Məhkəmə qərarları › İş №2(009)-204/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-204/2025

18.03.2025 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-204/2025 18.03.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı, Cavabdeh1, X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olmuş ünvan 1 ünvanda yerləşən mənzilə görə cavabdeh X3 adına verilmiş çıxarışın ləğv edilməsi barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: ünvan 1 ünvanında yerləşən mənzil onun mülkiyyətində olmaqla ona məxsus olmuşdur. O, yaşca 1950-ci il təvəllüdlü olmaqla 74 yaşı vardır. Yeganə övladı Cavabdeh1 ailəli olmaqla iki qız övladı vardır: Cavabdeh3 və Cavabdeh4. O, həyatda olmadığı zaman onun nəvələrinin evi olsun deyə məhkəməyə müraciət edərək onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilin 12/24 hissə payının nəvələri Cavabdeh3 və Cavabdeh4 adına bağışlama müqaviləsinin olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə özünün xx.xx.2021-ci il tarixli qətnaməsi ilə xahişini təmin etmişdir. Lakin sonradan baş vermiş hallar, oğlunun həyat yoldaşı Mirzəyeva Səİminaz Rüstəm qızının oğlundan boşanması, onu evdən qovmaq niyyətinin olması, bu qoca vaxtında bir gəlin kimi ona qulluq etməkdən imtina etməsi və s. kimi hallar onun etdiyi bu əməlinə görə peşmançılıq çəkməyinə səbəb olmuşdur. Ancaq vəziyyətdən istifadə edən X6 ona qarşı etdiyi məkrli siyasətini onunla nəticələndirmişdir ki, o, qeyd etdiyi mənzilə yeni çıxarış almaqla mənzili onun mülkiyyətindən çıxarmışdır. Onun iddia ərizəsində nəzərdə tutduğu tələb həmin mənzilə görə çıxarılmış çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, oğlu ilə gəlini boşanmışlar. Onların evi söküntü planına düşür. Gəlinlə münasibətləri pisdir, çöldə qalmaq istəmir. Bir həyətdə ayrı evlərdə yaşayırlar. Ev onun babasından qalan mirasdır. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 bildirmişdir ki, o, iddianı qəbul edir. Anası evi uşaqlara bağışlayanda o evli olmuşdur. Bir qardaşı var, Şüvəlanda yaşayır. Leyla və Fatimə qızlarıdır. Ev həyət evidir, qonşulara da aid paylar mövcuddur. O, həmin evdə qeydiyyatdadır. Səlminaz keçmiş həyat yoldaşıdır. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: -04 iyun 2021-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsindən görünür ki, hədiyyə verən İddiaçı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 330.3 kv.m olan fərdi yaşayış evinin 12/24 hissədən ibarət payını hədiyyə alan Cavabdeh3 və Cavabdeh4 bağışlamışdır. -Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarışın surətindən görünür ki, ünvan 1 xx.xx.2021-ci il tarixdə Cavabdeh3 və Cavabdeh4 adına qeydiyyatdan keçmişdir. Əsaslandırıcı hissə: İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 330.3 kv.m olan fərdi yaşayış evinin 12/24 hissəsi İddiaçı mülkiyyətində olmuşdur. O, 04 iyun 2021ci il tarixdə 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsinə əsasən özünə məxsus olan həmin əmlakını nəvələri Cavabdeh3 və Cavabdeh4 bağışlamış və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində ünvan 1 xx.xx.2021-ci il tarixdə Cavabdeh3 və Cavabdeh4 adına qeydiyyatdan keçmişdir. Daha sonra İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və X5 qarşı “bağışlama müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)-149/2023 saylı qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh3 və Cavabdeh4 arasında ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 12/24 hissəsinə dair bağlanılmış xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsi ləğv edilmiş, lakin Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-2451/2023 saylı qətnaməsi ilə həmin qətnamə ləğv edilmiş, iddia təmin edilməmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(102)-4055/2023 saylı qərarı ilə həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. Hazırda İddiaçı cavabdeh X4 oğlundan boşanması, onu evdən qovmaq niyyətinin olması, bu qoca vaxtında bir gəlin kimi ona qulluq etməkdən imtina etməsi və s. kimi hallara istinad edərək çıxarışı mübahisələndirir. Məhkəmə, qeyd edir ki, əqdlərin etibarsız sayılması üçün əsaslar Azərbaycan Respublikası Mülki Məcəllənin 337-349-cu maddələrində təsbit edilmişdir. - 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). - 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. - 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. - 178.2. Yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. İşin materiallarından görünür ki, -Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ünvan 1-ə dair Cavabdeh3 və Cavabdeh4 mülkiyyət hüquqları xx.xx.2021-ci il tarixində məhz 04 iyun 2021-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsinə əsasən qeydiyyata alınmışdır. Həmin bağışlama müqaviləsi İddiaçı tərəfindən mübahisələndirilsə də, işə baxan yuxarı instansiya məhkəmələri tərəfindən etibarsız hesab edilməmişdir. Başqa sözlə, bağışlama müqaviləsi hazırda qüvvədədir. Buna baxmayaraq iddiaçı hazırda bağışlama müqaviləsi əsasında verilmiş çıxarışın ləğv edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, mübahisələndirilən çıxarışın verilməsinə əsas olmuş bağışlama müqaviləsi qüvvədə olduğundan, çıxarışın ləğv edilməsinə digər əsas müəyyən edilmədiyindən hazırkı iddia təmin edilə bilməz. Odur ki, iddia təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar