Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1925/2024 02.12.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Elxan Elşən oğlu Eminovun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ("xxxx" MMC müstəqil tələb irəli süməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdeh "xxxx" ASC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “pul” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixdə ona satılmış şinlərin keyfiyyətsiz olması səbəbindən sıradan çıxması nəticəsində ona dəymiş 1712.56 manatın sığorta ödənişi qismində və dövlət rüsumu olaraq ödənilmiş pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: xx.xx.2022-ci il tarixində "xxxx" MMC-nin Səbail rayon ərazisində yerləşən (Şıx Massivi, 1-ci Badamdar qəsəbəsində yerləşən) “X7 Mərkəzi” mağazasından Audi A5 2015-ci il markalı, ** BP *** dövlət qeydiyyat nişanlı avtomobili üçün 4 ədəd (arxa-qabaq hisssələr üçün) Pirelli P-zero Luxary-S markalı, 255/35R19 DOT 4019, 255/35 R19DOT2020, 255/35 R19DOT2020, 255/35 R19DOT2021 nömrəli 4 ədəd şin almış və bunun müqabilində elə həmin tarixdə nağd formada 1712.56 manat pul vəsaiti ödəmişdir. Şinlərin hər biri 428.14 manat olmaqla ümumilikdə 4 ədədi 1712.56 manat pul vəsaitini əhatə etmişdir. Təkərlər onlar tərəfindən avtomobilinə quraşdırılmışdır. Həmin vaxtdan təxminən bir neçə gün sonra, xx.xx.2022-ci il tarixində X5 (keçmiş Nasosnu qəsəbəsi) qəsəbəsindən şəhərə gələn ərazidə şirkətdən aldığı şinlərdən biri keyfiyyətsiz və təmiz fabrik istehsalı olmaması səbəbilə avtomobilinin idarəetməsindən çıxıb, kənara yuvarlanmışdır və ailəcə gəldikləri avtomobil son anda qəza şəraitindən qurtarmışdır. Belə ki, həmin şinin (təkərin) rezin hissəsi birbaşa dairəvi bitişik hissəsi olan metal hissədən ayrılaraq qəza vəziyyətinə şərait yaratmışdır. Bununla bağlı dərhal şirkətə məlumat verməyinə baxmayaraq, şirkət laqeyd formada yalınız qəzaya uğrayan şini yenisi ilə əvəzləyəcəyini, baş verən hadisəni unutmağını təklif etmişdir. Daha sonra aidiyyəti üzrə Səbail Rayon Prokurorluğuna ünvanladığı şikayət ərizəsi Səbail RPİ 41 PB-nə göndərilmiş, daha sonra xx.xx.2023-cü il tarixli məktubla məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. Bununla bağlı məhkəmə mübahisələri də olmuş, lakin iddiaları rədd edilmişdir. Nəzərə çatdırmaq istəyir ki, müvafiq şinlər xx.xx.2022-ci il tarixdə "xxxx" Sığorta Şirkəti tərəfindən sığortalanmış, hadisə isə xx.xx.2022-ci il tarixdə baş vermişdir. Ona görə də hesab edir ki, müvafiq şinlərin keyfiyyətsiz olması və sıradan çıxması nəticəsində ona dəymiş 1712.56 manat məbləğdə pul vəsaitinin sığorta ödənişi qismində tərəflərindən ona ödənilməsi mütləq və zəruridir. Nəzərə çatdırmaq istəyir ki, müvafiq sığorta ödənişinin ona ödənilməsinə dair aidiyyəti üzrə "xxxx" ASC-yə müraciət etsə də, müraciəti imtina ilə cavablandırılmışdır. Hesab edir ki, cavabdehin imtinası əsassızdır və müvafiq sığorta ödənişi cavabdehdən alınaraq ona verilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X3 iddia tələbini müdafiə edərək bildirdi ki, hadisə zamanı avtomobilin 1 ədəd təkəri yararsız vəziyyətə düşmüşdür. Lakin, təkərlər komplekt şəkildə satıldığından cavabdeh tərəfindən sığortalandığından 4 ədəd təkərin cəmi qiyməti iddiaçıya ödənilməlidir. İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddia tələbinə etiraz edərək bildirdi ki, şirkət avtomobilin 1 ədəd təkərinin pulunu ödəməyə etiraz etməmişdir. Lakin, iddiaçı 4 ədəd təkərin dəyərini tələb edir. Halbuki, digər təkərlər hazırda yararlı vəziyyətdədir. İddiaçıya yalnız hadisə zamanı avtomobilin metal hissəsindən ayrılaraq yararsız hala düşmüş 1 ədəd şinin dəyəri həcmində sığorta ödənişi verilə bilər, belə ki, sığorta şəhadətnaməsindən də görünür ki, hər bir təkər müstəqil şəkildə sığortalanmışdır. İddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş müstəqil tələb irəli süməyən üçüncü şəxs qismində cəlb edilmiş "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatını dinləyib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş sığorta şəhadətnaməsindən görünür ki, iddiaçı tərəfindən “X7 Mərkəzi” mağazasından 4 ədəd şin almış və həmin şinlər cavabdeh "xxxx" ASC tərəfindən sığortalanmışdır. - Cədvəldən görünür ki, 1 ədəd şinin sığorta məbləği 394.64 manat müəyyən edilmişdir. - "xxxx" ASC-nin İddiaçı ünvanladığı 13 iyun 2024-cü il tarixli, 662/24 nömrəli sığorta ödənişinin verilməsindən imtina olunmasına dair bildirişdən görünür ki, xx.xx.2022-ci il tarixli sığorta şəhadətnaməsinin “sığortaçının məsuliyyətinin həddi” hissəsinin tələblərinə əsasən zərərçəkən şəxsə yalnız sığorta hadisəsi zamanı yararsız hala düşmüş şinin dəyəri həcmində sığorta ödənişi verilir. Bu səbəbdən təsdiqedici sənədlər təqim etdiyiniz təqdirdə hərəkətdə olan nəqliyyat vasitəsinin metal hissəsindən ayrılaraq yararsız hala düşmüş şin üçün ödədiyi məbləğ həcmində sığorta ödənişi cəmiyyət tərəfindən ödənilə bilər. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı “X7 Mərkəzi” mağazasından 4 ədəd şin almış və həmin şinlər cavabdeh tərəfindən sığortalanmışdır. İddiaçı avtomobili ilə hərəkətdə olarkən şinlərdən 1 ədədinin rezin hissəsi birbaşa dairəvi bitişik hissəsi olan metal hissədən ayrılaraq yararsız hala düşmüşdür. İddiaçı 4 təkər üçün sığorta ödənişinin ödənilməsi barədə cavabdehə müraciət etsə də, cavabdeh zərərçəkən şəxsə yalnız sığorta hadisəsi zamanı yararsız hala düşmüş şinin dəyəri həcmində sığorta ödənişi verilə biləcəyini bildirmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı hazırda dörd təkər üçün sığorta ödənişinin ödənilməsini tələb etsə də, tələbini əsaslandırdığı halları sübut edə bilməmişdir. Belə ki, məhkəmə qeyd edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 sentyabr 2023cü il tarixli, 2(006)-1932/2023 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər "xxxx" MMC-yə (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Səbail Rayon Prokurorluğu və “Yaşat Fondu” maraqlı şəxs qismində cəlb edilməklə) qarşı “maddi və mənəvi zərər” tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 14 may 2024-cü il tarixli, 2(103)-558/2024 saylı qətnaməsindən görünür ki, apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1932/2023 saylı 26 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə onunla əsaslandırılmışdır ki, satıcının satılan malın qüsurlarının mövcud olmadığını sübutetmə vəzifəsi yalnız o zaman yaranır ki, satıcı həmin mala görə keyfiyyət qarantiyası vermiş olsun. Hazırkı halda isə satıcının (cavabdehin) iddiaçıya satdığı mala görə keyfiyyət qarantiyası verməsi işə baxan məhkəmə tərəfindən müəyyən edilməmişdir. Deməli, hazırda əşyanın qüsurlu və ya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gəlməyən vəziyyətdə satılması barədə sübutetmə vəzifəsi məhz iddiaçının üzərinə düşür. Halbuki iş materiallarından göründüyü kimi iddiaçı alıcı kimi, iş üçün əhəmiyyətli olan sübutları məhkəməyə təqdim etməmiş, mövqeyini tutarlı dəlillərlə əsaslandıra bilməmişdir. Bununla da, o, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Əksinə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, şin istismar zamanı iti maneə ilə toqquşmuş və bunun nəticəsində gözlə aydın görünən dəlik əmələ gəlmişdir. Şində əmələ gəlmiş dəlik nəticəsində onun daxilindəki hava təzyiqlə çölə çıxmışdır. Sürücü nəqliyyat vasitəsinin hərəkətini həmin şinin boş olmasına baxmayaraq uzun müddət davam etdirmiş, şinin boş vəziyyətdə istismar olunması nəticəsinə avtomobilin diski şini dairəvi formada kəsərək iki hissəyə ayırmışdır. İddiaçı məhkəmənin istinad etdiyi xx.xx.2023-cü il tarixli “Texniki müayinə haqqında” aktın cavabdeh şirkət tərəfindən hazırlanmış olduğunu və bu aktın sübut qismində qəbul edilməli olmadığını bildirsə də, iddia tələblərinin əsaslı olmasını, yəni şinlərin satılan zaman qüsurlu olması, qüsurlu vəziyyətdə iddiaçıya təqdim olunmasını, nasazlığın sonradan edilmiş müdaxilələr nəticəsində yaranmamasını, qüsurların əşya iddiaçıya verildikdən sonra tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulmamasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə, digər iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə müəyyən edilmiş halları və hazırda iddiaçının iddiasını əsaslandırdığı halları, yəni cavabdehin dörd təkərə görə sığorta ödənişinin ödənilməli olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçı yalnız yararsız hala düşmüş təkərə görə sığorta ödənişi tələb edə bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 922.1-ci maddəsinə əsasən, sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. (922.2) - 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Göstərilən qanunvericilik aktı normalarına əsasən qanunvericilikdə, sığorta hadisəsi baş verdiyi halda dəymiş zərərin kompensasiya edilməsi üçün sığortaçı tərəfindən sığorta ödənişinin verilməsi müəyyən edilmişdir. Göstərilənlərə əsasən və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, 1 ədəd şinin dəyəri olan 394.64 (üç yüz doxsan dörd manat altmış dörd qəpik) manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. İş materialları ilə müəyyən edilir ki, məhkəmə xərci iş üzrə ödənilmiş 40 (qırx) manat dövlət rüsumundan ibarətdir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, maddi zərərin əvəzi olaraq 394.64 (üç yüz doxsan dörd manat altmış dörd qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 30 (otuz) manat hissəsi cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Maddi zərərin əvəzi olaraq 394.64 (üç yüz doxsan dörd manat altmış dörd qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 30 (otuz) manat hissəsi cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-1925/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1925/2024
02.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver