Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1942/2023 07.11.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əzizli Əziz Seyfulla oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh «Günay Sığorta Şirkəti” ASC-yə qarşı “pul” tələbinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh «Günay Sığorta Şirkəti” ASC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən 5.000 manat və ödədiyi dövlət rüsumunun əvəzi olaraq 72 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbini onunla əsaslandırmışdır ki, 18 mart 2021-ci il tarixdə Bərdə rayonunun Cəyirli kəndində o “Kamaz” markalı, ** BD *** dövlət qeydiyyat nişanlı nəqdiyyat vasitəsi ilə kənd ərazisində hərəkət edərkən, idarə etdiyi həmin nəqliyyat vasitəsi ilə Bərdə rayonu Cəyirli kənd sakini X2 aid fərdi yaşayış evinə toxunmuş və evin divarı zədələnmişdir. Baş vermiş hadisə ilə bağlı dövlət yol polis idarəsi tərəfindən araşdırma aparılmış və onun tərəfimdən yol hərəkəti qaydaları pozulduğuna görə, Azərbaycan Respublikası İnxzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək, 40 manat məbləğində cərimə olunmuşdur. Daha sonra X3 ona qarşı Kəlbəcər Rayon Məhkəməsində iddia qaldıraraq, ona vurulmuş ziyanın ondan tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sözügedən işə baxmış Kəlbəcər Rayon Məhkəməsi, iş üzrə qəbul etdiyi 2(040)-691/2021 saylı, 17 sentyabr 2021-ci il tarixli qətnamə ilə 5.104,15 manat məbləğində pulun ondan alınaraq iddiaçı X2 ödənilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermiş. Apelyasiya şikayəti əsasında işə baxmış Gəncə Apellyasiya Məhkəməsi, iş üzrə qəbul etdiyi 2(104)-1462/2022 saylı, 21 dekabr 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin qismən təmin edilməsini, birinci instansiya məhkəməsinin 17 sentyabr 2022-ci il tarixli qətnaməsinin dəytişdirilməsini, X1 tutulacaq məbləğin 4.993 manat müəyyən edilməsini qət etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin qəbul etdiyi 2(104)-1462/2022 saylı, 21 dekabr 2022-ci il tarixli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra, icraya yönəldilmişdir. Hazırda həmin qətnamə tam icra olunmuşdur. Belə ki, özünün maddi imkanının olmadığına görə, Bankdan kredit götürərək, 4.993 manat məbləğində pulu tələbkar X2 ödəmişdir. Hazırki iddianın irəli sürülməsinə səbəb isə tərəfindən vurulmuş zərərin cavabdeh "xxxx" tərəfindən qarşılanmamasıdır. Belə ki, yuxarıda qeyd olunan yol nəqliyyat hadisəsi zamanı idarə etdiyi “Kamaz” markalı, ** BD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair onunla "xxxx" ASC arasında icbari sığorta müqaviləsi bağlanmışdır. Tərəflər arasında bağlanmış icbari sığorta müqaviləsinə görə, sığortaçı qismində "xxxx" ASC arasında bağlanmış icbari sığorta haqqında müqavilənin qüvvədə olduğu zaman, daha dəqiq desək 18 mart 2021-ci il tarixdə sığorta hadisəsi baş vermişdir. Hadisə yerinə "xxxx" ASC-nin nümayəndəsi gəlmiş və akt tərtib etmişdir. Həmin vaxt ASC-nin nümayəndəsi zərərçəkmiş X2 maddi zərərin əvəzi olaraq 400 manat məbləğində pulun ödənilməsini təklif etmiş, lakin sonuncu bundan imtina etmişdir. Yuxarıda qeyd olunduğu kimi, baş vermiş sığorta hadisəsi zamanı tərəfindən X2 vurulmuş və artıq ödənilmiş maddi zərərin məbləği 5.000 manat təşkil edir. Hesab edir ki, həmin 5.000 manat cavabdeh "xxxx" ASC-dən tutularaq ona ödənilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə, MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli icbari sığorta müqaviləsindən görünür ki, "xxxx" ASC ilə İddiaçı arasında icbari sığorta müqaviləsi bağlanmışdır. “Kamaz” markalı, ** BD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" ASC sığortalanmışdır. İş materiallarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1462/2022 saylı, 21 dekabr 2022-ci il tarixli qətnaməsi ilə Kəlbəcər Rayon Məhkəməsinin 17 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilərək İddiaçı 4993.00 manat məbləğində pulun tutularaq X2 ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bərdə rayon İcra və probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1462/2022 saylı, 21 dekabr 2022-ci il tarixli icra sənədi üzrə tələb borclu tərəfindən tam şəkildə təmin olunduğu üçün icra sənədi üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Bu Məcəllənin 922.1-ci və 922.2-ci maddələrinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Həmin Məcəllənin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 18 mart 2021-ci il tarixdə Bərdə rayonunun Cəyirli kəndində “Kamaz” markalı, ** BD *** dövlət qeydiyyat nişanlı nəqdiyyat vasitəsi Bərdə rayonu Cəyirli kənd sakini X2 aid fərdi yaşayış evinə toxunmuş və evin divarı zədələnmişdir. “Kamaz” markalı, ** BD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sürücüsü baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinmiş, bu avtomobil isə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə "xxxx" ASC Sığorta Şirkətində sığortalanmışdır. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1462/2022 saylı, 21 dekabr 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı 4993.00 manat məbləğində pulun tutularaq X2 ödənilməsi qət edilmişdir. Bərdə rayon İcra və probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1462/2022 saylı, 21 dekabr 2022-ci il tarixli icra sənədi üzrə tələb borclu tərəfindən tam şəkildə təmin olunduğu üçün icra sənədi üzrə icraata xitam verilmişdir. “İcbari sığortalar haqqında” Qanunun 6.2-ci, 6.6-cı, 7-ci, 13.4-cü, 15.1-ci, 16.2-ci və 18.1-ci maddələrinə əsasən mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Fərdi qəza sığortası üzrə sağlamlığına zərər dəymiş sığorta olunan, mülki məsuliyyətin sığortası üzrə isə əmlakına və (və ya) sağlamlığına zərər dəymiş üçüncü şəxs zərərçəkən hesab edilir. Sığortalı və (və ya) sığorta olunanın ailə üzvləri istisna olmaqla, bu Qanuna görə mülki məsuliyyətin icbari sığortası üzrə sığorta müqaviləsinin tərəfi olmayan, sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən, eyni zamanda sığorta ödənişi almaq hüququna malik olan fiziki şəxslər – fiziki şəxs öldüyü halda, onun ailə üzvləri – və ya hüquqi şəxslər, yaxud onların hüquq varisləri üçüncü şəxs sayılırlar. Sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq sığorta müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara şamil olunur. İcbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. Sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır. Bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məhkəmə hesab edir ki, vurulmuş real ziyan məbləği qanuni qüvvəyə minmiş qətnamə ilə 4993 manat müəyyən edildiyindən, iddiaçı tərəfindən 3-cü şəxsə dəymiş ziyan tam şəkildə ödənildiyindən cavabdeh «Günay Sığorta Şirkəti” ASC-dən 4993 manat tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbinin qismən təmin edilməsini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 72 manat dövlət rüsumunun 69.93 manatı cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Nəticə hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh «Günay Sığorta Şirkəti” ASC-dən 4993 (dörd min doqquz yüz doxsan üç) manat və 69.93 (altmış doqquz manat, doxsan üç qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-1942/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1942/2023
07.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver