Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1900/2021 02.09.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əkbərli Leyla Mirfazil qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı (Maraqlı şəxs göstərilməklə) Cavabdeh qarşı «alimentin azaldılması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin azaldılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Səbail rayon Məhkəməsinin 2(009)-461/2019 saylı 22.07.2019-cu il tarixli qətnaməsi ilə hər ay qazancının 1/3 hissəsi miqdarında tutulan alimentin azaldılaraq 1/6 hissəsi kimi müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Səbail rayon Məhkəməsinin 2(009)- 461/2019 saylı 22.07.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuş, yetkinlik yaşına çatmayan oğlu 04.05.2005-ci il tarixli təvəllüdlü X2 və qızı 12.02.2009-cu il təvəllüdlü X1 anasının himayəsində saxlanılmış və hər ay qazancının 1/3 hissəsi miqdarında alimentin tutulması qət edilmişdir. İddiaçı hazırda kifayət qədər yüksək pensiya alır və buna görə də alimentin məbləği də ölkə üzrə nəzərdə tutulmuş minumum yaşayış həddindən çox təşkil edir. Buna baxmayaraq cavabdeh övladları da götürərək ölkəni onun xəbəri olmadan tərk etmiş və İddiaçı uşaqlarla ünsiyyətdə olmaq hüquqlarını kobudcasına tapdamışdır. Bununla yanaşı cavabdeh övladlarına Rusiyada doğulmalarına dair saxta yolla doğum şəhadətnaməsi almış və uşaqların Azərbaycanla bağlarının olmamasına da nail olmuşdur. Hətta böyük oğlunun bildirdiyinə görə cavabdeh onu internat məktəbinə yerləşdirmişdir. Qızı isə kənddə nənəsinin himayəsində qalmışdır. Yəni bir sözlə cavabdeh övladlarnın qayğısına qalmır və faktiki olaraq ödənilən alimenti təyinatından kənarda istifadə edilir. Ailə məcəlləsinin 112.1. maddəsinin tələblərinə əsasən, aliment ödənilməsi barədə saziş olmaqıda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olunmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxs tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Hazırda İddiaçı xərçəng xəstəliyinin çətin forması aşkar edilmişdir və o ciddi şəkildə xaricdə müalicə almalıdır. Hətta bir müddət öncə əməliyyat da keçirib, lakin məlum covid-19 pandemiyası ilə əlaqədar ölkə sərhədləri bağlı olduğundan müalicəsi yarımçıq qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Səbail rayon Məhkəməsinin 2(009)-461/2019 saylı 22.07.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuş, yetkinlik yaşına çatmayan oğlu 04.05.2005-ci il tarixli təvəllüdlü X2 və qızı 12.02.2009-cu il təvəllüdlü X1 anasının himayəsində saxlanılmış və hər ay qazancının 1/3 hissəsi miqdarında alimentin tutulması qət edilmişdir. İş materiallarında olan Gürcüstan Əmək, Səhiyyə və Sosial Medafiə Nazirliyi “X4 Mərkəzi” MMC-nin verdiyi İV-100/A 812793, 19125 saylı arayışlardan görünür ki, İddiaçı “Qırtlaq xərçəngi”-dir və şüa və polikimiyaterapiya keçmişdir. İş materiallarında olan Azərbaycan Səhiyyə Nazirliyi “ Milli Onkologiya Mərkəzi”-nin 16.04.2021-ci il tarixli ambulator kartdan çıxrışdan görünür ki, İddiaçı xəstəyinin diaqnozu- C32.8- Qırtlağın yuxarıda göstərilən bir və ya bir neçə lokaıizasiyasından kənara çıxmaqla zədələnməsi Ct3N0M0 mərhələ İİİ GX-dır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Medafiə X3 Müdafiə Filialının “pensiyanın tutulması haqqında” məktubundan görünür ki, Səbail rayon Məhkəməsinin 22 iyul 2019-cu il tarixli, 2(009)-461/2019 nömrəli icra sənədinə əsasən, 01.03.2020- 31.05.2021-ci il tarixləri arasındakı dövr ərzində İddiaçı-in əmək pensiyasının hər ay 1/3 hissəsi, yəni 1095.97 manat (cəmi: 16439,55 manat) məbləğində aliment tutularaq Cavabdeh hesabına köçürülmüşdür. Bundan başqa həmin icra sənədinə əsasən İddiaçı 29.11.2018- 28.02.2020-ci il tarixləri arasındakı dövr üzrə yaranmış 14806.40 manat aliment borcuna görə onun əmək pensiyasından hər ay 528,80 manat (cəmi: 7932,00 manat) tutularaq Cavabdeh hesabına ödənilmişdir. Ümumilikdə Səbail rayon Məhkəməsinin 22 iyul 2019-cu il tarixli, 2(009)-461/2019 nömrəli icra sənədinə əsasən adıçəkilən şəxsin əmək pensiyasından 31.05.2021-ci il tarixədək 24371,55 manat məbləğində pul vəsaiti Cavabdeh xeyrinə tutulmuşdur. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Ailə qanunvericiliyinə görə, tərəflərin ailə vəziyyətlərinin dəyişməsi dedikdə- aliment ödəyən valideynin himayəsində olan şəxslərin sayının artması və bunun onun maddi vəziyyətinə mənfi təsir etməsi başa düşülür. Belə olan halda ər və ya arvad ailə vəziyyətlərində baş vermiş dəyişikliyə əsaslanaraq alimentin miqdarının azaldılması barədə məhkəmədə iddia qaldıra bilər. Tərəflərin maddi vəziyyətlərinin dəyişməsi dedikdə- onların maddi vəziyyətlərinin yaxşılaşması və ya pisləşməsi başa düşülür. Bu hal aliment ödəyən, yaxud aliment alan şəxsin gəlirinin artması və ya azalması ilə əlaqədar baş verir. Aliment ödəyən şəxsin gəlirləri azaldıqda o, alimentin miqdarının azaldılmasını, əksinə, onun gəlirləri çoxaldıqda isə, aliment alan şəxsin alimentin miqdarının artırılmasını tələb etmək hüququ əmələ gəlir. Həmçinin məhkəmə, tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla alimentin miqdarını dəyişə və yaxud aliment ödəyən şəxsi aliment öhdəliyindən azad edə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarının 8.1, 8.2 və 8.3-cü bəndlərində göstərilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Eyni zamanda həmin Qərarın 8.13-cü bəndində göstərilir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə alimentin tutulmasına dair qətnamənin çıxarılmasından iddia ərizəsinin verilməsinədək on bir ay müddət keçməsini, hazırkı dövrədək müddət ərzində tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olması müəyyən edilmədiyindən, müqayisə edildikdə iddiaçı daha az aliment ödənilməsini istədiyini, hal-hazırda yetkinlik yaşına çatmayan uşaqların anasının himayəsində olmasını, eləcə də uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal səviyyədə saxlanılması zəruriliyini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-1900/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1900/2021
02.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver