Məhkəmə qərarları › İş №2(009)-1951/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1951/2025

24.10.2025 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1951/2025 24.10.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi Ü.H.Soltanovun, nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı barışıq sazişinin qismən ləğv edilməsi və əmlak bölgüsü tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı barışıq sazişinin qismən ləğv edilməsi və əmlak bölgüsü tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, Cavabdeh ilə xx.xx.2009-cu il tarixdə nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2010-cu il təvəllüdlü Soltanlı Fatimə, xx.xx.2013-cü il təvəllüdlü Soltanlı Suada və xx.xx.2016-cı il təvəllüdlü Soltanlı Üzeyir adlı uşaqları anadan olmuşdur. Birgə nikaha daxil olduğu müddətdə əvvəlcə atasına məxsus mənzildə ayrıca yaşamışlar. Sonradan atasının mənzilini ipotekaya qoymaqla Bankdan götürdüyü kredit hesabına və bir hissəsi nəğdi ödənilməklə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsi, 53, M11 ünvanda 2 otaqlı mənzil aldıqdan sonra təmir edib orada yaşamışlar. Bir müddətdən sonra ailədə uşaqların sayı artdığından 2 otaqlı mənzil azlıq etdiyindən hazırda faktiki olaraq yaşadıqları Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsi, 53, M11, mənzil 1-in sahibi ilə razılıq əldə edərək 2 otaqlı mənzili və əlavə pul verməklə 4 otaqlı bu mənzili əldə etmişlər. Lakin 2 otaqlı mənzili alarkən götürdüyü kredit öhdəliyin müddətinin sonuna hazırda 5 ilə yaxın qaldığından atasına mülkiyyət hüququ ilə məxsus olmuş Yasamal rayonu, H.Zərdabi küçəsi, ev 61, mənzil 30 ipotekada qalmaqla hazırda da aylıq kredit ödəmələrini aparır. Həyat yoldaşı ilə mehriban yaşamışlar. Rəsmi olaraq onun təşəbbüsü ilə ayrılsalar da, hazırda da bir mənzildə yaşayırlar və uşaqları ilə əvvəlkindən fərqli olmayan münasibətdədir. Onları həmişəki kimi səhərlər məktəbə aparır, gündəlik qayğılarına qalır, hətta yeni 2025-ci ili ailəlikdə bir maşınla gedərək Qusar rayonunda Hoteldə bir neçə gün birlikdə keçirmişlər. Həyat yoldaşı Cavabdeh 2024-cü ilin sentyabr ayında onunla heç bir mübahisəsi və xəbəri olmadan özünə vəkil tutaraq onun adına olan daşınar və daşınmaz əmlaklar barəsində bank hesabları barəsində məlumatları əldə etdikdən sonra Yasamal rayon məhkəməsinə adına olan daşınar və daşınmaz əmlakların və bank hesablarının üzərinə həbs qoyulması ilə əlaqədar “müvəqqəti təminat tədbiri” barədə ərizə vermiş və Yasamal rayon Məhkəməsinin e-16(004)- 468/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsi, ev 53, mənzil 1 (Yeni qaydalarla: Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsi, 53, M11, mənzil 1), mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən bağ evinin, mülkiyyətində olan “Toyota Corolla” markalı, buraxılış ili 2014-cü il, ban 5YFBURHENoEP090811 olan minik markalı avtomobilin, mülkiyyətində olan “Lexus RX300” markalı, buraxılış ili 2018-ci il, mühərrik W842691, Ban JTJBAMCA302053455 avtomobilin, “Hyundai 140” minik markalı, 1999-cu il buraxılışlı, ** FF *** dövlət qeydiyyat nişanlı və “Ford Transit” yük markalı, 99FF420 dövlət qeydiyyat nişanlı və “Hyundai Elantra” minik markalı, 10FF557 dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmuşdur. Faktiki olaraq işlədiyi şirkətin təsisçisinə məxsus olan “Hyundai 140” minik markalı, 1999-cu il buraxılışlı, 10FF890 dövlət qeydiyyat nişanlı və “Ford Transit” yük markalı 99FF420 dövlət qeydiyyat nişanlı və “Hyundai Elantra” minik markalı, 10FF557 dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması barədə ona iş yerindən məlumat verildikdən sonra məlum olmuşdur ki, həyat yoldaşı onunla nikahın pozulması ilə və əmlak bölgüsü ilə əlaqədar mediasiya təşkilatına müraciət etmişdir. Bununla əlaqədar həyat yoldaşı ilə yaranmış vəziyyəti müzakirə etmiş və ona faktiki məxsus olmayan maşınların üzərinə həbsin qoyulmasının onun işlədiyi şirkətin rəhbərliyi tərəfindən narazılıqla qarşılandığını bildirmiş və iş yerini itirməməsi üçün yoldaşından həmin maşınların üzərindən həbsin götürülməsi üçün məhkəməyə ərizə ilə müraciət etməsini bildirmişdir. Həmin vaxtı Ruxsarə yaranmış şəraitdən sui-istifadə edərək yalnız onun mediasiya təşkilatına gedərək vəkili tərəfindən hazırlanmış barışıq sazişinə imza etdikdən sonra məhkəməyə belə bir ərizənin verəcəyini bildirmişdir. Həmin vaxtı barışıq sazişinin məzmunun nədən ibarət olmasını bildirməmiş, lakin Ruxsarə bildirmişdir ki, barışıq sazişi vəkili tərəfindən hazırlanmışdır və onunla Mediasiya Təşkilatında tanış olacaqdır. O, da iş yerini itirməməsi və Ruxsarənin nikahın pozulması fikrindən daşınması üçün onun təklifi ilə razılaşmağa məcbur olmuş, xx.xx.2024-cü il tarixdə 2 saylı Mediasiya Təşkilatından ona telefon zəng olmuş və təcili ora gəlməsi bildirilmişdir. O, da gedərkən Ruxsarənin deyil, vəkilinin orada olduğunu görmüş və mediator tərəfindən heç bir sorğu-sual olmadan, barışıq sazişinin qanuni uyğun olması bildirilmədən əvvəlcədən hazırlanmış barışıq sazişinə imza etdirmişdir. Bundan sonra Ruxsarə vəkili vasitəsi ilə Yasamal rayon Məhkəməsinə ərizə verərək məhkəmənin müvəqqəti təminatı tədbiri olaraq qəbul etdiyi e-16(004)- 468/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadını ləğv edilməsini xahiş etmiş və məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə təmin edilərək”müvəqqəti təminatı tədbiri” qoyulmuş bütün əmlaklar üzərindən həbs götürülmüşdür. Mediasiya Təşkilatında təsdiq edilmiş xx.xx.2024-cü il tarixli barışıq sazişinin hazırda mübahisələndirdiyi şərtləri aşağıdakılardır: “4. Tərəflər razılığa gəldilər ki, İddiaçı xx.xx.2024-cü il tarixə qədər mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən bağ evini övladı X7 adına notarial bağışlama müqaviləsi bağlamaqla qeydiyyata aldırsın.

5. Tərəflər razılığa gəldilər ki, İddiaçı xx.xx.2024-cü il tarixə qədər mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsi, ev 53, mənzil 1, Yeni qaydalarla ünvan 3 ünvanında yerləşən mənzili X10 notariat bağışlama müqaviləsi bağlamaqla qeydiyyata aldırsın”. Mediasiyada bağlanmış “barışıq sazişinin təsdiq edilməsinə” dair müqavilə qanun pozuntusu ilə bağlandığından və daşınmaz əmlaklarla münasibətdə onun tam iradə ifadəsi olmadığından bağlanmış barışıq sazişinin 4-cü və 5-ci bəndləri ləğv edilməli və həmin barışıq sazişinin 5-ci bəndində göstərilən daşınmaz əmlak ər-arvadın birgə nikah dövründə əldə edilmiş əmlakı kimi bölgüsünü məhkəmə qaydasında mübahiləndirir. Mediasiyada bağlanmış “barışıq sazişinin təsdiq edilməsinə” dair müqavilə daşınmaz əmlaklara münasibətdə onun tam ifadəsi olmaması onunla sübut olunur ki, tərəflər arasında nikahın pozulmasına dair fikir ayrılığı olmamışdır əvvəl, sentyabr 2024-cü ildə Cavabdeh rəsmi sorğu ilə həyat yoldaşının adında olan daşınmaz əmlaklar barədə məlumatlar əldə edərək Yasamal rayon Məhkəməsinə 2024-cü ilin oktyabr ayının əvvəlində “müvəqqəti təminat tədbiri”nin tətbiqinə dair ərizə ilə müraciət etmiş və məhkəmənin 16(004)- 468/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə barışıq sazişində göstərilən əmlaklardan əlavə, İddiaçı adında olan, lakin faktiki olaraq işlədiyi şirkətin təsisçisinə məxsus olan “Hyundai 140” minik markalı, 1999-cu il buraxılışlı, 10FF890 dövlət qeydiyyat nişanlı, “Hyundai Elantra” minik markalı, 10FF557 dövlət qeydiyyat nişanlı və “Ford Tranzit” yük markalı 99FF420 dövlət qeydiyyat nişanlı avtomobillərin özgəninkiləşdirilməsinə qadağa qoyulmuşdur. Həmin qərardadın icrası zamanı yaranmış problemlərlə əlaqədar onun icraçı direktoru işlədiyi şirkətin təsisçisi ilə işdə yaranmış gərginliyin tez bir zamanda aradan qaldırılması və işini itirməməsi üçün o, Cavabdeh qanunsuz tələbləri ilə razılaşmağa məcbur olmuşdur. xx.xx.2024-cü il tarixdə Mediasiyada “barışıq sazişinin təsdiq edilməsinə” dair müqaviləni ona məcburi imzalatdırdıqdan sonra Cavabdeh Yasamal rayon Məhkəməsinə təkrar ərizə verərək məhkəmənin 16(004)-468/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsini xahiş etmiş və məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə onun adında olan bütün daşınar və daşınmaz əmlaklara qoyulmuş həbs götürülmüşdür. Buna görə də Cavabdeh “barışıq sazişinin təsdiq edilməsinə” dair müqavilə hazırlayarkən “Hyundai 140” minik markalı 10FF890 dövlət qeydiyyat nişanlı, “Hyundai Elantra” minik markalı, 10FF557 dövlət qeydiyyat nişanlı və “Ford Transit” yük markalı 99FF420 dövlət qeydiyyat nişanlı avtomobillərin birgə nikah dövründə əldə edilmiş əmlak kimi bölgüsünü qoymamışdır. xx.xx.2024-cü il tarixdə mediator onu təcili şəkildə mediasiya təşkilatına çağıraraq sazişin imzalamasını bildirmiş, şirkət rəhbəri olduğundan faktiki şirkətə məxsus, lakin onun adında olan avtomobillərin üzərinə ərizəçinin tələbi ilə Yasamal rayon Məhkəməsinin qərardadı ilə qoyulmuş həbsin götürülməsi və bu barədə hər hansı bir məlumatın yayılmaması üçün barışıq sazişini imzalamışdır. O, hesab edir ki, “barışıq sazişi” daşınmaz əmlaklara münasibətdə əsassız və qanunsuz olmuşdur. Mediasiyada bağlanmış barışıq sazişi ona görə qanunsuzdur ki, mediator ilk növbədə tərəflərlə birgə nikah dövründə əldə olunmuş əmlakların dairəsini və hüquqi vəziyyətini araşdırmalı, əmlak birgə nikah dövründə bağışlama müqaviləsi, vərəsəlik qaydasında və ya birgə nikah döründə əldə edilsə də, nikahdan əvvəl tərəflərdən birinə məxsus əmlakın satılmasında əldə edilmiş vəsait hesabına mübahisələndirilən əmlakın əldə edilib-edilməməsini müəyyən etməli, həmçinin mediasiya qaydasında yalnız birgə nikah dövründə əldə etdikləri əmlakın tərəflər arasında bölgüsünə dair saziş bağlanmasının nəzərdə tutulmasını tərəflərə izah etməli idi. Mediasiya qaydasında tərəflər öz aralarında əmlak bölgüsünə dair razılıq əldə etdikdən və əmlaka dair adlarına çıxarış aldıqdan sonra həmin əmlaklarda olan payları üzərində sərbəst sərəncam vermək hüququndan istifadə edə bilərlər. Mediasiya haqqında qanunda tərəflər arasında əmlak bölgüsü zamanı tərəflərdən birinin payının üçüncü şəxsin xeyrinə imtina etməsi və bağışlaması nəzərdə tutulmamışdır. Lakin mediasiyada tərəflər arasında “barışıq təsdiq edilməsinə” dair müqavilə bağlanarkən qeyd edilən hallar nəzərdə alınmamışdır. Onun mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsi, 53, M11, mənzil 1 onların birgə nikah dövründəvə qazancları hesabına əldə edilməsi mübahisəsizdir və tərəflər arasında əmlak bölgüsünün predmeti ola bilər. Lakin onun mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən bağ evi birgə nikah dövründə əldə edilsə də, nikahdan əvvəl onun anası İradə Soltanova tərəfindən ona bağışlanmış bağ evinin satılmasından əldə edilmiş pul vəsaiti hesabına əldə edildiyindən, birgə nikah dövründə əldə edilmiş əmlakların siyahısına dair ola bilməz və Cavabdeh tərəfindən həmin bağ evinə dair tələb irəli sürülə bilməzdi. Belə ki, onun anası X5 Mərdəkan qəsəbəsində Bakı şəhər İcra Hakimiyyəti ilə bağladığı xx.xx.1997-ci il tarixli 25892 saylı bağın icarəyə verilməsinə dair müqavilə ilə ona Mərdəkan qəsəbəsində 0,09ha bağ torpaq sahəsi icarəyə verilmişdir. 350 “a” saylı həmin torpaq sahəsində tikilmiş sahəsi 15,99 kv.m. olan bir otaqlı evə dair X6 xx.xx.2005-ci ildə MN seriyalı ******* saylı çıxarışla mülkiyyət hüququ tanınmış və xx.xx.2009-cu ildə X6 razılığı ilə həmin əmlak üzərində bütün ailə üzvlərinin, yəni X6, həyat yoldaşı X2, oğlu İddiaçı və qızı X3 mülkiyyət hüquqları tanınmışdır. Bundan sonra X14, şəyat yoldaşı X11 və qızı X12 xx.xx.2009-cu il tarixdə Bakı şəhəri 46 saylı Notariat Kontorunda həmin əmlakda olan paylarını İddiaçı bağışlama müqaviləsi ilə bağışlamışlar. Cavabdeh onunla nişanlı olarkən həmin bağda dəfələrlə valideynləri ilə qonaq qismində olmuşlar, onlar ailə qurduqları müddətdən əvvəl həmin bağ evi onun və onun ailə üzvlərinin mülkiyyətində olmuş, ailə qurduqları xx.xx.2009-cu il tarixdən 3 il müddətində Cavabdeh da həmin bağdan istifadə etmişdir. Son, yəni xx.xx.2012-ci il tarixdə isə həmin bağ evi satılmış və 2013-cü ildə ünvan 2 onun adına alınaraq bütün ailə üzvlərinin, o cümlədən onun valideynlərinin istifadəsindədir və onunla İradə Soltanova həmin bağ evində pasport qeydiyyatındadırlar. Mediator Cavabdeh vəkili tərəfindən hazırlanmış barışı sazişi imzalanarkən “barışıq sazişinin 4-cü və 5-ci bəndlərinin ər və arvadın birgə nikah dövründə əldə edilmiş əmlakı kimi bu qaydada bölgüsünün qanuna uyğun olub-olmamasını, onun hüquqi nəticələrini izah etmədən İddiaçı mediasiya zamanı sazişin şərtlərini nə üçün qəbul etmsinə hüquqi qiymət verməmiş, yalnız Cavabdeh üstün mənafeyini əsas götürmüşdür”. Barışıq sazişində hər iki tərəfin deyil, yalnız onun birgə nikah dövründə əldə edilmiş əmlak payınınuşaqlarına bağışlaması qeyd edilmişdir, lakin Cavabdeh həmin əmlaklarda payı olmaması barədə heç bir qeyd yoxdur. Onunla Cavabdeh arasında olan nikah pozulduqdan sonra uşaqlar anasının yanında saxlanılmışdır. Bu isə o deməkdir ki, tərəflər arasında bağlanmış daşınmaz əmlak məsələlərinə dair hissədə barışıq sazişi mübahisələndirilmədiyi halda məhkəmə qərarı qüvvəyə mindikdən sonra Cavabdeh həmin əmlaklar üzərində müstəqil sərəncam vermək hüququna malik olacaqdır. Bundan başqa, ər və arvad arasında əmlak bölgüsünə dair mübahisə olduğu halda tərəflər işin mediasiya qaydasında həlli ilə əlaqədar mediasiya təşkilatına müraciət edə bilərlər. Göründüyü kimi, tərəflərin istifadələrində olan minik avtomaşınları ilə bağlı onlar arasında mübahisə olmamış və hazırda da yoxdur. O, “Toyota Corolla” markalı avtomaşının məhkəmədən kənar Cavabdeh adına rəsmiləşdirilməsinə etiraz etməmişdir. Eyni zamanda ərizəçi Cavabdeh nikahın pozulmasından sonra birgə nikah dövründə əldə edilmiş əmlakdan özü üçün pay istəmirdisə, o, da həmin əmlakların uşaqlarının adına bağışlama müqaviləsi ilə rəsmiləşdirməyə razı idisə və həmin əmlaklardan yenə də birgə istifadə edəcəkdirlərsə, onda mediasiya və məhkəmə qaydasında əmlak bölgüsünə nə ehtiyac var idi? Göründüyü kimi barışıq sazişi Cavabdeh tərəfindən hazırlanmış, sazişdə yalnız birgə nikah dövründə ər-arvadın əldə etdikləri əmlakın yarısının deyil, həmçinin nikah dövründə əldə edilmiş olsa da, ona valideynləri tərəfindən bağışlanmış bağ evinin satılması nəticəsində əldə edilmiş bağ evinin onun oğlu Üzeyirə bağışlanması tələb edilmişdir, lakin mediator araşdırma aparsa idi, məlum olardı ki, Cavabdeh ünvan 2-dən özünə pay tələb etmək hüququ olmadığından həmin əmlakın oğlu Üzeyirin adına keçirilməsi tələbini irəli sürmək hüququ da olmamışdır. Bu hal bir daha təsdiq edir ki, mediasiya qaydasında bağlanmış “barışıq sazişi” Cavabdeh İddiaçı adından olan işlədiyi şirkətinin təsisçisinə məxsus avtomaşınlara tələb irəli sürməsindən irəli gəlmişdir. “Barışıq sazişi”nin qanunsuzluğu həm də ondan ibarətdir ki, bağışlama müqaviləsi qüvvəyə mindikdən sonra həmin daşınmaz əmlaklardan tərəflərin hansı qaydada və şərtlərlə istifadə edəcəklərinə, sərəncam verəcəklərinə, uşaqlar həddi-buluğa çatanadək əmlak vergisinin, kommunal xidmətlərin kim tərəfindən ödəniləcəyinə, aidiyyəti orqanlar qarşısında onları kim təmsil edəcəyinə dair heç bir müddəa yoxdur, bu isə o deməkdir ki, Cavabdeh həmin əmlaklar üzərində uşaqlar yetkinlik yaşına çatanadək müstəqil sərəncam vermək hüququ əldə etmiş olur. Ailəyə və uşaqlarına bağlı olduğundan o, “nikahın pozulması” barədə Cavabdeh iddiasının təmin olunmasına dair Yasamal rayon Məhkəməsinin 2(004)-571 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş, lakin onun şikayəti təmin edilməmişdir. Bu sazişin 4-cü və 5-ci bəndləri onlar arasında birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsünü deyil, yalnız onun öz payının uşaqlarına bağışlanmasını özündə ehtiva edir. Bundan başqa, onun yaşamağa başqa yaşayış yeri yoxdur. Belə olan halda hər iki daşınmaz əmlakdan imtina etməsi onun iradə ifadəsi kimi qiymətləndirilə və bağlanmış saziş qanuni hesab edilə bilməz. Mediasiyanın təsdiq etdiyi sazişin qanunsuzluğu həmçinin onda ifadə olunur ki, mediator araşdırmamışdır ki, onun ailəsi ilə birgə yaşadıqları mənzildən və anasının bağışlama müqaviləsi ilə onunadına rəsmiləşdirdiyi bağ evinin satışından əldə edilən pul vəsaiti hesabına alınmış bağ evindən başqa yaşamağa ayrı yaşayış yeri olmadığı halda harada yaşayacaqdır? İddiaçı bildirmişdir ki, sazişi imzalayarkən ailəsini saxlamaqla birgə yaşamaq naminə bunun formallığına inanmışdır. Həmin sazişin qanuna uyğun tərtib edlməməsi mübahisəsizdir. Belə ki, sazişin 4-cü və 5-ci bəndləri ilə faktiki olaraq müəyyən edilməmişdir ki, yeganə yaşayış yeri olan mənzili azyaşlı qızı Fatimənin adına və bağ evini azyaşlı oğlu Üzeyirin adına bağışlama müqaviləsi ilə keçirdikdənsonra əmlaklardan istifadə və onlara sərəncam vermək hüququ kimlərə məxsus olacaqdır. Həmçinin onun mənzildən, bağ evindən isə həm onun, həm də valideynlərinin istifadəsi hansı qaydada mənzimlənəcəkdir? Göstərilənləri nəzərə alaraq iddiaçı onunla Cavabdeh arasında 2 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin 4-cü bəndi ilə nəzərdə tutulmuş: “Tərəflər razılığa gəldilər ki, İddiaçı xx.xx.2024-cü il tarixə qədər mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən bağ evini övladı X7 adına notarial bağışlama müqaviləsi bağlamaqa aldırılması” və 5-ci bəndi ilə nəzərdə tutulmuş: “Tərəflər razılığa gəldilər ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsi, ev 53, mənzil 1, Yeni qaydalarla Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsi, 53, M11 ünvanında yerləşən 1 nömrəli mənzilin X10 notarial bağışlama müqaviləsi bağlamaqla qeydiyyata aldırılması” hissəsində ləğv edilməsi və ünvan 2 ünvanında yerləşən bağ evini X8 ayrıca (fərdi) əmlakı kimi tanınması, onun mülkiyyətində olan Cavabdeh ilə birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsi, 53, M11, 1 saylı mənzilin tərəflər arasında bərabər paylarda bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi X11 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, 2 otaqlı mənzil olmuş, həmin mənzil Ayaza bağışlanılmışdır nikahdan qabaq, tərəflər arasında nikah olduqdan sonra həmin 2 otaqlı evdə yaşamışlar, valideyn kimi o, qaynanasının evinə köçüb yaşamışdır, sonra ailə daha böyük mənzilə köçmək istəmiş, 2 otaqlı mənzili ipotekaya qoyub pul götürüb üstünü də düzəldib yeni tikili binadan ev alınmışdır, əvvəllər ailəyə məxsus bağ evi də Ayazın adına bağışlama ilə keçirilmiş, Ayaz həmin bağı satıb hazırda mübahisəli olan bağı almışdır. Həmin bağda hazırda onlar yaşayır. Barışıq sazişinin mübahisələndirdikləri şərtləri faktiki Ayazı və onun valideynlərini evsiz qalmasına səbəb olub. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, barışıq sazişinin mövcudluğu bağışlanan əmlaklar üzərində cavabdehin sərbəst hüquqlarının yaranmasına səbəb olub. Belə ki, uşaqlar ananın yanında qaldığı üçün həmin əmlakların taleyini də cavabdeh sərbəst həll edə bilər. Hətta bağ sahəsinin satılması ilə bağlı bir neçə alıcı da müraciət etmişdir. Barışıq sazişinin mübahisələndirdikləri şərtlərinin mövcudluğu iddiaçının və onun ata və anasının evsiz qalmasına səbəb olmuşdur. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, mediasiya təşkilatına Cavabdeh onun vasitəsi ilə müraciət etmişdir. Lakin barışıq sazişinin şərtləri onun tərəfindən tərtib edilməmişdir. Mediasiya prosesində dəfələrlə şəxsən o, özü Ayazla əlaqə saxlamış, Ayaz bir müddət Bakıda olmayacağını bildirmiş, sonra mediatora müraciət etmişdir ki, o, əmlaklarını övladların adına keçirmək istəyir. Mediator onun təklifi əsasında barışıq sazişinin qeyd edilən şərtlərini hazırlamışdır. İddiaçı da həmin şərtləri özü irəli sürdüyü üçün sazişi imzalamışdır. Yəni barışıq sazişinin imzalamaqda iddiaçının iradə ifadəsi olmuşdur. Uzun müddət də onu mübahisələndirməmişdir. Ona görə də qaldırılan iddianı əsaslı hesab etmir, onun rədd edilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş üzrə Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş BM seriyalı 004026 nömrəli, xx.xx.2005-ci il tarixli qeydiyyat vəsiqəsinin surətinə əsasən Bakı şəhəri, Mərdəkan qəsəbəsində yerləşən ümumi sahəsi 15,99 kv.m. olan 1 otaqlı 350 ”a” saylı evi tam mülkiyyət hüququ üzrə X6 adına qeydiyyata alınmışdır. İş üzrə Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2009-cu il tarixli çıxarışın surətinə əsasən Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsində mülkiyyətində olan 0,09 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 1 otaqlı, 15,2 kv.m. yaşayış sahəsindən ibarət 350a nömrəli bağ evi ümumi birgə mülkiyyət hüququ üzrə X6, İddiaçı, X2, X4 adlarına daşınmaz əmlakın dövlət reyestrində 24 nömrəli reyestr kitabının 2918 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş üzrə X14, X11 və X12 (etibarnamə əsasında X11 imza etmiş) və İddiaçı arasında bağlanılmış xx.xx.2009-cu il tarixli bağışlama müqaviləsinin surətinə əsasən X14, X11, X12 mülkiyyətində olan Bakı şəhəri, Mərdəkan qəsəbəsində yerləşən bir otaqlı, yaşayış sahəsi 15,2 kv.m. olan 350A nömrəli bağ evinin və mülkiyyətində olan 0,09 ha torpaq sahəsinin onlara məxsus hissəsini – İddiaçı bağışlamışlar. İş üzrə Bakı şəhəri 41 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2012-ci il tarixli, AN-İ No ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətinə əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 350a ünvanında yerləşən 1 otaqdan ibarət, ümumi sahəsi 15,2 kv.m. olan baş evini və mülkiyyətində olan 0,09 ha torpaq sahəsini X15 (etibarnaməyə əsasən X19 imza etmiş) 75.000 manata satmışdır. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli, xx.xx.2013-cü il tarixli çıxarışın surətinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ərəblinski küçəsi, 2-ci döngə ünvanında, 0,0958 ha torpaq sahəsində yerləşən 11 saylı bağ evi tam mülkiyyət hüququ üzrə İddiaçı adında qeydiyyata alınmışdır. İş üzrə “Birinci tərəf” qismində Cavabdeh ilə “İkinci tərəf” qismində İddiaçı arasında, Bakı 2 saylı Mediasiya Təşkilatının mediatoru X1 iştirakı ilə, bağlanılmış xx.xx.2024-cü il tarixli, MŞB/2/2024-01073 nömrəli barışıq sazişinin surətindən görünür ki: “1. Tərəflər aralarında bağlanmış Yasamal rayon qeydiyyat şöbəsində 27 iyun 2009-cu il tarixdə akt qeydləri kitabında 725 nömrə ilə qeydə alınmış nikahı davam etdirməyə razılıq əldə etmədilər.

2. Tərəflər razılığa gəldilər ki, birgə nikahdan doğulan xx.xx.2010-cu il təvəllüdlü X17, xx.xx.2013-cü il təvəllüdlü X20 və xx.xx.2018-ci il təvəllüdlü X18 nikah pozulduqdan sonra anası Cavabdeh yanında saxlanılsın.

3. Tərəflər razılığa gəldilər ki, İddiaçı birgə nikahdan doğulan xx.xx.2010-cu il təvəllüdlü X17, xx.xx.2013-cü il təvəllüdlü X20 və xx.xx.2018-ci il təvəllüdlü X7 yentkinlik yaşına qədər saxlanılması üçün noyabr 2024-cü il tarixdən başlayaraq hər ayın 1-dən 5-nə 2000 manat alimenti Cavabdeht Rauf qızına ödəyəcək.

4. Tərəflər razılığa gəldilər ki, İddiaçı xx.xx.2024-cü il tarixə qədər mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən bağ evini övladı X7 adına notarial bağışlama müqaviləsi bağlamaqla qeydiyyata aldırsın.

5. Tərəflər razılığa gəldilər ki, İddiaçı xx.xx.2024-cü il tarixə qədər mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsi, ev 53, mənzil 1, Yeni qaydalarla ünvan 5 ünvanında yerləşən mənzili X10 notarial bağışlama müqaviləsi bağlamaqla qeydiyyata aldırsın.

6. Tərəflər razılığa gəldilər ki,İddiaçı xx.xx.2024-cü il tarixə qədər mülkiyyətində olan TOYOTA COROLLA markal, buraxılış ili 2014-cü il, Ban 5YFBURHENoEP090811 olan minik markalı avtomobili Cavabdeh adına notarial bağışlama müqaviləsi bağlamaqla qeydiyyata aldırsın.

7. Tərəflər razılığa gəldilər ki, İddiaçı mülkiyyətində olan LEXUS RX300 markalı, buraxılış ili 2018-ci il, mühərrik W842691, Ban JTJBAMCA302053455 avtomobilə dair Cavabdeh iddia və tələbi yoxdur və gələcəkdə də olmayacaq”. İş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin e-16(004)-468/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadın surətindən görünür ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 16(004)- 468\2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə müvəqqəti təminatı tədbiri kimi cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsi, ev 53, 1 saylı mənzilin (Yeni qaydalarla: Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsi 53, M11, mənzil 1), ünvan 2 ünvanında yerləşən bağ evinin; “Toyota Corolla” minik markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı; “Hyundai 140” minik markalı, **-FF-*** dövlət qeydiyyat nişanlı; “X30” markalı, **-FF-***” dövlət qeydiyyat nişanlı; “Hyundai Elantra” minik markalı, **-FF-*** dövlət qeydiyyat nişanlı; “Lexus RX300” minik markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobillərin özgəninkiləşdirilməsi qoyulmuş qadağa ləğv edilmişdir. İş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-5712/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsində xx.xx.2009-cu il tarixində 725 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması qət edilmişdir. İş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-478/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli Barışıq sazişinin aşağıdakı şərtləri məcburi icrası üçün təsdiq edilmişdir: “4. Tərəflər razılığa gəldilər ki, İddiaçı xx.xx.2024-cü il tarixə qədər mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən bağ evini övladı X7 adına notarial bağışlama müqaviləsi bağlamaqla qeydiyyata aldırsın.

5. Tərəflər razılığa gəldilər ki, İddiaçı xx.xx.2024-cü il tarixə qədər mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsi, ev 53, mənzil 1, Yeni qaydalarla ünvan 5 ünvanında yerləşən mənzili X10 notarial bağışlama müqaviləsi bağlamaqla qeydiyyata aldırsın.

6. Tərəflər razılığa gəldilər ki, İddiaçı xx.xx.2024-cü il tarixə qədər mülkiyyətində olan TOYOTA COROLLA markal, buraxılış ili 2014-cü il, Ban 5YFBURHENoEP090811 olan minik markalı avtomobili Cavabdeh adına notarial bağışlama müqaviləsi bağlamaqla qeydiyyata aldırsın. Tərəflər razılığa gəldilər ki, İddiaçı mülkiyyətində olan LEXUS RX300 markalı, buraxılış ili 2018-ci il, mühərrik W842691, Ban JTJBAMCA302053455 avtomobilə dair Cavabdeh iddia və tələbi yoxdur və gələcəkdə də olmayacaq”. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2414/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin surətindən görünür ki, maraqlı şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(009)-478/2025 nömrəli qətnaməsi maraqlı şəxs İddiaçı apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İş üzrə İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış təklifdən görünür ki, 2 saylı Mediasiya Təşkilatında aralarında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin 4-cü və 5-ci bənlərinin qarşılıqlı razılıq əsasında ləğv edilməsinə təklifi aldığı gündən 10 gün müddətində münasibətin bildirməsini xahiş etmişdir. İş üzrə Bakı 13 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə MŞB/13/2025-00817 saylı, xx.xx.2025-ci il tarixli arayışından görünür ki, əmlak bölgüsü tələbinə dair mübahisəsi üzrə İddiaçı nümayəndəsi Vəkil1 və Cavabdeh nümayəndəsi Vəkil2 xx.xx.2025-ci il tarixdə keçirilən ilkin mediasiya sessiyasında iştirak etmişlər. Lakin Cavabdeh nümayəndəsi Vəkil2 mediasiya prosesini davam etdirməyə razılıq verməmişdir. Məhkəmə verilmiş iddia tələbi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2009-cu il tarixdə nikah bağlanılmış və onların birgə nikahdan xx.xx.2010-cu il təvəllüdlü Fatimə, xx.xx.2013-cü il təvəllüdlü Suada və xx.xx.2016-cı il təvəllüdlü Üzeyir adlı uşaqları var. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, cavabdeh nikahın pozulması və s. tələblər ilə bağlı iddia ilə məhkəməyə müraciət etməsi ilə əlaqədar mediasiya prosesinin tətbiqi üçün mediasiyaya müraciət etmiş, mediasiya prosesində tərəflər arasında barışıq sazişi bağlanılmış və imzalanmış xx.xx.2024-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər aralarında bağlanmış Yasamal rayon qeydiyyat şöbəsində 27 iyun 2009-cu il tarixdə akt qeydləri kitabında 725 nömrə ilə qeydə alınmış nikahı davam etdirməsi (bənd 1), birgə nikahdan doğulan xx.xx.2010-cu il təvəllüdlü X9, xx.xx.2013-cü il təvəllüdlü X13 və xx.xx.2018-ci il təvəllüdlü X7 nikah pozulduqdan sonra anası Cavabdeh yanında saxlanılmaları (bənd 2), İddiaçı birgə nikahdan doğulan xx.xx.2010-cu il təvəllüdlü X17, xx.xx.2013-cü il təvəllüdlü X20 və xx.xx.2018-ci il təvəllüdlü X7 yentkinlik yaşına qədər saxlanılması üçün noyabr 2024-cü il tarixdən başlayaraq hər ayın 1-dən 5-nə 2000 manat alimenti Cavabdeht Rauf qızına ödəməsi (bənd 3), İddiaçı xx.xx.2024-cü il tarixə qədər mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən bağ evini övladı X7 adına notarial bağışlama müqaviləsi bağlamaqla qeydiyyata aldırması (bənd 4), İddiaçı xx.xx.2024-cü il tarixə qədər mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsi, ev 53, mənzil 1, Yeni qaydalarla ünvan 5 ünvanında yerləşən mənzili X10 notarial bağışlama müqaviləsi bağlamaqla qeydiyyata aldırması (bənd 5), İddiaçı xx.xx.2024-cü il tarixə qədər mülkiyyətində olan TOYOTA COROLLA markal, buraxılış ili 2014-cü il, Ban 5YFBURHENoEP090811 olan minik markalı avtomobili Cavabdeh adına notarial bağışlama müqaviləsi bağlamaqla qeydiyyata aldırması (bənd 6), İddiaçı mülkiyyətində olan LEXUS RX300 markalı, buraxılış ili 2018-ci il, mühərrik W842691, Ban JTJBAMCA302053455 avtomobilə dair Cavabdeh iddia və tələbinin olmaması (bənd 7) barədə razılığa gəlmişlər. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, tərəflər arasında olan nikah Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, qanuni qüvvəyə minmiş Səbail rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin 4-cü, 5-ci, 6-cı və 7-ci bəndləri təsdiq edilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, cavabdehlə arasında yaranmış münaqişəli münasibətdən sui-istifadə edən cavabdehin nümayəndəsi tərəfindən barışıq sazişi hazırlanmış, əvvəlcədən saziş şərtləri ilə tanış olmadan, sonra isə cavabdehin nikahın pozulması fikirindən daşındırması məqsədi ilə barışıq sazişinin şərtləri ilə razılaşmağa məcbur olmuş və onu imzalanmışdır. Bu səbəbdən iddiaçı onunla Cavabdeh arasında 2 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin 4-cü bəndi ilə nəzərdə tutulmuş: “Tərəflər razılığa gəldilər ki, İddiaçı xx.xx.2024-cü il tarixə qədər mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən bağ evini övladı X7 adına notarial bağışlama müqaviləsi bağlamaqa aldırılması” və 5-ci bəndi ilə nəzərdə tutulmuş: “Tərəflər razılığa gəldilər ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsi, ev 53, mənzil 1, Yeni qaydalarla Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsi, 53, M11 ünvanında yerləşən 1 nömrəli mənzilin X10 notarial bağışlama müqaviləsi bağlamaqla qeydiyyata aldırılması” hissəsində ləğv edilməsini və ünvan 2 ünvanında yerləşən bağ evini X8 ayrıca (fərdi) əmlakı kimi tanınması, onun mülkiyyətində olan Cavabdeh ilə birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsi, 53, M11, 1 saylı mənzilin tərəflər arasında bərabər paylarda bölünməsini xahiş etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, tərəflər arasında mediasiya təşkilatında bağlanılmış barışıq sazişi məhkəmə qətnaməsi ilə təsdiq olunsa da, bu hal iddiaçının həmin barışıq sazişinin şərtlərini məhkəmədə mübahisələndirilməsinə mane olan hal kimi qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları “Məhkəmə qərarı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsızlığı barədə iddianın mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” Qərardadında qeyd edilmişdir ki, mülki qanunvericiliyin məqsədi mülki dövriyyə azadlığını təmin etmək, yəni subyektlərin öz şəxsi mənafelərini həyata keçirməyə hüquqi şəraiti yaratmaqdır (Mülki Məcəllə, maddə 1.1). İstər bu məqsəddən irəli gələn iradə sərbəstliyi (Mülki Məcəllə, maddə 6.1.2) və müqavilə azadlığı prinsipləri (Mülki Məcəllə, maddə 6.1.5 və 390), istərsə də Mülki Məcəllənin 12.2-ci maddəsinin “Mülki hüquq münasibətlərinin subyektləri həm qanunla birbaşa qadağan olunmamış hərəkətləri, həm də qanunda bilavasitə nəzərdə tutulmamış hərəkətləri icra edə bilərlər” müddəası onu deməyə əsas verir ki, barışıq razılaşması da mülki qanunvericilikdə nəzərdə tutulan müqavilələrdən biri olmaqla, tərəflər arasında öhdəlik hüquq münasibətləri yaradan əqd növüdür. Məhkəmə qeyd edir ki, hakimin barışıq sazişini təsdiqləmək üçün qanunda nəzərdə tutulmuş prosessual tələblərə riayət etmək vəzifəsi barışıq razılaşmasının etibarlı olub-olmamasına qiymət verilməsi hesab edilmir. Çünki əsas təyinatı tərəflərin və məhkəmənin prosessual hərəkətlərini tənzimləmək olan MPM-in müvafiq normalarının məqsədi təsdiqetmənin prosedurunu (üsulunu) müəyyən etməkdir. Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinə məhkəmənin məhz xüsusi icraatda və on gün müddətində baxması (MPM, fəsil 40-7) proseduru da onu göstərir ki, belə təsdiqləmə (yaxud imtina) prosessual mahiyyət daşımaqla, mübahisəli maddi hüquqi məsələlərin araşdırılmasını ehtiva etmir. Yuxarıda qeyd edilən Qərardadda göstərilmişdir ki, MPM-in 52.5-ci və 355-26.1-ci maddələrində göstərilən halların yoxlanılmasının maddi hüquqi nəticələr də əmələ gətirməsi barədə mövqe ilə razılaşdıqda məhkəmə barışıq sazişini təsdiqlədikdə razılaşmanın etibarlı olması faktını təsbit edir və əqdin etibarlılığına (o cümlədən tərəfin iradəsini zədələyən halların olmadığına) hüquqi qiymət verir. Bu hal bir daha onu təsdiqləyir ki, barışıq sazişinin qanuna zidd olması və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmasının araşdırılması maddi hüquqi əsaslar üzrə yoxlama olmayıb, təsdiqetmə üçün prosessual tələblərin yerinə yetirilməsidir. Məhkəmə qaldırılan iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.1-ci və 881.2-ci maddələrinə əsasən barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur. Barışıq sazişi eyni zamanda, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.7ci maddəsində də nəzərdə tutulmuşdur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.7-ci maddəsinə əsasən barışıq sazişi – tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşmadır. Həmin Qanunun 24.6-cı maddəsinə əsasən mediasiya prosesinin hər hansı mərhələsində mediator mübahisənin həlli məqsədilə tərəflər üçün öhdəlik nəzərdə tutmayan şifahi və ya yazılı təklifi irəli sürə bilər. Barışıq təklifi tərəflərin razılığı ilə verilir. Məhkəmə qeyd edir ki, barışıq sazişi tərəflərin mübahisəli münasibətlərinə dair yeni bir hüquqi nəticə - hüquq və öhdəliklər əmələ gətirmək məqsədilə bağladıqları qarşılıqlı ikitərəfli (çoxtərəfli) müqavilədir. Barışıq sazişi tərəflər arasındakı mübahisənin və ya fikir ayrılığına səbəb olma potensialı daşıyan qeyri-müəyyənliyin aradan qaldırılmasına yönəlir. Məhkəmə eyni zamanda qeyd edir ki, mülki qanunvericiliyin məqsədi mülki dövriyyə azadlığını təmin etmək, yəni subyektlərin öz şəxsi mənafelərini həyata keçirməyə hüquqi şəraiti yaratmaqdır (Mülki Məcəllə, maddə 1.1). İstər bu məqsəddən irəli gələn iradə sərbəstliyi (Mülki Məcəllə, maddə 6.1.2) və müqavilə azadlığı prinsipləri (Mülki Məcəllə, maddə 6.1.5 və 390), istərsə də Mülki Məcəllənin 12.2-ci maddəsinin “Mülki hüquq münasibətlərinin subyektləri həm qanunla birbaşa qadağan olunmamış hərəkətləri, həm də qanunda bilavasitə nəzərdə tutulmamış hərəkətləri icra edə bilərlər” müddəası onu deməyə əsas verir ki, barışıq razılaşması da mülki qanunvericilikdə nəzərdə tutulan müqavilələrdən biri olmaqla, tərəflər arasında öhdəlik hüquq münasibətləri yaradan əqd növüdür. Müqavilə dedikdə, iki və ya daha artıq şəxsin hüquqi nəticə əmələ gətirmək üçün ifadə etdikləri və bir-birinə uyğun olan iradə bəyanları başa düşülür. Başqa sözlə, şəxslər ifadə etdikləri iradələri ilə özlərinin mülki hüquq və vəzifələrini əmələ gətirir, dəyişdirir və ya xitam edirlər. İradə bəyanı şifahi, sadə yazılı və ya rəsmi (notarial) formada, birtərəfli və ya müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Barışıq razılaşmasının bağlanması üçün bir qayda olaraq forma tələb olunmur, lakin razılaşmada hər hansı formanın gözlənilməsini tələb edən əqdlər vardırsa, razılaşma bu əqdlər üçün tələb edilən forma üzrə tərtib olunmalıdır (Mülki Məcəllə, maddə 881.3). Qanunvericilikdə barışıq sazişinin digər formaları da nəzərdə tutulmuşdur. Belə ki, tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi yazılı formada bağlanır (“Mediasiya haqqında” Qanun, maddə 33.1). Mediasiya prosesində bağlanan barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır (“Mediasiya haqqında” Qanun, maddə 34.1). Məhkəmə qeyd edir ki, mediasiya prosesində barışıq sazişinin bağlanılması razılaşmasının etibarlı olub-olmamasına qiymət verilməsi ilə bağlı məhkəmədə iddia qaldırmağa mane ola bilməz. Belə ki, MPM-in 52.5-ci maddəsinə görə, tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Eyni yanaşma “Mediasiya haqqında” Qanunun 34.5-ci və MPM-in 355-26.1-ci maddələrində əks olunmuşdur. Barışıq sazişi “Mediasiya haqqında” Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur (maddə 34.5). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Eyni Məcəllənin 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Məhkəmə qeyd edir ki, iddiaçı barışıq sazişini iradə ifadəsi olmadan təsdiq etməsini və ailə münasibətlərini qorumaq məqsədi ilə barışıq sazişinin imzalamasını, həmçinin barışıq sazişi imzalanarkən mediator tərəfindən tərəflərin birgə nikah dövründə əldə olunan əmlakların dairəsi və hüquqi vəziyyətinin araşdırılmadığı, barışıq sazişində göstərilən əmlakların nikahdan əvvəl tərəflərdən birinə məxsus əmlakın satışından əldə edilən pul vəsaiti hesabına alınmasını müəyyən etmədiyini, tərəflərə bununla bağlı hər hansı bir izahat verməməsini göstərmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, barışıq sazişi faktiki olaraq tərəflər arasında bağlanılmış müqavilə münasibətləri kimi dəyərləndirilməlidir. Bununla belə məhkəmə qeyd edir ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələri). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Məhkəmə qeyd edir ki, iddiaçı barışıq sazişini bağlayarkən iradə ifadəsinin olmamasını bildirsə də, məhkəmə iddiaçının bu dəlillərini əsaslı hesab etmir, çünki iddiaçı faktiki olaraq mülkiyyət hüququ üzrə ona məxsus əmlakların taleyi ilə bağlı nəzərdə tutulan şərtlə razılaşmışdır. Digər tərəfdən ər-arvadın ümumi birgə mülkiyyətində olan əmlakın qanuni rejimi Mülki Məcəllənin 225-ci və Ailə Məcəlləsinin 31-37-ci maddələri ilə müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ərarvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Məhkəmə qeyd edir ki, qanunun göstərilən tələblərinə əsasən ər-arvadın birgə nikah dövründə əldə etdikləri əmlak onların hansının vəsaiti hesabına əldə edilməsindən asılı olmayaraq ümumi birgə mülkiyyəti hesab edilir. Beləliklə məhkəmə hesab edir ki, hazırkı tələbə baxarkən tərəflərin mediasiya prosesində mübahisələndirilən barışıq şərtlərini təsdiqlədikləri anda onun görünən qanuni tələblərə uyğun olması (subyekt tərkibinə aid şərtləri – fiziki və ya hüquqi şəxsin mövcud olmasını, fəaliyyət qabiliyyətini, sazişi imzalayan təmsilçinin səlahiyyətlərini, razılaşmanın tərəflərin ifadə etdikləri iradələrini əks etdirməsini, sazişin şəxsiyyətin hüquqlarına, məcburi hüquq normalarına, ictimai qaydaya və ya əxlaqa zidd olmamasını, yaxud hansısa şərtin etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin mübahisələndirilən şərtini bir tərəfinə zərər vurub-vurmadığını və s.) yoxlanılmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı birgə nikah dövründə əldə olunan əmlakların taleyi ilə bağlı mövqe bildirərək iradə ifadəsinə uyğun hesab etdiyi və hazırda mübahisələndirdiyi şərtlərlə barışıq sazişini imzalamışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, barışıq sazişinin mübahisələndirilən hissələri qanuna zidd olmadığından, mediasiyada iştirak etməyən üçüncü şəxslərin və hər hansı digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından, tərəflərin iradə ifadəsinə uyğun bağlandığından qaldırılan iddia tələbi barışıq sazişinin 4-cü və 5-ci bəndlərinin ləğv edilməsi hissəsində əsaslı hesab edilə bilməz və təmin edilməməlidir. Məhkəmə iddiaçının əmlak bölgüsü barədə tələbinə hüquqi qiymət verərək qeyd edir ki, iddiaçının barışıq sazişinin 4-cü və 5-ci bəndlərinin ləğv edilməsi hissəsində tələbi təmin edilmədiyindən, iddia tələbi bu hissədə də təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə hesab edir ki, iddia tələbləri təmin olunmadığından, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə…

QƏT ETDİ:

İddiaçı Cavabdeh qarşı iddiaçı ilə Cavabdeh arasında 2 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin 4-cü bəndi ilə nəzərdə tutulmuş: “Tərəflər razılığa gəldilər ki, İddiaçı xx.xx.2024-cü il tarixə qədər mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən bağ evini övladı X7 adına notarial bağışlama müqaviləsi bağlamaqa aldırılması” və 5-ci bəndi ilə nəzərdə tutulmuş: “Tərəflər razılığa gəldilər ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsi, ev 53, mənzil 1, Yeni qaydalarla Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsi, 53, M11 ünvanında yerləşən 1 nömrəli mənzilin X10 notarial bağışlama müqaviləsi bağlamaqla qeydiyyata aldırılması” hissəsində ləğv edilməsi və ünvan 2 ünvanında yerləşən bağ evinin X8 ayrıca (fərdi) əmlakı kimi tanınması, onun mülkiyyətində olan Cavabdeh ilə birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsi, 53, M11, 1 saylı mənzilin tərəflər arasında bərabər paylarda bölünməsi barədə iddia tələbləri əsassız olduğu üçün təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar