Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1988/2022 04.11.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli İlkin Şahin oğlunun sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı “sığorta ödənişi” tələbinə dair mülki işə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı “sığorta ödənişi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 49,828 manat məbləğində sığorta ödənişinin və 240 manat dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, 25 mart 2022-ci il tarixdə saat 15:50də ona məxsus “Toyota RAV4” markalı ** ET *** dövlət qeydiyyat nişanlı avtomobillə Səbail rayonu, Ü.Hacıbəyli küçəsi ilə üzü Sahil bağı istiqamətində hərəkətdə olan zaman anidən Azadlıq prospekti ilə hərəkətdə olan avtomobil iddiaçının idarə etdiyi avtomobilin sağ tərəfindən vuraraq avtomobili sol tərəfə aşırtmışdır. Qeyd olunan hadisə Səbail RPİnin Təhqiqat Şöbəsinin təhqiqatçısı tərəfindən araşdırılmış və araşdırmanın nəticəsində müəyyən edilmişdir ki, sürücü X5 xx.xx.2022-ci il tarixdə özünə məxsus “Opel Astra” markalı, ** VZ *** dövlət nömrə nişanlı avtomaşını ilə Azadlıq prospektində üçüncü zolaqla üzü Neftçilər prospekti istiqamətində hərəkətdə olan zaman svetaforun qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirərək iddiaçıya məxsus “Toyota RAV4” markalı ** ET *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində sonuncunun dərəcəsi təyin edilməyən bədən xəsarətinin yetirilməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. İddiaçı ona məxsus “Toyota RAV4” markalı ** ET *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2022-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında əldə etmişdir. Həmin avtomobili əldə edən zaman qeyd olunan avtomobil xx.xx.2022-ci il tarixdən Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən kasko sığorta ilə sığortalanmışdır. Hadisə barədə dərhal sığorta şirkətinə məlumat verilməsinə və müvafiq sənədlərin təqdim olunmasına baxmayaraq, sığorta şirkəti tərəfindən sığorta öhdəliklərinin icra edilməsindən imtina edilmişdir. "xxxx" MMC tərəfindən avtomobilə dəymiş ziyan 35,628 manat məbləğində hesablanmışdır. Avtomobil 2021-ci il istehsalı idi və hadisə zamanı dəymiş ziyana görə avtomobil əmtəə dəyərindən düşmüşdür. Qeyd olunan olunan avtomobil 71.000 manat qiymətə əldə edildiyinə görə həmin dəyərin 20% həcmində avtomobil əmtəə dəyərindən düşmüşdür və bununla da, iddiaçıya əlavə olaraq 14,200 manat məbləğində ziyan dəymişdir.Göstərilənlərə əsasən məhkəmədən iddiasının təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. Cavabdeh tərəfindən təqdim olunmuş etirazda qeyd edilmişdir ki, “Toyota RAV4” markalı ** ZX *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdə avtonəqliyyat vasitələrinin könüllü sığortası növü üzrə Cavabdeh Sığorta Şirkətində sığortalanmışdır. Sığorta şəhadətnaməsi üzrə sığortalı qismində "xxxx" MMC, faydalanan şəxs qismində isə X3 göstərilmişdir. “Toyota RAV4” markalı ** ZX *** dövlət qeydiyyat nişanlı avtomobilin dövlət qeydiyyat nişanı ** ET *** ilə əvəz edilməsinə baxmayaraq, bu barədə də məlumat sığortaçıya təqdim edilməmişdir. Avtomobilin özgəninkiləşdirilməsi barədə sığortaçı məlumatlı olmamış, sığorta müqaviləsi üzrə avtomobilin yeni mülkiyyətçisinə təminatın ötürülməsinə razılıq verilməmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz ərizəsinin məzmununa uyğun izahat verərək iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, işdə olan sübutları tədqiq edib, onları məcmusu üzrə qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan: Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Toyota RAV4” markalı ** ET *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 13 aprel 2022-ci il tarixli qərarın surətindən görünür ki, X5 İXM-nin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün qəbul edilmiş qərar icra olunması üçün Səbail RPİ-nin DYPŞ-nə göndərilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, sürücü X5 xx.xx.2022-ci il tarixdə özünə məxsus “Opel Astra” markalı, ** VZ *** dövlət nömrə nişanlı avtomaşını ilə Azadlıq prospektində üçüncü zolaqla üzü Neftçilər prospekti istiqamətində hərəkətdə olan zaman svetaforun qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirərək iddiaçıya məxsus “Toyota RAV4” markalı ** ET *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində sonuncunun dərəcəsi təyin edilməyən bədən xəsarətinin yetirilməsinə səbəb olan yolnəqliyyat hadisəsi törətmişdir. **********7 nömrəli avtonəqliyyat vasitəsinin sığorta şəhadətnaməsindən görünür ki, sığortalı qismində "xxxx" MMC, faydalanan şəxs qismində isə X3 göstərilmişdir. İcbari sığorta müqaviləsinə dair məlumat vərəqəsindən görünür ki, “Toyota RAV4” markalı ** ET *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən xx.xx.2022-cil tarixli müqavilə ilə sığortalanmışdır. Faydalanan şəxs isə X3 göstərilmişdir. "xxxx" MMC tərəfindən tərtib olunmuş Qiymətləndirmə aktında qeyd edilmişdir ki, “Toyota RAV4” markalı ** ET *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün ümumilikdə 35,628 manat pul vəsaiti tələb olunur. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, “Toyota RAV4” markalı ** ZX *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixli müqavilə ilə “Avtonəqliyyat vasitələrinin könüllü sığortası” növü üzrə sığortalanmışdır. İddiaçı alqı-satqı müqaviləsi ilə həmin avtomobili əldə etmiş və bundan sonra avtomobilə ** ET *** dövlət qeydiyyat nişanı təhkim edilmişdir. Bundan sonra X5 xx.xx.2022-ci il tarixdə özünə məxsus “Opel Astra” markalı, ** VZ *** dövlət nömrə nişanlı avtomaşını ilə Azadlıq prospektində üçüncü zolaqla üzü Neftçilər prospekti istiqamətində hərəkətdə olan zaman svetaforun qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirərək iddiaçıya məxsus “Toyota RAV4” markalı ** ET *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində sonuncunun dərəcəsi təyin edilməyən bədən xəsarətinin yetirilməsinə səbəb olan yolnəqliyyat hadisəsi törətmişdir. İddiaçı avtomobilə dəymiş zərərin ödənilməsi üçün cavabdeh sığorta şirkətinə müraciət etməsinə baxmayaraq, şirkət sığorta ödənişi etməkdən imtina etmişdir. AR Mülki Məcəlləsinin: 884.6-cı maddəsinə əsasən faydalanan şəxs icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli olan şəxsdir. Sığorta müqaviləsində faydalanan şəxs qismində başqa şəxs nəzərdə tutulmamışdırsa, sığortalı və (və ya) sığorta olunan faydalanan şəxs sayılır 912.1-ci maddəsinə əsasən sığortalı bu Məcəllənin 911.2-ci maddəsinə uyğun olaraq bildirilmiş hallarla bağlı sığorta müqaviləsi bağlandıqdan sonra meydana çıxan bütün dəyişikliklər barədə sığortaçıya və ya sığortaçının adından çıxış edən sığorta vasitəçisinə məlumat verməlidir. 911.2-ci maddəsinə əsasən sığorta müqaviləsi bağlanarkən sığortalı özünə məlum olan, habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat verməlidir. 919.1.4-cü maddəsinə əsasən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda, yaxud sığorta müqaviləsində digər hal nəzərdə tutulmamışdırsa, sığortalanmış əmlak özgəninkiləşdirilərkən sığortaçı sığortalının hüquq və vəzifələrinin əmlakın yeni mülkiyyətçisinə, sahibinə və ya istifadəçisinə keçməsinə etiraz etdikdə; əmlak özgəninkiləşdirilərkən sığortaçı sığortalının hüquq və vəzifələrinin əmlakın yeni mülkiyyətçisinə, sahibinə və ya istifadəçisinə keçməsinə etiraz etmədikdə əlavə sığorta haqqı ödənilmədən sığorta müqaviləsi üzrə sığortalı dəyişdirilir. “Avtonəqliyyat vasitələrinin könüllü sığortası” Qaydalarının 44.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin və yaxud ondan istifadə hüquqlarının digər şəxsə verilməsi halında, sığortaçının razılığı olmasa, sığorta müqaviləsi ilə verilən sığorta təminatı, alıcıya və ya Avtonəqliyyat vasitəsinə hüquqları alan hər hansı digər şəxsə aid edilmir. Məhkəmə işin hallarını yuxarıda istinad edilən normalar ilə yanaşı yoxlayaraq qeyd edir ki, “Toyota RAV4” markalı avtomobil xx.xx.2022-ci il tarixdə “Avtonəqliyyat vasitələrinin könüllü sığortası” növü üzrə sığorta edilərkən başqa şəxsin mülkiyyətində olmuşdur. Daha sonra iddiaçı avtomobili alqı-satqı müqaviləsi ilə əldə etməsinə baxmayaraq, qanunvericiliyin tələblərinə riayət etməmiş və sığortalanan avtomobilin alqı-satqısı barədə sığortaçını lazımi qaydada məlumatlandırmamışdır. Belə olan halda sığortaçı sığortalının hüquq və vəzifələrinin əmlakın yeni mülkiyyətçisinə, sahibinə və ya istifadəçisinə keçməsinə iradə ifadəsini bildirməkdən məhrum olmuşdur. Eyni zamanda məhkəmə qeyd edir ki, qanunun tələbinə görə faydalanan şəxs icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli olan şəxsdir. İş materiallarından isə görünür ki, sözügedən avtomobil barəsində bağlanmış sığorta müqaviləsinə əsasən faydalanan şəxs İddiaçı deyil, X2r. Belə olan halda hazırki mübahisə üzrə iddiaçı sığorta ödənişi tələb etmək hüququna malik deyildir. Belə ki, hazırkı mübahisə ilə bağlı məhkəmə qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən, hakim öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin MPM-nin 119-cu maddəsinə əsaslanaraq hesab edir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün və iddia təmin olunmadığından, məhkəmə xərclərinə aid edilən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14, 77, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı “sığorta ödənişi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilən dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə tərəfə təqdim olunduqdan 1(bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ
Məhkəmə qərarları › İş №2(009)-1988/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1988/2022
04.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver