Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1874/2022 20.09.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi ilə, İddiaçı - Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15 may 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 193 (bir yüz doxsan üç) manat miqdarında alimentin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə rəsmi qeyd edilmiş nikaha daxil olmuşdur. Birgə nikahdan 26 sentyabr 2003-cü il tarixdə X3 və 15 may 2013cü il tarixdə X2 adlı övladları doğulmuşlar. Cavabdeh ilə aralarında ailə münasibətləri sonradan kəskin şəkildə pisləşdiyindən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2- 766/2005 nömrəli 16 may 2005-ci il tarixli qətnaməsi ilə aralarında olan nikahları pozulmuş, övladlarının isə onun yanında qalmaları müəyyən edilmişdir. Hazırkı məqamda Ayxan Abbasov və Abbaszadə Dəniz onun yanında və himayəsində qalırlar, uşaqların tərbiyəsi ilə o, tək məşğul olur, onların qayğılarını yalnız o, çəkir. Dəniz Abbaszadə hələ də yetkinlik yaşına çatmamışdır. Cavabdehin isə uşaqlarının həyatında heç bir iştirakı yoxdur. Uşaqların tələbatları isə günü-gündən artır, uşaqları təkbaşına saxlamaq onun üçün çətindir. Ona görə də, hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və yekun məhkəmə aktının çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2- 766/2005 saylı, xx.xx.2005-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh X4 ilə xx.xx.2002-ci il tarixdə bağladığı nikah pozulmuşdur. İş materiallarına əlavə olunmuş Bakı şəhər Səbail rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı, 085535 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2013-cü il tarixdə X2 Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında X4 qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ilə xx.xx.2002-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından 26 sentyabr 2003cü il tarixdə X3 və 15 may 2013-cü il tarixdə X2 adlı uşaqları anadan olmuşdur. Nikaha daxil olduqdan sonra ailə münasibətləri normal olsa da, sonradan münasibətləri pisləşmiş, aralarında bağlanmış nikah pozulmuşdur, iddiaçı uşaqları ilə birlikdə cavabdehdən ayrı yaşayır. Cavabdeh uşağın saxlanmasında iddiaçıya maddi köməklik göstərmir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğində alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 23 dekabr 2021-ci il tarixli Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 (bir yüz doxsan üç) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iş materiallarını və məhkəmə araşdırması zamanı müəyyən edilmiş işin hallarını nəzərə alaraq hesab edir ki, iş üzrə Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X1 atası olması işin mübahisəsiz halıdır. Ona görə də, İddiaçı cavabdehə qarşı aliment tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Alimentin miqdarını müəyyən edərkən məhkəmə uşaqların mənafeyini, onların təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını, respublikada 2022-ci il üçün uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu məbləğini, eyni zamanda tərəflərin maddi və sosial vəziyyətini nəzərə alaraq hesab edir ki, tərəflərin azyaşlı uşaqları xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində alimentin tutulması uşağın mənafeyi baxımından məqsədə uyğundur. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə uyğun olaraq alimentin tutulmasının əvvəli iddiaçı məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. (119.2.) Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatadək olduqda 30 manat, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 1000 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə iddianın təmin olunduğunu, iddiaçının qanunla müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edildiyini nəzərə alaraq və sadalanmış normaları hazırki iş üzrə tətbiq edərək belə qənaətə gəlir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən 43,16 (qırx üç manat on altı qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Beləliklə, məhkəmə mülki iş üzrə araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 06 noyabr 2020-ci il tarixdən hesablanaraq hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməli, Cavabdeh 43,16 (qırx üç manat on altı qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 06 noyabr 2020-ci il tarixdən hesablanaraq hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh 43,16 (qırx üç manat on altı qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-1874/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1874/2022
20.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver