Məhkəmə qərarları › İş №2(009)-1961/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1961/2021

28.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1961/2021 28.07.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X6 Rüstəmlinin sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı - Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10.05.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 175 manat və uşaq 3 yaşına çatanadək saxlanılması üçün əlavə olaraq iddiaçının xeyrinə 100 manat alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdehlə 03 iyun 2020-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur və onların 10.05.2021-ci il tarixdə Yusif adlı uşaqları olmuşdur. Məhkəmə qətnaməsi ilə tərəflərin arasında olan nikah pozulmuşdur. Cavabdeh uşağın saxlanması üçün ona köməklik göstərmir. Qeyd olunanlara əsasən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verib, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin o məhkəmə iclasına gəlməmiş, bunun üzlrü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş AZ-İV № 607779 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından 10 may 2021-ci il təvəllüdlü X3 anadan olmuşdur. Səbail rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli qətnaməsindən görünür ki, tərəflər arasında olan nikah pozulmuş və X1 hamiləliyi dövründə 19.02.2021-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 175 manat sabit pul məbləğində tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğində alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə uyğun olaraq alimentin tutulmasının əvvəli iddiaçı məhkəməyə müraciət etdiyi vaxtdan, yəni 05.07.2021-ci il tarixdən hesablanmalıdır. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» 29.12.2020-ci il tarixli Qanuna əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Alimentin miqdarını müəyyən edərkən məhkəmə uşağın mənafeyini, onun əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını, respublikada 2021-ci il üçün uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu məbləğini, eyni zamanda tərəflərin maddi və sosial vəziyyətini nəzərə alaraq hesab edir ki, tərəflərin azyaşlı uşaqları 10.05.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən hər ay 175 manat sabit pul məbləğində alimentin tutulması uşağın mənafeyi baxımından məqsədəuyğundur. Məhkəmə həmçinin iddia tələbinin iddiaçının 10.05.2021-ci il təvəllüdlü X2 doğulduğu gündən 3 yaşına çatanadək onun özü üçün hər ay 100 manat əlavə xərcin cavabdehdən tələb etməsi qismən əsaslıdır, ona görə də qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1 və 84.2-ci maddələrinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda arvad hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 86-cı maddəsinə əsasən aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Məhkəmə əlavə xərcin miqdarını müəyyən edərkən, tərəflərin mənafelərini, həmçinin cavabdehin əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, 05.07.2021-ci il tarixdən başlayaraq uşağın 3 yaşına çatanadək hər ay 50 manat sabit pul məbləğində pul vəsaiti Cavabdeh tutulub İddiaçı verilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. (119.2.) Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci və 9.1.2-ci maddəsinə müvafiq olaraq məhkəməyə verilən iddia ərizələri üzrə iddia qiyməti 500 manatdan çox olduqda dövlət rüsumunun qiyməti 30 (otuz) manat miqdarında, 500 manatadək olduqda isə dövlət rüsumunun qiyməti 20 (iyirmi) manat müəyyən edilmişdir. Aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə iddianın qismən təmin olunduğunu, iddiaçının qanunla müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edildiyini nəzərə alaraq və sadalanmış normaları hazırki iş üzrə tətbiq edərək belə qənaətə gəlir ki, iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən 15 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 10.05.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat məbləğində aliment, həmçinin uşağın 3 yaşına çatanadək hər ay 50 manat məbləğində pul vəsaiti 28.07.2021-ci il tarixdən başlayaraq Cavabdeh tutulub (alınıb) İddiaçı ödənilsin (verilsin). Cavabdeh 15 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar