Məhkəmə qərarları › İş №2(009)-1916/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1916/2024

15.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1916/2024 15.10.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı, Cavabdeh, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 iştirakı ilə, İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11) qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11) qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 30000 manat məbləğində pulun mənəvi zərərə görə tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: onun anası X3 rayonu, Mənzil Kommunal Təsərrüfat Birliyinin 45 saylı Mənzil Kommunal İstismar Sahəsində süpürgəçi işləmişdir. X5 xx.xx.2022-ci il tarixdə, saat 07:20 radələrində yol kənarında işlədiyi zaman Səbail rayonu, Bayıl qəsəbəsi, Yeni Salyan yolunda hərəkətdə olan Cavabdeh Araz oğlu idarə etdiyi “Mercedes Benz 180” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil onu vuraraq səkinin üzərinə atmışdır. Həmin ərazidə birgə işləyən digər süpürgəçi X8 həyat yoldaşı X11, əraziyə nəzarət edən Səbail MKTB-nin 45 saylı MKİS-nin sahə rəisi, ətrafdakı insanlar dərhal hadisə yerinə yaxınlaşmış və təcili tibbi yardıma məlumat vermişlər. Hadisə yerinə gələn təcili tibbi yardım avtomobili ilə X15 “X25” PHŞ-yə aparılmış və əməliyyat olunmuşdur. Xəstəxanada müalicəsi davam etmişdir. xx.xx.2022-ci il tarixdə, saat 13:30 radələrində X15 vəfat etmişdir. Ölüm haqqında xx.xx.2022-ci il tarixli, AZ- ll242892 saylı şəhadətnamədə qeyd olunmuşdur ki, X15 xx.xx.2022-ci il tarixdə piy emboliyası (travmatik) səbəbindən vəfat etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(003)-40/2023 nömrəli, 06 yanvar 2023-cü il tarixli hökmü ilə, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. İddiaçının hadisə nəticəsində anasını qəfildən, faciəli surətdə itirməsi və bununla da mənəvi zərərə məruz qalması danılmazdır. Belə ki, iddiaçı övlad toyu görmədən həmin hadisə nəticəsidə faciəvi surətdə vəfat etmiş, ailələrinə qazanc gətirən anasının mənəvi dəstəyindən, həmçinin təminatından məhrum olmuş, uzun müddət ruhi sarsıntı keçirmişdir. Etirazın dəlilləri: o, xx.xx.2022-ci ildə avtoqəza törətmiş və X4 qıçından maşın ilə vurmuşdur. Polis və təcili tibbi yardım çağırmış, xəstəni “Semaşko” xəstəxanasına aparmışlar. Xəstəxanada hər gün onların yanında olmuş, müalicənin xərclərini ödəmişdir. xx.xx.2022-ci ildə xəstə vəfat etmişdir. O, Oğuz rayonuna yas mərasiminə getmişdir. Orada mərhumun yaxınları və hüquqi varisi həyat yoldaşı Ağayev Cahangir ilə görüşmüşdür. Onlarla razılaşmışlar ki, o, yas mərasiminin, baş daşının, mərhumun 40 mərasiminin xərclərinə köməklik edəcək. Özləri ona demişlər ki, onlar şikayətçi deyil. O, 1000 manat verib getmişdir ki, maşını satıb pul hazırlasın. 1 həftə sonra onları müstəntiq qəbula çağırmışdır. Ondan üz çevirib şikayətçi olacaqlarını bildirmişlər. O, dəfələrlə Cahangirlə əlaqə saxlamışdır ki, barışsınlar. 2 dəfə evlərinə getmiş, onu qəbul etmişlər, amma razılaşmamışlar. Mərhumun 40 mərasiminə də əlində pul ilə getmişdir ki, onun gücü buna çatır. Ailəsində işləyən tək odur, kirayədə qalır, bir azyaşlı qızı var. 650-700 manat maaş alır. İmkanı yoxdur. Ona demişlər ki, məhkəmədə görüşərik. Sonra Cahangirlə yenə əlaqə saxlamış, demişdir ki, gəl imkanı çatan qədər kömək etsin barışsınlar və aralarında düşmənçilik olmasın. Onlar razılaşmışlar. 5000 manat pul müqabilində onlar razılaşmışlar. 22 sentyabr 2022-ci ildə mərhumun hüquqi varisi həyat yoldaşı Ağayev Cahangir ilə notariusa gedərək ərizə yazıb öz imzası ilə təsdiqləmişdir ki, Cavabdeh ona dəymiş ziyanı tam ödəyib, şikayətçi deyil və gələcəkdə heç bir tələbi və iddiası olmayacaq. 6 yanvar 2023-cü ildə Səbail Rayon Məhkəməsində hakim Günel Səmədovanın sədrliyi ilə sonuncu məhkəmə iclası keçirilmiş və məhkəmənin hökmü ilə onu 3 il azadlıqdan məhrum etmişlər. Hal-hazırda məntəqə tipli cəzaçəkmə müəssisəsində cəzasını çəkir. Mərhumun oğlu İddiaçı 1 sentyabr 2024-cü ildə ona qarşı iddia qaldırmış və təzminat tələb edir. O, bu iddiaya etiraz edir və sübut kimi məhkəməyə Ağayev Cahangirin öz imzası ilə təsdiq etdiyi və notariusda öz iştirakı ilə təsdiqlənən sənədi təqdim edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verdi və tələbin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 izahat verərək bildirmişdir ki, cavabdeh tərəfindən dəymiş zərərin əvəzi olaraq ona 4000 manat ödənilmişdir. Həmçinin sığorta ödənişi də almışlar. Ədalətli qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşə əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Vartaşen rayonu Xaçmaz kənd XD Soveti tərəfindən verilmiş Vİİ-ЖГ 388375 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.1981-ci ildə Vartaşen rayonunda anadan olmuşdur. Ata qrafasında X16, ana qrafasında X7 qeyd edilmişdir. - Oğuz rayon İcra Hakimiyyəti Qumlaq kənd Nümayəndəliyi tərəfindən verilmiş AZ-İ 198604 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X11 ilə X9 arasında xx.xx.2005-ci il tarixdə nikah bağlanmış, nikah 26 №-li akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada “Ağayeva” soyadı verilmişdir. - Oğuz rayonu İcra Hakimiyyəti Qumlaq kənd Nümayəndəliyi tərəfindən verilmiş AZ-İ 765364 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.2006-cı ildə Oğuz rayonunda anadan olmuşdur. Ata qrafasında X11, ana qrafasında X15 qeyd edilmişdir. - Oğuz rayonu İcra Hakimiyyəti Qumlaq kənd Nümayəndəliyi tərəfindən verilmiş AZ-İİ 017588 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X18 xx.xx.2008-ci ildə Oğuz rayonunda anadan olmuşdur. Ata qrafasında X11, ana qrafasında X15 qeyd edilmişdir. - Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ 242892 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X15 xx.xx.2022-ci ildə piy emboliyası (travmatik) nəticəsində ölmüşdür. - X6 xx.xx.2022-ci il tarixli notarial təsdiqli ərizəsindən görünür ki, xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir. Gələcəkdə ona qarşı heç bir iddiası və tələbi olmayacaq. - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(009)-40/2023 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməsi və ona 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin Cavabdeh məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanması hökm edilmişdir. - Hökmün qanuni qüvvəyə mindiyinə dair arayışdan görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(009)-40/2023 saylı hökmü xx.xx.2023-cü il tarixdə qanuni qüvvəyə minmişdir. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, qanuni qüvvəsini almış Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(009)-40/2023 saylı hökmünə əsasən, Cavabdeh xx.xx.2022-ci il tarixdə saat 07:15 radələrində idarə etdiyi “Mercedes Benz 180 C class” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini maksimum sürətin 60 km/saata qədər məhdudlaşdırıldığı Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan 2-ci döngə asfalt yolunda “Su İdman sarayı” istiqamətində 40-50 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq həmin maddənin tələblərinə əsasən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda, buna əməl etməyib, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda hərəkətini davam etdirərək həmin vaxt Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan şossesinin sol yan kənarında yolun hərəkət hissəsində təmizlik işi ilə məşğul olan piyada xx.xx.1981-ci il təvəllüdlü X12 avtomobilin ön sol hissəsi ilə vurub yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə ona baş beyinin sağ payının yüngül dərəcəli əzilməsi ilə müşayiət olunan qapalı kəllə-beyin travmasının, alın, hər iki almacıq, burun sümüklərinin, eləcə də sol qamış sümüyünün yuxarı 1/3-nin qəlpəli yerini dəyişən qapalı sınığının, hər iki göz orbitası ətrafının və sol budun orta və aşağı 1/3-nin ön və arxa səthlərini əhatə edən hematomaların, sağ qaş və qaş üstü nahiyənin əzilmiş yaralarının, sol baldırın orta 1/3-nin ön səthinin qançırının yaranmasına səbəb olan, yetirilərkən insan həyatı üçün təhlükəli olduğundan ehtiyatsızlıqdan zərərçəkmiş şəxs piyada X1 ağır zərər vurmuş, Pərvanə Ağayeva hadisə zamanı aldığı sol qamış sümüyünün yuxarı 1/3-nin qəlpəli yerdəyişən sınığı nəticəsində inkişaf etmiş ağciyər arteriyasının trombemboliyası xəsarəti nəticəsində 23 iyul 2022-ci il tarixdə ölmüş, bu hərəkətləri ilə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla da Cavabdeh Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. İdda tələbinə əsasən Cavabdeh qanunsuz və hüquqazidd əməlləri nəticəsində yetirilmiş zərər iddiaçının anasının ölməsi ilə vurulmuş - mənəvi sarsıntı, ömürlük əzab və iztirab yaşadan mənəvi zərərdə ifadə olunmuşdur. Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunu xx.xx.2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Zərər yetirmə şəxsin və ya təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında qanunvericiliyin, “İnsan Hüquqlarının və X10 Haqqında Konvensiyanın” müddəalarından və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından verilən anlayışa görə, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərər çəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu həmin qərarla məhkəmələrə tövsiyə etmişdir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkənin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmin qərarda həmçinin qeyd edilir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkənin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli qərarında göstərilmişdir ki, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur... Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ərarvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. Ana və atanın uşaqlarının, nənə və babanın nəvələrinin ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində zərərçəkmişin tək uşaq (nəvə) olması, valideynlərin yenidən uşaq dünyaya gətirəcək yaşda olub- olmamaları kimi amillər də diqqətə alınmalıdır. Uşaqların ana və atalarının ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində onların ata və analarına möhtac yaşda olmaları, fiziki və ya əqli məhdudiyyətli olmaları əsas götürülməlidir. Hüquqazidd hərəkətdən zərərçəkmiş qardaş və ya bacıların mənəvi təzminat tələbinə baxılarkən onlar arasında doğmalıq və sevgi hislərinin, mütəmadi və sıx ünsiyyətlərinin olub-olmaması kimi məqamlar nəzərdən keçirilməlidir...Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsi şəxsin hüquqazidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınları, o cümlədən ailə üzvləri keçirdikləri mənəvi sarsıntı və iztirabın dərəcəsinə, zərərçəkmiş şəxsə yaxınlıq dərəcəsinə və s. amillərə müvafiq olaraq birgə və ya ayrı-ayrılıqda təzminat almaq hüququna malikdirlər...Məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqazidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır. Qərarda daha sonra göstərilir ki, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Mənəvi təzminatı tələb etmək hüququ olan şəxslərin dairəsinə gəlincə isə qeyd edilməlidir ki, bu hüquqa ölən və ya sağlamlığına zərər vurulan şəxsin yaxınları malik ola bilər. Şəxsin “yaxını” dedikdə onun məhz ailə hüququ çərçivəsində qohumu deyil, ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxslə xüsusi bağlılığı ilə səciyyələnən, səmimi münasibətinin və mənəvi yaxınlığının olduğu, həyatında mühüm yer tutan, uzun müddət birgə yaşadığı və birgə təsərüfat apardığı, ölümündən və ya sağlamlığına vurulan zərər nəticəsində həyat şəraiti dəyişmiş, həqiqətən mənəvi sarsıntı, əzab və iztirab keçirmiş insan nəzərdə tutulur. Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir. Vurulmuş mənəvi zərərə görə təzminatın məbləğinin hesablanması zamanı məhkəmələr cavabdehin maddi durumunu nəzərə almalıdır. Həmçinin məhkəmələr tərəfindən nəzərə alınmalıdır ki, şəxsin ölümü və ya sağlamlığına vurulmuş zərər təkcə qohumlarının deyil, həm də onun dostlarının, tanışlarının da mənəvi sarsıntı, məyusluq hisləri keçirməsinə səbəb ola bilər. Lakin məhkəmələr hüquq pozuntusu nəticəsində yaranan mənəvi zərərə görə şəxsin məsuliyyətini müəyyən edərkən güclü emosional hislərlə ağır mənəvi sarsıntı və iztirab hislərini fərqləndirməlidirlər. “İnsan Hüquqlarının və X14 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X14 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Məhkəmə qeyd edir ki, Avropa Məhkəməsi mənəvi zərəri “nigarançılıq, ruhi sarsıntı və iztirab”, “həyəcan, acizlik və sarsıntı”, “məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyrimüəyyənlik” kimi səciyyələndirmişdir (Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə 2006-cı il 9 noyabr tarixli, Pelipenko Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli, Şiborş və Kuzmina Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli Qərarlar). Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə qeyd edir ki, qanunsuz hərəkətin mövcudluğu artıq mənəvi ziyanın, sarsıntının mövcud olmasının təsdiqidir və yuxarıda qeyd olunduğu kimi mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilir ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə hesab edir ki, iddiaçının anasının hadisə nəticəsində vəfat etməsinin onun üçün mənəvi məhrumiyyətlərlə nəticələnməsi labüddür. Məhkəmə həmçinin hesab edir ki, hazırkı iş üzrə mənəvi zərərin ödənilməsi tələbi Cavabdeh tərəfindən də qanunvericiliyin tələblərini pozmaqla idarə etdiyi “Mercedes Benz 180 C class” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobillə iddiaçının anası X2 ağır zərər vuran xəsarətlərini yetirərək ölümünə səbəb olması faktları özü-özlüyündə iddiaçının psixoloji iztirab və sarsıntı keçirməsi, buna müvafiq ona mənəvi zərər dəyməsi qənaətinə gəlmək üçün kifayət edir və bu faktların əlavə sübuta ehtiyacı yoxdur. Məhkəmə daha sonra qeyd etməyi zəruri sayır ki, iddiaçının göstərilən hallarla bağlı mənəvi sarsıntı və iztirab keçirməsi, bunun nəticəsində isə fiziki əzab çəkməsi birmənalı olsa da, ona vurulmuş mənəvi zərəri aradan qaldıracağı inandırıcı və ağlabatan deyildir. Buna baxmayaraq məhkəmə hazırki iş üzrə iddiaçıya anasının ölməsi ilə vurulmuş mənəvi zərərin – keçirdiyi sarsıntı, ömürlük əzab və iztirab yaşadan mənəvi zərərin əvəzinin ümumilikdə 2500 manat məbləğində qiymətləndirilməsini ağlabatan və ədalətli kompensasiya olması qənaətinə gəlir. Məhkəmə, göstərilənlərə əsasən iddiaçının anasının ölməsi nəticəsində vurulmuş mənəvi zərərin əvəzi olaraq 2500 (iki min beş yüz) manat pulun cavabdehdən onun xeyrinə tutulmasını əsaslı və ədalətli hesab edir. Məhkəmə bu qənaətə gələrkən işin halları ilə yanaşı, həmçinin (cavabdehin izahatına görə 5000 manat, hüquqi varisin izahatına görə 4000 manat pulun) dəymiş maddi zərərin əvəzinin ödənilməsini, iddiaçının atasının, yəni cinayət işi üzrə zərərçəkmişin hüquqi varisinin notarial qaydada təqdim edilmiş “zərərin ödənilməsi və gələcəkdə heç bir şikayətinin və tələbinin olmayacağına dair” ərizəsini, başqa sözlə dəymiş maddi zərərin razılaşdırılmış (təqribi) məbləğini nəzərə alır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə isə: 8.1.1. iddia qiyməti 1.000 manatadək olduqda - 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda - 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda - 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda - 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) miqdarında dövlət rüsumu ödənilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh anasının ölməsi nəticəsində vurulmuş mənəvi zərərin əvəzi olaraq 2500 (iki min beş yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə rədd edilməli, 45 (qırx beş) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülməlidir. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh mənəvi zərərin əvəzi olaraq 2500 (iki min beş yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. 45 (qırx beş) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülsün. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar