Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2008/2022 10.10.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Rüstəmova Çinarə Mübariz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cehiz əşyalarının çıxarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda olan Cavabdeh məxsus cehiz əşyalarının - 1 ədəd yataq dəstinin, 1 ədəd şifanerin, 2 ədəd yataq otağı üçün siyirtmənin, 1 ədəd Güzgülü termonun, 1 ədəd Servant qorkanın, 1 ədəd divanın və 2 ədəd kreslonun (bunlar bir dəstdir), 1 ədəd soyuducunun, 1 ədəd nazik türk xalçasının (qırmızı), 1 ədəd toz soranın (işləmir çünki özü istifadə edib), 1 ədəd ətçəkən maşının, 1 ədəd ütünün, 1 ədəd qızartma tavasının (Tefal), 1 ədəd çuqunlu qazanın (balaca), 2 ədəd adi qazanın, 1 ədəd aş süzənin, 2 ədəd su qrafinin, 1 ədəd mətbəx rəndəsinin, 6 ədəd dərin qabların (sup üçün), 6 ədəd salat qabların, 6 ədəd boşqabların, 6 ədəd kasaların, 6 ədəd küçük kasaların (qatıq üçün), 3-4 ədəd duz qabların, 10 ədəd xrustal vazaların, 1 dəst çay dəstinin (bəzək üçün), 10 ədəd çay stəkanların, 12 ədəd armudu stəkanların, 12 ədəd xırda rumkaların, 12 ədəd qədəhlərin (uzun rumka), 1 ədəd divar saatının, 2 ədəd gecə lampasının, 1 ədəd ipək yataq örtüsünün (Atlas, qırmızı), 1 dəst qapı və pəncərə pərdələrinin, 2 ədəd padnosların, 3 ədəd yun döşəklərin, 4 ədəd yastıqların, 6 ədəd dəsmalların -(əl), 2 ədəd hamam dəsmalların, 6 dəst prastinlərin, 1 ədəd Qurani-Kərimin (sarı qapaqlı), 1 ədəd lüstürun çıxarılması barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, N.Məlikov küçəsi, 17 saylı evin iki otaqlı 3 saylı mənzili ona məxsusdur. Həmin evdə o, xx.xx.2002-ci il tarixdən qeydiyyatdadır. Bakı şəhəri Sabunçu rayonu MKTB-nin 69 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2005-ci il tarixli Dövlət və İçtimai Mənzil Fondu evlərində yaşayış sahəsinin bir tipli müqaviləsinə əsasən həmin evin kirayəçisidir. Onun oğlu X11 2007-ci ilə qədər cavabdehlə faktiki ər-arvad kimi, (daha doğrusu sevgili kimi) yaşamış, 2007-ci ildə onunla rəsmi nikah bağlamışdır. Onların bir övladı olmuşdur. Bundan sonra oğlu işləmək üçün Rusiya Federasiyasına Kamçatkaya getmişdir. Cavabdeh də onun yanına getmiş və bir müddət orada qalmış, ikinci uşağa hamilə olduqdan sonra, daha doğrusu uşaq onun ana bətnində 3 aylıq olanda Bakıya qayıtmışdır. Oğlu ilə cavabdeh ilk vaxtlar bir iki il müddətinə onun evində yaşamışlar, lakin oğlu Kamçatkaya getdikdən sonra 11 ildən artıqdır ki, cavabdeh onun evində yaşamır. Bakı şəhəri Səbail Məhkəməsinin xx.xx.2020-ci il qətnaməsinə əsasən oğlu ilə cavabdehin nikahı pozulmuş, həmin qətnaməyə əsasən oğlu cavabdehə hər ay 340 manat sabit pul məbləğində aliment ödəyir. Cavabdeh 11 ildən artıq bir müddətdir ki, oğlu ilə ailə həyatı qurarkən gətirmiş olduğu cehiz əşyalarını ona məxsus evin bir otağına yığaraq ağzını qıfılla bağlamışdır. Eyni zamanda, cavabdeh həmin otaqda olan ona məxsus əşyalardan onun istifadə etməsinə maneçilik törədir. Belə ki, uzun illərdir onların münasibətləri pozulmuşdur. Cavabdeh ataanasının evinə köçmüşdür. Yuxarıda göstərilən ünvanda Səbail rayonu ərazisində yaşayır. Oğlu isə Rusiya Federasiyasında işləyir və yaşayır. Dəfələrlə telefon vasitəsilə o, cavabdehdən xahiş etmişdir ki, özünə məxsus cehiz əşyalarını onun evindən çıxartsın, ona da imkan versin ki, öz əşyalarından və evindən sərbəst surətdə istifadə etsin. Lakin cavabdeh onun xahişinə məhəl qoymur. Ona görə də, o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək, təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbini qəbul etməyərək onun əsassız olduğundan təmin olunmamasını xahiş etmiş və bildirmişdir ki, mübahisəli mənzil iddiaçının şəxsi mülkiyyətində deyildir, mənzil dövlət mənzil fonduna məxsusdur. Cavabdeh iddiaçının oğlu ilə 2007-ci ildə ailə həyatı qurduqdan sonra iddiaçının və oğlunun yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, N.Məlikov küçəsi, 17 saylı evin iki otaqlı 3 saylı mənzilin sahəsi 15 kv.m. olan bir otağına köçərək, ailə üzvü kimi orada yaşamış və bütün cehiz əmlakını da həmin otağa gətirmişdir. Həmin mənzildə otaqların küçəyə giriş çıxışı ayrıdır. Həmin mənzildə cavabdehin iki övladı doğulmuşdur. İddiaçı cavabdehin ailəsinə müdaxilə etdiyi üçün tez-tez aralarında münaqişə baş vermiş, cavabdehi döydüyü üçün iddiaçı barədə iki dəfə məhkəmə hökmü çıxarılmışdır. İddiaçı 2009-cu ildə oğlu X7 mənzildən pasport qeydiyyatından çıxarılması barədə Sabunçu rayon Məhkəməsində iddia qaldırmış və iddiaçının oğlu X11 da anasına qarşı yaşayış sahəsinə köçürülməsi, mənzilin bölünməsi və mənzildə istifadə qaydasının müəyyən edilməsi barədə qarşılıqlı iddia irəli sürmüşdür. Sabunçu rayon Məhkəməsində işə baxılarkən iddiaçı X3 oğlu Arifin qarşılıqlı iddiasının qəbul etmiş və öz iddia tələbini geri götürmüşdür. Sabunçu rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməsi ilə iddiaçı X1 iddiası baxılmamış saxlanılmış, X7 qarşılıqlı iddiası isə təmin olunaraq, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, N.Məlikov küçəsi, 17 saylı evin 3 saylı mübahisəli mənzilinin 15 kv.m. sahədən ibarət olan yaşayış otağının tuşundan giriş qapısınadək evin bölünərək iki hissəyə ayrılması, mübahisəli mənzilin 15 kv.m. sahədən ibarət yaşayış otağı olan bölünmüş hissəsi X7 istifadəsində qalmaqla həmin ayrılmış sahənin kirayəçisi hesab edilməsi və həmin sahəyə ayrıca kirayə müqaviləsinin bağlanmasının Sabunçu rayon İcra Hakimiyyətinə tapşırılması qət edilmişdir. Beləliklə, göründüyü kimi, cavabdehin əmlakı iddiaçının icarəsində deyil, keçmiş həyat yoldaşının icarəsində olan mənzildə yerləşir və iddiaçının həmin mənzilə heç bir aidiyyatı yoxdur. Cavabdeh öz iki uşağı ilə birlikdə valideynlərinin evində yaşamaq məcburiyyətində qalmışdır, belə ki, iddiaçı onun mənzildə yaşamasını dözülməz hala gətirmişdir. Qeyd olunanlara əsasən iddia tələbi əsassızdır, ona görə də, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işə baxıb, tərəflərin izahatını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək, hesab edir ki, iddia əsassızdır və aşağıdakılara görə təmin olunmamalıdır. İş materiallarında olan Sabunçu Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli, 2- 732/2005 saylı qətnaməsindən görünür ki, X1 bir uşağı ilə birlikdə Bakı şəhəri, Sabunçu qəsəbəsi, N.Məlikov küçəsi, 17 saylı evin 3 saylı mənzilinin yaşayış sahəsinə istifadə hüququ tanınmaqla pasport qeydiyyatına alınaraq, həmin mənzilə dair onunla icarə müqaviləsi bağlanması qət edilmişdir. İş materiallarında olan dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini kirayə haqqında birtipli müqavilədən görünür ki, Sabunçu rayonu 69 saylı M.K.8 sahəsi bir tərəfdən və bundan sonra «kirayəçi» adlanan vətəndaş İddiaçı, digər tərəfdən № 2-732, xx.xx.2005-ci il tarixli Məhkəmə qətnaməsi əsasında aşağıdakılar barədə müqavilə bağladılar: «Kirayədar» «Kirayəçi»yə və onun ailə üzvlərinə Sabunçu qəsəbəsi, Nəsib Məlikov küçəsində 17 nömrəli evdə 3 nömrəli mənzildə 43 kvadrat metr yaşayış sahəsi müddətsiz istifadə üçün verilir. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(009)-842/2020 nömrəli qətnaməsindən görünür ki, X11 ilə Cavabdeh arasında xx.xx.2007-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayon qeydiyyat şöbəsində bağlanmış 1397 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, xx.xx.2007-ci il təvəllüdlü X9 və xx.xx.2011-ci il təvəllüdlü X8 anası Cavabdeh yanında saxlanılması və xx.xx.2007-ci il təvəllüdlü X9 və xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün X6 hər uşaq üçün hər ay 170 manat, cəmi 340 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir. Təqdim olunmuş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(008)-1206/09 saylı qətnaməsindən görünür ki, ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh X1 iddia ərizəsi baxılmamış saxlanılmış, X7 X2 qarşı qarşılıqlı iddia ərizəsi təmin edilərək, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, N.Məlikov küçəsi, ev 17, 3 saylı mübahisəli mənzilin 15 kv.m sahədən ibart olan yaşayış otağının tuşundan giriş qapısınadək evin bölünərək iki hissəyə ayrılması və mübahisəli mənzilin 15 kv.m sahədən ibarət yaşayış otağı olan bölünmüş hissəsi X7 istifadəsində qalmaqla həmin ayrılmış sahənin kirayəçisi hesab edilməsi və həmin sahəyə ayrıca kirayə müqaviləsinin bağlanmasının Sabunçu rayon İcra Hakimiyyətinə tapşırılması qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət trəfındən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinin tələbinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qanunverciliyə əsasən hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Bu baxımdan, vurğulanmalıdır ki, cavabdehə məxsus cehiz əşyalarının çıxarılması məsələsi həll edilərkən ilk növbədə iddiaçının belə bir tələbi irəli sürməyə subyektiv hüququnun olub-olmamasını aydınlaşdırmaq lazımdır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Daşınmaz əmlaka dair mülkiyyət haqqı da məhz belə hüquqlardan biridir. Hazırkı mülki işdə iddiaçı M.M.İsgəndorova cavabdehə məxsus cehiz əşyaların çıxarılması tələbini irəli sürərkən onun faktiki əsası qismində mübahisənin predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, N.Məlikov küçəsi, 17 saylı evin 3 saylı mənzilinin ona məxsus olduğunu göstərmişdir. Məhkəmə iclasında sübutların tədqiqi ilə kifayət qədər müəyyən olundu ki, Bakı şəhəri, Sabunçu qəsəbəsi, N.Məlikov küçəsi, 17 saylı evin iki otaqlı 3 saylı mənzili iddiaçının şəxsi mülkiyyətində deyildir, mənzil dövlət mənzil fonduna məxsusdur. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli, 2-732/2005 saylı qətnaməsinə əsasən iddiaçı X1 bir uşağı ilə birlikdə Bakı şəhəri, Sabunçu qəsəbəsi, N.Məlikov küçəsi, 17 saylı evin iki otaqlı 3 saylı mənzilinin yaşayış sahəsinə istifadə hüququ tanınmaqla pasport qeydiyyatına alınaraq, həmin mənzilə dair onunla icarə müqaviləsinin bağlanması qət edilmişdir. Cavabdeh xx.xx.2007-ci ildə iddiaçının oğlu X11 ilə 2007-ci ildə ailə həyatı qurduqdan sonra həyat yoldaşının yaşadığı və iddiaçının icarəçisi olduğu Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, N.Məlikov küçəsi, 17 saylı evin iki otaqlı 3 saylı mənzilin sahəsi 15 kv.m. olan bir otağına köçərək, ailə üzvü kimi orada yaşamış və bütün cehiz əmlakını da həmin otağa gətirmişdir. Həmin mənzildə cavabdehin iki övladı doğulmuşdur. İddiaçı cavabdehlə dava-dalaş saldığı üçün onun barəsində iki dəfə məhkəmə hökmü çıxarılmışdır. İddiaçı 2009-cu ildə oğlu X7 mənzildən pasport qeydiyyatından çıxarılması barədə Sabunçu rayon Məhkəməsində iddia qaldırmış və iddiaçının oğlu X11 da anasına qarşı yaşayış sahəsinə köçürülməsi, mənzilin bölünməsi və mənzildə istifadə qaydasının müəyyən edilməsi barədə qarşılıqlı iddia irəli sürmüşdür. Sabunçu rayon Məhkəməsində işə baxılarkən iddiaçı X3 oğlu Arifin qarşılıqlı iddiasının qəbul etmiş və öz iddia tələbini geri götürmüşdür. Sabunçu rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməsi ilə iddiaçı X1 iddiası baxılmamış saxlanılmış, X7 qarşılıqlı iddiası isə təmin olunaraq, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, N.Məlikov küçəsi, 17 saylı evin 3 saylı mübahisəli mənzilinin 15 kv.m. sahədən ibarət olan yaşayış otağının tuşundan giriş qapısınadək evin bölünərək iki hissəyə ayrılması, mübahisəli mənzilin 15 kv.m. sahədən ibarət yaşayış otağı olan bölünmüş hissəsi X7 istifadəsində qalmaqla həmin ayrılmış sahənin kirayəçisi hesab edilməsi və həmin sahəyə ayrıca kirayə müqaviləsinin bağlanmasının Sabunçu rayon İcra Hakimiyyətinə tapşırılması qət edilmişdir. Məhkəmə iclasında sübutların tədqiqi ilə eləəcə də müəyyən olunmuşdur ki, tərəflər arasında olan münaqişəli münasibətə görə cavabdehin mübahisəli mənzildə yaşaması mümkün olmamış və cavabdeh iki uşağı ilə birlikdə öz valideynlərinin yanında yaşamağa məcbur olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Beləliklə, məhkəmə iclasında sübutların tədqiqi ilə mübahisəli ünvan üzrə X7 icarəşisi olduğu 15 kv.m. sahəsi olan mənzilə münasibətdə iddiaçının hüququ müəyyən edilmədiyi üçün məhkəmə hesab edir ki, iddiaçı cavabdehin cehiz əşyalarının həmin mənzildən çıxarılması tələbini irəli sürmək üçün subyektiv hüquqa malik deyilldir. Bu hal isə iddia tələbinin rədd edilməsi üçün şərtsiz əsasdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə bu nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı cehiz əşyalarının çıxarılması tələbinə dair iddiası əsassızdır və təmin olunmamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı cehiz əşyalarının çıxarılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-2008/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2008/2022
10.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver