Məhkəmə qərarları › İş №2(009)-1993/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1993/2020

08.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1993/2020 08.10.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əliyeva Aygün Həsən qızının katibliyi, İddiaçı, Cavabdeh, onun etibarnamə üzrə nümayəndəsi və vəkili X3 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(009)-1499/2019 saylı qətnaməsilə təyin olunmuş aliment məbləği azaldılaraq hər uşaq üçün 80 manat olmaqla cəmi 160 manat aliment qət edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2013-cü il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2014cü il tarixdə Yusif və xx.xx.2015-ci il tarixdə Tunar adlı iki uşaqları anadan olmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(009)-1499/2019 saylı qətnaməsinə əsasən cavabdehlə aralarında olan nikah pozulmuş və ondan iki uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cəmi 320 manat ondan alınaraq cavabdeh NamazovaTürkan Vaqif qızına verilməsi qət edilmişdir. O hal-hazırda işsizdir, heç bir yerdə işləmir. Fəhləlik edir, aylıq qazancı təqribən 100 manat olur. Cavabdehin kifayət qədər qazancı vardır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh iddia tələbini qəbul etməyərək onun təmin edilmədən saxlanılmasını xahiş etdi və izah etdi ki, onun övladlarından biri xx.xx.2014-cü il təvəllüdlü X4 “Ataksik serebral iflic” xəstəliyindən əziyyət çəkir. Bununla yanaşı, uşağın bütün müalicə xərcləri onun özü tərəfindən təmin edilir, iddiaçı nəinki uşağın müalicə xərclərini ödəmir, hətta məhkəmə tərfindən uşaqların sxlanılması üçün təyin olunmuş alimenti də vaxtında ödəmir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili iddia tələbini qəbul etməyərək onun təmin edilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarıını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1499/2019 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsindən görünür ki, tərəflər arasında olan xx.xx.2013cü il tarixli nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2014-ci il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X2 anaları Cavabdeh yanında saxlanılmaları, uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı hər ay, hər uşağa görə 160 manat, cəmi 320 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. İş materiallarında olan 1966 saylı, xx.xx.2020-ci il tarixli Tovuz RİHB-nın Aşağı Quşçu kənd İƏD üzrə nümayəndəsinin arayışından görünür ki, İddiaçı hal-hazırda Aşağı Quşçu kəndində yaşayır və qeydiyyatdadır. İş materiallarında olan AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünürr ki, İddiaçı xx.xx.1989-cu ildə Tovuz rayonu, Aşağı Quşçu kəndində anadan olmuş, Tovuz rayonu, Aşağı Quşçu kəndində qeydiyyatdadır. İş materiallarında olan Tovuz rayon Qeydiyyat Şöbəsinin arayışından görünür ki, X5 xx.xx.2015-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası İddiaçı, anası Cavabdehdır. İş materiallarında olan Tovuz rayon Qeydiyyat Şöbəsinin arayışından görünür ki, X4 xx.xx.2014-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası İddiaçı, anası Cavabdehdır. Təqdim olunmuş AR Səhiyyə Nazirliyi Uşaqlar üçün X6 Komissiyasına 2704003AAA72 nömrəli göndərişdən görünür ki, xx.xx.2014-ci il təvəllüdlü X4 “Ataksik serebral iflic” xəstəliyindən əziyyət çəkir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam şəraitdə böyütməli, ümumtəhsil və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi sabit pul məbləğində alimentin müəyyən edilməsi zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanunu həmçinin tərəflərdən birinin ailə və ya maddi vəziyyətində yaranmış dəyişikliklə əlaqədar alimentin miqdarının azaldılması imkanını nəzərdə tutur. Lakin qanunun mənasına görə bu, yalnız o halda mümkündür ki, tərəf həqiqətən də ailə və ya maddi vəziyyətində əhəmiyyətli pisləşməsini təsdiq edən sübutları məhkəməyə təqdim etsin, habelə daha az alimentin ödənilməsi ilə də uşaqların layiqli həyat şəraitini təmin etmək mümkün olsun. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” xx.xx.2020-ci il tarixli Qanunla 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat müəyyən edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, uşaqların maddi tələbatının əhəmiyyətli dərəcədə artması, yaşayış minimumu həddinin artaraq hazırki iqtisadi şəraitdə uşağın saxlanılması üçün xərclərin miqdarının dəyişməsi nəzərə alınaraq və tərəflərin birgə nikahından olan uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması prinsipi rəhbər tutularaq, məhkəmə qətnaməsi əsasında müəyyən olunmuş alimentin məbləğinin azaldılması uşaqların mənafeyinə ziddir, ona görə də, iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar