məxsus fərdi yaşayış evinə zərzələ nəticəsində dəymiş ziyanla əlaqədar görüləcək təmir-bərpa işləri üçün smetadan görünür ki, zərərin məbləği 1991-ci ilin qiymət və normaları əsasında cəmi 25007,65 manat təşkil edir. İş materiallarında olan xx.xx.1988-ci il tarixli, 47 nömrəli Qeydiyyat vəsiqəsindən görünür ki, İsmayıllı rayonu, Tırcan kəndi 41,5 kv.m. yaşayış sahəsi olan, 2 otaqdan ibarət fərdi yaşayış evi İddiaçı2 xüsusi mülkiyyətindədir. İş materiallarında olan xxxxxxxxxxxxx tərəfindən AR Vəkillər Kollegiyasına ünvanlanmış xx.xx.2019-cu il tarixli 07/737 nömrəli məktubdan görünür ki, xx xxxxxx 2019-cu il tarixdə İsmayıllı rayonu, Tırcan kəndində baş vermiş zəlzələ nəticəsində İddiaçı1 və İddiaçı2 məxsus fərdi yaşayış evlərinə dəymiş ziyanın tənzimlənməsi ilə əlaqədar AR İcbari Sığorta haqqında qanunun 17-ci maddəsinə müvafiq olaraq sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə səlahiyyətli orqanın təqdim etdiyi araıyşın təqdim edilməsi üçün Cəmiyyət tərəfindən AR Fövqaladə Hallar Nazirliyinə sorğu göndərilmişdir. İş materiallarında olan İddiaçı2 ilə İddiaçı3 arasında bağlanmış tələbin güzəşti barədə xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, tələbin ilkin sahibi İddiaçı2 xx.xx.2019-cu il tarixində İsmayıllı rayonu, Tircan kəndində baş vermiş sığorta hadisəsi nəticəsində fərdi yaşayış evinə dəymiş zərərə görə sığorta öhdəliyi daşıyan xxxxxxxxxxxxx ASC-yə qarşı malik olduğu hüquqları və tələbləri qismən, yəni 7000 manat həddində tələbin yeni sahibi adlanacaq İddiaçı3 güzəşt etmişdir. İş materiallarında olan İddiaçı1 ilə İddiaçı3 arasında bağlanmış tələbin güzəşti barədə xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, tələbin ilkin sahibi İddiaçı1 xx.xx.2019-cu il tarixində İsmayıllı rayonu, Tircan kəndində baş vermiş sığorta hadisəsi nəticəsində fərdi yaşayış evinə dəymiş zərərə görə sığorta öhdəliyi daşıyan xxxxxxxxxxxxx ASC-yə qarşı malik olduğu hüquqları və tələbləri qismən, yəni 7000 manat həddində tələbin yeni sahibi adlanacaq İddiaçı3 güzəşt etmişdir. İş materiallarında olan İsmayıllı rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə tərtib edilmiş xx.xx.2019-cu il tarixli aktlardan görünür ki, İsmayıllı rayonu, Tircan kəndi İddiaçı2 və İddiaçı1 xx.xx.2019-cu il tarixdə baş vermiş zərzələ nəticəsində evinə ziyan dəyməsi ilə bağlı müraciətlərinə əsasən evlərinə vizual baxış keçirilmişdir. Baxış zamanı İddiaçı2 məxsus tikintialtı sahəsi 120 kv.m, divarları mişarlanmış əhəng daşından, dam örtüyü dalğavarı dəmir materialından olan, bir mərtəbəli fərdi yaşayış evində şarquli və üfiqi çatların müşahidə olunduğu, İddiaçı1 məxsus tikintialtı sahəsi 210 kv.m, divarları mişarlanmış əhəng daşından, dam örtüyü düz dəmir materialından olan, iki mərtəbəli fərdi yaşayış evində şarquli və üfiqi çatların müşahidə olunduğu, hər iki evdə yaranmış çatların aradan qaldırılması üçün təmir-bərpa işlərinə ehtiyac olduğu göstərilmişdir. İş materiallarında olan İntregris MMC-nin xx/xx-2019 İQ saylı rəyindən görünür ki, İsmayıllı rayonu, Tircan kəndində yerləşən İddiaçı2 məxsus fərdi yaşayış evinə zəlzələ nəticəsində dəymiş zərərin həcmi 278 manat təşkil edir. İş materiallarında olan İntregris MMC-nin xx/xx-2043 İQ saylı rəyindən görünür ki, İsmayıllı rayonu, Tircan kəndində yerləşən İddiaçı1 məxsus fərdi yaşayış evinə zəlzələ nəticəsində dəymiş zərərin həcmi 551 manat təşkil edir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, RGU-0001/19 saylı sığorta aktından görünür ki, xxxxxxxxxxxxx ASC tərəfindən İddiaçı2 128.30 manat sığorta məbləği ödənilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, RGU-0002/19 saylı sığorta aktından görünür ki, xxxxxxxxxxxxx ASC tərəfindən İddiaçı1 401 manat sığorta məbləği ödənilmişdir. Məhkəmə tərəfindən təyin olunmuş tikinti-texniki və məhkəmə-mühəndis geoloji ekspertizasının xx xxxx 2020-ci il tarixli, 29632 saylı rəyindən görünür ki, İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan İsmayıllı rayonu, Tircan kəndi ünvanında yerləşən fərdi yaşayış evlərinə 2019-cu ilin fevral ayında baş vermiş təbii fəlakət, zəlzələ nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli olan təmir-bərpa işlərinin dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq İddiaçı1 fərdi yaşayış evi üçün 16606 manat məbləğində, İddiaçı2 mülkiyyətində olan fərdi yaşayış evi üçün isə 15220 manat məbləğində olduğu müəyyən edilib. Yuxarıda göstərildiyi kimi, hazırki iş üzrə tərəflərin hüquq münasibətləri xx.xx.2019-cu il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində dəymiş ziyanın ödənilməsi ilə bağlı yaranmışdır. Mülki qanunvericilikdə sığorta hadisəsinin anlayışı verilməklə yanaşı, həmçinin sığorta hadisəsi baş verdiyi təqdirdə sığortalı və sığortaçının vəzifələri, habelə sığorta ödənişlərinin verilməsindən imtina əsasları da göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 923.1-ci maddəsinə əsasən sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. Həmin Məcəllənin 925.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında sığortaçı müəyyən edir. Həmin Məcəllənin 925.5-ci maddəsinə əsasən əmlak sığortası müqaviləsi üzrə sığortalı, sığorta olunan və ya üçüncü şəxs aşağıdakı hallar istisna olmaqla, zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə sığortaçıya və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.1-ci maddəsinə əsasən bu Məcəllənin 923.1-ci maddəsinin tələblərinə əməl edilməməsi nəticəsində sığortaçının hadisənin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması ilə əlaqədar olaraq onun mənafeləri əhəmiyyətli dərəcədə pozulduqda sığortaçı sığorta ödəməkdən imtina edir. Qanunvericiliyin qeyd edilən normalarından aydın olur ki, sığorta hadisəsi barədə sığortalı və digər şəxslər tərəfindən sığortaçıya dərhal və mümkün olan ən qısa müddət ərzində məlumat verilməməsi nəticəsində sığortaçı, hadisənin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması ilə əlaqədar onun mənafeyi əhəmiyyətli dərəcədə pozulduqda sığorta ödəməkdən imtina edə bilər. Qeyd edilən hal onu təsdiq edir ki, məhz göstərilən hallar müəyyən edildikdə, sığortaçı tərəfindən sığorta ödənişindən imtina edilə bilər. Qanunun 935.1.1-ci maddəsinin məzmunundan aydın olur ki, sığorta ödənişindən imtina əsası kimi müəyyən edilmiş şərtlərin sübut edilməsini məhz sığorta ödəməkdən imtina edən sığortaçının üzərinə düşür. Lakin sığortaçı tərəfindən məhkəməyə sığorta hadisəsinin səbəbini və dəyən zərərin həcminin müəyyənləşdirmək imkanından məhrum olması ilə əlaqədar onların mənafeylərinin əhəmiyyətli dərəcədə pozulmasını təsdiq edən hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Halbuki mülki prosessual qanunvericiliyin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla yanaşı, məhkəmə iclasında sübutların tədqiqi ilə kifayət qədər müəyyən olundu ki, xx.xx.2019-cu il tarixdə İsmayıllı rayonu, Tircan kəndində baş vermiş təbii fəlakət (zəlzələ) nəticəsində iddiaçılara ciddi ziyan dəymişdir. Yuxarıda qeyd olunanları ümumiləşdirməklə məhkəmə hesab edir ki, tərəflər arasında qanunvericiliyin tələblərinə uyğun olaraq sığorta münasibətləri yaranmış, həmin münasibətlər sığorta şəhadətnaməsi ilə rəsmiləşdirilmiş, tərəflərin hüquq və vəzifələri həmin şəhadətnamədə və əlavədə əks olunmuş, qeyd olunan müqaviləyə əsasən sığorta hadisəsi hesab edilən hadisə baş versə də, cavabdeh şirkət müqaviləyə və qanunvericiliyə zidd olaraq sığorta ödənişini həyata keçirməmişdir. Məhkəmə bu qənaətə gələrkən həm də, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alınmalı olduğunu nəzərə alır. Bundan əlavə ekspertin rəyində göstərilir ki, İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan İsmayıllı rayonu, Tircan kəndi ünvanında yerləşən fərdi yaşayış evlərinə 2019-cu ilin fevral ayında baş vermiş təbii fəlakət, zəlzələ nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli olan təmir-bərpa işlərinin dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq İddiaçı1 fərdi yaşayış evi üçün 16606 manat məbləğində, İddiaçı2 mülkiyyətində olan fərdi yaşayış evi üçün isə 15220 manat məbləğində olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 193.1-ci maddəsinə əsasən güzəşt edilməsi və ya girov qoyulması mümkün olan tələbi və ya hüququ onun sahibi başqa şəxsin mülkiyyətinə verə bilər. Tələblər və hüquqlar yeni şəxsə köhnə sahibində olduğu vəziyyətdə keçir. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən əvvəlki sahib tələblərə və hüquqlara aid öz sərəncamında olan bütün sənədləri və həmin tələblərdən və hüquqlardan istifadə üçün zəruri olan bütün məlumatı yeni sahibə verməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194.1-ci maddəsinə əsasən tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. Həmin Məcəllənin 194.2-ci maddəsinə əsasən tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Həmin Məcəllənin 194.4-cü maddəsinə əsasən sadə yazılı və ya notarial formada bağlanmış əqdə əsaslanan tələbin güzəşti müvafiq yazılı formada həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 196-cı maddəsinə əsasən əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, ilkin kreditorun tələbi yeni kreditora hüququn keçdiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə keçir. Həmin Məcəllənin 199.1-ci maddəsinə əsasən borclu öhdəlik üzrə tələblərin yeni kreditora güzəşt edildiyi barədə bildirişi aldığı məqamda ilkin kreditora qarşı malik olduğu etirazları yeni kreditorun tələbinə qarşı irəli sürə bilər. Məhkəmə iclasında sübutların tədqiqi ilə kifayət qədər müəyyən olundu ki, İddiaçı2 və İddiaçı1 ayrı-ayrılıqda İddiaçı3 ilə xx.xx.2019-cu il tarixdə tələbin güzəşti barədə müqavilələr bağlayaraq, hər biri xx.xx.2019-cu il tarixində İsmayıllı rayonu, Tircan kəndində baş vermiş sığorta hadisəsi nəticəsində fərdi yaşayış evlərinə dəymiş zərərə görə sığorta öhdəliyi daşıyan xxxxxxxxxxxxx ASC-yə qarşı malik olduqları hüquqları və tələbləri qismən, yəni 7000 manat həddində tələbin yeni sahibi adlanacaq İddiaçı3 güzəşt etmiş və tələb sahibinin (kreditorun) öz tələbini üçüncü şəxsə güzəşt etməsi barədə bildirişləri xx.xx.2019cu il tarixdə xxxxxxxxxxxxx ASC-yə göndərmişlər. Məhkəmə hesab edir ki, ekspertin rəyi nəzərə alınmaqla dəymiş maddi ziyanla bağlı iddia tələbi qismən təmin edilməli və cavabdeh «xxxxxxxxxxxxx» ASC-dən İddiaçı1 xeyrinə 7000 manat, İddiaçı2 xeyrinə 7000 manat, İddiaçı3 Bərşəd oğlunun xeyrinə 14000 (on dörd min) manat məbləğində sığorta ödənişi tutulmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbi hər gecikdirilmiş gün üçün ümumi sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulunun cavabdehdən tutulmasına dair hissədə təmin edilməməlidir, belə ki, iddiaçılar həmin hissədə tələblərini təsdiq edən sübutları təqdim etmədilər. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh «xxxxxxxxxxxxx» Açıq Səhmdar Cəmiyyətindən İddiaçı1 xeyrinə 7000 (yeddi min) manat, İddiaçı2 xeyrinə 7000 (yeddi min) manat, İddiaçı3 Bərşəd oğlunun xeyrinə 14000 (on dörd min) manat sığorta ödənişi, 300 (üç yüz) manat vəkil xərci tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat cavabdeh xxxxxxxxxxxxx» Açıq Səhmdar Cəmiyyətindən tutularaq tutulub AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülsün: Dövlət Xəzinədarlığı Agentliyi, kod 210005, VÖEN:**********, Müxbir hesab:AZ41NABZ********************, SFİFT:BİK CTREAZ22, MEM, VÖEN:**********, Hesab: AZ34CTRE********************. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar