Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1952/2023 16.11.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Rüstəmova Çinarə Mübariz qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər X17 və Cavabdeh2 qarşı aliment məbləğinin azaldılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X17 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(009)-914/2020 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək, xx.xx.2007-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2020-ci il tarixindən hesablanmaqla ondan hər ay qazancının 1/10 hissəsində alimentin tutularaq Cavabdeh2 ödənilməsi haqqında və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(009)-1437/2020 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək, xx.xx.2005-ci il təvəllüdlü X6, xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2020-ci il tarixindən hesablanmaqla ondan hər ay hər uşağa görə qazancının 1/10 hissəsində, cəmi üç uşağa görə qazancının 3/10 hissəsində alimentin tutularaq X16 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 aliment tutulması tələbi ilə ona qarşı Bakı şəhəri Səbail Rayon Məhkəməsində iddia qaldıraraq xx.xx.2007-ci il təvəllüdlü övladları X1 üçün ondan hər ay qazancının dörddə biri hissəsi qədər alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(009)-914/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin olunaraq, xx.xx.2007-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq ondan hər ay qazancının (başqa gəlirlərinin) 1/4 hissəsində alimentin tutulması haqqında qətnamə qəbul edilmişdir. O, qətnamədən narazı qaldığı üçün həmin qətnaməni apellyasiya və kassasiya instansiya məhkəmələrində mübahisələndirmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-7068/2020 saylı qətnaməsi ilə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan Ali Məhkəməyə kassasiya şikayəti versə də, şikayətin verilməsi üçün müəyyən edilmiş müddətin ötürülməsi əsas gətirilərək xx.xx.2021-ci il tarixli qərarla şikayəti təmin edilməmişdir. X17 ona qarşı alimentin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2005-ci il təvəllüdlü X6, xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay qazancının və başqa gəlirlərin yarısı miqdarında alimentin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(009)-1437/2020 saylı qətnaməsi ilə ondan xx.xx.2020-ci il tarixindən başlayaraq hər ay qazancının və başqa gəlirlərinin 1/2 hissəsi miqdarında alimentin tutulması haqqında qətnamə qəbul edilmişdir. O, qətnamədən narazı qaldığı üçün qətnaməni apellyasiya və kassasiya instansiya məhkəmələrində mübahisələndirmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)- 7375/2020 saylı və Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli qərarları qəbul edilərək şikayətləri təmin edilməmişdir. X5 “atalığın müəyyən edilməsi və s.” tələbə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.2006-cı il təvəllüdlü X3 atası olması faktının müəyyən olunması və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay gəlirlərinin 1/4 hissəsi miqdarında ailmentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3622/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2006-cı il tarixdə anadan olmuş X3 atasının İddiaçı olmasının müəyyən edilməsi və uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2021-ci il tarixdən hesablanmaqla hər ay qazancımın (başqa gəlirlərimin) 1/10 (onda bir) hissəsi miqdarında alimentin tutularaq X4 ödənilməsi barədə qətnamə qəbul edilmişdir. Bir müddət öncə cavabdehlərə tərəfindən aşağıdakı məzmunlarla mediasiya qaydasında təkliflər edilmişdir: X17 ilə olan ailə münsibətlərindən dünyaya gələn xx.xx.2005-ci il təvəllüdlü X6, xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X2 üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş aliment məbləğinin dəyişdirilərək, hər uşağa görə qazancının 1/10 hissəsi miqdarında olmaqla üç uşağa görə alimentin məbləğinin cəmi olaraq qazancının 3/10 hissəsi miqdarında müəyyən edilməsi barədə razılığa gəlinməsini X16 xx.xx.2022-ci il tarixli məktubla təklif etsə də, onun tərəfindən təklifinə cavab verilməmişdir. Cavabdeh2 ilə olan ailə münsibətlərindən dünyaya gələn xx.xx.2007-ci il təvəllüdlü X1 üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş aliment məbləğinin dəyişdirilərək, bir uşağa görə qazancının 1/10 hissəsi miqdarında müəyyən edilməsi barədə razılığa gəlinməsini Cavabdeh2 xx.xx.2022-ci il tarixli məktubla təklif etsə də, onun tərəfindən təklifinə cavab verilməmişdir. Cavabdehlər tərəfindən təklifinə cavab verilməməsindən sonra Mediasiya Şurasına müraciət edib tələblərinin icrasında köməklik göstərilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixində 5 saylı Mediasiya Təşkilatında iclas keçirilərək, MŞB/5-01209 saylı məktubla ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim edilib məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Bu səbəblə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bildirir ki, onun cavabdehlərlə qurduğu ailə həyatından ümumilikdə 5 uşağı vardır. Cavabdeh2 və X17 məhkəməyə müraciət edərkən digər nikahdan övladlarının olmasına əhəmiyyət verməyərək, hər biri uşağının sayına görə də aliment tutulması haqqında qətnamələrin qəbul edilməsinə nail olmuşlar. Qətnamələrdən narazı qaldığı üçün yuxarı instansiya məhkəmələrinə şikayət verərək qətnamələrin ləğv edilməsini, aylıq sabit olaraq tutulan alimentin miqdarının hər uşaq üçün əmək haqqının 1/10 hissəsi miqdarında ödəmək iqtidarında olduğunu bildirsə də, bu və digər hallar yuxarı instansiya məhkəmələrində icraat aparılarkən (işin əvvəlki instansiya məhkəmələrində baxılan zaman digər uşaqların mövcud olması ilə bağlı müvafiq sənədlərin tərəfindən təqdim edilməməsinə görə) həmçinin də cavabdehlərə etdiyi təkliflər də nəzərə alınmamışdır. Belə olan halda da, o, aldığı əmək haqqının 85 faizini (Mürşüdlü Ləman 50 faiz, Cavabdeh2 25 faiz, İsgəndərova Ülkər 10 faiz) alimentlərə ödəyir. Bu da onun maddi vəziyyətini çətinləşdirməklə dolanışığını mümkünsüz edərək hüquqlarını kobud şəkildə pozur. Hazırda hesab edir ki, ondan tutulmalı olan aliment məbləğlərinin tərəflərə münasibətdə hər uşağa görə gəlirlərinin 10 hissəsi miqdarına azaldılmasına dair qətnamə qəbul edilməlidir. O, övladlarının saxlanılması üçün alimenti ödəməkdən boyun qaçırmır və aldığı əmək haqqının 10 faizi onların hər birinin normal maddi təminatının ödənilməsinə kifayət edir. Qanunvericiliyin tələblərinə uyğun olaraq uşağın saxlanılması vəzifəsinin hər iki valideynin borcu olduğunu və Ailə Məcəlləsinin 76.1.3-cü maddəsinə əsasən üç və daha artıq uşağa görə tutulmalı olan alimentin maksimal məbləğinin qazancın yarısı hissəsi miqdarında olmalı olmasını əsas götürərək mövcud iddianı əsaslı və qanuni hesab edib məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X13 iddia ərizəsini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək onun təmin edilmədən saxlanılmasını xahiş etmiş və izah etmişdir ki, iddiaçı heç bir vaxt uşağı ilə maraqlanmayıb, uşaq atasını tanımır, o, ailə qurduğu qadınlarla nikaha daxil olmur, faktiki yaşayır, iddiaçı “vahabidir”, onu və uşağını kafir adlandırır, o isə övladına yaxşı təhsil verir, oğlu bir neçə dil bilir. Qanunvericilik uşaqla bağlı hər bir məsələdə uşağın maraqlarının üstün tutulmasını vurğulayır, halbuki iddiaçının tələbi təmin olunarsa, uşağının maddi təminatı nəzərə çarpan dərəcədə azalacaqdır. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh X18 məhkəmə iclasına gəlməmişdir, lakin məhkəməyə ərizə ünvanlayaraq, bildirmişdir ki, hal-hazırda ölkə hüdudlarından kənarda olduğu üçün məhkəmə iclasında iştirak edə bilmir, iddiaçı iddia ərizəsində beş uşağının hərəsinə gəlirlərinin 1/10 hissəsini, yəni 10%-ni vermək istəyirsə, bu, beş uşağa görə 50% edir ki, bu da ədalətli yanaşma sayıla bilər. Lakin bu şərtlə ki, əgər bu qayda başqa uşaqlara münasibətdə də təmin edilsin. Odur ki, məhkəmə qətnaməsi ilə alimentin müvafiq olaraq iddiaçının iddia tələbinə uyğun şəkildə azaldalıması ilə iddianın bərabərlik hüququnun pozulmaması şərti ilə digər cavabdehdən olan uşağına münasibətdə də təmin ediləcəyi təqdirdə iddiaçının ondan olan uşaqlarına münasibətdə də təmin edilməsinə etiraz etmədiyini, yekun məhkəmə qərarı çıxarılarkən mövqeyinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə baxıb, tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara görə iddia təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3622/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, xx.xx.2006-cı il tarixdə anadan olmuş X3 atasının cavabdeh İddiaçı olduğunun müəyyən edilməsi, qətnamənin xx.xx.2006cı il təvəllüdlü X3 doğum haqqında akt qeydində müvafiq düzəlişlərin edilməsi üçün əsas olması, xx.xx.2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2021-ci il tarixdən hesablanmaqla, İddiaçı hər ay qazancının (başqa gəlirlərinin) 1/10 (onda bir) hissəsi miqdarında aliment tutularaq X4 ödənilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-6331/2021 nömrəli qərarından görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(009)-914/2020 saylı qətnaməsi ilə Cavabdeh2 iddia tələbi qismən təmin olunaraq, xx.xx.2007-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq İddiaçı hər ay qazancının (başqa gəlirlərinin) 1/4 hissəsində aliment tutularaq Cavabdeh2 verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7068/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(009)- 914/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən cavabdeh İddiaçı vermiş olduğu kassasiya şikayəti Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 7068/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə kassasiya şikayəti vermə müddəti ötürüldüyündən kassasiya şikayəti geri qaytarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-6331/2021 nömrəli qərarı ilə cavabdeh İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7068/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-4878/2021 nömrəli qərarından görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(009)-1437/2020 saylı qətnaməsi ilə X14 iddiasının təmin edilməsi, cavabdeh İddiaçı, xx.xx.2020-ci il tarixdən başlayaraq, xx.xx.2005-ci il təvəllüdlü X10, xx.xx.2008-ci il təvəllüdlü X15 və xx.xx.2013-cü il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay qazancının və başqa gəlirlərinin 1/2 hissəsi miqdarında aliment tutularaq iddiaçı X16 ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7375/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(103)-7375/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-4878/2021 nömrəli qərarı ilə cavabdeh İddiaçı kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7375/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Elektron sistemdən çıxarışdan görünür ki, İddiaçı “X22 İnternational LLC” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində mühəndis, vəzifəsində çalışır və onun əmək haqqı 3920,08 manat təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam şəraitdə böyütməli, ümumtəhsil və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi sabit pul məbləğində alimentin müəyyən edilməsi zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanunu həmçinin tərəflərdən birinin ailə və ya maddi vəziyyətində yaranmış dəyişikliklə əlaqədar alimentin miqdarının azaldılması imkanını nəzərdə tutur. Lakin qanunun mənasına görə bu, yalnız o halda mümkündür ki, tərəf həqiqətən də ailə və ya maddi vəziyyətində əhəmiyyətli pisləşməsini təsdiq edən sübutları məhkəməyə təqdim etsin, habelə daha az alimentin ödənilməsi ilə də uşaqların layiqli həyat şəraitini təmin etmək mümkün olsun. İşdə olan arayışdan görünür ki, İddiaçı “X22 İnternational LLC” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində mühəndis vəzifəsində çalışır və onun əmək haqqı 3920,08 manat təşkil edir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, uşaqların maddi tələbatının əhəmiyyətli dərəcədə artması, yaşayış minimumu həddinin artaraq hazırki iqtisadi şəraitdə uşağın saxlanılması üçün xərclərin miqdarının dəyişməsi nəzərə alınaraq və tərəflərin birgə nikahından olan uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması prinsipi rəhbər tutularaq, məhkəmə qətnaməsi əsasında müəyyən olunmuş alimentin məbləğinin azaldılması uşaqların mənafeyinə ziddir, ona görə də, iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər X17 və Cavabdeh2 qarşı aliment məbləğinin azaldılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-1952/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1952/2023
16.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver