Məhkəmə qərarları › İş №2(009)-193/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-193/2022

17.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-193/2022 17.02.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi ilə İddiaçı və eyni zamanda digər İddiaçı2 nümayəndəsi İddiaçı1 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" ASC-yə qarşı sığorta ödənişinin ödənilməsi tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 cavabdeh "xxxx" ASC-yə qarşı sığorta ödənişinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişlər ki, onlara məxsus ünvan 1 ünvanda yerləşən 15 nomrəli mənzildə 15.12.2020-ci il tarixdə yanğın hadisəsi olmuş və mənzilə ziyan dəymişdir. Yanğının nəticəsində tikintiyə dəyər zərərin müəyyən edilməsi üçün Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri tərəfindən məhkəmə tikinti-texniki ekspertiza aparılmış və ekspert rəyində onlara məxsus yanğına məruz qalmış mənzilə dəyən ümumi zərər 3135 manat qeyd edilmişdir. Mənzil icbari sığorta olunmuş və sığortaçı şirkət "xxxx" ASC-dir. Lakin sığortaçı dəymiş zərəri real zərər olaraq qiymətləndirməmiş və sığortaçının tərtib etdiyi ekspert rəyində zərəri 445 manat kimi müəyyən etmişdir. Qeyd edilən məbləğ dəymiş zərərin aradan qaldırılması üçün lazımi məbləğdən dəfələrlə azdır. Odur ki, cavabdehin hərəkətlərini qanunsuz və əsassız hesab edirlər. Göstərilənləri nəzərə alaraq iddiaçılar cavabdeh "xxxx" ASC-dən əmlaklarına dəymiş zərərin əvəzi olan 3135 manat sığorta pulunun alınıb iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında izahatı alınmış iddiaçı və eyni zamanda digər İddiaçı2 nümayəndəsi İddiaçı1 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. "xxxx" ASC-nin nümayəndəsi iddiaya qarşı yazılı etirazı məhkəməyə təqdim edərək göstərmişdir ki, yanğın hadisəsi ilə əlaqədar qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert X1 25.01.2021-ci il tarixli ekspert rəyinə əsasən Gəncə şəhəri, Kəpəz rayonu, Hərbi Şəhərcik 93, ev 390, 15 saylı mənzildə baş vermiş yanğın nəticəsində dəymiş zərər 445 manat məbləğində müəyyən edilmişdir. Sığorta müqaviləsinin şərtinə müvafiq olaraq həmin məbləğdən 200 manat azadolma məbləği çıxılmaqla 245 məbləğinin alınması sığortalanan şəxs İddiaçı2 təklif olunmuşdur. İddiaçı2 həmin məbləğlə razı olmadığı təqdirdə müstəqil ekspertizanın keçirilməsinin tələb edə bilərdi, lakin o, “İcbari Sığortalar haqqında” AR Qanununun verdiyi hüquqlardan istifadə etməyərək məhkəməyə müraciət etmişdir. Cavabdehin nümayəndəsi iddia tələbinin rədd olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İş materiallarını araşdırıb, iddiaçı və eyni digər İddiaçı2 nümayəndəsinin izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, İddiaçı2 iddiası qismən təmin edilməli, İddiaçı1 isə iddiası təmin edilməməlidir İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 28.07.2012-ci il tarixli çıxarışın notarial qaydada təsdiq edilmiş surətinə əsasən Gəncə şəhəri, Kəpəz rayonu, Hərbi şəhərcik 83-də yerləşən 390 saylı evin 15 saylı mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı2 mülkiyyətindədir. İş üzrə 28.07.2012-ci il tarixdə tərtib edilmiş daşınmaz əmlakın texniki pasportun surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Hərbi şəhərcik 83 ünvanında yerləşən 390 saylı binanın 15 saylı mənzilin ümumi sahəsi 35,8 kv.m., yaşayış sahəsi 42,2 kv.m. təşkil edir, mənzil iki örtülü eyvan (4,4 kv.m. və 2 kv.m.), ayaq yolu (1,2 kv.m.), bir dəhliz (9,7 kv.m.), bir mətbəx (8,3 kv.m.), bir açıq eyvan (2,7 kv.m.) və üç yaşayış otağından (12,2 kv.m, 20,4 kv.m., 9,6 kv.m.) ibarətdir. İş üzrə RGU********** saylı, 19.12.2019-cu il tarixli daşınmaz əmlakın icbari sığorta sığorta şəhadətnaməsindən görünür ki, sığortalı İddiaçı2 ünvan 1, mənzil 15 ünvanda yerləşən mənzili "xxxx" ASC-də 18.12.2020-ci il tarixədək sığortalamışdır. Sığorta haqqı 20.000 manat məbləğində müəyyən edilmişdir. Müqavilə üzrə azadolma məbləği 200 manat müəyyən edilmişdir. İş üzrə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsinin 23.06.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Nəcəfova X3 şəhəri, Kəpəz rayonu, 38 nömrəli hərbi şəhərcik, ev 390 ünvanda yerləşən 15 nömrəli mənzilin sahibi kimi üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs olduğu halda “Azərbaycan Respublikasında Yanğın Təhlükəsizliyi Qaydaları”nın 6.2-ci bəndinin və “Fərdi qarajlar, mehmanxana, yataqxana, yaşayış evləri və inzibati binalar üçün yanğın təhlükəsizliyi Qaydaları”nın 1.10.2-ci bəndlərinin tələblərini pozaraq mənzildə yanğın təhlükəsizliyi qaydalarına riayət etməmişdir. Bu səbəbdən də 15.12.2020-ci il tarixdə, saat 08 radələrində mənzilin qonaq otağında gərginlik altında olan elektrik uzadıcısında qəza hallarının yaranmasından yanğın baş vermişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07.06.2021-ci il tarixli, 10/305 saylı məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə müəyyən olunur ki, ünvan 3 ünvanda yerləşən İddiaçı2 Bəhram qızına məxsus 15 nömrəli mənzildə baş vermiş yanğın nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün aparılması olan təmir-bərpa işlərinin dəyəri təqribən 3135 manatdır. Yanğın nəticəsində hər hansı şəxsin sağlamlığına zərər vurulmamış, maddi ziyan İddiaçı2 Bəhram qızının özünə dəymiş, hadisə ölümə və ya digər ağır nəticələrə səbəb olmamışdır. Göstərilənləri nəzərə alaraq 15.12.2020-ci il tarixdə, saat 08 radələrində ünvan 3 ünvanda yerləşən İddiaçı2 Bəhram qızına məxsus 15 nömrəli mənzildə baş vermiş yanğında cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan AR Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsi tərəfindən təyin edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 10/305 saylı, 07.05.2021-ci il tarixli surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən vətəndaş İddiaçı2 Bəhram qızına məxsus 15 nömrəli mənzildə baş vermiş yanğın nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün aparılmalı təmir-tikinti işlərinin ümumi dəyəri təqribən 3135,0 manat məbləğində müəyyən olunmuşdur. İş üzrə "xxxx" ASC-nin müraciəti əsasında müstəqil ekspert R.A.Əlişov tərəfindən tərtib edilmiş daşınmaz əmlaka dəymiş zərərə dair 25.01.2021-ci il tarixli ekspert rəyinin surətindən görünür ki, İddiaçı2 məxsus Gəncə şəhəri, Kəpəz rayonu ünvanında yerləşən mənzildə baş vermiş yanğın nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün aparılmalı təmir-tikinti işlərinin ümumi dəyəri 445 manat məbləğində müəyyən olunmuşdur. İş üzrə "xxxx" ASC tərəfindən verilmiş sığorta ödənişi ilə bağlı RGU-0006/21 saylı, 26.07.2021-ci il tarixli aktın surətindən görünür ki, İddiaçı2 məxsus Gəncə şəhəri, 38 saylı hərbi şəhərcikdə yerləşən 390 nömrəli binanın 15 saylı mənzilin yanğın və digər əlavə risklərdən sığortası növü üzrə 19.12.2019-cu il tarixdən 18.12.2020-ci il tarixədək 20.000 manat məbləğində "xxxx" ASC-də sığortalanmış,15.12.2020-ci il tarixdə baş vermiş yanğın nəticəsində İddiaçı2 məxsus mənzilinə 445 manat məbləğində ziyan dəymişdir. Hesablanmış 245 manat sığorta ödənişi İddiaçı2 köçürmə yolu ilə ödənilməlidir. Məhkəmə verilmiş iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı2 məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, Hərbi şəhərcik 83 ünvanında yerləşən 390 saylı evin 15 saylı mənzilini icbari qaydada "xxxx" ASC-də 19.12.2019-cu il tarixli RGU********** nömrəli şəhadətnamə ilə sığortalanmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, 15.12.2020-ci il tarixdə ünvan 1 ünvanında yerləşən İddiaçı2 məxsus 15 nömrəli mənzildə yanğın baş vermiş və mənzilə ziyan dəymişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsi tərəfindən hadisə ilə əlaqədar yoxlama aparılmış, təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə İddiaçı2 məxsus mənzildə baş vermiş yanğın nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün aparılmalı təmir-bərpa işlərinin dəyəri 3135 manat müəyyən edilmiş, baş vermiş yanğında cinayət hadisəsi olmadığından 23.06.2021-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. İddiaçılar tərəfindən irəli sürülmüş tələbdən görünür ki, "xxxx" ASC tərəfindən dəymiş zərəri real zərər olaraq qiymətləndirilməmişdir. Sığorta şirkəti tərəfindən tərtib etdiyi ekspert rəyində zərəri 445 manat məbləğində müəyyən edilmişdir. Həmin məbləğ dəymiş zərərin aradan qaldırılması üçün lazımi məbləğdən dəfələrlə azdır. Bu səbəbdən iddiaçılar dəymiş zərərin əvəzi olan 3135 manat pulun tutulmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə ilk növbədə qeyd edir ki, baş vermiş yanğın hadisəsi sığorta hadisəsi hesab olunması ilə bağlı tərəflər arasında hər hansı mübahisə yoxdur və yaranmış mübahisə göründüyü kimi vurulmuş ziyan məbləği ilə əlaqədar olmuşdur. Məhkəmə digər tərəfdən qeyd edir ki, yuxarıda qeyd olunduğu kimi sığorta şirkəti sığorta hadisəsi nəticəsində mənzilinə vurulmuş ziyan məbləğini 445 manat müəyyən edilmişdir. İddiaçılar isə mənzilə 3135 manat məbləğində dəymiş zərərin ödənilməsini tələb etmişlər. “İcbari sığortalar haqqında” AR Qanununun 24.1.6-cı maddəsinə əsasən sığortaçının sığorta ödənişindən imtina barədə qərarından, zərərin müəyyənləşdirilməsi ilə bağlı müstəqil ekspertin təyin edilməsi tələbinin sığortaçı tərəfindən yerinə yetirilməməsindən və ya sığorta ödənişinin məbləği ilə razılaşmadığı halda zərərçəkən şəxsin maliyyə bazarlarına nəzarət orqanına və məhkəməyə şikayət etmək hüququ var. Məhkəmə qeyd edir ki, cavabdeh təşkilat tərəfindən sığorta ödənişi kimi sığortalıya 245 məbləğində pul (franşiza çıxıldıqdan sonra) təklif etsə də, həmin məbləğ vurulmuş ziyanın tam aradan qaldırılması üçün yetərli olmamışdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsi tərəfindən təyin edilmiş 07.05.2021-ci il tarixli məhkəmə tikinti-texniki ekspertiza rəyinə əsasən baş verilmiş yanğın nəticəsində mənzilə 3135 manat məbləğində zərər dəymişdir. "xxxx" ASC-nin müraciəti əsasında müstəqil ekspert tərəfindən tərtib edilmiş ekspert rəyində həmin mənzilə dəymiş ziyanın məbləği 445 manat müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya sığorta ödənişi düzgün hesablanmamış və bu iddiaçıya ödənilməli olan sığorta ödənişi vurulmuş ziyan həddində olmalıdır. Məhkəmə hesab edir ki, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən tərtib edilmiş 07.05.2021-ci il tarixli məhkəmə tikinti-texniki ekspertiza rəyi daha mötəbər sübut kimi qəbul edərək əsas götürülməlidir. «Dövlət ekspertiza fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən məhkəmə eksperti (ekspert) - məhkəmə ekspertizasının aparılması həvalə olunmuş, məhkəmə ekspertizasının predmetinə aid olan xüsusi məsələlərə dair zəruri biliyə malik olan və işin nəticəsində marağı olmayan şəxsdir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Məhkəmə cavabdeh tərəfindən məhkəməyə onun sifarişi əsasında müstəqil ekspert tərəfindən verilmiş rəyi mötəbər sübut kimi qəbul edilməsini məqsədəmüvafiq hesab etmir. Belə ki, iş materiallarında olan sübutlarla təsdiq olunur ki, sığorta olunan mənzilin qonaq otağı içərisindəki əşyalarla birlikdə yanaraq məhv olmuş, qeyd edilən rəydə isə qoyulan qiymətin 445 manat həddində müəyyən edilməsi vurulan ziyanın real məbləğini əks etdirən məbləğ kimi məntiqli və ağlabatan hesab edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilən Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. “İcbari sığortalan haqqında” AR Qanununun 3.1.2-ci maddəsinə əsasən sığorta hadisələri nəticəsində sağlamlığına və (və ya) əmlakına zərər dəyən şəxslərin bu Qanunda müəyyən edilmiş həcmdə və qaydada müdafiəsinin təminatı icbari sığortaların əsas prinsiplərindən biridir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanunda nəzərdə tutulmuş icbari sığorta növləri fiziki və hüquqi şəxslərin əmlak mənafeləri ilə bağlı məruz qaldıqları zərərlərin əvəzinin ödənilməsini təmin etmək məqsədi ilə tətbiq edilir. Qeyd edilən Qanunun 15.1-ci maddəsinə əsasən icbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. Məhkəmə hesab edir ki, sığorta müqaviləsi üzrə azadolma məbləği 200 manat həddində müəyyən edildiyindən, həmin məbləğ ümumi ziyan məbləğindən çıxılmaqla yerdə qalan məbləğ həddində tələb təmin olunmalıdır. “İcbari sığortalar haqqında” AR Qanununun 39.3.2-ci maddəsinə əsasən Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən daşınmaz əmlak üzrə sığorta məbləği 20.000 manat, azadolma məbləği 200 manat təşkil edir. «İcbari sığortalar haqqında» AR Qanununun 3-cü maddəsinə əsasən sığorta hadisələrinə səbəb olan halların qarşısının alınmasının stimullaşdırılması, sığorta hadisələrinin nəticələrinin aradan qaldırıması icbari sığortaların əsas prinsipidir. Lakin məhkəmə qeyd edir ki, sığorta hadisəsi nəticəsində cavabdehdən vurulmuş ziyanın əvəzi kimi tutulmalı olan pul məbləği (2935 manat) sığorta təşkilatı ilə bağlanılan sığorta müqaviləsinin tərəfi olan sığortalı, əmlakın mülkiyyətçisi və sığorta müqaviləsi üzrə faydalanan şəxs kimi iddiaçılardan İddiaçı2 xeyrinə tutulmalıdır. Yəni məhkəmə qeyd edir ki, iddiaçılardan İddiaçı2 hazırki tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ var, iddiaçılardan İddiaçı1 isə belə tələblə çıxış etməyə subyektiv hüququ yoxdur. «İcbari sığortalar haqqında» AR Qanununun 6.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. Həmin Qanunun 6.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və (və ya) sığorta müqaviləsinin şərtlərinə uyğun olaraq, sığorta ödənişi verilməli olan şəxs faydalanan şəxs hesab edilir. Fərdi qəza sığortası üzrə sığorta olunan, onun öldüyü halda ailə üzvləri, onlar olmadığı halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsində nəzərdə tutulmuş digər vərəsələr, mülki məsuliyyətin sığortası üzrə isə üçüncü şəxs, onun öldüyü halda ailə üzvləri (üçüncü şəxs hüquqi şəxs olduqda, onun hüquq varisi) faydalanan şəxs hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 909.1-ci maddəsinə əsasən sığortalı sığorta müqaviləsi bağlayarkən istənilən şəxsi (şəxsləri) faydalanan şəxs kimi təyin etmək, habelə sığorta hadisəsi baş verənədək onu dəyişdirmək hüququna malikdir. Məhkəmə hesab edir ki, İddiaçı1 sığorta müqaviləsinin tərəfi, yəni sığortalı olmadığından, həmin müqavilə üzrə faydalanan şəxs kimi müqavilədə nəzərdə tutulmadığından, bununla da onun hazırki tələblə məhkəmədə iddia qaldırmağa subyektiv hüququ olmadığından, onun qaldırdığı iddia tələbi əsaslı hesab edilə bilməz. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqları məhkəmə vasitəsi ilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada hər kəs özünün subyektiv hüququnu həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə alınmalıdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərini məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsini mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüququna malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə məhkəmə qanunun yuxarıda göstərilən tələblərini, iş üzrə toplanmış sübutları nəzərə alaraq hesab edir ki, İddiaçı2 iddiası qismən təmin edilməli, İddiaçı1 isə belə tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ olmadığından iddiası təmin edilməməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddiaçı2 iddiası qismən təmin edilsin. "xxxx" ASC-dən İddiaçı2 xeyrinə sığorta hadisəsi ilə əlaqədar vurulmuş ziyanın əvəzi olaraq 2935 (iki min doqquz yüz otuz beş) manat sığorta ödənişi tutulsun. İddiaçı2 iddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı1 iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar