Məhkəmə qərarları › İş №2(009)-204/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-204/2022

30.03.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-204/2022 30.03.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyeva Leyla Mirfazil qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh, onun nümayəndəsi və vəkili Nümayəndə2, İddiaçı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDRX-nin 1 saylı Ərazi İdarəsi göstərilməklə) Cavabdeh qarşı müqavilənin və çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDRX-nin 1 saylı Ərazi İdarəsi göstərilməklə) Cavabdeh qarşı müqavilənin və çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X17 ilə Cavabdeh arasında Bakı şəhəri 9 saylı Notariat Kontorunda bağlanmış ünvan 1 ünvanına dair 03.06.2019-cu il tarixli renta müqaviləsinin ləğv edilməsi, həmin renta müqaviləsinə əsasən Cavabdeh adına ünvan 1 ünvana verilmiş çıxarışın ləğv edilməsi, ünvan 1 ünvanına dair mərhum X6 vəsiyyətnamə üzrə vərəsəsi İddiaçı mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, atası X12 xalası X17 öz mülkiyyətində olan ünvan 2 ünvanındakı mənzili 20.02.2016-cı il tarixdə ünvan 3 təsdiq etdirməklə ona vəsiyyət etməsi barədə vəsiyyətnamə tərtib etmişdir. Həmin mənzilə sonradan ünvan 1 ünvanı verilmişdir. Bu Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinin 31.05.2019-cu il tarixli arayışından da aydın olur. Atasının xalasına tez-tez baş çəkir, maddi tələbatlarının ödənilməsində ailələri yaxından kömək edirdi. Lakin 09.09.2021-ci il tarixdə X17 COVİD-19 virusuna yoluxduğundan vəfat etmişdir. Vəfat etməmişdən öncə atasının xalasının qonşusu olan Cavabdeh 82 yaşlı X7 aldadaraq Bakı şəhəri 9 saylı Notariat Kontoruna aparmış və onunla adıçəkilən mənzilə dair renta müqaviləsi bağlamışdır. Həmin renta müqaviləsi 03.06.2019-cu il tarixdə bağlanmışdır və həmin müqavilənin 4-cü bəndinə əsasən Cavabdeh hər ay 400 manat X8 ödəməli idi. Lakin inandırıcı olmayan məqam ondan ibarətdir ki, X17 özü ayda 700-800 manat civarında pensiya alırdı. X17 vəfat edərkən onun nəşini evdən çıxarmaq üçün onlar gələndə aydın oldu ki, mərhum bir neçə gündür evdə baxımsız vəziyyətdə qalmış və onun vəfat etməsindən heç Cavabdeh da məlumatı olmamışdır. Tərəflərindən dərhal Azərbaycan Respublikası DİN, Azərbaycan Respublikası FHN və təcili tibbi yardıma məlumat verildikdən sonra onun mənzilinin seyf qapısı FHN əməkdaşları tərəfindən açıldıqdan sonra X6 nəşini evdən götürmək mümkün olmuşdur. Bundan sonra, onların ailəsinə məlum olmuşdur ki, X17 vəfat etməmişdən öncə Səbail Rayon Məhkəməsinə Cavabdeh qarşı renta müqaviləsinin ləğvi ilə bağlı iddia ərizəsi ilə müraciət etmiş, məhkəmədə hüquqlarının təmsil və müdafiə olunması məqsədilə vəkil ilə də müqavilə bağlamışdır. Lakin məhkəməyə müraciət etməmişdən öncə aralarındakı müqaviləni rəsmiləşdirən Bakı şəhəri 9 saylı Notariat Kontorunun xüsusi notariusu Rəşadət Sadıqova müraciət edərək renta müqaviləsinin ləğv etdirməsini, Cavabdeh onu aldatdığını, ona heç bir ödəniş etmədiyini bildirdikdə notarius ona bu hal ilə əlaqədar olaraq məhkəməyə müraciət etməsini tövsiyyə etmişdir. Bundan sonra Səbail Rayon Məhkəməsinə etdiyi müraciətə əsasən mülki iş icraata götürülmüş, lakin Səbail Rayon Məhkəməsinin hakimi Rəna Qafarovanın 18.11.2021-ci il tarixli qərardadına əsasən iddiaçı vəfat etdiyinə görə mülki işə xitam verilmişdir. O, yəni İddiaçı hüquqlarının təmin edilməsi ilə bağlı Bakı şəhəri 46 saylı Notariat Kontoruna müraciət etmişdir və müraciətinə əsasən X6 vərəsəlik işi açılmış və o onun vəsiyyətnamə üzrə vərəsəsi kimi tanınmışdır. Məhkəmənin nəzərinə çatdırır ki, X6 pensiya kartını da Cavabdeh almış və aylıq pensiyasını o çıxarmışdır. Onların arasında mübahisə də İqlimənin Hicrandan öz pensiya kartını istəyəndən sonra düşmüşdür. Səbail Rayon Məhkəməsinə mərhum X6 özünün iddia ərizəsi ilə müraciət etməsi öz iradəsini ifadə etməsi kimi qiymətləndirilməli və həmin renta müqaviləsi ləğv edilməli, renta müqaviləsinə əsasən ünvan 1 ünvana Cavabdeh adına verilmiş Çıxarış ləğv edilməli, mənzil əvvəlki vəziyyətə qaytarılmalı, İddiaçı mərhum X6 vəsiyyətnamə üzrə vərəsəsi kimi tanınaraq mübahisəli mənzil üzərində onun mülkiyyət hüquqları rəsmiləşdirilməlidir. Çünki Səbail Rayon Məhkəməsinə verdiyi iddia ərizəsində X2 göstərir ki, müqaviləyə əməl etməyən Cavabdeh pensiya kartını da ondan almış və ona baxmamışdır, yəni müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri layiqincə yerinə yetirməmişdir. 16.12.2021-ci il tarixdə Cavabdeh iddia ərizəsinə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı iddia ərizəsi əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının iddia ərizəsində qeyd etdikləri həqiqətə uyğun deyil. O renta müqaviləsi üzrə bütün öhdəliklərini vaxtında və layiqincə icra etmişdir, hətta renta müqaviləsi bağlananadək də İqlimə Feyzullayevaya yardım edirdi. İddiaçının və onun atasının bir neçə ildir ki, İqlimə Feyzullayeva ilə əlaqəsi olmamışdır, onların arasında digər mənzil mübahisəsi olmuşdur. İqlimə Feyzullayevaya yalnız və yalnız o baxırdı və o, öz növbəsində, ona renta müqaviləsi bağlamağı təklif etdi. 2019-cu ildən ölənədək o İqlimə Feyzullayevaya baxmışdır, bütün ehtiyaclarını ödəyirdi, ayda ona pul şəklində həm 200 manat nağd vəsait ödəyirdi, həm də 200 manatdan artıq vəsaitə ərzaq, geyim, dərman və s. alırdı, onun evində işləyən xadiməçinin də vəsaitini o ödəyirdi. İqlimə Feyzullayeva ona qarşı qaldırılacaq hər hansı bir mübahisəsindən xəbərdar olmamışdır. O 24 avqust 2021-ci il tarixdə COVİD-19 virusuna yoluxmuşdur və onunla bu ərəfədə yalnız telefon vasitəsi ilə əlaqə saxlayırdı. Lakin buna baxmayaraq, onun ərzağını onun və onun qohumlarının puluna ya xadiməçi ya da elə qohumları alıb gətirirdi, İqlimə Feyzullayeva xəstələnəndən sonra onun dərmanlarını o alırdı. İddiaçının İqlimə Feyzullayevadan xəbərdar olmasının elə sübutu odur ki, İqlimə Feyzullayeva öz mənzilində yox, xəstəxanada rəhmətə getmişdir. İddia ərizəsində isə iddiaçı bildirir ki, X6 nəşini evdən götürmək mümkün olmuşdur. Yenə də bildirir ki, İqlimə Feyzullayeva öz mənzilində yox, xəstəxanada rəhmətə getmişdir. Onunla 03 sentyabr 2021-ci il tarixdə onun qohumu əlaqə saxladı ki, bəs İqlimə Feyzullayeva telefon zənglərinə cavab vermir, o isə ona bildirdi ki, o onunla elə bu gün səhər danışmışdır. Buna baxmayaraq, o evdən çıxıb, onun mənzilinin qapısını döydü, o açmadı, ondan sonra onun ona verdiyi mənzilin açarları ilə qapını açmaq istədi, məlum oldu ki, qapı içəridən açarla bağlanıb, açar isə qıfılda qalmışdır. Ona görə təcili tibbi yardım və FHN əməkdaşları çağırılmışdırlar. Qapı açılandan sonra İqlimə Feyzullayevanın vəziyyəti xəstəliyi ilə əlaqədar pisləşdiyi üçün onu Semaşko adlı xəstəxanaya apardılar. Xəstəxana ilə tanışlar vasitəsi ilə əlaqə saxlayırdılar, onlar İqlimə Feyzullayevanın vəziyyətinin ağır olduğunu bildirirdilər, 09 sentyabr 2021-ci il tarixdə isə İqlimə Feyzullayevanın rəhmətə getməsini və nəşinin qohumlarının apardıqlarını onlara bildirdilər. Əgər o həqiqətən İqlimə Feyzullayevaya heç bir ödəniş etməsəydi, bununla bağlı niyə bu günə qədər məhkəməyə verilməmişdir, halbuki, renta müqaviləsi iki ildən artıqdır ki, bağlanıb. Həmçinin, niyə iddianı İqlimə Feyzullayeva özü imzalamamışdır, niyə iddia məhz İqlimə Feyzullayeva xəstəxanada olduğu zaman verilmişdir? X34 ilə onun arasında gözəl münasibət olmuşdur. O, heç bir zaman onu məhkəməyə verməzdi və yazmazdı ki, o ona baxmamışdır, ona pul ödəməmişdir. Mərhumənin digər mənzilin satışından 178 min ABŞ dollar vəsaiti var idi, həmin vəsaitə o digər mənzil almışdır, sonradan həmin mənzili qohum vasitəsi ilə satmışdır, lakin o vəsaiti qohum ona verməmişdir. Ola bilsin bu vəsaiti geri tələb etmək üçün vəkilə etibarnamə verilmişdir ki, o , onu aldadan adamları məhkəməyə versin. Lakin kimsə İqlimə Feyzullayevanın xəstəxanada olmasından istifadə edərək ona qarşı məhkəməyə müraciət etmişdir. Üstəlik də İqlimə Feyzullayevanın adından imzalanmış iddia ərizəsinin əlavəsində sənədlərin siyahısında güya ona müqavilənin ləğvinə dair göndərilmiş təklif qeyd olunur, halbuki məhkəməyə göndərilmiş sənədlər arasında həmin təklif olmamışdır. Bundan hakim Rəna Qafarovanın icraatında olmuş işlə tanış olduqda əmin ola bilərsiniz. Bir daha bildirir ki, o ona yaxşı baxırdı, bütün tələbatlarını ödəyirdi, pul vəsaitləri verirdi, müqavilədə qeyd olunan öhdəlikləri artıqlaması ilə yerinə yetirirdi. Bunu qonşuları da təsdiq etməyə hazırdırlar. Eyni zamanda, onda bəzi ödəniş qəbzləri də qalmışdır və o onları məhkəməyə təqdim edəcək. Təəssüflər olsun ki, o bütün qəbzləri saxlamamışdır, çünki bilməmişdir ki, kimsə İqlimə Feyzullayevanın adından istifadə edərək ona qarşı məhkəməyə müraciət edəcək. O İqlimə Feyzullayevaya verdiyi pullar üçün ondan qəbzlər almamışdır, çünki onların arasında inam var idi. Ancaq, yenə də bildirir ki, onun ona qarşı olan münasibətlərinin, ona etdiyi yaxşılıqların şahidi qonşulardır, ərzaq dükanı işlədənlərdirlər. Məhkəmənin iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsinə uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, məhkəmədə iddia qaldırmaq üçün etibarnaməni 9 saylı notariat ofisində verib, hansı ki, renta müqaviləsi də orada bağlanıb. İqlimə xanım piyada 46 saylı notariata gedə bilərdi, amma notariusa gedə bilməyib, 9 saylı notariat ofisinin notariusu onun evinə gəlib. Çünki, notariusa zəng edərək Hicran xanımın ona baxmadığını, pensiya kartının onda olduğunu, bunun necə müqavilə olduğunu deyərək, ləğv etməsini istəyib. Notarius isə yalnızca iki tərəfin razılığı ilə ləğv edə biləcəyini, məhkəməyə müraciət etməli olduğunu deyib. Notarius İqlimə xanımın evinə gələrək, vəkilə etibarnamə verir. Hətta İqlimə xanım üçün tibb bacısı da çağırır. Bu göstərir ki, o müqaviləni sağ olarkən ləğv etmək istəyib. İqlimə xanımın kubinkada evi olub, başqa binada bacısı oğlunun ona verdiyi ev olub, istəməyib deyə satıb pulunu veriblər. İqlimə xanım 750 manat pensiya alırdı. Onun 400 manata ehtiyacı yox idi ki, renta müqaviləsi bağlayıb evi Hicran xanıma versin. Kamranın atası və anası İqlimə xanıma baxıb. Ona görə də evi Kamrana vəsiyyət edib. Nəsildə hamı Kamranı çox istəyib. Məhkəmənin iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 etiraz ərizəsinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, mübahisəli mənzilin nömrəsi 17-dir, lakin vəsiyyətnamədə 16 göstərilib. Halbuki həmin ünvana yeni nömrə 2006-cı ildə verilmişdir. İqlimə xanım isə 10 il sonra yazdığı vəsiyyətnamədə 16 nömrəli mənzil yazıb. Ümumiyyətlə isə vəsiyyətnamə imzalanmamışdır. Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 64-cü maddəsində qeyd edilib ki, vəsiyyətnamə yazılı şəkildə tərtib edildikdə vəsiyyət edən tərəfindən şəxsən imzalanmalıdır. İddiaçının bu cür iddia vermək hüququ yoxdur. Vəkil order olmadan iddia ərizəsini imzalaya bilməz. İddia ərizəsi öncə imzalanıb, sonra order verilib. Hansı ki, İqlimə xanım o zaman xəstəxanada idi və yanına heçkəs gedə bilməzdi. İddia ərizəsi poçtla göndərilib və saat qeyd olunmayıb. Hər şeydən əlavə iddia ərizəsi ayın 9-u göndərilib, ayın 10-u isə məhkəmənin icraatına daxil olub. Tərəf bildirir ki, o vəsiyyətnamə üzrə vərəsədir. Vəsiyyətnamə çox maraqlı formada tərtib olunmuşdur. Qanunun tələblərinə görə əgər heç bir şahid yoxdursa, şəxsin özü tərəfindən yazılıb imzalanmalıdır. Hazırki vəsiyyətnamədə isə imza yoxdur. Halbuki, hamımıza bəllidir ki, xanım özü savadlı bir xanım olmuşdur və bütün digər sənədlərdə imzası var. Eyni zamanda həmin vəsiyyətnamə 16 nömrəli mənzilə verilib, bizdə isə mübahisə predmeti 17 saylı mənzildir. Şahid notarius Tamilla xanım bildirib ki, biz onu araşdırmırıq. Yəni şəxs gəlir hansı mənzilə istəyirsə ona da yazır. Bütün bunlar onu göstərir ki, iddiaçının belə bir iddia vermək hüququ yoxdur. Bu barədə biz iddianın mümkün sayılmaması barədə ərizə də vermişik. Renta müqaviləsi ilə bağlı, renta müqaviləsinin ödənib ödənməməsi ilə bağlı məsələyə isə münasibətdə bildirir ki, renta müqaviləsi 2019-cu ildə bağlanıb. Tərəf iddia edir ki, ödənişlər olunmayıb. Əgər ödənişlər edilmirdisə, 2019-cu ildən 2021-ci ilə qədər xanım bunu mübahisələndirə bilərdi, lakin, bunu etməyib. Hesab edir ki, bu iddialar əsassızdır. Şahidlər də Hicran xanımın ərzaqlar aldığını təsdiqləyir. Şahidlərin hamısı demək olar ki, qonşulardır, yəni kənardan gələn adamlar deyil. Xanım ödənişləri də edib, qulluq da edib, ərzaq da alıb. Ödənişlər iki yaşlı xanımın arasında olub. Müqavilədə qeyd olunmaylb ki, ödənişlər sırf hansısa köçürmə yolu ilə aparılmalıdır. Məhkəmə iclasında şahid X32 izahat verərək bildirmişdir ki, İqlimə xanımla bir evli kimi yaşamışlar. İqlimə xanımın yoldaşının kubinkada atasından qalma evi var idi, sonra həmin ev plana düşmüş və 6 nömrəli məktəbin yanında 3 otaqlı ev almışdılar. İqlimə xanım ilə Hicran xanımın münasibətləri bir qonşu kimi yaxşı idi. İqlimə xanımın evinə bacısı ilə gedib-gəliblər heç vaxt Hicran xanımla aralarında müqavilə olmağı barədə nə isə deməyib. İqlimə xanım bazarlıq üçün Hicran xanıma pul verirdi, o da nə lazımdırsa alıbgətirirdi. İqlimə xanım 700 manatdan çox pensiya alırdı. İqlimə xanım deyirdi pensiya gəlsin, Hicrana verim alış-veriş etsin. Hicran xanım qəpiyinə qədər qaytarırdı. İqlimə xanım ölməmişdən bir həftə öncə zəng edərək xəstə olduğunu, Hicran xanımın ona baxmadığını dedi. O Hicran xanıma zəng etdikdə, İqlimə xanımın etdiyi hərşeyi başına vurduğunu, özünün də xəstə olduğunu demişdi. Məhkəmə iclasında şahid X18 izahat verərək bildirmişdir ki, İqlimə xanımla kubinkada qonşu olmuşlar. Bir-birinin evinə gedib-gəlmişlər. 6 nömrəli məktəbin yanına köçəndən sonra da gedib-gəlirdilər. İqlimə xanımın 2 otaqlı evi var idi. İqlimə xanım Hicran xanıma pul verirdi, o da hər şeyi alıb-gətirirdi. Qəpiyinə qədər qaytarırdı. Həmişə deyirdi, evi Kamrana vəsiyyət edəcək. Əti həmişə bacısının böyük oğlu-Adil alıb-göndərirdi. İqlimə xanım 759 manat pensiya alırdı. Pensiya kartı Hicran xanımda idi, o alırdı. Ola bilər yaşlı idi deyə getmirdi. Orada olanda Hicran xanım alıb-gətirirdi, qəpiyinə qədər pulu da geri qaytarırdı. İqlimə xanıma ƏDV qəbzlərini atma deyəndə, onların Hicran xanımın kontur pulu olduğunu deyirdi. Hicran xanımdan başqa kimisə görməmişəm. Bir rəqqasə var idi, bir də bir qonşunu görmüşəm. Məhkəmə iclasında şahid X13 izahat verərək bildirmişdir ki, hazırda 80 yaşı var, bu ünvanda 16 yaşından yaşayır. İqlimə xanım təxminən 15 il olar oraya köçüb. Köçəndən az müddət sonra da yoldaşı vəfat etdi. Pəncərələri elədir ki, gedib-gələni görürdü. Pəncərədən baxanda Hicran xanım hər zaman orada olurdu. Başqa heç kəs gəlmirdi. Hicran xanım çətin gün dostudu. Dünyasını dəyişən günədək Hicran xanım İqlimə xanıma vəfalı dost kimi baxıb. O Hicran xanımın ona necə baxdığını soruşanda, o onun ürəyidi, olmasa o sağ qalmazdı deyirdi. 15 ildir ki, hər gün saat 8-in yarısı-8-dən əlində paketlər daşıyırdı. Qonşulardan biri bir şey xahiş etsə, heç vaxt sonra gələrəm deməyib, hər zaman baş üstə deyib. Həm yuyundurub, həm gəzməyə aparıb. Hicran xanımın uşaqları da ona kömək edib. Mənzili İqlimə xanımın yoldaşına satmışdır. Şövkət Ələkbərova mənzil 16 idi. Sonra ünvanları ayırıb, onun evi mənzil 16, İqlimə xanımın evi mənzil 17 olmuşdu. Yas mərasimini Hicran xanım edib. İqlimə xanım tərəfdən heç kəs yox idi. Kamran, Bəxtiyar adlı şəxsləri tanımır. İqlimə xanım və Hicran xanım arasında müqavilə olmasından, Hicran xanımın pul ödəyib-ödəmədiyindən məlumatı olmamışdır. Məhkəmə iclasında şahid X26 izahat verərək bildirmişdir ki, Şövkət Ələkbərova mənzil 29 ünvanında anadan olandan yaşayır. 1977-ci ildə anadan olmuş, 2003-cü ildə ailə qurub, 7 il ailəli olmuş, 2010-cu ildən isə boşanıb ata evimə qayıtmışdır. İqlimə xanım ilə divar qonşusudur. O evdə nə danışır, eşidilir. Hər səhər Hicran xanım ilə İqlimə xanımın danışığına açılırdı. Bəzən Hicran xanıma biraz gec getməyini deyirdi. Gecə 2-də zəng etsələr də Hicran xanım qaça-qaça gəlirdi. İqlimə xanım rəhmətə gedəndə o Türkiyyədə olmuşdur. 26 ya da 27 avqust tarixində İqlimə xanım qapını döydü. O özü də təəccübləndi ki, nə səbəbə gəlib. Həmin ərəfədə təzə sağalmışdılar deyə, onun xəstələnməsindən qorxdu, dedi içəri keçməyin. Nə olduğunu soruşduqda, təcili tibbi yardım çağırdığını, lakin gəlmədiyini, özünü pis hiss etdiyini dedi. O TƏBİB-ə zəng edəcəyini dedi. Düşündü ki, nə əcəb Hicran xanım yoxdur ki, İqlimə xanım onlara gəlib. Sonra gedib baxdı ki, Hicran xanım xəstələnib, yatır. Axşam evə qayıdanda İqlimə xanımın qapısını açıq görüb içəri girdi. Təcili yardım gəlmişdi, ev isə çox soyuq idi. Səhər ona zəng edərək cavabın nə zaman çıxacağını və 5 manat kontur yükləyə biləcəyini soruşdu. Səhər zəng edərək covid olduğunu dedi və tibb bacısı göndərməyini istədi. O qohumlarının harada olduğunu soruşduqda rayonda olduqlarını, ayın 5-i gələcəklərini dedi. Sonra zəng edərək tibb bacısının gəldiyini, ehtiyac olmadığını dedi. 12-si qayıdan zaman qardaşı İqlimə xanımın coviddən xəstəxanada vəfat etdiyini demişdi. İqlimə xanımın çox çətin xasiyyəti var idi. Onlar evdə hamamı təmir etmək istəyirdi, qardaşından İcra Hakimiyyətinə şikayət etmişdi. Qonşunun evinə su axırdı. İqlimə xanımın evindən idi. İqlimə xanım evə ustanı buraxmırdı ki, suyun hardan axdığını öyrənsinlər. Hicran xanım onu razı salmağa çalışırdı ki, ustalar yoxlasın. Nə zaman baxırdın Hicran xanım əlində paket daşıyırdı. Nə aldığını deyəndə, İqlimə xanıma ya Valentina xanıma dərman aldığını deyirdi. Ərzaqların ya dərmanın kimin pulu ilə alındığını bilməmişdir. Aralarında müqavilə olmağından xəbəri olmayıb. Qardaşı danışıb qohumu gəlib qapını aça bilməyib, sonra Hicran xanım açmaq istəyib amma içəridən bağlı imiş. Axırda qapını FHN əməkdaşları açıb. Məhkəmə iclasında şahid X19 bildirmişdir ki, 5-6 il olar, həmin binada xadimə işləyir. Səhərdən uzağı 1-ə qədər orada olurdu. Hicran xanım həmişə İqlimə xanıma qulluq edib, ərzaq alıb. Hər gün səhər binanın yanında 3-4 market var, oradan gedib ərzaq alırdı. Xəstələnən zaman 1 həftə yarım-10 gün olar Hicran xanım ona pul verib, o alıb gətirib qapısına qoyurdu. Məhkəmə iclasında şahid Baba-zadə Təranə Nadir qızı bildirmişdir ki, 1986-cı ildən orada yaşayır. İqlimə xanım 15-16 il olar ki, orada yaşayır. Hicran xanım İqlimə xanıma daima baxıb, dəstək olub, hətta vəkillik də edirdi. Aynurə xanımla İqlimə xanımın evindən mənzilinə su axırdı, hansından olduğunu bilmirdi. İqlimə xanımın evinə girmək istəyirdi, Hicran xanımı çağırdı. Hicran xanım ona vəkillik edirdi. İqlimə xanım tək qadın idi, heç kəslə də əlaqə qurmurdu. Hicran xanımla dil tapmışdılar. Hicran xanım bütün qonşulara kömək etməyə qadir olan insandır. Uşaqları balaca olanda ona ümid edib gedirdi. İqlimə xanımla onu haradansa qol-qola gələndə görürdü. Səhər tezdən Hicran xanımın əlində paketlərlə gəlirdi. O özü səhər işə gedib, axşam gəlir. Çox vaxt nəvələrinin yanında qalır. İqlimə xanımın xəstə olmağını sonradan eşitmişdir. Covid olub, təcili tibbi yardım gəlibaparıb. Kamran və Bəxtiyar adlı şəxləri tanımır. O ümumiyyətlə İqlimə xanımla söhbət etməmişdir. Aralarında müqavilənin olmasından xəbərdar olmamışdır. Məhkəmə iclasında şahid X16 bildirmişdir ki, İqlimə xanım ikinci mərtəbədə yaşayırdı, o isə üçüncü mərtəbədə yaşayır. O orada 11 ildir ki, yaşayır. Hicran xanım həmişə İqlimə xanımla bir yerdə olurdular. Onu də onunla tanış edib, bizim yeni qonşumuzdur demişdi. İqlimə xanım çox baxımlı bir qadın idi. Hicran xanım həmişə ona köməklik göstərirdi. Hətta ona da deyirdi ki, o onsuz İqlimə xanım üçün pensiyanı götürməyə gedir, istəyirsə onun üçün də götürə bilər. Düşünürdü ki, bəlkə də qohumdurlar. Onların münasibəti barədə əlavə heç bir sual verməmişdir. Bəzən gecə vaxtlarında belə, ona dərman lazım olanda Hicran xanımla əlaqə saxlayanda, İqlimə xanımın yanında olduğunu deyirdi. Onlar eyni həyətdə qalırlar, o 11 il ərzində bir dəfə belə görməyib ki, İqlimə xanımın evinə kimsə gəlsin. Belə bir halın heç vaxt şahidi olmamışdır. Məhkəmə iclasında şahid X9 bildirmişdir ki, təlimata əsasən mülkiyyət hüququnu təsdiq edən sənədi tələb etməli deyillər. Ola bilsin ki, imza çəkmək xanımın yadından çıxıb. Öz xətti ilə yazıb, reyestrdə imzası var. Vəsiyətnamədə imza olmamasını mübahisələndirmək düzgün deyil. Vəsiyətnamə xanımın özü tərəfindən tətbiq olunduğu üçün, özü öz xətti ilə yazdığından şahidsiz təsdiq edirlər. Öz xətti ilə yaza bilmədikdə, hər hansı texniki vasitə ilə tətbiq olunduqda 2 şahid olur. Məhkəmə tərəflərin izahatını, şahidləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan 20 aprel 2016-cı il tarixli X6 vəsiyyətnaməsində qeyd olunmuşdur ki: “Mən, ünvan 5 ünvandan qeydiyyatda olan X17 həmin vəsiyyətnaməilə aşağıdakılar barədə sərəncam verirəm: 1. Bakı şəhəri, Səbail rayonu,Şövkət Ələkbərova küçəsi, ev 9, mənzil 16 ünvanında mənə məxsus olan mənzilimi ünvan 7 ünvanında qeydiyyatda olan İddiaçı vəsiyyət edirəm. 2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1166-1178 və 1193-cü maddələrinin məzmunu notarius tərəfindən mənə izah edildi. 3. Vəsiyyətnamə iki nüsxədən ibarət tərtib edildi, nüsxənin biri Bakı şəhəri 46 saylı Notariat Kontorunda saxlanıldı, digəri isə vəsiyyət edənə verildi.” İş materiallarında olan 17 sentyabr 2021-ci il tarixli, № 05/Q-1489/69 saylı Şəhadətnamədən görünür ki, X17 09 sentyabr 2021-ci ildə ölmüşdür. Ölümün səbəbi COVİD-19 qeyd olunmuşdur. Ölüm haqqında “14” sentyabr 2021-ci il tarixli 886 №-li akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan 03.06.2009-cu il tarixli renta müqaviləsində qeyd olunmuşdur:

1. Renta alan ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 98.32 kv/m, yaşayış sahəsi 50.5 kv/m olan 2 otaqlı mənzilin tam mülkiyyət üzrə on(lar)a məxsus hissəsindən aşağıda göstərilən hissəni (hissələri) “Renta ödəyicisinin” mülkiyyətinə verir(lər): - Renta alan X17 (tam hissə, 98.32 kv/m, 2 otaq) – Renta ödəyicisi Cavabdeh

2. Özgəninkiləşdirilən daşınmaz əmlak aşağıdakı hüququmüəyyənedici sənədə əsasən Renta alana məxsusdur: - ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 22/07/2006 tarixdə X17-na verilmiş **********556-05101-093001 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə 98.32 kv/m, 2 otaq;

3. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş 01/06/2019 il tarixli, qeydiyyat nömrəsi ********** olan arayışa əsasən müqavilə bağlananadək daşınmaz əmlak ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır.

4. Ömürlük renta üçün özgəninkiləşdirilən əmlakı “Renta alan(lar)” “Renta ödəyicisinin(ödəyicilərinin)” mülkiyyətinə pulsuz verir(lər). Renta müqaviləsi üzrə öhdəliklər aşağıdakı kimi müəyyən edilir: - Renta ödəyicisi Cavabdeh Renta alan X10 özgəninkiləşdirilən tam hissə (98.32 kv/m) müqabilində aylıq 400 manat 00 qəpik haqq ödəməlidir. Həmin 400.00 manat məbləğindən Cavabdeh, X8 ömrünün sonuna qədər hər ay 200.00 (iki yüz) manat dəyərində ərzaq, geyim, həkim xidməti, dərman, lazım olan qulluq və tələb olunan digər yardımla təmin etməyi, bundan əlavə də ona hər ay 200.00 (iki yüz) manat nəğd ödəməyi öz öhdəsinə götürür. İş materiallarında olan 22.07.2006-cı il tarixli, MH №0012196 saylı Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X30 Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Ələkbərova Şövkət küçəsində istifadədə olan 0.10578 ha torpaq sahəsində yerləşən 9 nömrəli, 3 mərtəbəli binada yerləşən 98.32 kv.m ümumi, 50.5 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 17 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X6 adına daşınmaz əmlakın dövlət reyestrində 129 nömrəli reyestr kitabının 11651 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan İ-ЖГ № 377483 saylı Nikahın X1ydada təsdiq edilmiş kserosurətindən görünür ki, X21 ilə X27 arasında 15 iyul 1976-cı il tarixdə nikah bağlanmışdır. İş materiallarında olan AZ-İİ № 130639 saylı 15 aprel 2005-ci il tarixli X20 görünür ki, vətəndaş X22 14 aprel 2005-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 15 aprel 2005-ci il tarixdə №342 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin X8 ünvanladığı 31.02.2019-cu il tarixli, №**********83 saylı məktubunda qeyd olunmuşdur ki, ünvan 10 ünvanı bölündüyü üçün sizə məxsus mənzil sahəsinə Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş 18/03 8/3757 saylı, 29.06.2006-cı il tarixli ünvan arayışına əsasən ünvan 12si təyin edilmişdir. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Qafarovanın qəbul etdiyi 2(009)-2449/2021 nömrəli, 18 noyabr 2021-ci il tarixli qərardadından görünür ki, iddiaçı X6 Cavabdeh qarşı “renta müqaviləsinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Səbail Rayon Məhkəməsinə ünvanladığı 21 yanvar 2022-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Ş.Ələkbərova küçəsi, ev 9, mənzil 16 (17) ilkin olaraq 15.12.1993-cü il tarixdə X5 adına qeydiyyatdan keçmişdir. 46 saylı DNK-nın 4Ə-2/230 reyestr nömrəli 08.04.2003-cü il tarixli bağışlama müqaviləsinə əsasən sözügedən mənzilin 2 otağı X11 adına qeydiyyatdan keçmişdir. 2 saylı DNK-nın 4Ə/1-18 reyestr nömrəli 11.01.2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X14 məxsus 2 otaq X15 adına qeydiyyatdan keçmişdir. 13 saylı DNK-nın 2V/1-199 reyestr nömrəli 19.10.2005-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən X15 vəfatından sonra ona məxsus 2 otağı X6 adına qeydiyyatdan keçmişdir. Daha sonra Memarlıq və Şəhərsalma Baş idarəsinin 18/03-8/3757 saylı 29.06.2006-cı il tarixli məktubuna, X6, X4 ərizələrinə və forma-2 arayışlarına əsasən sorğuda qeyd olunan mənzil 16 (2 otaq) və 17 (2 otaq) nömrə altında getməklə ayrılmışdır. 3 saylı ASAN Xidmət mərkəzinin notariusu tərəfindən təsdiqlənmiş 4Ə-2362 reyestr nömrəli 29.12.2014-cü il tarixli bağışlama müqaviləsinə əsasən İ.A.Feyzullayeva 2 otaqlı olan 17 nömrəli mənzilini X28 bağışlamışdır. 3 saylı ASAN Xidmət mərkəzinin notariusu tərəfindən təsdiqlənmiş 3M/246 reyestr nömrəli 08.05.2015-ci il tarixli bağışlama müqaviləsinin ləğvi barədə sazişə əsasən 4Ə-2362 reyestr nömrəli 29.12.2014-cü il tarixli bağışlama müqaviləsi ləğv edilmişdir. 9 saylı DNKda 03.06.2019-cu il tarixdə bağlanmış renta müqaviləsinə əsasən (elektron müqavilə olduğu üçün İdarənin arxivində saxlanılmamışdır) 17 nömrəli mənzil Cavabdeh adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri, Səbail rayonu, Ş.Ələkbərova küçəsi, ev 9, 16 saylı mənzil isə X4 mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 864-cü maddəsinə əsasən renta müqaviləsinə görə bir tərəf (renta alan) əmlakı digər tərəfin (renta ödəyicisinin) mülkiyyətinə verir, renta ödəyicisi isə alınmış əmlakın müqabilində renta alana vaxtaşırı müəyyən pul məbləği şəklində renta ödəməyi öhdəsinə götürür. Renta müqaviləsinə görə rentanı müddətsiz ödəmək (daimi renta) və ya renta alanın ömrü boyu ödəmək (ömürlük renta) vəzifəsinin müəyyənləşdirilməsinə yol verilir. Həmin Məcəllənin 879-cu maddəsinə əsasən renta ödəyicisi ömürlük renta müqaviləsini əhəmiyyətli dərəcədə pozduqda renta alan renta ödəyicisindən rentanı satın almağı və ya müqaviləni ləğv etməyi və zərərin əvəzini ödəməyi tələb edə bilər. Əgər ömürlük renta ödənilməsi üçün mənzil, yaşayış evi və ya başqa əmlak pulsuz özgəninkiləşdirilmişdirsə, renta ödəyicisi müqaviləni əhəmiyyətli dərəcədə pozduqda renta alan həmin əmlakın qaytarılmasını və onun dəyərinin rentanın satınalma qiyməti ilə əvəzləşdirilməsini tələb edə bilər. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Belə ki, məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqları məhkəmə vasitəsi ilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə alınmalıdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərini məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüququa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə hesab edir ki, iddiaçı mübahisələndirdiyi renta müqaviləsi üzrə tərəf olmadığından, o müqavilə üzrə hər hansı hüquq və vəzifəyə malik deyil. Bu səbəbdən onun həmin müqavilənin ləğv edilməsi ilə bağlı tələb irəli sürməyə subyektiv hüququ yoxdur. Belə ki, Mülki Məcəllənin 1179.1-ci maddəsinə əsasən vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. Həmin Məcəllənin 1179.2-ci maddəsinə əsasən notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin. Həmin Məcəllənin 1182-ci maddəsinə əsasən əgər vəsiyyət edən hər hansı səbəbdən vəsiyyətnaməni özü imzalaya bilmirsə, onun xahişi ilə başqa fiziki şəxs imzalaya bilər. Bu zaman vəsiyyət edənin hansı səbəbdən vəsiyyətnaməni imzalaya bilmədiyi göstərilməlidir. Həmin Məcəllənin 1224-cü maddəsinə əsasən vəsiyyət edilmiş əmlak vəsiyyət edənin sağlığında itirildikdə və ya onun tərəfindən özgəninkiləşdirildikdə vəsiyyətnamənin qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, vəsiyyət edilmiş əmlak vəsiyyət edənin sağlığında onun tərəfindən özgəninkiləşdirildiyindən vəsiyyətnamə qüvvədən düşdüyündən və iddiaçının mərhum İqlimə Feyzullayevanın qanun üzrə vərəsəsi olduğu iş materialları ilə sübuta yetirilmədiyindən iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar