Məhkəmə qərarları › İş №2(009)-1876/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1876/2022

16.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1876/2022 16.09.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X5 Rüstəmlinin sədrliyi, Mərdanov Məhəmməd Ələkbər oğlunun katibliyi İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı - Cavabdeh qarşı «aliment məbləğinin azaldılması» tələbinə dair iddiası üzrə mülki işə Səbail Rayon Məhkəməsi binasında 16 sentyabr 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı «aliment məbləğinin azaldılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(009)-585/2022 saylı qətnaməsi əsasında ona təyin edilən 190 AZN məbləğində olan alimentin azaldılması ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Səbail Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli 2(009)-585/2022 saylı qətnaməsi ilə xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 190 AZN alimentin İddiaçı tutularaq Cavabdeh verilməsi qət edilmişdir. İddiaçının himayəsində xx.xx.2015-ci il təvəllüdlü X2 başqa maddi cəhətdən ondan asılı olan daha iki nəfər digər nikahlarından olan yetkinlik yaşına çatmayan övladları, heç bir yerdə işləməyən həyat yoldaşı və həmçinin yaşlı və işləməyən ata-anası vardır. Həmçinin iddiaçı kirayədə yaşayır. O, diş texniki işləyir və əmək haqqısı 496,64 manat təşkil edir. 190 manat aliment ödəmək üçün kifayət qədər imkanı yoxdur. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddianı müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakılara görə təmin edilməməlidir. İş materiallarından görünür ki, Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(009)-585/2022 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 190 məbləğində alimentin tutulması və Cavabdeh verilməsi qət edilmişdir. İş materiallarında olan AR Müdafiə Nazirliyinin Mərkəzi Stomatoloji Poliklinikası tərəfindən verilmiş 27 may 2022-ci il tarixli arayışda qeyd olunur ki, İddiaçı xx.xx.2011-ci il tarixdən diş texniki vəzifəsində işləyir və buna görə 496,64 manat məbləğində aylıq sosial müavinət alır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. «Uşaq hüquqları haqqında» Qanunun 19-cu maddəsinə əsasən valideynlər uşağın tərbiyyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması bərabər vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qanunun yuxarıda göstərilən tələblərinə əsasən tərəflərin maddi vəziyyətlərinin dəyişməsi dedikdə, onların maddi vəziyyətlərinin yaxşılaşması və ya pisləşməsi nəzərdə tutulur. Qanunun mənasına görə bu hal aliment ödəyən, yaxud aliment alan şəxsin gəlirlərinin çoxalması və ya azalması ilə əlaqədar olur. Aliment ödəyən şəxsin gəlirləri azaldıqda o, aliment miqdarının azaldılmasını, əksinə, onun gəlirləri çoxaldıqda, aliment alan şəxs aliment miqdarının artırılmasını tələb edir. İddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək əsas kimi diş texniki vəzifəsində işlədiyini və aylıq əmək haqqısının 496,64 manat olmasını göstərmişdir. Lakin arayışdan da aydın olur ki, iddiaçı məhkəmə tərəfindən onun barəsində alimentin miqdarı müəyyən olunduqdan diş texniki vəzifəsində işləmişdir. Məhkəmə işin faktiki hallarına qiymət verib, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını əsas tutaraq hesab edir ki, iddiaçıdan alimentin tutulması vaxtdan hazırkı dövrədək zaman ərzində iddiaçının maddi vəziyyətində mənfi dəyişikliklər baş verməyərək, onun aylıq gəlirlərinin azalması halı yaranmadığından, ondan hər ay hər uşağa görə 190 manat sabit pul məbləğində tutulan aliment məlbəğinin azaldılması barədə iddia tələbi tam əsassızdır və təmin edilməməlidir. «Uşaq hüquqları haqqında» Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı - Cavabdeh qarşı «aliment məbləğinin azaldılması» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar