Məhkəmə qərarları › İş №2(009)-1994/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1994/2021

14.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1994/2021 14.09.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əkbərli Leyla Mirfazil qızının katibliyi, Cavabdeh «Azərbaycan Sənaye Sığorta” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh «Azərbaycan Sənaye Sığorta” Açıq Səhmdar Cəmiyyətinə qarşı «sığorta ödənişinin ödənilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdeh «Azərbaycan Sənaye Sığorta” Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 4275 (dörd min iki yüz yetmiş beş) manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı 19 dekabr 2020-ci il tarixdə, gecə saat 00:10 radələrinda özünə məxsus **-ZN-*** dövlət nömrə nişanlı MERSEDES-BENZ markalı avtomobil ilə Göyçay rayonunun Çayarxı kəndi ərazisində hərəkətdə olarkən havanın yağışlı olması səbəbindən idarəetməni itirmiş və avtomobil sürüşərək yolun əks istiqamətinə çıxmışdır. Bu zaman həmin yolda hərəkətdə olan **-DR-*** dövlət nömrə nişanlı OPEL-ASTRA markalı avtomobilin sürücüsü üzbəüz toqquşma ilə nəticələnə biləcək qəzadan qaçmaq məqsədi ilə avtomobili yolun kənarındakı daşdan tikilmiş mağazaya çırpmış, nəticədə OPEL-ASTRA markalı avtomobilə və mağazaya külli miqdarda ziyan dəymişdir. İddiaçı hadisə yerinə DYP əmakdaşların və avtomobilin sığorta edildiyi cavabdeh "xxxx" Açıq Sahmdar Cəmiyyətinin yerli nümayandəsini çağırmışdır. DYP əməkdaşları hadisə ilə əlaqəli olan bütün prossesual hərəkətləri yerinə yetirmiş və nəticədə İddiaçı da hadisənin onun təqsiri olması səbəbindən baş verdiyini etiraf etmiş və DYP inspektoru onun barəsində protokol tərtib etmişdirlər. Hadisənin baş verməsi ilə əlaqədar ondan geniş izahat alınmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, avtomobili idarə edən X2r. Onun sürücülük vəsiqəsi var və içkili deyildi, lakin avtomobil digər sərnişin X4 məxsusdur. Hadisə yerinə gələn cavabdehin nümayəndəsi baş vermiş yol-nəqliyyat hadisəsinə görə qarşı tərəfə heç bir ödənişin edilməyəcəyini bildirmiş, əsas olaraq isə hadisənin avtomobilin digər avtomobilə dəyməməsi ilə əlaqələndirmişdir. Baxmayaraq ki, yol nəqliyyat hadisəsinin təfərrüatları hadisənin İddiaçı günahı ucbatından baş verdiyinə əsas versə də, cavabdehin nümayəndəsi bunu heç bir halda qəbul etməyəcəyini və heç bir sığorta pulu ödənişi edilməyəcəyini bildirmişdir. İddiaçı dəfələrlə cavabdeh qurum ilə əlaqə saxlamış və rəsmi müraciətlər edərək vurulmuş ziyana görə ödəniləcək pulu onlardan tələb etmişdir. Amma buna baxmayaraq cavabdeh qurum heç bir halda pul ödənilməyəcəyini bildirərək onun müraciətlərinə imtina cavabı vermişdirlər. Bundan sonra Göyçay şəhərinda yerləşən "xxxx" MMC-də OPEL-ASTRA markalı avtomobilə dəymiş ziyanın miqdarı müəyyənləşdirmişdir. Dəymiş-ziyanın məbləği qüsur aktı əsasında 4275 (dörd min iki yüz yelmiş beş) manat məbləğində dəyərləndirilmişdir. İddia ərizəsinə əlavə edilmiş 08.08.2020-ci il tarixli PSS********** nömrəli icbari siğorta müqaviləsindən görünür ki, siğorta edən ümumilikdə 50.000 manat məbləğində siğorta müqaviləsi bağlamışdır. Bundan əlavə əmlaka vurulmuş ziyana görə 5000 manat ödəyəcəyini üzərinə öhdəlik götürmüşdür. Göyçay RPŞ-nin YPX-nin inispektoru tərəfindən tərtib edilmiş 19.12.2020-ci il tarixli TP 40952020 nömrəli X7 haqqında qərarından görünür ki, hadisə İddiaçı təqsiri səbəbindən baş verdiyindən AR-nın İXM-nin 342.0 və 327.2-ci maddəsinə əsasən onun barəsində 60 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Göstərilənlərə əsasən, cavabdeh qurum ilə İddiaçı arasında bağlanmış icbari sığorta müqaviləsi üzrə öhdəlik cavabdeh tərəfindən pozularaq İddiaçı vurulmuş ziyana görə 4275 (dörd min iki yüz yetmiş beş) manat məbləğində pul cavabdeh tərəfindən ödənilmədiyindən həmin pul məhkəmə qaydasında cavabdehdən tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə iclasında cavabdeh «Azərbaycan Sənaye Sığorta” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, hadisədən dərhal sonra sığorta hadisəsi olub-olmamasını müəyyən etmək üçün nümayəndə hadisə yerinə gedib, foto çəkiliş edib. İddiaçı toqquşma olmasa belə, qayda pozduğuna görə ödəniş etməli olduqlarını deyir. Yol hərəkəti qaydalarını pozmağa görə DYP əməkdaşları protokol tərtib edə bilər. O demək deyil ki, mülki məsuliyyət yaranıb. Avtomobilin dəyməsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və ya əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. Sığorta hadisəsi hesab olunmadığından sözügedən nəqliyyat hadisəsinə görə sığorta ödənişini həyata keçirmək mümkün deyil. Eyni zamanda DYP-yə müvafiq sənədlərin surətlərini və arayışı təqdim edilməsi barədə sorğu verilmiş, lakin, sənədlər təqdim olunmamışdır. Dəymiş ziyanın məbləğini sığortaçı müəyyən edir, lakin onlar qəzanı sığorta hadisəsi saymadıqları üçün qiymətləndirmə aparmağa ehtriyac duymamışlar. Hər hansı müəssisə tərəfindən tərtib olunmuş aktı qəbul etmirlər. Bu səbəbdən, iddia ərizəsinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə bacmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işə baxıb, cavabdehin nümayəndəsinin izahatını dinləyib, təqdim edilmiş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan İcbari siğorta müqaviləsinə dair məlumatdan görünür ki, «Azərbaycan Sənaye Sığorta” Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında 12 ay müddətinə **-ZN-*** dövlət nömrə nişanlı MERSEDES-BENZ markalı avtomobil üçün AVSMMİS növlü 08.08.2020-ci il tarixli PSS********** saylı icbari siğorta müqaviləsi bağlanmışdır. İş materiallarında olan TP ******* saylı, 19.12.2020-ci il tarixli X7 haqqında Qərardan görünür ki, İddiaçı Azərbaycan Respublikası İXM-nin 342.6, 327.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 60 manat məbləğində cərimə növündə tənbeh tətbiq edilmişdir. İş materiallarında olan VOLQA MMC-nin 2 nömrəli, 24 dekabr 2020-ci il tarixli Arayışından görünür ki, zərər aktına əsasən **-DR-*** dövlət nömrə nişanlı OPEL-ASTRA avtomobilinə 4275 AZN manat ziyan dəymişdir. İş materiallarında olan İddiaçı tərəfindən «Azərbaycan Sənaye Sığorta” Açıq Səhmdar Cəmiyyətinə ünvanlanmış ərizədən görünür ki, İddiaçı 19 dekabr 2020-ci il tarixdə Göyçay rayonunun Çayarxı kəndi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X4 dəymiş ziyan olaraq hesablanmış və tərəfindən ona nəğd olaraq ödənilmiş 4275 (dörd min iki yüz yetmiş beş) manatın (ödənilməsinə) köməklik göstərilməsini xahiş etmiş, əks təqdirdə həmin məbləğin ödənilməsi məqsədi ilə qanunvericilikdə nəzərdə tutlmuş qaydada Məhkəməyə müraciət edəcəyini bildirmişdir. İş materiallarında olan «Azərbaycan Sənaye Sığorta” Açıq Səhmdar Cəmiyyəti İddiaçı ünvanladığı 22.01.2021-ci il tarixli, 21/031 saylı məktub ilə bildirmişdir ki, 19 dekabr 2020-ci il tarixdə Göyşay rayonu Çayarxı kəndində baş vermiş yol-nəqliyyat hadisəsi “avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası” üzrə sığorta hadisəsi hesab olunmadığından, sözügedən yol-nəqliyyat hadisəsinə görə Sizə sığorta ödənişini həyata keçirmək mümkün deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin maddənin 2-ci hissəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “İcbari sığortalar haqqında” Qanunun 5.2-ci maddəsinə əsasən müvafiq əmlak mənafelərini icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş və sığortaçı ilə bağlanan icbari sığorta müqaviləsinin tərəfi olan fiziki və ya hüquqi şəxs sığortalı hesab edilir. Qanunun 17.1.9-cu maddəsinə görə, mülki məsuliyyətin icbari sığortası üzrə sığortalı və ya sığorta olunan tərəfindən əmlaka vurulan zərərin əvəzi ödənilmiş olduqda və ya sağlamlığa vurulan zərərlə əlaqədar hər hansı ödəmə həyata keçirildikdə belə ödəməni təsdiq edən sənədin müvafiq qaydada təsdiq edilmiş surəti təqdim edilməlidir. Qanunun 20.6-cı maddəsinə görə, Sığorta hadisəsi nəticəsində üçüncü şəxsin əmlakına vurulan zərərin əvəzi sığortalı və ya sığorta olunan, həmçinin üçüncü şəxsin bağlamış olduğu digər müvafiq sığorta müqaviləsini tərəfi olan sığortaçı tərəfindən tam ödənildikdə, sığortaçı sığorta ödənişini sığorta məbləği həddində sığortalıya və ya sığorta olunana, yaxud da subroqasiya qaydasında tələb irəli sürmüş digər sığortaçıya verir. Bu halda sığorta ödənişinin məbləği sığortalının və ya sığorta olunanın, yaxud digər sığortaçının faydalanan şəxsə ödəmiş olduğu məbləğdən çox ola bilməz. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İş materiallarından göründüyü kimi, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutları, yəni ödəniş etməsinə dair sənədi məhkəməyə təqdim etməmişdir. Avropa insan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında göstərmişdir ki, “konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non rıeganti, irıcumbitprobatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər”. Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında göstərmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Beləliklə, yuxarıda şərh olunanlardan görünür ki, icbari sığorta qanunvericiliyinin tələbinə görə zərərvuran yalnız o halda sığorta ödənişi almaq, hüququ əldə edir ki, o, zərərçəkən şəxsə dəymiş zərəri tam ödəmiş olsun. İddiaçı isə bununla bağlı hər hansı bir sübutlar təqdim etmədən zərərçəkənə verilməli olan məbləği əsassız olaraq ona ödənilməsini tələb edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi əsassızdır və ona görə də, təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğlərinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbinin təmin edilməməsini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Q Ə T E T D İ : İddiaçı cavabdeh «Azərbaycan Sənaye Sığorta” Açıq Səhmdar Cəmiyyətinə qarşı «sığorta ödənişinin ödənilməsi» tələbinə dair iddiası əsassız olduğu üçün təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar